Azərbaycanın tarix boyu yetişdirdiyi ən işıqlı şəxsiyyətlərindən biri olan Xudu Məmmədovun bu gün doğum günüdür, sevgi və iftixar ilə anırıq bu dahi şəxsiyyəti. Ağdamın Mərzili kəndində 1927-ci ildə dünyaya göz açan, bütün şüurlu həyatını Azərbaycan elminin inkişafına, eləcə də xalqın milli-azadlıq hərəkatına sərf edən Xudu müəllim professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru idi, kimyanın silikat birləşmələri üzrə misilsiz tədqiqatlar ortaya qoymuşdu, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsinin və 3 monoqrafiyanın müəllifiydi. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilmişdi. 1969-cu ildə gizli Milli Azadlıq Qərargahı təşkilatının qurucularından biri olan Xudu müəllim 80-ci illərin sonlarında Azərbaycan Xalq Cəbhəsinin formalaşmasında böyük rol oynamışdı, xalqın imperiya buxovlarından qopması uğrunda hərəkatının öncüllərindən birinə çevrilmişdi. Təəssüf ki, 1988-ci ilin 15 oktyabrında onu itirdik. Ruhu şad olsun!