Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən çoxlu sayda dünya, Azərbaycan klassiklərinin və müasir yazarların əsərlərinə kitab treyleri çəkilir. Bu kitab treyleri “Kitabxanaçı məsləhət edir” aksiyası çərçivəsində kitabxananın sosial şəbəkələrinə və yutub kanalına yerləşdirilir. Bu “book trailer”lərin çəkilməsində əsas məqsəd kitaba, mütaliəyə olan marağı artırmaq, gənc nəsli maraqlı, faydalı, mütaliəsi mühüm olan yerli və dünya ədəbiyyatı ilə tanış etməkdən ibarətdir. Hazırlanan hər bir kitab treylerlərində müəllifin adının, əsərin süjet xəttinin, əsər haqqında maraqlı nüansların, əsərin motivləri əsasında çəkilmiş filmlərin adlarının və onlar haqqında məlumatların verilməsi vacibdir.
Kitabxanadan AzərTAC-a bildirilib ki, Respublika Gənclər Kitabxanasının sosial şəbəkə istifadəçiləri kitabxananın instaqram səhifəsində və yutub kanalında İlyas Əfəndiyev, Anar, Əlibala Hacızadə, Varis Yolçuyev, Rövşən Abdullaoğlu, Elxan Elatlı, Xalid Hüseyn, Edqar Po, Aqata Kristi, Rəşad Nuri Güntəkin, Fenimor Kuper, Kolin Makkalou, Fyodr Dostoyevski, Con Boyne, Qabriel Qarsiya Markes, Sumeyya Koc, Teador Drayzer, Jül Vern və s. müəlliflərin çoxlu sayda əsərlərinə çəkilmiş “book trailer”ləri artıq izləyiblər.
Son dövrlərdə isə kitabxana əməkdaşları “Kitabxanaçı məsləhət edir” rubrikası altında Ernest Heminqueyin "Əcəl zəngi", Remarkın “Üç yoldaş”, Tatyana De Rosneyin “Saranın açarı”, Conatan Sviftin “Qulliverin səyahəti”, Qurban Səidin “Əli və Nino”, Viktor Hüqonun “Gülən adam” və s. əsərlərə “book trailer”lər hazırlanıb. Azərbaycan və dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərinə həsr olunan bu materiallar Azərbaycan və rus dillərində tərtib edilir və geniş istifadəçi auditoriyası üçün nəzərdə tutulur.