Super User

Super User

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
 Ümumdünya futbol günü
Uşaqlıqdan futbol dəlisi olan, müxtəlif futbol bölmələrinə yazılan, “Sevinc” respublika və “Dəri top” ümumittifaq futbol yarışmalarında iştirak edən, oyunlarda iki dəfə qolunu, qabırğasını sındıran, dizindən menisk zədəsi alan, günü bu gün də azarkeşliyini davam etdirən və futbol oynayan biri kimi özümü və milonlarla futbol azarkeşini təbrik edirəm. Bu bayramı təqvimlərə BMT daxil edib, futbolun kütləviliyinə, adi oyun deyil, bir həyat tərzinə çevrilməsinə dəyər verib. Yeri gəlmişkən, “ayaqla top qovmaq oyunu” barədə ilk məlumat Çin mənbələrindədir, eradan əvvəlin ikinci minilliyinə aiddir. Qədim Roma və Yunanıstanda da 2500 il bundan əvvəl futbolabənzər oyun oynayırmışlar. Yunanlarda bu oyun “top uğrunda döyüş” adlanırmış. Növbəti xatırlatma 8-ci əsrdə İngiltərədə yaşayan saksonlarla bağlıdır, onlar döyüş zamanı öldürdükləri düşmənlərin başlarını kəsib vəhşi bir “top-top” oyunu oynayırmışlar.
Bu gün bütün dünya futbol oynayır, dünya futbolu inkişaf edir, çiçəklənir, daha sürətli, daha baxımlı, daha möcüzəvi xarakter alır. Nə yazıq ki, bu inkişafa biz azərbaycanlılar millimizin öz evində Allahın qələbəyəhəsrət cırtdan Lüksemburqundan üç top yeməsi ilə, əbədi autsayder statusu ilə tamaşa edirik. Güclülər dəstəsində hətta Bakının bir yarımrayonu olan Farer kimi multicırtdan ölkələrdəkindən də az sayda komandası olan, uşaq, əyalət və məhəllə futbolu tamamilə darmadağın edilən, kimlərinsə koppupsiya və talama mənbəyinə, milyonlarla futbolsevər üçünsə gözdağına çevrilən futbolumuz, günün mübarək!
 Nobel günü
Nobel Prizes Day – 1,1 milyon ABŞ dollarına bərabər olan Nobel mükafatının Stokholm şəhərində təqdimedilməsi mərasiminin şərəfinədir. Fizika, kimya, fiziologiya, tibb, ədəbiyyat, iqtisadiyyat və sülh üzrə verilən bu mükafatları İsveç Kralı rəsmi təntənəli mərasimdə şəxsən təqdim edir. 10 dekabr tarixi Alfred Nobelin 1896-cı ilin həmin günündə San-Remoda dünyadan köçməsi münasibəti ilə seçilib. İlk dəfə bu mükafat 1901-ci ilin 10 dekabrında təqdim olunub. Unutmayaq, Alfred Nobel böyük varidatını Bakı neftinin hesabına qazanıb, amma azərbaycanlılar bu mükafata həsrətdirlər.
 İnsan haqları günü
Bu haqda danışmağa sözüm yoxdur deyə keçirəm növbəti mövzuya.
Şairlərimizin doğum günü
Bu gün iki Azərbaycan şairinin də doğum günüdür. Biri 1924-cü ildə Xırdalanda, əslən xızılı Ələkbər kişinin ailəsində dünyaya gəlmiş Azərbaycan SSR Xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, xüsusən həmyerliləri olan xızılıların, habelə “Canlanır hər qarış çöl Sumqayıtda” şeiri ilə sumqayıtlıların sevimlisinə çevrilmiş Nəbi Xəzridir, digəri isə müasirimiz, AYB katibi, orijinal şeirləri ilə yanaşı dünya ədəbiyyatından dəyərli tərcümələri ilə də seçilən, 1972-ci ildə Sumqayıtda dünyaya göz açmış Səlim Babullaoğludur. Nəbi Xəzriyə Allahdan rəhmət, Səlim Babullaoğluya isə uzun ömür və cansağlığı arzulayırıq.
Banişevski rüzgarı
Və bir də, bu gün Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin anım günüdür. 1946-ci ilin 23 fevralında Bakıda dünyaya gələn, 1997-ci ilin 10 dekabrında Bakıda vəfat edən Banişevski futbol tariximizdə Ələkbər Məmmədovla birgə ən şərəfli səhifənin müəllifidir. Bilirsinizmi nəyi xatırladım? Mən balaca idim, Sumqayıtda yaşayırdıq, Banişevskini hansısa səbəbdən “Nefçi”dən kənarlaşdırmışdılar, o, futbolsuz qalıb xeyli çəki yığmışdı, bir gün atam məni özü ilə Mehdi Hüseynzadə stadionuna apardı ki, Banişevski və Bruxti Sumqayıtın “Xəzər” klubunda oynayacaqlar. Mən sonralar “Santyaqo Bernabeu”da, “Lujniki”də, “Ali Sami Yen”də, daha haralarda derbilər, finallar izləmişəm, amma ogünkü izdihamı bir də heç yerdə görə bilməmişəm. Stadionda insanlar bir-birinin içinə girmişdilər, ətraf binaların evləri, damları, stadionun hasarları, ağacların üstü – hər yer tamaşaçılarla dolu idi, bəlkə də yüz min insan var idi.
Həmin mövsüm Banişevski Sumqayıtda bir dövrə oynadı, ona baxmağa bütün Azərbaycan axışırdı, üstəlik, Dağıstandan, Krasnodar və Rostov vilayətlərindən, Gürcüstandan azarkeşlər onun oyunundan həzz almağa gələrdilər. O bir futbol sehirbazı idi, formasını itirmişdisə də yenə də möcüzələr törədir, əlinə top keçdimi, qol vururdu. Autsayder olan “Xəzər” ənənəvi olaraq 2-3 top yeyirdi hər oyunda. Banişevski isə hər oyunda 3-4 top vurub “Xəzər”i təkbaşına qələbələrə aparırdı. Bax belə bir xatirə.
Varisin “Həftənin təqvimi yazısından”

Cümə, 10 Dekabr 2021 13:40

Böyük rus yazarı Nekrasovun 200 illiyi

Əsərləri dünya ədəbi xəzinəsində qərarlaşan Nikolay Alekseyeviç Nekrasov 1821-ci ildə Rusiyanın Podolsk quberniyasında mülkədar ailəsində anadan olub. 1832-ci ildə gimnaziyada oxuyarkən ilk şeirini yazıb. Nekrasov bir müddət Rusiyanın kitab mədəniyyətini zənginləşdirmək üçün nəşriyyat işləri ilə məşğul olub, 1843-1845-ci illərdə klassik rus və müasir şair, ədiblərin əsərlərindən ibarət bir neçə külliyyat, almanax, məqalələr məcmuəsi və s. nəşr edib. 1844-1845-ci illərdə Nekrasov bir sıra povest, felyeton və oçerklərini yazıb ki, bunların içində “Peterburq guşələri” xüsusi yer tutub. N.Nekrasovun “Rusiyada kim yaxşı yaşayır”, “Şaxta, qırmızı burun”, “Kəndli uşaqları”, “Məhkəmə”, “Baba” və s. poemaları, “Aktyor”, “Ayı ovu”, “Lomonosovun gəncliyi” və s. pyesləri oxucular tərəfindən maraqla qarşılanıb. Kənd uşaqlarını çox sevən ədib balacalar üçün çoxlu əsərlər qələmə alıb, uşaqların təhsilə cəlb olunması üçün 1872-ci ildə öz vəsaiti hesabına məktəb də açıb. N.A.Nekrasov rus ədəbiyyatı və ictimai fikri tarixinə yalnız şair kimi deyil, eyni zamanda istedadlı redaktor və mübariz bir jurnalist kimi də daxil olub.. Nekrasovun nəşr etdiyi jurnallar həmin əsrdə Rusiyada ən görkəmli adamların yetişməsində, onların tərbiyə olunmasında böyük rol oynayıb. Belə ki, o, 1848-1866-cı illərdə vaxtilə Puşkin tərəfindən təsis edilmiş “Sovremennik” məcmuəsinə, 1867-1877-ci illərdə isə “Oteçestvennıye zapiski” jurnalına redaktorluq edib. Nikolay Nekrasov 1878-ci il yanvar ayının 8-də vəfat edib.


YARAT Müasir İncəsənət Məkanı onillik tədbirləri çərçivəsində “Ön söz-On söz” xronikal qrup sərgisini təqdim edib. On il ərzində toplanan YARAT kolleksiyası və YARAT-ın sifarişi ilə hazırlanmış seçmə əsərlər ilk dəfə olaraq Daş Salnamə Muzeyində bir ekspozisiyada nümayiş olunub.
AzərTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Tədbirdə çıxış edən tanınmış rəssam Aida Mahmudova deyib: “Bu gün burada sizi görməyə çox şadam. Şadam ki, siz 10 illiyinizi bizimlə bölüşürsünüz. Bu, rəssam və ziyarətçilərimiz üçün dəyərlidir. Zaman prizmasından baxanda on ilin bir ana bənzədiyini görərik. Amma bu zaman kəsiyində YARAT çox işlər görüb. Mən çox istedadlı və öz sənətini sevən peşəkarlarla işləyirəm. Öz komandamı təbrik edirəm”.
Tədbirdə YARAT-ın yubileyi münasibətilə audiovizual performansın nümayişi və İsfar Sarabskinin solokonserti təqdim olunub.
Sərgi YARAT-ın ilk layihəsi olan “Ön söz”ə istinadla bu dövr ərzində YARAT-ın keçdiyi yol və yeni nəsil müasir rəssamların yetişdirməsi və formalaşdırılmasında oynadığı müstəsna rolunu vurğulayır.
Yaddaş və tarix anlayışları ətrafında toplanmış ekspozisiya keçmişin indiki anımıza qədər diffuziya etməsinin etirafıdır. Keçmişin maddi reallığı ilə qarşılaşan indiki reallıq bir sürətə bağlıdır. Sərgi yaşadığımız sürətin bizi əhatə edən keçmişin simvolları və xatirələri ilə necə uzlaşdığını nəql edir, ənənə və cəmiyyət, dəyərlər sistemi, ziddiyyətli həqiqətlər mövzularına toxunur. İnsan varlığı və mövcudluğunun fərqli aspektləri araşdırılaraq, onların formalaşmasında keçmişin əhəmiyyətini və rolunu ön plana çəkir.
YARAT kolleksiyasının ən mühüm əsərlərindən ibarət ekspozisiya Afruz Amighi, Faiz Əhməd, Rəşad Ələkbərov, Çinarə Məcidova və Elturan Məmmədovun instalyasiya, heykəl, video və foto əsərlərini bir araya gətirir.


Bəstəkar Pyotr Çaykovski və Rauf & Faik dueti xaricdə dinlənilən rusiyalı musiqiçilərin reytinqinə Bu məlumatı “Spotify” audiostriminq xidməti yayıb.
Şirkət instaqram sosial şəbəkəsindəki səhifəsində xaricdə ən çox dinlənilən rusiyalı ifaçıların ilk onluğunu dərc edib.
Azərbaycan əsilli rusiyalı müğənni və bəstəkar Jony də (Cahid Hüseynli) reytinqə daxil edilib.
“Rauf & Faik” (Rauf və Faiq) – İjevskdən olan rusiyalı musiqi dueti Rauf və Faiq Mirzəyev əkiz qardaşlarıdır. Milliyyətcə azərbaycanlı olan bu qardaşlar öz mahnılarının bəstəkarı və müəllifidirlər.
Audioaxın internet xidməti olan “Spotify” musiqi kompozisiyalarını, audiokitabları və podkastları cihaza yükləmədən onları dinləmək imkanı verir. Tətbiq 2008-ci ildən dövriyyəyə buraxılıb.


Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov cari ilin 9 dekabr tarixində Dubay şəhərində “Ümumdünya Yaradıcı İqtisadiyyat Konfransı 2021” çərçivəsində baş tutan Nazirlər Panelində iştirak edir.
Tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri xanım Noura Bint Mohammed Əl-Kaabi, İndoneziyanın turizm və yaradıcı iqtisadiyyat naziri və digər ölkələrin nazirlikləri iştirak edirlər.
Paneldə çıxış edən nazir Anar Kərimov müasir dövrdə yeni qlobal trend kimi yaradıcılıq, eləcə də yaradıcı iqtisadiyyatın əhəmiyyətini vurğuladı,  “Dayanıqlı inkişaf naminə Yaradıcı İqtisadiyyat İli” ərzində ölkədə həyata keçirilən fəaliyyətlər barədə görüş iştirakçılarını məlumatlandırdı.

Nazir Anar Kərimov mədəniyyət sahəsinin, eləcə də mədəniyyət və yaradıcı sənayelərin (MYS-lərin) innovativ və dayanıqlı inkişafını hədəfləyən Milli Mədəniyyət Strategiyası, MYS-lər üzrə geniş məlumatlandırma, təbliğat və təşviqat işini həyata keçirən “Kreativ Azərbaycan” platforması, nazirliyin dəstəyi ilə yeni yaradılan Azərbaycan Yaradıcı Sənayelər Federasiyası barədə danışdı.

Çıxış zamanı həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad olunması ilə həmin ərazilərdə mədəni həyatın, eləcə də yaradıcılıq ənənələrinin yenidən dirçəldilməsi, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması və yenidən regionun yaradıcı mərkəzinə çevrilməsi imkanları barədə fikirlər səsləndirildi.

Eyni zamanda, yerli və beynəlxalq tərəfdaşlarla araşdırma və planlaşdırma işləri, birgə layihələr, o cümlədən özəl sektorla birgə əməkdaşlıq, qeyri-hökumət təşkilatlarının dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verildi.


Saxa Respublikasının dövlət müşaviri Andrey Borisovun “Ədəbiyyat və incəsənət” portalına müsahibəsi – 3-cü hissə

Saxa Respublikasına səfəri zamanı əməkdaşımız, tanınmış jurnalist Aida Eyvazlı  dövlət müşaviri Andrey Borisovdan silsilə müsahibələr almışdır, bu müsahibələrin ikisini portalımızda dərc etmişik, oxucuların böyük marağına səbəb olub. Bu gün sonuncu müsahibəni diqqətinizə çatdırırıq.

... Öncəki axşam məşhur rejissor, teatr üzrə nüfuzlu beynəlxalq “Qızıl Maska” mükafatı laureatı, Saxa Prezidentinin müşaviri Andrey Borisovdan ayrılanda, o məni sabah saat 10.30-da Saxa Teatrında truppanın məşqinə dəvət etmişdi. Saxa  Yakutiya Yazıçılar İttifaqının üzvü, ədəbiyyatçı və fotoqraf Utum məni “Tıqın Darxan” otelindən götürüb, sözləşdiyimiz vaxtda teatra gətirdi. Budur, teatrdayam. Səhnədə aktyorlar var-gəl edir, o baş-bu başa gedirlər. Ev sahibləri - teatrın rejissoru və direktoru gəlib mənimlə görüşüb, ön cərgədə oturmağa yer təklif edirlər.  Səhnədəki aktyorların  sayı 20-25 nəfər olar. Mariya Vasilyeva deyir ki, meydan teatrları, Olonxo teatrı kütləvi səhnələrlə daha möhtəşəm olur. Çünki biz meydan teatrıyıq, kütləvi xalq dastanlarını, xalq oyunlarını və yaxud da ki xalq qəhrəmanlarının həyatlarından baş verən tamaşalar hazırlayırıq. Əksər xalq tamaşalarımız belə qurulur.
Mariya xanımın bu sözlərinə həsəd aparıram. Teatra, sənətə verilən qiymətin necə yüksək olduğunun təsdiqini bu dəfə öz gzlərimlə görmüş oluram. Bilirsiniz, kütləvi səhnə nədir? Kütləvi səhnə ən azı 70 nəfərə qədər aktyorun hər birinə müxtəlif  kostyumlar tikilməsidir, rəng effektidir, estetikadır. Tamaşaçını inandırmaqdır. Mən kütləvi səhnələri Azərbaycan teatrlarında ancaq “Leyli və Məcnun”da görmüşəm. Bir də ki, Özbəkistanda Opera teatrında kütləviliyin şahidi olmuşam.  Əlişir Nəvai adına Özbəkistan Opera və Balet teatrının  baş rejissoru Firudin Səfərov kütləvi səhnəsi çox olan opera tamaşalarını səhnələşdirir. Teatr bu səhnələrin alınması üçün pul xərcləyir. Özbəkistan teatrının tanrısı da Azərbaycandan küsüb gedən istedadlı rejissor Firudin Səfərovdur. Bizim bu gün teatrlarımız ona görə kasaddır ki, biz Tanrıları öldürürük. Ona görə mədəniyyətimizi istədiyimiz kimi yaşada bilmirik.
Mən bu həsəd dolu fikirlərin məngənəsində vurnuxurkən  Olonxo Teatrının quruluşçu baş rejissoru statusunu da daşıyan Andrey Borisov gəlib məşqə çatır.  Onun gəlməyi ilə səhnədə canlanma yaranır.  Və ilk jesti məni bir daha  səhnədə boy-boy dayanan aktyorlara təqdim etməsi olur:
-Aida xanım Azərbaycandan  “Böyük qarın alqışı” festivalına  gəlib,- deyir. Sonra da yakut dilində yenə “Aida xanım Azərbaycannar” deyir. Bu söz üçün dünəndən ürəyim gedir. Elə gözəl səslənir ki...
Daha sonra əlavə edir ki, bütün bunlardan başqa , Aida xanım həm də Platon Oyunskinin  “Qırmızı Şaman”, “Olonxo”, “Ulu Kudansa”, “Müdrik Süleyman”, “Makedoniyalı İsgəndər” əsərlərini  Azərbaycan dilinə tərcümə edib.
Onun təqdimatından sonra, səhnədəkilər  “ohooooo” –deyə səs verirlər.  Ətrafa meh kimi bir  səs yayılır.
Andrey Savviç mənə tərəf dönüb:
-Onlar sizin gəlişinizi alqışlayırlar,- deyir. Sonra isə “otur” sözü eşidirəm. Lakin mən ayaq üstəyəm, dönüb baxıram ki, Andrey Savviç əyləşib. Bir də “Otur” deyir.  Demək  yakut dili ilə dil  eyniliyimiz bu qədər çoxdur. Sadəcə, diqqətlə dinləyəndə, görürsən ki, elə sənin  doğma  türk dilində danışırlar.  Buna qədər isə, “gəl”, “get”, “ver”  fellərini də yakut dostlarımızın dilindən eşitmişəm.  Hətta tülküyə “tilki” deyirlər. Gör bir gözümüzdən uzaq qardaşlarımıza nə qədər yaxın dilimiz var imiş.
Teatr və tamaşa barədə sualıma Andrey Savviç bu cür cavab verir:
-Mariya Markova bizim teatrın çox istedadlı rejissorudur. Direktorumuz  da Mariyadır. Onun soyadı isə Turantayevadır. 14 yaşlı teatrımızın ilk yarandığı gündən bizimlədirlər. Bildiyiniz kimi, teatrın əsasını mənim həyat yoldaşım Stepanida Borisova qoyub. Həm Rusiyanın, həm də Yakutiyanın xalq artistidir. Biz bir-birimizi tapandan sonra heç cürə ayrıla bilməmişik.  O bu teatrın  aktyorlarına, yetirmələrinə toyuk oxumaq öyrədib. Bizim yetirmələrimiz, bu səhnədə gördüyünüz uşaqların hamısı Arktika Dövlət  İncəsənət və Mədəniyyət Universitetinin tələbələri olublar. O institutun da yaradıcısı mənəm. Biz Olonxo Teatrı ilə Yaponiya, Çin, Yunanıstan, Hindistanda qastrol səfərlərində olmuşuq. Tamaşalarımıza baxan insanlar və sənətkarlar, mütləq gəlib bizdə ustad dərsləri alırlar. Bizim teatr  Pekindəki Çin Opera Teatrı kimi musiqili xalq teatrıdır.  Hazırda repertuarımızda 118 tamaşamız var. Hamısı da xalq tamaşaları. Hamısı da dünyanın hər yerində sevilir, ən yüksək mükafatları alırlar. İndi baş rejissor kimi quruluş verdiyim bu tamaşa “Uluu Daarın” tamaşasının məşqlərini edirik. Bu teatr binasında müvəqqəti yerləşmişik. Dövlətimiz bizim üçün yeni, ənənələrimizə, dəsti-xəttimizə və repertuarlarımıza uyğun gözəl bir bina tikir.
Andrey Borisov teatr haqqında təqdimatından sonra, səhnədəki aktyorlara Azərbaycan üçün, mənim üçün “Alqış” oxumalarını istəyir. “Alqış” ritualdır. Gələn və gedən qonağı beləcə xeyir-dualı, işıqlı sözlərlə butalamaqdır. Səhnədəki durna boylu aktrisalardan biri irəli çıxıb oxumağa başlayır... Səsi anlayanlar yaxşı bilirlər.S əs insanın ruhunu oyadandır. O qadının ecazkar səsi ətrafa yayıldıqca, dünyanın səsdən yarandığına bir daha inanıram. Səs sanki dağa-daşa dəyib cingildəyir, qayıdır, sonra gedib küləklərə qoşulur, elə bil ki, boğazından bulaq kimi cürbəcür səslər tökülür. Özlüyümdə fikirləşirəm ki, bu qadının azad olunmuş Şuşa qalasının yanında da belə oxumasına bütün daşlar oyanar. Onun səsindən sevinər çoxdandır doğma qandaşlarımıza həsrət qalan yurdumuz. Nə bilmək olar, bəlkə elə mənim bu yazımı oxuyan dövlət rəsmilərindən kimsə, deyəcək ki, Olonxo Teatrını Azərbaycana gətirək, qoy bizimkilər öz dərslərini də götürsünlər. Bu xalqı gözümüzdən uzaq saxlamayaq. Bizə qarışsınlar.
Qadının səsi sümüklərinə, iliklərimə dolur... Və asta-asta bitir, səhnədəki hər kəs əllərini göyə açıb dayanıb. Andrey Savviç deyir:
- Azərbaycan üçün “alqış”ayini  sona yetdi.
Və bildirir ki, bu teatrın aktyorları həm də müqəddəs bayramlarda ayinlər həyata keçirərək, Alqışçı kimi oxuyurlar. “Alqışçılar  təbiətin 4 ünsürünə səs göndərib, səs alırlar,  Tanrıdan və ruhlardan  bağışlanmağı və insana xoş əhval-ruhiyyə, sevgi və rahatlıq gətirməyi diləyirlər”, - deyib, daha sonra üzünü səhnədəkilərə tutur:
- Aktyorlar, başlayırıq, Maqdelovna, sən haradasan, keç səhnənin ortasına. Bu Urasanı dəyişin, mən belə demirəm, elə edin ki, dünyanın yaranışını göstərə bilək. Rejissor Mariya  Vasilyevna gəncliyindən bizimlə işləyir, indi də cavanlıq edir. Ölkədəki bütün meydan tamaşalarının quruluşuda iştirak edib. Həəəə... uşaqlar, mən baxıram ki, hamımız işləmək arzusundayıq. Sizə baxanda doğma Yakutiymı görürəm. Başlayaq... Yox... yox bir dəqiqə... Aida xanımın  boğazında  “kılık” – qırtlağ səsi var.  Aida xanım, siz  bizim aktyorlara bəlkə nəsə demək istəyirsiniz? Siz dünən mənim kabinetimdə oxudunuz. Onu bir də təkrar edin.
Mən danışıram:
- Əziz dostlarım, doğmalarım, mötəbər sənət adamları. Bizim  özümüz bu yerlərdən uzaq olsaq da, sizə nə qədər yaxın olduğumuzu hər avazınızda, boğaz səsinizdə, dodaqlarınızın titrəyişində hiss edirəm. Sizin kimi xalqı yaşadan torpaq xoşbəxtdir, müqəddəsdir. Tanrı yaratmağı biləndir. O, öz istedadından bu torpaqlarda yaşayan insanların demək olar ki, hər birinə bir zərrə də olsa verib. Və bu gün çox xoşbəxtəm ki, Andrey Savviç kimi böyük bir sənətkarın baş rejissor olduğu  teatrdayam, onun məşqlərindəyəm. Sizin canlı ifalarınızı görürəm. Sizinlə bir  səhnədə nəfəs alıram. Mən Zəfər qazanan Azərbaycandan sizə salam gətirmişəm. Qoy bu Qələbə  türk torpaqlarının və Saxanın olsun!- deyib,  fikirmi bitirsəm də, özümü çox çətin vəziyyətə düşmüş kimi hiss edirəm.  Belə  möcüzəvi səsləri olanların qarşısında mən nə oxuyacağam ki... Mənim səsim yoxdur axı. Əslində dünən  dövlət katibi Andrey Borisovun otağında oxuduğum səs ruh halım idi,  toyuklarla bayatıların eyniliyini göstərmək həvəsim idi. Bir anlığa özümü toplasam da, beynimdəki bütün bayatı yaddaşım pozulub elə bil... Fikirləşirəm ki, yenə dünən dediyim bayatıları səsləndirərəm.

Bu dağlar eyyy... ulu dağlar,
Uzaqda... ulu dağlar.
Burda bir igid ölüb,
Göy kişnər, bulud ağlar...

Əzizim ana yurdum,
Çiçəklən, ana yurdum.
Mən səndən ayrılmazdım,
Neylədin, Ana yurdum?

Qarabağ qar üstündə
Gəzərdi yar üstündə.
Düşmən belimi qırdı
Mən qaldım qar üstündə...
Laylay balam... a laylay...

Mən ağlıma gələn ilk  bayatını oxuyuram. Digər iki bəndi isə elə buradaca qoşuram. Oxucu deyə bilər ki, niyə belə qəmlidir bayatılar? Əslində bizim bayatılar qəmdən yaranıb axı. Axı mənim ürəyimdə şəhidlərimizin adı var, onların xatirəsi var. Bu müqəddəs torpaqlarda bir gün də unutmadım, bir gün də yadımdan çıxmadılar şəhidlər. Kimi gördümsə o qəhrəmanlardan danışdım. Zəfərimizlə birlikdə ağrımız da var axı. Mən də o ağrıları ürəyində gəzdirən bir anayam. Hara getsəm o igidlərin ağrısı mənimlədir.
Mən dərddən oxuyuram... Onların əksəriyyəti sözlərimi başa düşməsələr də dərdimi, ağrımı anlayırlar. Bayatını bitirdikdən sonra Andrey Savviş deyir:
- Polad Bülbüloğlu oxuyanda da ətim ürpənmişdi, tüklərim biz-biz olmuşdu. İndi də siz oxuyanda tüklərim biz-biz oldu... Bu səs, bu nida mənə çox doğmadır... Bilirsiniz, mən Stepanidanın əvvəlcə səsinə vurulmuşam. O oxuyanda ətim ürpənmişdi, ruhumu oynatmışdı yerindən.  Bizi ilk əvvəl Tanrı özü sevib, ona görə rastlaşmışıq. Bu günə qədər də o oxuyanda, mənim ruhumu oynadır. Onun səsi çox ilahi səsdir. Bax, indi siz də oxuyanda ruhum yerindən oynadı... Qorxuram ki, birdən sizi də sevərəm...
Səhnədə və zalda gülüşmə səsi ətrafa yayılır. Hamı bilir ki, bu Andrey Borisovun zarafatıdır. Mən də onun zarafatına zarafatla cavab vermək qərarına gəlirəm:
-Andrey Savviç, mən Şamil Basayevlə görüşən yeganə azərbaycanlı jurnalist xanımam. 1999-cu ildə onu televiziyaya çəkirdim. Təsəvvür eirsiniz, üzündən ətrafa işıq axırdı. Özlüyümdə fikirləşirdim ki, nurlu adam deyilən elə belə olur. Onun çox xoş enerjisi var idi. Mən ömrümdə belə gözəllik görməmişdim. Və müsahibəmin sonunda ondan neçə arvadı olduğunu soruşdum. Dedi ki, iki arvadı var. Mən çox sevincli halda ona daha bir sual verdim:”Şamil, üçüncü dəfə evlənmək istəmirsən?”... Əslində fikirləşirdim ki, belə bir qəhrəmanın həyat yoldaşı olmaq xoşbəxtlikdir. Şamil Basayev güldü... Və biz müsahibəmizin sonunu beləcə bitirdik.
Bu xatirəm  aktyorların  qəhəqəhəli gülüşünə səəbəb oldu. Yenə alqış səsləri ətrafı bürüdü.
Sonra isə Andrey Savviç köməkçisindən xomus gətirməyi xahiş etdi. Xomusu alıb, təntənəli surətdə mənə təqdim etdi. Teatrın direktoru Mariya Vasilyevna isə əlavə bir hədiyyə də verdi və dedi ki, bu hədiyyəni Azərbaycanın məşhur teatrşünası Aydın Talıbzadəyə çatdırım. Çünki Aydın Talıbzadə Olonxo Teatrı haqqında gözəl bir məqalə yazıbmış. O məqalə də Azərbaycanda çap olunub.
Bax belədir, saxalıların bizə olan sevgisi. Azərbaycan onlar üçün çox doğma, sevimli və əzizdir.
Hədiyyə təqdimatından sonra isə  Andrey Savvıç yenə də  mərhum ümummili liderimiz Heydər Əliyevlə tanışlığını xatirlayır. Və üzünü mənə çevirib deyir:
-Bizim aktyorlar Heydər Əliyevi yaxşı tanıyırlar. Onlar Qarabağ faciəsinin nə olduğunu yaxşı bilirlər...  Aida xanım, dünən siz tərcümə etdiyiniz “Qırmızı Şaman” əsərindən bir parça oxuyacaqdınız... Onu  indi oxuyun zəhmət olmasa... Mən dilimizin və ruhumuzun uyğunluğunu hiss etmək istəyirəm.
Kitabdan  diqqətimi çəkən hissədən  oxuyuram, xomusda isə aktyorlardan biri ifa edir:
Uca Tanrıların göstərişiylə
Mənə göy üzündə məkan verilib.
Göy səma, qartallar qoruyur məni,
Tanrıdan cismimə imkan verilib.
Mənə buta gəlib uca ruhlardan
Məni müjdələyib ən güclü şaman,
İndi o ruhlardan icazə alıb,
Kamlana başlayıb, dua oxuram.
Andrey Savviç  bu bəndin hansı hissədə olduğunu soruşur, sonra özü həmin bəndləri yakutca səsləndirir.
Teatrın əməkdaşları qarşımıza dairəvi bir stol gətiriblər, çay süfrəsi açıblar.  Özümü lap böyük rejissor kimi hesab edirəm. Rejissor kimi çay içməyin də nə gözəl ləzzəti vardır.
Əlini qaldırır, idarə edir, hakim kimi deyil, gözəllik yaratmaq üçün idarə edir və o,  jest və hərəkətləri ilə görmək istədiyini almaq üçün səsini qaldırır, mizan verir... Və bir daha inanıram ki, mən hazırda Türk dünyasının Teatr Tanrısının hüzurundayam... Və bir anlığa mən də özümü Tanrıya bərabər hiss edirəm.... Ruhum təzələnib, bu səslərin içərisində çoxdan duymadığım bir xoşbəxtliyin içərisindəyəm...
 Yanında əyləşdiyim Teatr Tanrısı  əlini səhnəyə uzadıb, mənə kimisə göstərir və deyir ki, baxın, onun atası ömrü boyu mənim quruluşlarımda  Platon Oyunskinin obrazını yaradıb.  Platon Oyunskinin obrazını o qədər yaradıb ki, özü sonda dönüb o böyük Platona bənzəyib.
Baş rejissor Andrey Savviçin göstərişindən sonra aktyorlar yenidən səhnəyə qayıdırlar. Məşq davam edir. Yenə qadınlardan biri quşların səsini çıxarır... Kaş bu məharəti öyrənə biləydim... O toyuk oxuyan qadın aktrisa isə boğazından, qırtlağından ötürür ətrafa bu sehirli səsləri ... Sonra ağac yarpaqlarının xışıltısı, sonra addım səsləri, at ayaqlarının səsi gəlir...  Başqa cür ola bilməz axı... Türk torpaqları at dırnaqları ilə Vətən olub.
Rejissor yenə səhnədə taxtadan qurulan Urasanın  geri qaytarır, deyir ki, yenidən gətirin qurun.... Siz bu tamaşada yeni həyatın ilkini göstərməlisiniz...  Romeo və Cülyetta əslində düşmənçiliyi oynayırdı. Sonunda faciə yarandı. Siz bu tamaşada oyun göstərməlisiniz. Bütün dünyanın oynadığı oyunları... Bu gün dünya oyundadır. Siyasətçilər oynayır... İnsanlar bir-biri ilə oyun oynayır.... Hər kəs özünün oyununu oynayır....  Düşmənçiliyin oyunları, rəislərin oyunları, şər qüvvələrin oyunları... Mənə bunu verin...  
Aktyorları təlimatlandırandan sonra, yenə söhbətinə özü haqqında xatirə qatır:
-Mən İrkutskda festival tamaşası hazırlayırdım.  Elə düşünməyin ki, yenə də özümdən danışıram.  Bu, özündən müştəbehlik deyil, insan məlum bir yaşa çatandan sonra öz hərəkətlərini nümunə kimi danışa bilər. Həəə... Həmin tədbirin də təşkilatçısı mən idim.  Artıq mədəniyyət naziri postundan getmişdim. Buraya da quruluşçu baş rejissor kimi gəlmişdim. Ətrafıma baxdım ki, məni artıq qaralayan yoxdur, diqqət yetirmirlər.  Buna öyrəşmişəm axı...( gülür). Fikirləşdim ki, nəsə etmək lazımdır.  Özümlə gətirdiyim teatr truppasında iki hündürboy, cüssəli cavan aktyorum var idi. Onları yanıma çağırıb, təlimat verdim. Təsadüfən hər ikisinin əynində qara rəngdə dəri gödəkcə var idi.  Dedim, sağımda və solumda gəzin, Mafiya oyunu oynayacağıq.  Aktyordurlar da... Yeni rol aldıqları üçün sevindilər. Mən gedirəm, onlar da sağımda və solumda... Adamlar özlərindən asılı olmayaraq bizə yol verirlər.  Məni aparıb  dövlət nümayəndələri oturan yerə qədər çıxardılar.  Ev sahibləri ən baş stolların birində mənə yer verdi.  Hətta başçının müavini də gəlib mənimlə görüşdü.  Münasibət dəyişdi... Və birdən onların içərisində kimsə məni tanıdı... Ancaq mən artıq öz yerimdə oturmuşdum...  Baxın, budur günümüzün reallığı, bunları oynayırıq, belə oynayırıq... Baxın, dünya belədir. Dünya ilə oynamağı bacarmaq lazımdır. Biz də “Uluu Daarın” tamaşasında   dünyanın və insanların oyunlarını göstərməliyik, ibtidaidən bu günümüzə qədər insan xarakterlərinin dəyişkənliyini açmağı bacarmalıyıq. O zaman  dram yaranır. Əsil dram əsəri həyatdan götürülür axı. Baxın, mənə baxın... Sən elə bil ki, 20-ci əsrin əvvəlində yatıb və 21-ci əsrdə oyanmısan, durub ətrafına baxırsan, məəttəl qalırsan... Mənə həmin anı göstərin. Onun həyəcanlarını göstərin. O, ədalət istəyir, haqq istəyir... Bunu göstərin...
Mənim Olonxo Teatrında  görüşüm başa çatır. Bütün  truppa və köməkçi rejissorlar, teatrın direktoru və Teatrın Tanrısı Andrey Savviçlə vidalaşıb bu məbədi tərk edirəm.
    ****
28 noyabr 2021-ci il tarixində RSFSR-in və Saxa Yakutiyanın xalq artisti, böyük mütəfəkkir və fikir adamı, dövlət xadimi Andrey Savviç Borisovun 70 yaşı tamam oldu. Yubileyi münasibəti ilə Saxa Respublikasının Dövlət başçısı Aysen Nikolayev bu BÖYÜK ADAMI “Xalqlar arasında sülh və dostluğa görə” dövlət mükafatı ilə təltif etdi. Bu mükafatından sonra hardasa Andrey Borisova bir addım yaxınlaşmış oldum. Çünki bu ilin oktyabr ayının 27-də “Xalqlar arasında sülh və dostluğa görə”  dövlət mükafatına mən Aida Eyvazlı Göytürk də layiq görülmüşdüm.

Cümə axşamı, 09 Dekabr 2021 10:17

Almaniya

Bundestaqın deputatları sosial-demokrat Olaf Şoltsu Almaniyanın yeni kansleri seçdilər. Onun lehinə 395, əleyhinə isə 303 nəfər səs verdi.
Foto: Euronews

 

Amerikalılar Dueyn Conson və Skarlett Yoxansson, həmçinin britaniyalı Tom Hiddlston tamaşaçı səsverməsinin nəticələrinə görə təqdim olunan People’s Choice Awards (Amerika Xalq seçimi) mükafatı laureatlar olublar. Tədbirin yayımı çərşənbə axşamı NBC telekanalı ilə baş tutub.

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, Santa-Monikada - Los-Ancelesin ətrafında keçirilən mərasim yüzlərlə musiqi, tele və kino sənayesi xadimini bir araya gətirib.

 

Skarlett Yoxansson "Sevimli dram kinoaktrisası" nominasiyasında mükafata, onun baş rolda çəkildiyi "Qara Dul” kinolenti isə “İlin filmi” nominasiyasında mükafata layiq görülüb.

 

Amerikalı aktyor və restler Dueyn Conson eyni vaxtda "Ən yaxşı komediya aktyoru", "Ən yaxşı kino aktyoru" nominasiyalarında və "Xalq çempionu" fəxri nominasiyasında mükafata layiq görülüb.

 

Britaniyalı aktyor Tom Hiddlston "Loki" (Loki, 2021) serialında oynadığı rola görə “Televiziya şousu” kateqoriyasında ən yaxşı aktyor olub. "Mən bilirəm ki, Loki çox müxtəlif səbəblərə görə insanlar üçün bu qədər əhəmiyyətlidir. Mən yalnız müvəqqəti olaraq Loki məşəlini daşıyıram və bu mükafatı bütün çəkiliş qrupu ilə bölüşmək istərdim", - deyə o, çıxışında bildirib.

 

People's Choice mükafatı 1975-ci ildə təşkil edilmişdir. Hazırda qaliblər musiqiçilər, eləcə də kino və televiziya aktyorları arasında 40 kateqoriyada müəyyən edilir. 2005-ci ilə qədər mükafatın qalibləri Gallup şirkətinin keçirdiyi sosial sorğu vasitəsilə müəyyənləşirdi, lakin sonra qalib haqda qərar izləyicilər tərəfindən onlayn səsvermə zamanı verilməyə başlandı. "Xalq mükafatı"nı alan ilk aktrisa Barbra Streyzand olub. Mükafatın sayına görə lider qismində televiziya aparıcısı Ellen Degeneris qalır - mükafatın keçirildiyi bütün müddət ərzində o, 25 dəfə mükafata layiq görülüb.

 

Afişamızda növbəti premyera: Dekabrın
 16-17-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uzun illər teatrın repertuarından düşməyən “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) retro komediyasının premyerası olacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, 112-ci mövsümünü yaşayan qocaman teatrın bu tamaşası rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda təqdim ediləcək.
Süjet xəttində məişət mövzusunu əks etdirən, gözlənilməz və komik vəziyyətlərlə xoş ovqat yaradan, lakin dərin məna çalarlarına malik olan səhnə əsəri 1940-cı ildən 1994-cü ilə qədər müxtəlif rejissorların quruluşunda Akademik Musiqili Teatrının səhnəsində dəfələrlə göstərilib və teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Yeni quruluşu ilə əvvəlkilərdən çox fərqlənən bu tamaşada Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nadir Xasıyev, İqrar Salamov aktyorlar Möylə Mirzəliyev, Elxan İsmayılov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Nigar Qarayeva iştirak edəcəklər.
Orkestr, xor və balet artistlərinin də iştirak edəcəyi duzlu-məzəli tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.
Qeyd edək ki, premyerası 2020-ci ildə Milli Teatr Gününə planlaşdırılan bu səhnə əsəri pandemiya səbəbindən təxirə salınmışdı.
Uzun fasilədən sonra teatrsevərlərin səbirsizliklə gözlədiyi "Beş manatlıq gəlin" tamaşasına biletləri şəhərimizin bütün kino-teatr kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.

Ukraynanın Truskavets şəhərində əfsanəvi müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Müslüm Maqomayevin xatirəsinə” IV Beynəlxalq Vokalçılar Müsabiqəsi keçirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən AzərTAC-a bildirilib ki, Azərbaycanın bu mötəbər musiqi müsabiqəsində iştirakı idarə rəhbərliyinin bu ilin iyunun 15-dən 21-dək Ukraynaya səfəri zamanı razılaşdırılıb və beləliklə, ölkəmiz bu il həm iştirakçılar sırasında, həm də münsiflər heyətində uğurla təmsil olunub.
Ukraynanın mədəni həyatında önəmli hadisə olan beynəlxalq müsabiqədə bu il Azərbaycandan respublika və beynəlxalq müsabiqələr laureatı, gənc, istedadlı vokalçı Urfan Cəfərov iştirak edib. O, istedadı və ecazkar səsi ilə 18 finalçını geridə qoyub, ən yüksək bal qazanaraq birinci yerə layiq görülüb. Azərbaycan vokalçısı I dərəcəli “laureat” diplomu ilə yanaşı, Nyu-Yorkun (ABŞ) nüfuzlu Karnegi-holl zalında solo konsert keçirmək hüququ verən sertifikatla mükafatlandırılıb.
Qeyd edək ki, görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş müsabiqəyə dünyanın hər yerindən 16-40 yaşarası xüsusi musiqi təhsilli müğənnilər, ali təhsil ocaqları və kolleclərinin tələbələri qatılırlar. Səsyazısı əsasında keçirilən seçim turunda uğur qazanmış iştirakçılar finala vəsiqə qazanaraq Truskavetsə gəlirlər. Müsabiqə iştirakçıları Müslüm Maqomayevin repertuarından mahnı və opera ariyalarını ifa edirlər. Yarışmanın özəlliyi ifaçının həm opera, həm də estrada janrlarında eyni peşəkarlıq nümayiş etdirməsində və beləliklə, istedadların dünya miqyasına çıxarılmasındadır.
Münsiflər heyətində ilk dəfə Azərbaycanı Xalq artisti, professor Gülnaz İsmayılova təmsil edib.
Urfan Cəfərov müsabiqədə konsertmeyster, pianoçu, Əməkdar artist Nigar Məlikovanın müşayiəti ilə çıxış edib və onun iştirakçının hazırlanmasında nümayiş etdirdiyi peşəkarlığa görə diplomla mükafatlandırılıb.
Qeyd edək ki, Urfan Cəfərov Xalq artisti, professor Xuraman Qasımovanın yetirməsi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.
Baş İdarənin təşkil etdiyi tədbirlərdə dəfələrlə çıxış edən Urfan ifaları, səsinin gözəlliyi və yüksək səhnə mədəniyyəti ilə tamaşaçıların rəğbətini qazanıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.