Super User
Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşasının təqdimatı olu
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşasının təqdimatı olub.
AzərTAC xəbər verir ki, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan eyniadlı dastan-tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Təqdimatdan öncə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı çıxış edərək dastan-tamaşanın ərsəyə gəlməsi ilə bağlı məlumat verib.
O deyib ki, “Leyli və Məcnun” dastan-tamaşası görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin yaratdığı eyniadlı məsnəvisi üzərində aşıqların ərsəyə gətirdiyi dastan səhnələşdirilməsidir: “Dastan uzun zamandan bəri mövcud idi. Ancaq onun aşıqların repertuarında yer alması XX əsrin 40-cı illərinə təsadüf edir. O vaxt Nizaminin 800 illiyi ilə bağlı işlər gedirdi və aşıqların reperturında da “Leyli və Məcnun” dastan-tamaşaları yayılmağa başladı. Həmin dövürdə nisbətən orta yaşda olan aşıq Şəmşir bu dastanı mənimsəmişdi. Aşıq Şəmşir 60-cı illərin sonlarında oğlu Qəmbər Şəmşiroğluna bu dastanla bağlı bilgilər verdi. Ondan sonra belə qərara gəlindi ki, dastan yazıya alınsa, daha yaxşı olar. Bir neçə il əvvəl Qəmbər Şəmşiroğlu dədə Şəmşirin arxivində olan dastanı mənə təqdim elədi. Bu dastanı Aşıqlar Birliyinə gətirdim və onun səhnələşdirilməsi işini müzakirə elədik. Prezident İlham Əliyevin bu ili “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncamından sonra, bu dastanın səhnələşdirilməsi qərarına gəldik. Mədəniyyət Nazirliyinin xətti ilə Heydər Əliyev Sarayında bu işi gerçəkləşdirmək mümkün oldu”.
Məhərrəm Qasımlı qeyd edib ki, dastanda ilk dəfə aktyorlar deyil, aşıqlar iştirak edirlər, bütün rolları aşıqlar ifa edirlər: “İlk dəfə olaraq burada musiqi aşıq havalarından ibarətdir. Burada aşıq sənətinin poetik çeşidlərindən ilk dəfə istifadə olunur. Bu mənada dastanda ilklər olduqca çoxdur. Biz istəyirik ki, daha çox Azərbaycan milli-mənəvi ruhunu ifadə edən bir Məcnun və bir Leyli ortaya gəlmiş olsun. Bu işin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.
Sonra “Leyli və Məcnun” dastan-tamaşası təqdim olunub.
Dastan-tamaşada Qələndər Zeynalov (Ustad aşıq), Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Leyli), Əli Zeynalabdinov (Qeys), Kəmalə Qubadlı (Leylinin anası), Elməddin Məmmədli (Qeysin dostu Zeyd), Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva (Qeysin anası), Şahniyar Əliyev (Qeysin atası), Nəbi Nağıyev (Leylinin atası), Eldar Bağırov (Səyyad), Elman Talıstanlı (Salam şahzadə), Əli Tapdıqoğlu (Nofəl pəhlivan) və saz ifaçıları Afil Bəxtiyarov, Ayxan Məlikov, Coşqun Əsgərov çıxış ediblər.
Qeyd edək ki, “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən dastan–tamaşanın ssenari müəllifləri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır.
“Mədəni Yenilənmə” layihəsi çərçivəsində musiqişünas Rauf Fərhadovla görüş baş tutub
“Mədəni Yenilənmə” layihəsi tədbirləri davam edir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində musiqişünas, filosof, tədqiqatçı, fəlsəfə elmləri doktoru, Moskvada Müasir Musiqi Assosiasiyasının aparıcı ekspertlərindən biri olan Rauf Fərhadovun “Totalizmdən postmodernizmə doğru” mövzusunda mühazirə-diskussiyası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, mühazirə-diskussiyada Rauf Fərhadov XX-XXI əsrlərin ümumi mədəniyyətində mühüm dönüşlər yaratmış başlıca təmayüllər kimi totalizm və postmodernizmin başlıca prinsiplərini qeyd edib, müxtəlif dövrlərin musiqi nümunələrini – Orando Lassonun “Əks-səda” madriqalı, Bernd Alois Tsimmermanın “Kral Ubünün süfrə ziyafəti üçün musiqi” kompozisiyasını, Alfred Şnitkenin “Şüşə harmonika” cizgi filminə bəstələdiyi musiqini, Fausto Romitelli, Mixael Bayl, Marko Nikodiyeviç, Liza Lim və digər müəlliflərin əsərlərini illüstrə qismində səsləndirib.
Anar Kərimov Norveç Krallığının Türkiyə və Azərbaycan Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri ilə görüşüb
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Norveç Krallığının Türkiyə və Azərbaycan Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri Erling Şönsberqlə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, görüşdə səfiri səmimi salamlayan nazir ölkələrimiz arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb. İncəsənətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinin aparılmasının önəmindən bəhs edib. Mədəniyyət sənayeləri, kino, musiqi sahələrində Norveçin təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən danışıb.
Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü çərçivəsində 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna diqqət çəkib. Ölkəmizin irəli sürdüyü "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasından söz açıb. Bildirib ki, bu kampaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. A. Kərimov Norveçi də bu qlobal çağırışa qoşulmağa dəvət edib.
Səmimi qəbula görə təşəkkür edən səfir Erlinğ Şönsberq "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal çağırışına dərin marağını ifadə edib. Layihə çərçivəsində əməkdaşlığın vacibliyindən danışıb. O, həmçinin vurğulayıb ki, mədəniyyət xalqları, ölkələri birləşdirən ən güclü vasitədir.
Görüş tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirəsi ilə davam edib.
Milli Məclisin deputatı Qənirə Paşayeva incəsənət nümayəndələri ilə görüşüb
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva incəsənət nümayəndələri ilə görüşüb.
AzərTAC xəbər verir ki, görüşdə Milli Qəhrəman Salatın Əsəgərovanın oğlu Ceyhun Əsgərov, Xalq yazıçısı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov, İspaniyanın Marbella şəhərindəki “Les Roches Global Hospitality Education” Universitetini fəqlənmə diplomu ilə bitirmiş Nigar Şirinli və onun anası Ramilə Şirinova, rəssamlar – Samirə Allahverdiyeva, Hüseyn Osmanlı, Qax Dövlət Kukla Teatrının baş rəssamı Mayis Abdullayev, gənc estrada müğənnisi Şıxəli Bağırzadə, “Zadəgan” milli tekstil brendinin yaradıcısı Aygün Əliyeva və ADMİU-nun qazi tələbəsi Elvin Abbasov iştirak edib.
Komitə sədri görüş iştirakçılarına öz sənət, peşə və araşdırma sahələri üzrə fəaliyyətləri ilə milli irsimizin qorunmasına, mədəniyyət və incəsənətimizin inkişafına, eləcə də, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə, gənclərin motivasiyasına şəxsi nümunələrlə töhfə verdiklərini, məsuliyyətli yanaşdıqlarını vurğulayıb, onlara təşəkkür edib.
Görüşdə cari ilin yekunları, yeni illə bağlı təşəbbüs və təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
“Rossotrudniçestvo”da Qafqaz” beynəlxalq fotoklubunun açılışı olub
Daha bir yaddaqalan tədbir Bakıdakı Rus Evində (Rossotrudniçestvo) baş tutub, “Qafqaz” beynəlxalq fotoklubunun açılışı olub, eləcə də ekspozisiyasında fotoklub üzvlərinin, türkdilli ölkələrdəki “Rus evləri”nin əsərlərinin təqdim olunduğu fotosərgi keçirilib.
Sözügedən fotosərginin açılışında çıxış edən klubun rəhbəri Aleksandr Kalinin “Qafqaz” adlı fotoklubun məqsəd və vəzifələrindən danışıb.
"Klubun adından da göründüyü kimi, o, ilk növbədə, bu diyarın gözəlliyini nümayiş etdirmək məqsədi daşıyır. Fotoklubun loginində məşhur bakılı fotoqraf Fərid Xayrulinin inisialı yer alıb, bu yolla biz bu gözəl mərhum ustadın adını əbədiləşdirməyə çalışdıq”, - deyə A.Kalinin qeyd edib.
Natiq turizmdən başlayaraq məktəbə qədər bir çox istiqamətləri əhatə edən klubun fəaliyyətindən danışaraq, birgə əməkdaşlıq planının işlənib hazırladığı “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri İrek Zinnurova minnətdarlığını bildirib.
İrek Zinnurov tədbir iştirakçılarını salamlayaraq, təşəbbüsə görə Aleksandr Kalininə təşəkkür edib: “Artıq biz “Rossotrudniçestvo” nümayəndəliklərinin olduğu hər yerdə, başqa ölkələrdə də Azərbaycanın gözəlliyini göstərə bilərik”.
Sonra A.Kalinin Azərbaycanın ən məşhur fotoqraflarının, eləcə də sponsorların və dostların daxil olduğu fotoklubun komandasını təqdim edib.
Moskvadakı “Rossostrudniçestvo”nun əməkdaşı Nikita Vlasov AzərTAC-ın müxbirinə verdiyi müsahibəsində MDB ölkələri, eləcə də Türkiyə, türkdilli ölkələr və Altay diyarı fotoqraflarının 40-dan çox rəsm əsərinin təqdim olunduğu ekspozisiyanı şərh edib. O qeyd edib ki, sərginin təşkilində “SPUTNİK Azərbaycan”dakı həmkarları böyük köməklik göstəriblər.
Sonda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə və müəllim heyətinin təşkil etdiyi birgə konsert olub.
Bütün gələnlər Rossotrudniçestvonun binasından xoş ovqatla ayrılıblar.
Soltan Soltanlı
Stokholmda gənc azərbaycanlılardan ibarət “Tumurcuq” teatrının 3 yaşı tamam oldu
Hər bir ənənə yaşatmaq meyli təkrarsızdır və gözəldir. Xüsusən, vətənpərvərlər bunu yabançı ölkələrdə edirlərsə.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 3 il əvvəl Sevinc Nəzərli başda olmaqla üç həmyerlimiz olan xanım İsveç Krallığında, Stokholmda “Tumurcuq” adlı teatr yaratdılar. Sevinc Nəzərli öz sosial media hesabında bu əlamətdar hadisədən bəhs edir, eyni zamanda, Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədovun 3 illik münasibəti ilə “Tumurcuq” teatrının fəaliyyəti ilə tanış olduğunu bildirir.
Həmin görüşdə ölkəmizin zəngin mədəniyyətinin İsveçdə təbliği ilə məşğul olan "Tumurcuq" teatrının bədii rəhbəri Sevinc Nəzərli və digər yaradıcı heyət üzvləri teatrın hazırkı fəaliyyəti haqqında söz açaraq, qarşıdan gələn dövr üçün nəzərdə tutulan layihələrdən bəhs ediliblər.
Səfir Zaur Əhmədov isə öz növbəsində, qarşıdan gələn dövrdə İsveç ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi mədəniyyət və teatr sahəsində də əməkdaşlığın qurulub inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, İsveç teatr nümayəndələrinin Azərbaycana və Azərbaycanın sənət adamlarının İsveçə səfərlərinin təşkili və ümumən mədəniyyət sahəsində layihələr eləmək insanlarımız və mədəniyyətlərimiz arasında körpü rolunu oynaya bilər. Bunu nəzərə alaraq səfir, birgə tamaşaların səhnələşdirilməsi kimi layihələrin vacibliyini diqqətə çatdırıb.
"Tumurcuq"...
Yazın ilk carçısı, xoş çiçəklərin açacağına, gələcəyə ümiddir tumurcuq. Gül, yarpaq və ya zoğun rüşeymi məhz tumurcuqdur. Ən böyük ağaclar, ən gözəl çiçəklər tumurcuqdan törəyər.
Üç qadın boş əllə, amma ağır zəhmətlə, gələcəyə böyük ümidlə, öz işlərinə böyük və sonsuz sevgi ilə yaratdı İsveçdə Azərbaycan ətirli "Tumurcuğ"u - “Tumurcuq” Teatrını. 2018-ci ildə ilk dəfə Avropada Azərbaycan Dram Teatrını böyük zəhmət hesabına ərsəyə gətirdi Sevinc Nəzərli. Teatrı yaratmaq təklifini Stokholmda fəaliyyət ğöstərən Türk Teatrının bədii rejissoru Burcu Ada Soysop verdi, ilk dəfə səhnəyə də onların dəstəyi ilə çıxdı Sevinc xanım. Teatrın bütün maliyyə xərclərini öz şəxsi büdcəsindən ödədi. Məşqlər üçün İsveç dövləti ona şəhərin mərkəzindəki Milli Teatrda yer verdi...
Bu gün o tumurcuqdan gözəl çiçəklər açıb, şümal zoğlar əmələ gəlib.
3 yaşın mübarək, "Tumurcuq"!
Tumurcuqlarınız çiçək açsın, İsveçdə daimi Azərbaycan baharı olsun!
ABŞ
Kentukki ştatında güclü və dağıdıcı tornado nəticəsində onlarca insan həlak olub və itkin düşüb.
Onların xatirəsi ölkə üzrə anılmaqdadır.
Foto: Euronews
Vaqif Mustafazadənin anım günü ilə bağlı konsert proqramı təqdim olunub
Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin adını daşıyan 2 nömrəli musiqi məktəbində sənətkarın anım günü ilə bağlı konsert proqramı təqdim olunub.
AzərTAC xəbər verir ki, tədbirdə elm, mədəniyyət, incəsənət xadimləri, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbiri məktəbin direktoru Akif Süleyman açaraq sənətkarın həyat və yaradıcılığından danışıb. Bildirib ki, V.Mustafazadə 42 il bundan öncə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.
Diqqətə çatdırılıb ki, V.Mustafazadə Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun musiqi stili "Caz-Muğam" adlanır. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.
Vaqif Mustafazadənin ev-muzeyinin direktoru Afaq Əliyeva rəhbərlik etdiyi muzeyin fəaliyyətindən və V.Mustafazadə irsinin təbliği istiqamətində görülən işlərdən danışıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək sənətkarın yaradıcılığı ilə bağlı fikirlərin bölüşüb. Qeyd edib ki, Vaqif Mustafazadə dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş edib.
Konsert proqramında məktəbin şagirdləri Vaqif Mustafazadənin “Mart”, “Tənhalıq”, Əzizə Mustafazadənin “Oriental ornamet” və sair əsərlərini səsləndiriblər.
Bolqarıstanda Nizami Gəncəvinin bolqar dilində qəzəllər toplusu kitabının təqdimatı keçirilib
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bakı Slavyan Universitetinin Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun dəstəyi ilə dahi Azərbaycan şairi və mütəfəkkirinin bolqar dilinə tərcümə olunmuş qəzəllər toplusu kitabının təqdimatı Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanasında keçirilib.
AzərTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska, Bolqarıstanın Milli Kitabxanasının direktoru Krasimira Aleksandrova, Bolqarıstanın Şərq Dili və Mədəniyyət Mərkəzinin direktoru, professor İvo Panov, Sofiya Universitetinin “Türkologiya və altayşünaslıq” kafedrasının rəhbəri professoru İrina Sarıivanova, şairə Gergina Dvoretska, tərcüməçi, şair Dimitr Xristov, həmçinin videobağlantı vasitəsilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və institutun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, dosent Zəhra Allahverdiyeva çıxış ediblər.
Çıxışlar zamanı natiqlər Nizami Gəncəvinin həyat və yaradıcılığı, onun dünya, Şərq və Azərbaycan ədəbiyyatındakı yeri, dahi şairin digər dünyaşöhrətli şairlərə, o cümlədən şərq miniatür və musiqi sənətinə təsiri, Nizaminin Şərq və Qərb sivilizasiyaları arasında körpü yaratması, həmçinin onun bolqar alimlər arasında nə dərəcədə tanınması haqqında geniş məlumat veriblər və müzakirələr aparıblar.
Çıxış edənlər Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində çoxsaylı kitabların işıq üzü gördüyünü və bu kitabların müxtəlif dillərə tərcümə olunduğunu, o cümlədən dahi şairin qəzəllərinin bolqar dilinə çevirildiyinin iki ölkənin ədəbi həyatında əlamətdar hadisə olduğunu bildiriblər.
Tədbirin sonunda şairin bir neçə qəzəli bolqar və Azərbaycan dillərində oxunub.
Geniş oxucu marağına səbəb olmuş Nizami Gəncəvinin bolqar dilinə tərcümə olunmuş qəzəllər toplusu kitabının Bolqarıstanın kitabxanaları, ali təhsil müəssisələri və elmi-tədris mərkəzlərində yayılması nəzərdə tutulub.