Sabah bazar günü – qeyri-iş günü olduğundan sabaha olan əlamətdar hadisələri də bu gün diqqətinizə çatdırırıq:
19 dekabr.
Ümumdünya kasıblara yardım günü
Statistikaya görə, 20-ci əsrin sonlarında planet əhalisinin dörddə biri – milyard yarım insan yoxsulluq, dilənçilik həddində olub. Yoxsulluğun ləğvi barədə proqramların genişmiqyaslı icrasına isə BMT 10 il əvvəl başlayıb. Yoxsulluq deyiləndə bura təkcə boş ciblər, boş qazanlar aid edilmir, işsizlik, mənzilsizlik, yaxşı təhsilə və müalicəyə imkanın olmaması da özündə yoxsulluğu ehtiva edir.
Azərbaycanda rəsmi statistikaya görə yoxsul adam demək olar ki yoxdur, hamı yağ-bal içində yaşayır. Təsadüfən, kiminsə beləsi rastına çıxsa, Allahın və BMT-nin xatirinə, lütfən bu gün ona yardım etsin.
Həmişəyaşıl bitkilər günü
Həmişəyaşıl bitkilər günüdürsə, nəzərə almalıyıq ki, ölkəmizdə həmişəyaşıl şam və küknar ağacları yetəri qədərdir. Yarpaq tökməyən sitrus bitkiləri də çoxdur. Xüsusən, subtropik cənub zonamız həmişəyaşıl bitkilər üçün vətəndir. Talış dağlarının qoynundakı Hirkan meşələri sözügedən bitkilərin ən unikallarını öz qoynunda bəsləməkdədir. Üstəlik, Azərbaycanda çox nadir Eldar şamı da yetişməkdədir. Odur ki, bu bayram bizlərə xüsusən düşərlidir.
Bakıda tez-tez ağacəkmə kampaniyası keçirilir, ən müxtəlif əlamətdar hadisələrə həsr edilən bu aksiyalarda minlərlə həmişəyaşıl ağac əkilir. Bu gün də bir aksiya keçirmək, düşünürəm ki, yerində olardı.
Brejnev və “Titanik”
BMT bu günə daha bir bayram düzənləyib – Təminat günü. Bu günün məğzi odur ki, insan yaranışından bəri özünü bütün zəruri şeylərlə vaxtında təmin etməlidir. Qida, mənzil, istilik, tibbi ləvazimatlar, nəqliyyat və sair bu qəbildəndir. Burada informasiya təminatı da başlıca rol oynayır. Amerikalılarda isə başlıca məsələ ilin hər bir günündə mətbəx bayramlarına sevinməkdir, bu gün Milli şüşə konfet günüdür, üstəlik, Milli yulaf keksi günüdür.
1997-ci ilin bu günündə məşhur “Titanik” filmi ekranlara çıxıb, prokatın 25-ci günündə artıq öz büdcəsinə 200 milyon dollar toplamaqla rekorda imza atıb; 1941-ci ildə 15 yaşlı İngiltərə şahzadəsi Yelizaveta “Zoluşka” tamaşasında baş rol alaraq əsgərlər qarşısında çıxış edib, onları qələbəyə ruhlandırıb; 1917-ci ildə Monreal və Toronto arasındakı matçla Milli Hokkey Liqası fəaliyyətə başlayıb.
19 dekabrda dünyaya gələn tanınmışların siyahısına da bir nəzər salaq: 1969-cu ilin bu günündə əfsanəvi cazmen Vaqif Mustafazadənin yadigarı, tanınmış caz ifaçısı Əzizə Cəfərzadə; 1962-ci ildə detektiv romanları ilə ölkədə xeyli populyar olan yazıçı Elxan Elatlı, 1927-ci ildə görkəmli ədəbiyyatşünas alim İmamverdi Əbilov, 1915-ci ildə dünyaşöhrətli fransız müğənni Edit Piaf; 1906-cı ildə “Şiroko şaqaet Azebidjan” deyərək Azərbaycanı faciələrə sürükləyən sovet rəhbəri Leonid Brejnev doğulublar.
Dünyaşöhrətli energetik alimimizin yubileyi
19 dekabrda tanınmış azərbaycanlı alim Kamal Abdullayevin də 85 illiyidir. Yüksək minerallı və çirkab suların emalı və sənayedə istifadəsi, dəniz suyunun istilik elektrik stansiyalarında kompleks emalı kimi qiymətli tədqiqatlar müəllifi olan Kamal Abdullayev 50-dən artıq elmlər namizədi və 4 elmlər doktoru yetişdirib, 4 monoqrafiyanın və 300-dən artıq elmi əsərin, 20-dən artıq ixtiranın müəllifidir. O, 1981-ci ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı və keçmiş İttifaqın “Əlaçı fəxri energetik” adı, elmi nəticələrinə görə isə keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl və gümüş medalları ilə təltif olunub. 2000-ci ildə ekologiya sahəsindəki elmi işlərinə görə “M.Lomonosov” adına və “Y.Məmmədəliyev” adına medallara, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2010-cu ildə isə “Şöhrət” ordeni ilə təltif olunub. Kamal Abdullayevin adı Amerikada çap olunmuş “XX əsrin məşhur alimləri” ensiklopediyasına düşüb və eyni zamanda o, 2012-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutunun “Elmin açarı” mükafatına layiq görülüb. 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Kamal müəllimə cansağlığı və yüz yaş arzulayırıq.
“Qara kvadrat”ın doğuluşu
Ən nəhayət, 1915-ci ilin 19 dekabrında ünlü rəssam, abstraksizmin bir qolu olan suprematizmin banisi Kazemir Maleviç Petroqradda 39 iş ortaya qoyub ki, bunlardan biri də məşhur “Qara kvadrat” olub. Bilirsinizmi, fitri istedadı olan bu Rusiyada yaşayan polyak rəssamı gənc ikən Moskva rəngkarlıq məktəbində oxumaq istəyib, onu “istedadsızsan” deyə ora qoymayıblar. Gedib işləyib, səfalət içində yaşayaraq rəsmlər çəkməkdə davam edib, inadla yenidən həmin məktəbin qapısını açıb, yenə də onu qəbul etməyiblər. Gedib teatrda dekorasiyalar çəkən, sərgilərə qatılan Kazemir tədricən rəssam kimi tanınıb, vaxt gəlib, “Qara kvadrat” rəsmini çəkərək dünyaca şöhrətlənib, varlanıb. Onun məşhur ikən sərgisinə bir vaxtlar məktəbə girməsinə imkan verməyən müəllimlər də gəlib təzim edərək əl çalıblar.
Baxın, həyat budur. Sən zəif ikən üstünə yeriyənlər sən güclənəndə qarşında təzim edirlər. Tanrı sizləri həmişə güclü etsin!
Varisin “Həftənin təqvimi” yazısından