İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi Azərbaycanın böyük el sənətkarı, saz və söz sərrafı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş mərasim təşkil edib.
AzərTAC xəbər verir ki, İğdırdakı Azərbaycan Mədəniyyət Evində keçirilən mərasimdə yerli ictimaiyyətin tanınmış nümayəndələri, Azərbaycan və Türkiyədən tanınmış sənətçilər iştirak ediblər.
Rəsmi hissədə İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, araşdırmaçı-yazıçı Songül Dündar və “Dünya söz akademiyası” dərnəyinin sədri, professor Hayrettin İvgin çıxış ediblər.
Sonra tədbir çərçivəsində Azərbaycan və Türkiyəni təmsil edən görkəmli saz və söz adamları - azərbaycanlı aşıq Ramin Qarayev və tanınmış el sənətkarları Səlahəddin Dündar və Günay Yıldızın ifalarında zəngin bədii proqram olub.