Dekabrın 14-də Azərbaycan Teatr Xadimləri İttifaqında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş tədbir keçirilib.
AzərTAC xəbər verir ki, tədbiri Xalq artisti Hacı İsmayılov açaraq Prezident İlham Əliyevin Sərəncamından irəli gələrək bu il ölkəmizdə dahi şairə həsr olunan bir sıra tədbirlərin keçirildiyini qeyd edib. Bildirib ki, bugünkü tədbir də Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Milli Konservatoriyanın təşkilatçılığı ilə reallaşır.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək Nizami Gəncəvi yaradıcılığından, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunmasının əhəmiyyətindən bəhs edib. “Nizami Gəncəvi mənəvi zənginliyi hər şeydən üstün tutub. O, özünün ölməz, bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib. Mübaliğəsiz demək olar ki, Nizami Gəncəvi dünyanın ən böyük şairləri ilə bir sırada durur və onun əsərləri bizim üçün, eləcə də gələcək nəsillər üçün daim ilham mənbəyi olacaq”, - deyə M.Nağıyev vurğulayıb.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva yüksək milli-əxlaqi, bədii-estetik, vətənpərvərlik nümunəsi olan Nizami Gəncəvinin fenomenal bəşəri irsindən, humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərindən danışıb.
Tədbirdə Nizami Gəncəvinin sözlərinə həsr olunmuş musiqi nömrələri səsləndirilib, “Hünərim bir asimandır” adlı tamaşa təqdim olunub.