Ukraynanın Truskavets şəhərində əfsanəvi müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “Müslüm Maqomayevin xatirəsinə” IV Beynəlxalq Vokalçılar Müsabiqəsi keçirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən AzərTAC-a bildirilib ki, Azərbaycanın bu mötəbər musiqi müsabiqəsində iştirakı idarə rəhbərliyinin bu ilin iyunun 15-dən 21-dək Ukraynaya səfəri zamanı razılaşdırılıb və beləliklə, ölkəmiz bu il həm iştirakçılar sırasında, həm də münsiflər heyətində uğurla təmsil olunub.
Ukraynanın mədəni həyatında önəmli hadisə olan beynəlxalq müsabiqədə bu il Azərbaycandan respublika və beynəlxalq müsabiqələr laureatı, gənc, istedadlı vokalçı Urfan Cəfərov iştirak edib. O, istedadı və ecazkar səsi ilə 18 finalçını geridə qoyub, ən yüksək bal qazanaraq birinci yerə layiq görülüb. Azərbaycan vokalçısı I dərəcəli “laureat” diplomu ilə yanaşı, Nyu-Yorkun (ABŞ) nüfuzlu Karnegi-holl zalında solo konsert keçirmək hüququ verən sertifikatla mükafatlandırılıb.
Qeyd edək ki, görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş müsabiqəyə dünyanın hər yerindən 16-40 yaşarası xüsusi musiqi təhsilli müğənnilər, ali təhsil ocaqları və kolleclərinin tələbələri qatılırlar. Səsyazısı əsasında keçirilən seçim turunda uğur qazanmış iştirakçılar finala vəsiqə qazanaraq Truskavetsə gəlirlər. Müsabiqə iştirakçıları Müslüm Maqomayevin repertuarından mahnı və opera ariyalarını ifa edirlər. Yarışmanın özəlliyi ifaçının həm opera, həm də estrada janrlarında eyni peşəkarlıq nümayiş etdirməsində və beləliklə, istedadların dünya miqyasına çıxarılmasındadır.
Münsiflər heyətində ilk dəfə Azərbaycanı Xalq artisti, professor Gülnaz İsmayılova təmsil edib.
Urfan Cəfərov müsabiqədə konsertmeyster, pianoçu, Əməkdar artist Nigar Məlikovanın müşayiəti ilə çıxış edib və onun iştirakçının hazırlanmasında nümayiş etdirdiyi peşəkarlığa görə diplomla mükafatlandırılıb.
Qeyd edək ki, Urfan Cəfərov Xalq artisti, professor Xuraman Qasımovanın yetirməsi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.
Baş İdarənin təşkil etdiyi tədbirlərdə dəfələrlə çıxış edən Urfan ifaları, səsinin gözəlliyi və yüksək səhnə mədəniyyəti ilə tamaşaçıların rəğbətini qazanıb.