Bakı Kitab Mərkəzində yazıçı, “Qızıl qələm” mükafatı laureatı Nərminə Məmmədzadənin “Müharibənin səsi” kitabının təqdimatı olub.
Mərkəzdən bildiriblər ki, kitab “Olmayan müsahibə” layihəsi çərçivəsində üç dildə nəşr edilib və 44 günlük Qarabağ müharibəsinin qəhrəman şəhidlərinin xatirəsinə həsr olunub.
Kitaba daxil olunmuş 50-dən çox qısa müsahibə real hadisələrə əsaslanır. Müəllif hər müsahibədə bir şəhidin ruhu ilə söhbət aparır. Hər bir hekayə bir igidin səsidir, o şəhidlərimizin nurlu simalarını bizə açır, əbədi yaşadır. Müsahibələrdən biz mərhum qəhrəmanların kim olduğunu, onların uşaq illəri, yaxınları, dostları, ailələləri, arzu və istəkləri haqqında öyrənirik.
Təqdimatda çıxış edən Nərminə Məmmədzadə kitabın böyük ürək yanğısı ilə yazıldığını bildirdi.
Tədbirdə, həmçinin şəhidlərin ailə üzvləri, mərkəzin direktoru Günel Rzayeva, şairə Şahrun Süleymanlı, yazıçı Nailə Balakişiyeva, eləcə də musiqiçilər Murad Hüseynov və Cavid Məmmədov çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.
Sonda gecədə iştirak edən bütün şəhid ailələrinə kitablar hədiyyə olunub.
Kitabların satışından əldə edilən bütün vəsait “YAŞAT” Fonduna yönəldiləcək.