Bu ad kimə tanış deyil ki? Hər gün Nizami metrosunda divarlardakı heyrətamiz mozaikalar gözünüzü oxşamırmı? Bax onlar Mikayı Abdullayevin əl işləridir. O, 1921-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olub. 1935-1939- cu illərdə Azərbaycan Rəssamlıq Texnikumunda görkəmli rəssam Əzim Əzimzadənin sinfində təhsil alıb. 1939-cu ildə ilk dəfə ənənəvi “Bahar” sərgisinə qatılıb, nümayiş olunan tabloları böyük rəğbətlə qarşılanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub, S.V.Gerasimov kimi görkəmli rəssamlardan dərs alıb. İlk fərdi sərgisi 36 yaşında, Moskvada keçirilib. 1957-ci ildə “Hindistan silsiləsi”nə və 1958-ci ildə yaratdığı “Sevinc” tablosuna görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülüb. Yaradıcılığının ən məhsuldar dövrü 60-cı illərə təsadüf edir. 1974-cü ildə “Yeddi gözəl” silsiləsinə görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. Rəssam dahi Nizamidən başlamış müasir şair və nasirlərimizə qədər bir çox sənətkarların portretlərini yaradıb, “Kitabi-Dədə Qorqud”, “Molla Nəsrəddin lətifələri”, “Leyli və Məcnun”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Şəbi hicran” əsərlərinə çəkdiyi illüstrasiyalarla Azərbaycan kitab qrafikası sənətinə böyük töhfələr verib. XX əsrin böyük cinayəti hesab etdiyi 20 Yanvar faciəsindən təsirlənən rəssam 1992-ci ildə “Nakamların dəfni” əsərini yaradıb.
Mikayıl Abdullayevin əsərləri Moskva, Berlin, Paris, London, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə və Brüsselin sərgi salonlarında nümayiş etdirilib, o, müxtəlif fəxri adlara, təltiflərə layiq görülüb. SSRİ Rəssamlıq Akademiyasının akademiki, SSRİ Rəssamlar İttifaqının katibi seçilib, 1971-ci ildə C.Nehru adına Beynəlxalq mükafat laureatı olub, sovetin müxtəlif orden, medal və fəxri fərmanlarına layiq görülüb. 1955-ci ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi”, 1963-cü ildə “Xalq rəssamı” fəxri adlarını alıb. 1997-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib.
2002-ci il avqust ayının 21-də Bakı şəhərində vəfat etmiş dahi rəssam Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun!