Super User

Super User

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilati dəstəyi ilə Bakı Kitab Mərkəzində Məhərrəm Zülfüqarlının “Generalın sirli taleyi” kitabının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, general-mayor Məmməd Bağır Bağırovun 120 illik yubileyinə Azərbaycanın tarixi qələbəsinə və müstəqilliyimizin bərpasının 30 illiyinə həsr olunan kitabda İkinci Dünya müharibəsi illərində Bakı Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə Qərargahının rəisi, general-mayor Məmməd Bağır Bağırovun həyat və fəaliyyətindən bəhs edilir.
Təqdimat mərasimində “Azİz”in nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman, tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Turizm və Menecment Universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Orxan Musa, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə, professor Asif Hacıyev, generalın ailə üzvləri çıxış edərək kitab haqqında öz fikirlərini bölüşüb.
Qeyd edilib ki, II Dünya müharibəsi dövründə Bakı neft bölgəsinin müdafiəsinə rəhbərlik etmiş Azərbaycanın layiqli övladlarından biri olan general M.B.Bağırovun fəaliyyəti ilk dəfə araşdırılıb. Kitabda, həmçinin arxiv sənədləri əsasında üç böyük dövlətin – Böyük Britaniya, Fransa və Almaniyanın Bakı neft bölgəsinə hərbi təhdid etdiyinə dair tarixi faktların təhlili təqdim olunub.
Kitabın satışından əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün “YAŞAT" Fonduna ianə ediləcək.

“Ədəbiyyat və incəsənət” portalının “Şənbə görüşləri” rubrikasında İntiqam Yaşar bu dəfə sizi tanınmış dramaturq Firuz Mustafa ilə görüşdürür.

 

 - Salam, Firuz müəllim. Eyni zamanda elm adamı olmaqla ədəbiyyat adamı olmağın düşüncə və təəssüratlarını bölüşməyinizlə başlayaq söhbətimizə.

-Günaydın. Buyurun. Məmnuniyyyətlə.

 

-İllərin uzaqlığına boylansaq, zamanınızın çoxunu ədəbiyyata, yoxsa elmə həsr olunmuş saymaq olar?

-Əgər belə demək caizsə, mən illər uzunu obyektiv və subyektiv amillərdən asılı olaraq paralal qaydada elmi və bədii yaradıcılıqla məşğul olmuşam. Və belə hesab edirəm ki, bu fenomenlərdən birinin digərinə maneçiliyi deyil, əksinə böyük təkanı olub.

 

 - Fəlsəfə, şeir, nəsr, dramaturgiya... Bu istiqamətlərdə kifayət qədər yazıb-yaratmış Firuz Mustafa daxilən özünü daha çox hansı xəttaihesab edir?

 -Bir janrdan digərinə keçmək mənə heç vaxt çətin olmayıb. Və belə hesab etmişəm ki, adını çəkdiyiniz və çəkmədiyiniz bu janrların hamısı  həlli qarşıya qoyulan  bir mürəkkəb məsələni və ya isbatı zəruri olan sistemli bir ideyanı daha tam və bütöv halda ifadə və ehtiva etməyə imkan verir. Amma, suala yönəlik bir istisnanı da  xüsusi vurğulamaq istəyirəm ki, bəli, dramaturji yaradıcılıq mənim fəaliyytimin daha mühüm hissəsini təşkil edir. Düzdür, bu sahədə müəyyən dövrlərdə mənə qarşı maneçiliklər, hətta qadağalar olsa da belə, öz getdiyim yoldan çəkinməmişəm. Pandemiyadan əvvəl 4-5 ölkədə əsərlərim tamaşaya qoyuldu. Ümumiyyətlə, dəqiq saymasam belə, bilirəm ki, təxminən sayca qırx civarında pyesim səhnə üzü görüb. Belə hesab edirəm ki, dramaturgiyaya belə “yaxınlığım” həyatımızın, dünyamızın özüylə bağlıdır. Axı bu görünən və görünməz aləm kolliziya, ziddiyyət, münaqişə, konflikt, bir sözlə dramatizmlə boldur.

 

 - Firuz müəllim, pedaqoji fəaliyyətiniz yaradıcılığınıza necə təsir edib?

 -Uzun illər orta və ali məktəblərdə dərs demişəm. Pedaqoji fəaliyyətimin mühüm bir dövrü isə Elmlər Akademiyası ilə bağlı olub. Bir çox fənn və ixtisaslar üzrə, əsasən də fəlsəfə və fəlsəfə tarixi üzrə dərs demişəm. Bundan başqa tarix, kulturologiya, sosiologiya, konfliktologiya, dil, etika, estetika, türkologiya, dünya ədəbiyyatı tarixi üzrə mühazirə, dərslik və tədqiqatlarım var. Hətta, təbabət sahəsinə aid də araşdırmalarım var. Əlbəttə, pedaqoji fəaliyyətimi mən yaradıcılığımın mühüm bir hissəsi hesab edirəm. Soruşursunuz ki, bunun, yəni dərs deməyin yaradıcılığıma təsiri necə olub? Çox müsbət. Öyrəndikcə və öyrətdikcə nə qədər az bildiyimin fəqrqində olmuşam. Zaman keçdikcə görmüşəm ki, bildiyim zərrə, bilmədiyim okeandır.

 

 -Dünyanın bir çox ölkələrinin teatrlarında əsərləriniz səhnələşdirilib. Teatra maraq baxımından Azərbaycan və digər ölkələri necə müqayisə edərdiniz?

 -Etiraf edim ki, Şərq ölkələrinin əksəriyyətində teatra və digər ədəbi və səhnə janrlarına maraq kifayət qədər yüksək deyil. Amma çox sevindirici haldır ki, son illərdə türk xalqlarının mənəvi-mədəni həyatında, həmçinin teatra maragında bir yüksəliş hiss olunmaqdadır.

 

 - Azərbaycanda teatrların mövcud durumu, tamaşaçı, dramaturq, teatr vəhdəti ürəkaçan səviyyədədirmi?

 -Bu sual və ya problem elə bir ətraflı təhlil tələb edir ki, gərək ən azı günlərlə danışasan. Yeri gəlmişkən, siz bu sualla mənə məhz bu gün (Müsahibə 02.12.2021-ci il tarixində götürülüb – red.) müraciət etmisiz, biz isə sabah, yəni dekabr ayının 3-də AYB-nin “Natəvan” klubunda müasir dramaturgiyanın vəziyyətini, onun problem və vəzifələrini müzakirə edəcəyik.

 

 -Azərbaycan Yazıçılar Birliyinin dramaturgiya seksiyasının rəhbərisiniz, yeni nəsil yazarlarda dramaturgiyaya maraq sizi qane edirmi?

 -Təəssüf ki, dramaturgiyaya gələnlər azdır. Həm də bunun günahını yalnız AYB-də və ya gənclərin özündə axtarmaq düzgün deyil, çünki bir çox teatr rəhbərlərinin, rejissorların öz sənətlərinə laqeyd münasibəti bu “axsamada” əsas rol oynayır.

 

-  Dramaturgiyaya gənclərin daha çox cəlb olunması üçün nə kimi işlər görülməlidir?

 -Biz AYB-nin nəzdində “Səhnə” adlı bir qurum yaratmışıq. Arada toplantılar olur. Bunun da müsbət cəhətləri olmaya bilməz. Amma bütün sahələrdə olduğu kimi, adını çəkdiyiniz fəaliyyət sahəsində də başlıca amil istedadla bağlıdır. Əlbəttə,  geniş mütaliə, tamaşalara baxış, dünya dramaturgiyasına yaxından bələdlik, rejissorlarla iş və sair digər amilləri də yada salmaq olar.

 

 - Bu gün Azərbaycan şeirini, pyesini, yoxsa nəsrini daha inkişaf etmiş hesab edirsiniz? Hansı amillərə görə?

 -Bizdə bütün janrlarda yaxşı, diqqətəlayiq əsərlər var. Amma gəlin etiraf edək ki, bu gün dünya ədəbiyyatının vektoru və ya əqrəbi daha çox nəsr janrına doğru yönəlib. İndi az qala ədəbiyyatın ölçü və ya çəki vahidi nəsr janrı hesab olunur. Yəni istəsək də, istəməsək də reallıq budur. Bəzən bu deyilənlərə etiraz edirlər. Onda soruşuram ki, bax elə bu çağdaş dövrümüzdə keçmiş SSRİ-yə mənsub olan xalqlardan 1-2 şairin adını çəkin. Çəkə bilmirlər. Amma onlarca nasirin adını və əsərlərini yada salmaq olar. Doğrusu, mən maraqlanmışam, Avropa və Amerikada çağdaş dövrün şeir kitabları daha çox müəlliflərin öz hesablarına nəşr edilir. Amma nəsr əsərləri, hətta müəllif nağılları üçün qonorar verirlər.

 

 - Bir ustad yazar olaraq gənclərə yaradıcılıq yönündə nələr deyərdiniz?

 -Yorulmazlıq, iradə, zəhmətsevərlik, mütaliə... Əlbəttə, bu “arzuların” sayını ənənəvi, “silsiləvi” qaydada yenə artırmaq olar. Fəqət yenə təkrar etməyə məhkum və məcburuq: bu sıralanmaların önündə ilk və ilk növbədə istedad dayanır.

 - Təşəkkür edirəm söhbət üçün.

 -Buyurun. Uğurlar sizə.

 



YARAT Müasir İncəsənət Məkanı yaradılmasının 10 illiyini qeyd edir. Bu münasibətlə YARAT-ın 10 il ərzində təşkil etdiyi ən əhəmiyyətli layihələri – sərgi, performans, teatr və film nümayişləri, konsert, ustad dərsləri, ədəbiyyat axşamı 1 həftə boyunca təqdim olunacaq.
YARAT-dan AzərTAC-a bildirilib ki, tədbirlər həftəsinin ilk günündə Daş Salnamə Muzeyində YARAT-ın yubileyinə həsr olunmuş “Ön söz – On söz” sərgisinin açılışı, audiovizual performansın nümayişi və İsfar Sarabskinin solo konserti baş tutacaq. Tədbirlər həftəsinin bağlanış mərasimi YARAT haqqında çəkilmiş filmin təqdimatı ilə tamamlanacaq.
2011-ci ildə Aida Mahmudova tərəfindən təsis olunan YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyi, Azərbaycanda müasir incəsənətin təbliğatı və inkişafı ilə məşğul olan və rəssamlar üçün yaradıcı platforma yaratmaq məqsədilə fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. 2015-ci ildə açılmış YARAT İncəsnət Mərkəzində ölkənin ən aparıcı müasir rəssamları Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov, Aida Mahmudova ilə yanaşı, dünyaca məşhur Şirin Neşat, Oskar Murillo, Şilpa Qupta, Mikelancelo Pistoletto, Taus Maxaçeva kimi rəssamların fərdi və qrup sərgiləri təşkil edilib. ARTIM Layihə Məkanı gənc rəssamlar üçün eksperimental platforma qismində çıxış edərək, Azərbaycanın müasir incəsənətini yeni adlarla zənginləşdirməyə davam edir. 2018-ci ildən YARAT-ın nəzdində olan XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin sərgi proqramı, görkəmli modernist və avanqard rəssamların fəaliyyətini araşdıraraq, onların yaradıcılığını gözlənilməz rakurslarda təqdim edib.
YARAT-ın, 55-ci və 56-cı Venesiya Biennaleləri, Art Dubay Beynəlxalq İncəsənət Yarmarkası, Viennafair Müasir İncəsənət Yarmarkası, Cosmoscow Müasir İncəsənət Yarmarkası və digər irimiqyaslı incəsənət tədbirlərində iştirakı, müasir Azərbaycan incəsənətinin dünyada tanınmasında mühüm rol oynamışdır. Yarandığı gündən YARAT bir çox sərgilərlə yanaşı, ictimai və təhsil proqramları, fotoqrafiya və teatr festivalları təşkil edərək geniş auditoriyanı özünə cəlb etməyi bacarıb.
YARAT Müasir İncəsənət Məkanının fəaliyyət dövründə yerli və beynəlxalq miqyasda 194 sərgi, 2000-ə yaxın təhsil və ictimai proqramlar həyata keçirilib.
Bu 10 il ərzində YARAT incəsənət əsərlərindən özünün unikal kolleksiyasını toplayıb. YARAT-ın kolleksiyasında Azərbaycanın yeni incəsənəti Rəşad Ələkbərov, Rəşad Babayev, Orxan Hüseynov, Aida Mahmudova, Sənan Ələsgərov, Mahmud Rüstəmov, Zamir Süleymanov və digər aparıcı çağdaş rəssamların əsərləri ilə təmsil olunur. Bununla yanaşı, həm də xarici rəssamların əsərlərindən ibarət kolleksiyaya – Oskar Murillo, Şirin Neşat, İdris Xan, Afruz Amigi, Taus Maxaçeva, Koka Ramişvili, Nilbar Güreş kimi dünya şöhrətli rəssamların əsərləri daxildir. YARAT-ın kolleksiyası, Azərbaycanda ilk və yeganə müasir incəsənət kolleksiyası olmaqla yanaşı, həm də təşkilatın 10 il ərzində müasir incəsənətin inkişafında oynadığı rolun bariz nümunəsidir. Kolleksiya və 10 il ərzində müxtəlif sərgilər üçün YARAT-ın sifarişi ilə hazırlanmış əsərlər “Ön söz–On söz” adlı yubiley ekspozisiyasında sərgilənəcək.


Dekabrın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində “Musiqi Nizami “Xəmsə”sinin səhifələrində” və “Nizami və musiqi” beynəlxalq onlayn konfransının materiallar toplusunun təqdimatı olub.
AzərTAC xəbər verir ki, “Nizami Gəncəvi İli” çərçivəsində reallaşan təqdimat mərasimini muzeyin direktoru Alla Bayramova açaraq tədbirin əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu il ölkəmizdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi qeyd olunur. Bu münasibətlə ölkəmizdə silsilə tədbirlər, təqdimatlar, konfranslar keçirilir. Bu gün təqdimatı keçirilən kitablar da Nizami Gəncəvi ilinə ən gözəl töhfələrdən biridir.
Qeyd olunub ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”si əsrlər ötdükcə öz dəyərini, təravətini və əhəmiyyətini itirmir. Kitabda şeir, musiqi və təsviri sənətlərinin Nizaminin beş məsnəvisinin səhifələrində qarşılıqlı əlaqələri təhlil olunur.
Təqdimat mərasimində Milli Məclisin deputatı, akademik Rafael Hüseynov çıxış edərək kitab haqqında təəssüratlarını bölüşüb.
Bildirib ki, müxtəlif elmi araşdırmalarda dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına çox müraciət olunub, onun həyatı, əsərləri, fəlsəfəsi ən müxtəlif problemlər baxımından, ayrı-ayrı təhlil rakurslarından tədqiq olunub, öyrənilib. Lakin təqdim olunan işin özəlliyi ondadır ki, Alla Bayramovanın və Rauf Şeyxzamanlının kitabında Nizami poeziyası, Nizami yaradıcılığı, Nizami şəxsiyyəti məhz incəsənətlərin qarşılıqlı əlaqəsi nöqteyi-nəzərindən araşdırılıb. Yeni nəşrdə dahi qələm ustası məşhur şair olmaqla yanaşı, həmçinin musiqi aləminin mahir bilicisi kimi təqdim edilib.
Vurğulanıb ki, müəlliflər Nizami Gəncəvinin poeziyasını incəsənətin müxtəlif sahələri musiqi, təsviri sənət, xalça sənəti ilə qarşılıqlı əlaqədə araşdırıb, bu sahədə mövcud olan intermedial əlaqələri nəzərdən keçiriblər.
Tədbir konsert proqramı ilə davam edib.
Tədbirin bədii hissəsində Əməkdar artistlər Fəridə Məmmədova, İlham Nəzərov və Beynəlxalq müsabiqələr laureatı, pianoçu Svetlana Əhmədovanın ifalarında Nizaminin sözlərinə bəstələnmiş vokal kompozisiyalar səslənib.
Qeyd edək ki, “Musiqi Nizami “Xəmsə”sinin səhifələrində” kitabının həmmüəllifləri Alla Bayramova və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlıdır.

Şənbə, 04 Dekabr 2021 10:56

Sabah Beynəlxalq Könüllülər Günüdür

BMT-nin Baş Məclisi tərəfindən 1985-ci ildən iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Könüllülük – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən şəxsdir. Könüllülüyün məqsədi isə tapşırıqları yerinə yetirmək, fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, fədakarcasına, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir. Bu öz maraqları, şəxsi bacarıqları və öyrənmə vasitəsilə cəmiyyətə xidmət göstərilməsidir ki, qarşılığında pul əvəzinə özünə dəyər və hörmət hissi qazanılır. Bu təqvim günü ölkəmizdə hər il yüksək səviyyədə qeyd edilir. Könüllülərin səyi nəticəsində hər gün minlərlə insan maarifləndirilir, onların pis vərdişlərdən uzaqlaşması naminə müxtəlif layihələr həyata keçirilir.
Ölkəmizdə könüllülük hərəkatı geniş vüsət alıb, bu faktdır. Hətta Prezident İlham Əliyev 2020-ci ili respublikamızda “Könüllülər ili” elan etmişdi. Avropa oyunları, Formula 1 kimi idman yarışlarında, beynəlxalq forumlarda böyük vüsət almış mövsümi könüllülük hərəkatı Asan könüllüləri qismində daimi status da qazanıb. Azərbaycan könüllülərini – fədakar gənclərimizi təbrik edirik.

Sabah bazar günü olduğundan sabahın təqvimini də diqqətinizə çatdırırıq.
5 dekabr. Ümumdünya yerin təki günü
6 qatdan ibarət olan, sualtı sular üçün filtr rolunu oynayan yerin təki özündə 45 faiz mineral hissəcik, 25 faiz su, 25 faiz hava və 5 fazi üzvü maddələr daşıyır. Ekosistemin qorunmasında əhəmiyyətli rol oynayan bu qat bitkilər aləminin həyat mənbəyi hesab edilir. Yerin təkinin qorunması vacibdir, bu gün insanlara xilaskarlıq missiyası tapşırılacaq.
5 dekabr. Şəhid daxili işlər naziri Məhəmməd Əsədovun 80 illiyi
1991-ci il noyabr ayının 20-də Azərbaycanın dövlət xadimləri öz vəzifə və vətəndaşlıq borclarını yerinə yetirmək üçün vertolyotla Ağdam şəhərinə uçarkən Qarakənd səmasında dəhşətli, yaddaşlardan silinməyən qanlı vertolyot faciəsi baş verdi. Sanki hansısa xəyanətkarlıqla vertolyota doldurulub erməni terrorçularına yem olaraq göndərilən şəxslərin hamısı müstəqilliyimizin qatı tərəfdarları, vətənpətrvərlər idi. Xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə şəhid olan bu şəxslərin arasında daxili işlər naziri Məhəmməd Nəbi oğlu Əsədov da var idi.
Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Uzun illər partiya-sovet işlərində çalııbş, 1982-ci ildə Moskva Təhlükəsizlik Akademiyasını qırmızı diplomla başa vurub, Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilib, nazir işlədiyi müddətdə vaxtının çoxunu Qarabağ bölgəsində keçirib, əsgərlərlə çiyin-çiyinə səngərlərdə gecələyib. 1990-cı il noyabr ayının 5-də general-mayor rütbəsini alıb.
Allah ona rəhmət eləsin!
5 dekabr. Mandelanı, Cavidi, Moneni, Dümanı, Motsartı aparan gün
Vanna günü. Duş sevənlər ən azı bu gün vərdişlərini dəyişməlidirlər. Nindzya günü. Bu Şərq sənətini bir gün mənimsəmək pis olmazdı. Fransada əfvetmə, Niderlandda Klozum (keşiş), Avstriyada Krampus (cadugər) və Amerikada komfortla yemək günü.
2017-ci ilin bu günündə Beynəlxalq Olimpiya Komitəsi dopinq istifadəsinə görə Rusiya qış olimpiya yığmasını 2018-ci il oyunlarından kənarlaşdırıb. 2013-də Nobel mükafatçısı, CAR-ın prezidenti olmuş Nelson Mandela vəfat edib. 1966-cı ildə məşhur fransız müğənnisi Patrisiya Kaas doğulub. 1949-cu ildə Qüds İsrailin ilk paytaxtı elan olunub. 1946-cl ildə məşhur ispaniyalı tenor Xose Karreras doğulub. 1941-ci ildə Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri – Stalin repressiyasının qurbanı Hüseyn Cavid İrkutsk həbsxanasında işıqlı dünyaya əlvida deyib. 1940-cı ildə Azərbaycan teatr və kinosunun unudulmaz aktyoru Ağasadıq Gəraybəyli vəfat edib. 1936-cı ildə Qazaxıstan və Qırğızıstan SSRİ tərkibində müxtar respublikadan ittifaq respublikasına keçiblər. Həmin gün SSRİ-də Stalin Konstitusiyası da qəbul edilib. 1926-cı ildə məşhur fransız rəssamı, impressionizmin banisi Klod Mone dünyadan köçüb. 1925-ci ildə SSRİ-nin ilk kult filmi olan “Potyomkin zirehli gəmisi” ekranlaşdırılıb. 1924-cü ildə Azərbaycan kinosunun incise sayılan “Şərikli çörək” filminin rejissoru Şamil Mahmudbəyov dünyaya gəlib. 1901-ci ildə adı uşaqların dillərində əzbər olan amerika rəssamı Uolt Disney dünayaya gəlib. 1879-cu ildə ABŞ-da ilk ATS yaradılıb. 1870-ci ildə Aleksey Düma – dünyaşöhrətli fransız, Quba hamamında çimib çimmək günah sayılan avropalıları bədbəxt adlandıran dahi yazıçı dünyadan köçüb. 1803-cü ildə rus şairi Fyodor Tütçev doğulub. 1791-ci ildə başqa bir dünyaşöhrətli şəxs – Avstriya bəstəkarı Volfqanq Amadey Motsart dünyadan köçüb. 1766-cı ildə dənizçi Ceyms Kristi Londonda ilk auksion keçirib, yeri gəlmişkən, indi Kristis düenyanın ən məşhur auksionudur. 1496-cı ildə Portuqaliya karalı Manuel yəhudilərin ölkədən qovulması barədə fərman imzalayıb.
5 dekabr. İnkvizisiya tonqalları
Ən nəhayət, 1484-cü ilin 5 dekabrında Roma Papası əcinnə ovuna çıxanlara inkvizisiya tonqallarını daha gur yandırmağı əmr edib. Hardasa bizlərin 37-ci il repressiyasına bənzər bir azadfikirliliyin təqibi və cəzalandırılması ən işıqlı insanların məhvi ilə sonuclanıb. Bəlkə də tale işidir ki, repressiya qurbanı Hüseyn Cavid də məhz 5 dekabrda dünyadan köçüb.
Çox təəssüf ki, əsrlər ötsə belə cəmiyyətlər yenə də azad ola bilməyiblər. İnkvizisiya tonqallarına insanların cisimləri atılırdısa indi arzuları atılır, repressiya edamlarına insanların cisimləri tuş gəlirdisə, indi arzuları tuş gəlir.
Çox təəssüf!
Varisin “Həftənin təqvimi” yazısından


Sabah tanınmış aktyor Həsənağa Salayevin anadan olmasının 100-cü ildönümüdür. Həsənağa Dərya oğlu Salayev 1921- ci il dekabr ayının 5-də Bakıda anadan olub. Bakıdakı 6-cı Şura məktəbində təhsil alıb, 1937-ci ildə Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib, 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib, müharibənin qan-qadasından keçib, qələbədən sonra 1946-cı ildə yenidən doğma kollektivə qayıdıb. Onun “Oqtay Eloğlu” tamaşasında yaratdığı baş qəhrəman haqqında uzun illər mətbuatda müxtəlif fikirlər səslənib. Səhnə fədaisinin yaratdığı həmin monumental obraz bu günə kimi əvəzedilməz olaraq qalmaqdadır. Teatrla yanaşı, kino sahəsində də çalışan Salayev “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Fətəli xan”, “Görüş”, “O olmasın, bu olsun”, “Onu bağışlamaq olarmı?”, “Koroğlu”, “İstintaq davam edir” bədii filmlərində əsas rollara çəkilib. “İstintaq davam edir” bədii filmində həm baş rolda oynayıb, həm də bu ekran əsərinin rejissoru olub. Milli teatrın və kinonun inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlara, 1959-cu ildə Azərbaycanın “Əməkdar artist”, 1974-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Həsənağa Salayev 1981-ci il oktyabr ayının 2-də vəfat edib, ruhu şad olsun.

Şənbə, 04 Dekabr 2021 10:53

Kamal Abdulla, Pol Elüar və Ömər Xəyyam

4 dekabra təsadüf tarixi gün və hadisələri diqqətinizə çatdırırıq:
 Şaxta babaya hədiyyə sifarişi günü
Şərqi Avropa ölkələrində balaca uşaqları xoşbəxt etmək üçün bu gün xüsusi ünvanlar açıqlanacaq, uşaqlar ora Şaxta babadan istədikləri hədiyyələrin adlarını yazacaqlar, xüsusi fondun maliyyəsi hesabıan bu hədiyyələr alınıb dekabrın 31-də uşaqlara çatdırılacaq. Bəlkə biz də belə bir iş görək? Heç olmasa şəhid və qazi övladlarının yeni il arzularının reallaşmasına köməklik göstərək? Əlbəttə, təzadlar ölkəsində yeni il gecəsində Laplandiyada əsl Santa Klausla görüşən, Mayamidə şellənən, Kanarda əylənən, Eyfel zirvəsində şampan partladan, özünə sifarişlə son model Ferrari gətizdirən kəslər belə bir aksiyaya qoşulmayacaqlar. Amma rasiondan əti, kərə yağını, meyvəni yığışdıran, təzə paltar almağı yadırğayan, zorən on bir nömrəli marşrutdan istifadə edən kəslər mütləq bir-iki manat artırıb balacaları sevindirmək istəyəcəklər. Təşəbbüs göstərəkmi?
Qəhvəyi ayaqqabı gəzdirmə günü
Nəyi qoyub nəyi axtarırsınız, ay şimali avropalılar. Bir gün öncədən kimdə bu rəng ayaqqabı yoxdursa alır, 4 dekabrda hamı ancaq qəhvəyi ayaqqabı geyinir. Gözəl mənzərədir, bütün ayaqlarda eyni rəngdə ayaqqabılar. Əsatirə görə, dəridən düzəlmiş ilk ayaqqabı məhz qəhvəyi olub, ona görə də ilin bir günü həmin o ilk ayaqqabı yad edilir.
 İd-il-Burbara günü
Böyük bir təzad: Helloun bayramına bənzəyən bu gün xristian müqəddəsi Varvaranın şərəfinə qeyd edilir, amma gördüyünüz kimi, ad özü ərəbcədir, xristianlı müqəddəsin adına bayramı əsasən islam dünyasında - İordaniyada, Livanda, Suriyada, Fələstində, hətta qardaş Türkiyədə bayram edirlər.
Beynəlxalq hepard günü
Afrika savannalarının ən görkəmli sakini olan hepardlar (dilimizə çita kimi tərcümə edilsə də mən nədənsə bu çita variantını qəbul edə bilmirəm) bir də İranın Xorasan bölgəsində yaşayırlar. Bir vaxtlar Azərbaycanda da yaşayırdılar, amma kökləri kəsilib. Onların sürəti hətta saatda 135 km-ə çatır. Bu, bir rekord. Həmçinin, 120 km/saat sürəti sadəcə 3,1 saniyəyə yığırlar. Bu, digər rekord. Əgər hepard bu sürətlə uzun müddət qaçarsa bədən hərarəti 460 C-ni keçər (bu, növbəti rekord), bu isə onun beyin fəaliyyətinə ciddi zərər verə bilər. Buna görə də onun ov vaxtı 1 dəqiqədən çox çəkmir. Ən çox 20 il yaşayan hepardların maksimal sürətdə qaçarkən addımlarının arasındakı məsafə bəzən 15 m-ə çata bilir. Bu da daha bir rekord. Bu qeyri-adi canlının kökünün kəsilməməsi naminə bu gün onun günüdür, onları qorumaq cəmiyyətlərə ismarıc ediləcək.
Kamal Abdulla, Pol Elüar və Ömər Xəyyam
İnformatika günü. Məktəblərdə artıq belə bir fənn keçilir. Bu gün kimin informatika dərsi varsa ikiqat səylə çalışsın. Barburka günü. Şaxtaçılar günü bayramıdır, təşəbbüs polyaklardan gəlib. Kaberne-fran günü. Şərabsevənlərə sübut edilir ki, bu növ şərab adi qarışıq növ deyil, daha artığıdır. ABŞ-da isə milli peçenye günüdür. Düzdür, ABŞ-ın Qazaxla heç bir əlaqəsi yoxdur, amma nədənsə məndə məhz indi bir sual doğuldu, görəsən niyə Qazaxda peçenyeyə qəlet deyirlər?
1987-ci ildə krım tatarları SSRİ-dən növbəti zərbə alıblar, onlara öz ana vətənləri olan Krımda və Krasnodarda qeydiyyata alınma məhdudiyyəti qoyulub. Həmin gün qəzadan sonra Çernobıl AES-in 3-cü enerji bloku fəaliyyətini davam etdirib. 1982-ci ildə tetraamelya sindromu ilə doğulmuş, əlsiz-ayaqsız olan dünyaca məşhur motivasiya məşqçisi, missioner Nik Vuiçiç dünyaya gəlib. 1950-ci ildə Azərbaycanın xalq yazıçısı, “Yarımşıq əlyazma” romanı ilə adını ədəbiyyat tariximizə yazmış, BDU-da mənim müəllimim olmuş Kamal Abdullanın doğum günüdür. 1946-cı ildə Moskvada ilk “Moskviç – 400” avtomobili yığılıb. 1922-ci ildə ünlü fransız aktyoru, “Fanfan tülpan” filmi ilə adını tarixə yazmış Jerar Filipp dünyaya gəlib. 1913-cü ildə televiziya pultunu kəşf etmiş amerika ixtiraçısı Robert Adler doğulub. 1895-ci ildə dünya poeziyasının ən görkəmli nümayəndələrindən olan fransız Pol Elüar dünyaya gəlib. 1808-ci ildə Napoleon nəcib iş görərək əsarətdə saxladığı İspaniyada inkvizisiyanı ləğv edib. 1791-ci ildə Britaniyanın “Observer” qəzetinin ilk sayı işıq üzü görüb. 1674-cü ildə fransız yezuitləri ABŞ ərazisində Çikaqo adlı şəhər salıblar. 1131-ci ildə dahi fars-tacik şairi, dünyanın bütün sirlərini şərab üzərindən açan filosof Ömər Xəyyam dünyadan köçüb.

1914-1918-ci illər Birinci Dünya müharibəsi, 1918-1920-ci illər Rusiyanın Vətən müharibəsi və 1941-1945-ci illər II Dünya müharibəsinin iştirakçısı olmuş Nikolay Tixonov üçün həyat ən böyük müəllim olub, üstəlik, ona gen-bol material verib. Görkəmli yazıçının yaradıcılığında sülh, şərq xalqlarının milli azadlıq və istiqlaliyyət uğrunda mübarizəsi, Sovet xalqlarının dostluğunun tərənnümü başlıca yer tutub. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə, o cümlədən Azərbaycan dilinə və bir çox xarici dillərə tərcümə edilib. Azərbaycan xalqının yaxın dostu olan Tixonov 1941-ci ildə Sankt-Peterburqda - Ermitrajda Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinin təşkilatçılarından olub. Blokada şəraitində, aclıq və ölümlə üzbəüz qalmış bir şəhərdə azərbaycanlı şairin anılması kitablara düşən, yaddaşlardan silinməyən bir hadisədir əlbəttə. Tixonov dəfələrlə Azərbaycana gəlib, ölkəmiz haqqında bır sıra şeirlər, Azərbaycan ədəbiyyatı, onun görkəmli simaları haqqında məqalə və xatirələr yazıb. Azərbaycan xalqını ilk dəfə  “şair xalq” adlandıran da məhz o olub.
Sadalamıram, Nikolay Tixonov SSRİ-nin bütün mükafatlarına layiq görülüb, 40 il dalbadal deputat olub. Bizimkilər də ona “Xalq şairi” fəxri adını veriblər. O, 1979-cu il fevral ayının 8-də Moskva şəhərində vəfat edib. Xaçpərəst də olsa,  Allah rəhmət eləsin deyək ona.

Xəbər verdiyimiz kimi dekabrın 2-də ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) keçirildi.
BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO, ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak etdi. Mədəniyyət Nazirliyi xəbər verir ki, “Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək” adlı birinci plenar sessiya Mədəniyyət Nazirliyinin Aparat rəhbəri, “Mədəniyyət naminə sülh” qlobal kampaniyası İşçi Qrupunun rəhbəri Vasif Eyvazzadənin moderatorluğu ilə gerçəkləşdi.
Günün ikinci yarısında “Sülh Əlaqələndiriciləri” təşkilatının təsisçisi və baş icraçı direktoru Jan Kristof Basın moderatorluğu ilə keçən növbəti plenar sessiya "Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?” və “Ələddin layihəsi”nin icraçı direktoru Abe Radkin moderatorluğu ilə baş tutan üçüncü sessiya “Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması” mövzularına həsr edildi.
Panel sessiyaları yekunlaşdıqdan sonra forumda çıxış edən mədəniyyət naziri Anar Kərimov iştirakçılara təşəkkürünü bildirərək, bir sıra beynəlxalq təşkilatın dəstəklədiyi “Mədəniyyət naminə sülh” təşəbbüsü ilə bağlı təqdimatda 20-dən çox məruzənin dinlənildiyini diqqətə çatdırdı.
Qeyd edək ki, dekabrın 3-də forumun xarici qonaqları Azərbaycanın mədəniyyət

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.