Sabah tanınmış aktyor Həsənağa Salayevin anadan olmasının 100-cü ildönümüdür. Həsənağa Dərya oğlu Salayev 1921- ci il dekabr ayının 5-də Bakıda anadan olub. Bakıdakı 6-cı Şura məktəbində təhsil alıb, 1937-ci ildə Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib, 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib, müharibənin qan-qadasından keçib, qələbədən sonra 1946-cı ildə yenidən doğma kollektivə qayıdıb. Onun “Oqtay Eloğlu” tamaşasında yaratdığı baş qəhrəman haqqında uzun illər mətbuatda müxtəlif fikirlər səslənib. Səhnə fədaisinin yaratdığı həmin monumental obraz bu günə kimi əvəzedilməz olaraq qalmaqdadır. Teatrla yanaşı, kino sahəsində də çalışan Salayev “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Fətəli xan”, “Görüş”, “O olmasın, bu olsun”, “Onu bağışlamaq olarmı?”, “Koroğlu”, “İstintaq davam edir” bədii filmlərində əsas rollara çəkilib. “İstintaq davam edir” bədii filmində həm baş rolda oynayıb, həm də bu ekran əsərinin rejissoru olub. Milli teatrın və kinonun inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlara, 1959-cu ildə Azərbaycanın “Əməkdar artist”, 1974-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Həsənağa Salayev 1981-ci il oktyabr ayının 2-də vəfat edib, ruhu şad olsun.