Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşasının təqdimatı olub.
AzərTAC xəbər verir ki, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan eyniadlı dastan-tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Təqdimatdan öncə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı çıxış edərək dastan-tamaşanın ərsəyə gəlməsi ilə bağlı məlumat verib.
O deyib ki, “Leyli və Məcnun” dastan-tamaşası görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin yaratdığı eyniadlı məsnəvisi üzərində aşıqların ərsəyə gətirdiyi dastan səhnələşdirilməsidir: “Dastan uzun zamandan bəri mövcud idi. Ancaq onun aşıqların repertuarında yer alması XX əsrin 40-cı illərinə təsadüf edir. O vaxt Nizaminin 800 illiyi ilə bağlı işlər gedirdi və aşıqların reperturında da “Leyli və Məcnun” dastan-tamaşaları yayılmağa başladı. Həmin dövürdə nisbətən orta yaşda olan aşıq Şəmşir bu dastanı mənimsəmişdi. Aşıq Şəmşir 60-cı illərin sonlarında oğlu Qəmbər Şəmşiroğluna bu dastanla bağlı bilgilər verdi. Ondan sonra belə qərara gəlindi ki, dastan yazıya alınsa, daha yaxşı olar. Bir neçə il əvvəl Qəmbər Şəmşiroğlu dədə Şəmşirin arxivində olan dastanı mənə təqdim elədi. Bu dastanı Aşıqlar Birliyinə gətirdim və onun səhnələşdirilməsi işini müzakirə elədik. Prezident İlham Əliyevin bu ili “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncamından sonra, bu dastanın səhnələşdirilməsi qərarına gəldik. Mədəniyyət Nazirliyinin xətti ilə Heydər Əliyev Sarayında bu işi gerçəkləşdirmək mümkün oldu”.
Məhərrəm Qasımlı qeyd edib ki, dastanda ilk dəfə aktyorlar deyil, aşıqlar iştirak edirlər, bütün rolları aşıqlar ifa edirlər: “İlk dəfə olaraq burada musiqi aşıq havalarından ibarətdir. Burada aşıq sənətinin poetik çeşidlərindən ilk dəfə istifadə olunur. Bu mənada dastanda ilklər olduqca çoxdur. Biz istəyirik ki, daha çox Azərbaycan milli-mənəvi ruhunu ifadə edən bir Məcnun və bir Leyli ortaya gəlmiş olsun. Bu işin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.
Sonra “Leyli və Məcnun” dastan-tamaşası təqdim olunub.
Dastan-tamaşada Qələndər Zeynalov (Ustad aşıq), Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Leyli), Əli Zeynalabdinov (Qeys), Kəmalə Qubadlı (Leylinin anası), Elməddin Məmmədli (Qeysin dostu Zeyd), Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva (Qeysin anası), Şahniyar Əliyev (Qeysin atası), Nəbi Nağıyev (Leylinin atası), Eldar Bağırov (Səyyad), Elman Talıstanlı (Salam şahzadə), Əli Tapdıqoğlu (Nofəl pəhlivan) və saz ifaçıları Afil Bəxtiyarov, Ayxan Məlikov, Coşqun Əsgərov çıxış ediblər.
Qeyd edək ki, “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən dastan–tamaşanın ssenari müəllifləri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır.