Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bakı Slavyan Universitetinin Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun dəstəyi ilə dahi Azərbaycan şairi və mütəfəkkirinin bolqar dilinə tərcümə olunmuş qəzəllər toplusu kitabının təqdimatı Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanasında keçirilib.
AzərTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska, Bolqarıstanın Milli Kitabxanasının direktoru Krasimira Aleksandrova, Bolqarıstanın Şərq Dili və Mədəniyyət Mərkəzinin direktoru, professor İvo Panov, Sofiya Universitetinin “Türkologiya və altayşünaslıq” kafedrasının rəhbəri professoru İrina Sarıivanova, şairə Gergina Dvoretska, tərcüməçi, şair Dimitr Xristov, həmçinin videobağlantı vasitəsilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və institutun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, dosent Zəhra Allahverdiyeva çıxış ediblər.
Çıxışlar zamanı natiqlər Nizami Gəncəvinin həyat və yaradıcılığı, onun dünya, Şərq və Azərbaycan ədəbiyyatındakı yeri, dahi şairin digər dünyaşöhrətli şairlərə, o cümlədən şərq miniatür və musiqi sənətinə təsiri, Nizaminin Şərq və Qərb sivilizasiyaları arasında körpü yaratması, həmçinin onun bolqar alimlər arasında nə dərəcədə tanınması haqqında geniş məlumat veriblər və müzakirələr aparıblar.
Çıxış edənlər Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində çoxsaylı kitabların işıq üzü gördüyünü və bu kitabların müxtəlif dillərə tərcümə olunduğunu, o cümlədən dahi şairin qəzəllərinin bolqar dilinə çevirildiyinin iki ölkənin ədəbi həyatında əlamətdar hadisə olduğunu bildiriblər.
Tədbirin sonunda şairin bir neçə qəzəli bolqar və Azərbaycan dillərində oxunub.
Geniş oxucu marağına səbəb olmuş Nizami Gəncəvinin bolqar dilinə tərcümə olunmuş qəzəllər toplusu kitabının Bolqarıstanın kitabxanaları, ali təhsil müəssisələri və elmi-tədris mərkəzlərində yayılması nəzərdə tutulub.