Əsərləri dünya ədəbi xəzinəsində qərarlaşan Nikolay Alekseyeviç Nekrasov 1821-ci ildə Rusiyanın Podolsk quberniyasında mülkədar ailəsində anadan olub. 1832-ci ildə gimnaziyada oxuyarkən ilk şeirini yazıb. Nekrasov bir müddət Rusiyanın kitab mədəniyyətini zənginləşdirmək üçün nəşriyyat işləri ilə məşğul olub, 1843-1845-ci illərdə klassik rus və müasir şair, ədiblərin əsərlərindən ibarət bir neçə külliyyat, almanax, məqalələr məcmuəsi və s. nəşr edib. 1844-1845-ci illərdə Nekrasov bir sıra povest, felyeton və oçerklərini yazıb ki, bunların içində “Peterburq guşələri” xüsusi yer tutub. N.Nekrasovun “Rusiyada kim yaxşı yaşayır”, “Şaxta, qırmızı burun”, “Kəndli uşaqları”, “Məhkəmə”, “Baba” və s. poemaları, “Aktyor”, “Ayı ovu”, “Lomonosovun gəncliyi” və s. pyesləri oxucular tərəfindən maraqla qarşılanıb. Kənd uşaqlarını çox sevən ədib balacalar üçün çoxlu əsərlər qələmə alıb, uşaqların təhsilə cəlb olunması üçün 1872-ci ildə öz vəsaiti hesabına məktəb də açıb. N.A.Nekrasov rus ədəbiyyatı və ictimai fikri tarixinə yalnız şair kimi deyil, eyni zamanda istedadlı redaktor və mübariz bir jurnalist kimi də daxil olub.. Nekrasovun nəşr etdiyi jurnallar həmin əsrdə Rusiyada ən görkəmli adamların yetişməsində, onların tərbiyə olunmasında böyük rol oynayıb. Belə ki, o, 1848-1866-cı illərdə vaxtilə Puşkin tərəfindən təsis edilmiş “Sovremennik” məcmuəsinə, 1867-1877-ci illərdə isə “Oteçestvennıye zapiski” jurnalına redaktorluq edib. Nikolay Nekrasov 1878-ci il yanvar ayının 8-də vəfat edib.