Super User
Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçiriləcək
44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra dövlət başçımızın elan etdiyi “Böyük Qayıdış” çərçivəsində həyata keçirilən bərpa və yenidənqurma işləri və həmin ərazilərdə maddi və mənəvi canlanma dünya üçün bir nümunədir. Bu fəaliyyətlərin qlobal sülh prosesində mühüm əhəmiyyətini və beynəlxalq miqyasda nümunəvi model olaraq təbliğ edilməsi, eyni zamanda sülhün mədəniyyət və irsin qorunması, bərpası və inkişafı üçün nə qədər vacib olduğunu dünyaya nümayiş etdirmək məqsədilə cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO ilə birgə “Mədəniyyət naminə sülh” (Peace4Culture) Qlobal Çağırışı elan edilib.
Mədəniyyət nazirliyi məlumat verir ki, “Mədəniyyət naminə sülh” qlobal çağırışının əhəmiyyətini və bu məqsədlə tərəfdaşlıq siyasətini formalaşdırmaq, beynəlxalq siyasi və akademik dairələrdə müzakirə platformaları təsis etmək, habelə gələcəkdə bu istiqamətdə çoxsaylı layihələr həyata keçirmək məqsədilə 2 dekabr 2021-ci il tarixində ADA Universitetində xarici tərəfdaşların iştirakı ilə “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumu keçiriləcəkdir. Forumda - “Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək”, “Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?”, “Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması” mövzularında plenar sessiyalar keçiriləcəkdir.
Məlumat üçün bildiririk ki, 2 dekabr tarixi eyni zamanda digər bir qlobal təşəbbüsün təsis olunduğu gündür. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə məhz 2 dekabr 2008-ci il tarixində “Bakı Prosesi”nin əsası qoyulub. Bu qlobal hərəkat ölkəmizin beynəlxalq miqyasda mədəniyyətlərin və dinlərin dialoq mərkəzinə çevrilməsinə töhfə verməib, nəticə etibarilə “Bakı Prosesi” və onun əsas platforması Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Katibi tərəfindən təşkilatın mədəniyyətlərarası və dinlərarası dialoq üzrə əsas qlobal platforması elan edilib.
“Vərqa və Gülşa” miniatür əlyazmasında yer alan illüstrasiyaların nəşr edildiyi kitabın təqdimatı olub
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan miniatür sənətinin ən nadir və nəfis nümunəsi olan “Vərqa və Gülşa” miniatür əlyazması kitabında yer alan 71 illüstrasiyanın ölkəmizdə ilk dəfə tam kitab halında nəşr edildiyi nümunənin təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, kitab Mədəniyyət Nazirliyi tərəfindən Türkiyədə yüksək poliqrafik səviyyədə çap edilib.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi professor Çingiz Fərzəliyev bildirib: “Dünyanın ən mötəbər kitabxana və muzeylərində qorunan mədəni dəyərlərimizlə tanış olmaq imkanı təəssüf ki, hər birimizə nəsib olmur. Bu zaman nəşr olunan kitab və albomlar köməyimizə gəlir.
Azərbaycan miniatür məktəbinin nümayəndəsi Əbdülmömin Məhəmməd əl-Xoyinin Türkiyənin Topqapı Sarayı Muzeyində qorunan “Vərqa və Gülşa” əsərinə çəkdiyi 71 miniatürün tam cəmləşdiyi və ilk dəfə kompleks şəklində nəşr edildiyi bu fundamental kitab mədəniyyətimiz üçün böyük töhfədir. Yaxın və Orta Şərq incəsənətinin ən qədim miniatürlərinə həsr olunan bu nəşr sayəsində XIII əsr Azərbaycan təsviri sənəti və onun sonrakı inkişafı haqqında dolğun təsəvvür əldə etmək imkanı yaranır”.
Təqdimat mərasimində iştirak etməkdən məmnun olduğunu söyləyən mədəniyyət naziri Anar Kərimov deyib: “Azərbaycan mədəniyyətinin parlaq nümunələrindən biri də miniatür sənət növüdür. Bu, sanki o dövrün kino mədəniyyətidir. Belə bir sənətin XIII əsrdə yaradılması məndə fəxarət hissi oyadır. Gələcəkdə bu kitabın təbliği olduqca vacibdir”.
Nazir bildirib ki, 2020-ci il dekabrın 16-da Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi müzakirə olunub və bu mədəni elementin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul edilib. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbulu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Mədəniyyət və Xarici İşlər nazirlikləri, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.
Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi “Nizami İli” çərçivəsində dahi şairin “Xəmsə”si əsasında hazırlanan miniatür kitabın nəşr etdirilməsinə hazırlaşır.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru professor, AMEA-nın həqiqi üzvü, deputat Rafael Hüseynov çıxışında vurğulayıb ki, təqvimlərə düşən və düşməyən bayramlar var, amma onların içərisində ən dəyərlisi və əbədisi kitab bayramıdır. Azərbaycan sevinə bilər ki, kitab bayramları sırasına daha biri əlavə olunur. XIII yüzillikdə Orta Şərqdə miniatür sənətinin inkişafı başlayıb və bu inkişafın önündə gedənlərdən biri Azərbaycan olub. Əbdülmömin Məhəmməd əl-Xoyinin XIII əsrdə çəkdiyi miniatürlər “Vərqa və Gülşa” əsərini bəzəyir və bununla da yalnız Azərbaycanın deyil, Yaxın və Orta Şərqin baharı başlanır.
Kitabın əhəmiyyətini vurğulayan Rafael Hüseynov deyib: “Azərbaycan miniatür sənətinin dünyaya bəxş etdiyi bir çox incilərin toplandığı bu kitab hər bir azərbaycanlının, o cümlədən sənətşünasların sevimli nəşrləri sırasında olacaq. Kitab özü sənət əsəri kimi, poliqrafiyası, nəşr xüsusiyyətləri ilə diqqəti cəlb edir”.
Sənətşünaslıq üzrə elmlər doktoru professor, AMEA-nın müxbir üzvü, Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə bildirib ki, miniatür sənəti Azərbaycan mədəniyyətinin incisidir. Bu kitabın təqdimat mərasimi Azərbaycanın həm mədəni həyatında, həm də sənətşünaslıq elmində böyük hadisədir. Bu baxımdan, kitaba elmi dəyər vermək lazımdır.
Tədbirin siyasi əhəmiyyətinə toxunan Xalq yazıçısı Çingiz Abdullayev deyib: “Belə kitabların nəşri müharibədir, siyasətdir. Sübut edirik ki, bizim mədəniyyətimiz hansı səviyyədədir. Çünki vikipediya kimi mənbələr dahi şəxsiyyətlərimizi erməni kimi təqdim edir. Biz bununla mübarizə aparmalıyıq. Belə kitabların nəşr olunması bizim üçün çox böyük uğurdur”.
Qeyd edək ki, kitabın üz qabığının dizaynı Əməkdar incəsənət xadimi professor Çingiz Fərzəliyevə məxsusdur.
Diqqət! ÜST böyük təhlükə barədə xəbərdarlıq edib!
Co Bayden: “Panikaya düşməyək, amma narahat olaq”
Görəcək günlərimiz var imiş. Bəzən elə məlumatlar gəlir ki, mədəniyyət profilli portal olduğumuzu istər-istəməz unutmalı oluruq, bu ümumbəşəri problemdən söz açmaq məcburiyyətində qalırıq. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun “Omikron” adlı yeni variantının qlobal təhlükəsi, insanlara aman verməyəcəyi barədə ötən gün məlumat yayib.
“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən xəbər verir ki, ÜST ilk dəfə noyabrın 24-də Cənubi Afrikada qeydə alınan “Omikron”un qlobal şəkildə yayılacağı və ağır fəsadlar törədəcəyini, indiyədək gördüyümüz Çin mənşəli koronavirusun və onun mutasiyalarının bu Cənubi Afrika mənşəlinin yanında “toya getməli olduğunu” açıqlayıb, bildirib ki, çoxsaylı mutasiyalar keçən “Omikron” ən güclü insan immunasını belə ram edə bilir, üstəlik, vaksinləşməni, koronanın digər növləri ilə yoluxub sağalmanı belə vecinə almır.
ÜST çoxsaylı yoluxmaları və çoxsaylı ölümləri göz önünə almaq barədə dünya ölkələrini xəbərdar edib.
Bu arada “Omikron” artıq Amerikada və Avropada da qeydə alınmağa başlayıb. ABŞ prezidenti Co Bayden televiziya ilə əhaliyə müraciət edərək söyləyib ki, panikaya düşməyək, amma narahat olaq.
ABŞ Afrika öıkələri ilə təyyarə əlaqəsini kəsib. Bəzi Avropa ölkələri yenidən sərhədlərini bağlamaq qərarı veriblər.
Allah özü saxlasın! Nə baş verir, izahı yoxdur.
Xatırladaq ki, 2020-ci ilin əvvəlində - koronavirus pandemiyasına sayılı günlər qalmış insan resursları üzrə belə bir statistik məlumat yayılmışdı: “Yer kürəsində 1 milyard əhali sayına çatmaq üçün min il lazım olmuşdu. Sonra 1 milyarda yüz il lazım oldu. Sonra isə əhali sayı daha yüksək həndəsi artım aldı. 1970-ci ildə dünya əhalisinin sayı 4 milyarda bərabər oldu, 50 ildən sonra - 2020-ci ildə əhali sayı iki dəfə artaraq 8 milyarda çatdı. Bu minvalla 2060-cı ildə Yer kürəsi əhalisinin katastrofik həddə - 32 milyarda çatacağı gözlənilir. Bu sayda əhalinin yaşaması üçün təbii resurslar əsla kifayət etməyəcək.”
Əlavə heç bir şərh vermək istəmirik.
Saxa Respublikasının dövlət müşaviri Andrey Borisovun “Ədəbiyyat və incəsənət” portalına müsahibəsi
Andrey Borisov: “Əsas vəzifəm özümə isti kabinet düzəltmək deyil, mədəniyyət və sənət adamları üçün yeni meydanlar, yeni iş və yaradıcılıq yerləri yaratmaq idi” - müsahibəni Aida Eyvazlı aparır.
Jurnalist taleyimin elə anları olub ki, həmsöhbətimi mənimlə bir araya gətirdiyinə, bu görüşü qismət etdiyinə görə Tanrıya min dəfə şükr etmişəm. İnsanın həyatında elə görüşlər, elə anlar olur ki, sonradan həmin günü xatırlayanda deyirsən, “Gün var əsrə bərabər...”. Saxa Respublikasının (Yakutiya) dövlət müşaviri, Rusiya Federasiyasının xalq artisti, A.E. Kulakovski adına SSRİ Dövlət mükafatıının laureatı, Saxa Respublikasının əməkdar incəsənət xadimi, Vətən uğrunda xidmətlərə görə IV dərəcəli Kavaler Ordeninin sahibi, Rusiya Federasiyasında teatr sahəsində xidmətlərinə görə “Qızıl maska” Milli Teatr mükafatının laureatı, tanınmış rejissor Andrey Savviç Borisovla görüşüm ömrümə yazılan görüş oldu.
Bu görüşdən bir gün əvvəl isə jurnalist –tərcüməçi Saxa qızı Aqrofena Kizmina məni Saxa Teatrında italyan dramaturqu Luidji Pirandellinin “Dağların nəhəngi” pyesi əsasında hazırlanmış “Müəllifini axtaran 6 personaj” tamaşasına dəvət etmişdi. Tamaşa axşam saat 19-da başlanacaqdı. Biz Saxa Teatrına çatıb, keçib tamaşa zalında əyləşdik. 15 dəqiqədən sonra tamaşa zalı gənclərlə doldu. Aqrofenadan bu gənclərin tamaşaya zorla göndərilib-gondərilmədiyini soruşdum. Dedi ki, bizdə teatrlarda tamaşa zalları həmişə dolu olur, pandemiya qadağalarından sonra isə hamı teatr üçün darıxıb.
Quruluşçu rejissor Andrey Savviç Borisovun “Müəllifini axtaran 6 personaj” tamaşasında hətta 10 və 6 yaşlı uşaqlar belə öz rollarını o qədər gözəl ifa edirdilər ki... Aktyorlar əsil səhnə performansı nümayiş etdirirdilər. Özlüyümdə fikirləşirəm ki, “Stanislavski məktəbinin yetirməsi” deyilən istedad yəqin elə belə olurmuş.
Bu gün isə Dövlət Administrasiyasının binasının dəhlizlərində Saxa Respublikasını qurub-yaradan klassiklərin, qəhrəmanların, ədəbiyyatçıların portretlərindən boylanan baxışları məni Andrey Borisovun kabinetinə qədər yola saldı. Köməkçisi Mayisa məni gülərüzlə qarşılayıb kabinetə ötürdü. Otağın yuxarı başında, sağ tərəfdə bir qayda olaraq iş stolu, kreslo və dövlət telefonları vəzifəli məmur kabineti təəssüratını bağışlayır. Andrey Savviç isə dəyirmi masanın baş tərəfində oturub. Keçib göstərdiyi yerdə əyləşirəm. Azərbaycandan Saxaya günəşli salam gətirdiyimi deyirəm. O isə məni Saxa Respublikasının “Xalqlar arasında Sülh və Dostluq” Dövlət Mükafatına layiq görülməyim münasibəti ilə təbrik edir.
Saxa Respublikasının xalq yazıçısı Natalya xanım Xarlampyeva onu mənə xarakterizə edəndə demişdi: “O öz xalqının cəfakeşidir. Onun fikirləri, düşüncələri heç vaxt standart olmayıb. O qeyri-adi düşüncəyə malikdir. Sən onunla söhbət edə biləcəksən, sizin söhbətiniz alınacaq, mən bilirəm”.
Əslində bu görüşə ehtiyatla gəlmişdim. Heç vaxt tanımadığım, varlığından belə xəbərim olmayan insandan nə soruşacaqdım, nələri danışacaqdım? Bu fikirlərin məngənəsindən özümü qurtarmaq üçün elə ilk sualımı da düşündüyüm kimi ünvanladım:
-Andrey Savviç, ilk olaraq istəyərdim bir qədər özünüz haqda danışardınız.
-Teatra uyğunlaşmağım məktəbi bitirdikdən sonra M.S. Şepkin adına Ali Teatr məktəbindən başlayıb. Sonra P.Oyunski adına Yakutsk Dövlət Dram Teatrında debütlər edirdim. 1981-ci ildə A.V.Lunaçarski adına QİTİS-i bitiridm. Çingiz Aytmatovun “Dəniz kənarı ilə qaçan alabaş” əsəri əsasında diplom işi kimi “Arzularımın sahili” tamaşasını hazırladım. Bir neçə ildən sonra bu əsər SSRİ Dövlət mükafatına layiq görüldü. Adətən belə olmur, tələbə hər hansı bir tamaşaya diplom işi üçün quruluş verir, elə oradaca unudulur. Mənim 1982-ci ildə səhnələşdirdiyim “Arzularımın sahili” tamaşam bu günə qədər də müxtəlif teatrların repertuarındadır. O vaxtdan 50 il keçir.
-Yəni ki, elə ilk tamaşanız Sizə uğur gətirdi...
-Sənət müəllimim istedadlı rejissor Andrey Aleksandroviç Qonçarov idi. Bəli, 1983-cü ildə isə məni Saxa Akademik Dram Teatrının baş rejissoru və bədii rəhbəri təyin etdilər. O zaman 32 yaşım var idi.
-Andrey Savviç, mən Saxada fərqli bir mədəniyyət, insanların mədəniyyətə sadiqliyini, teatr mühitinin daha qaynar olduğunu görürəm. Buna səbəb nədir? Necə nail oldunuz bu inqilaba?
-1990-cı ildə məni Saxa Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf naziri təyin etdilər. Biz həmfikirlərimizlə birgə 1920--1928-ci ildə sələflərimizin yaratdığı “Saxa omuk” (“Saxa milləti) hərəkatını dirçəltdik. Hər bir hərəkatın önündə daha güclü lider olmalıdır ki, ideyalar həyata keçsin. O zaman səmimi dostluq əlaqələrimiz olan Mixail Yefimoviç Nikolayev hələ kənd təsərrüfatı naziri və partiya vilayət katibi idi. Məndən xeyli yaşlı olsa da, baxışlarımız bir-birinə tən gəlirdi. Mən bir gün ona Çəvahirləl Nehrunun “Hindistanın kəşfi” kitabını verib dedim ki, biz də Yakutiyanı bütün dünyanın üzünə açıq etməliyik. Mən bilirdim ki, Mixail Yefimoviç bu kitabı oxuyacaq və bu işi bacaracaq. Yaratmaq onun təməlindədir. O həm innovasiyalara açıq insandır, həm də keçmiş tarixini sevir. Mənə də bu işdə bir dayaq, arxa gərək idi. 1990-cı ildə artıq Sovet İttifaqı dağılıb qurtarmışdı. Artıq insanlarda ideologiya yox idi. Təsəvvür edirsiniz, həmin günlərə qədər insanlar kiminsə arxasınca gedir, işləyir, hamı əlindəki çəkici bir kürəyə vururdu. İndi insanlar başlarını itirmişdilər. Bütün əlaqələr kəsilmiş, iqtisadiyyat çökməyə başlamışdı. İnsanlar ruhdan düşürdü. Nəyin və kimin arxasınca gedəcəklərini bilmirdilər. Cəmiyyət onda iflasa uğrayır ki, insanın ruhu ölür. 1991-ci ilin 27 dekabrında xalq Mixail Efimoviç Nikolayevi prezident seçdi. İndi xalqın önündə gedən bir liderimiz, ağsaqqalımız var idi. İndi insanların ruh düşkünlüyünü aradan götürmək üçün ideoloji təbliğat maşınını işə salmaq lazım idi.
-Andrey Savviç, bütün türkdilli xalqlar kimi bu xalqın taleyi də çox maraqlı və kəşməkeşlidir. Öz xalqınızın taleyi haqqında tamaşalar qoydunuzmu?
- Mən öz xalqımın taleyi haqqında 20-yə yaxın tamaşa qoymuşam. Əsasən də 20-ci illərin əvvəllərində repressiyaya uğrayanlar haqqında. O qara küləklərin əsdiyi illərdə Saxada İrkutsk, Tomsk universitetlərini bitirən hüquqşünaslar, ədəbiyyatçılar, dilçilər, mədəniyyət xadimləri repressiyaya məruz qaldılar. Yəqin ki, bizim dəhlizdə boylanan portretlərə fikir verdiniz... Repressiyaya uğramış zadəganlarımızın, elm adamlarımızın portretləridir... Bolşevik inqilabı onları məhv etdi. Mən sovetin totalitar rejiminin fətvası ilə yaddaşımızdan silinməyə məhkum edilən yakut xalqının tarixi şəxsiyyətlərinin həyatları haqqında tamaşalar hazırladım. İlk tamaşam “Üç yakut oğlunun doğuluşu”, “Qayıdan adlar” tamaşaları oldu. Platon Oyunskini, Maksim Ammosovu, İsidor Baraxovu səhnədə xalqa qaytardım. Bu bir yenilik idi. Öz tarixini unutmağa məhkum edilən saxa xalqı indi səhnədən onun tarixini yazan, qoruyan, dövlətini quran insanların obrazlarını görür, onların kəşməkeşli taleyindən xəbərdar olur və öz tarixini, mədəniyyətini öyrənirdi. Bu tamaşalar insanlara yeni ruh, təpər və düzgün yol seçməyə istiqamət verdi. Bununla da iitirilmiş dəyərlərimizi elə xalqın öz iştirakı ilə geri qaytarmağa başladım.
-Demək ki, bu gün tamaşa edənləri heyrətə gətirən teatrlarınızla mədəniyyəti və mənəviyyatı xalqa qaytardınız. Nazirliyinizin adı da çox uyğundur “Mədəniyyət və mənəvi inkişaf nazirliyi” . (Sualı verib, ürəyimdə fikirləşirəm ki, deyəsən söhbətimizi qura biləcəm. Bundan sonrası asan olacaq).
- Bilirsiniz, hər bir yakutun cövhərində yaradıcılıq vardır. Xalqımız yaradıcı xüsusiyyətlərinə görə özünü “Ayıı Aymak” adlandırır. “Aymak”- “nəsil, kök” , “Ayıı” isə yaradandır. Bizim Tanrı inanclarımıza görə Aşağı, Yuxarı, Orta dünyamız vardır. Mən Türkiyədə Ankara şəhərində Şeksprin “Çyimbelin” əsərini səhnələşdirirdim. Orada insanlar bir-biri ilə salamlaşanda “Günaydın” deyirlər. Yakutların isə “Ayıı Aymak”- sözlərində Ay sözü işlədilir. Bu sözlərin içərisində belə bizim oxşarlığımız var. Ay, əslində, mədəniyyət, yaratmaq kodudur. Bir çox qədim xalqlarda Ay sözü işlədilir. Ən ucqar kəndlərimizdə yaşayan insanlarımızda belə mədəniyyətə, incəsənətə. yaratmağa meyl vardır. Hər bir yakutun başlanğıcında incəsənətin əvvəli vardır.
-Haradan gəlir, ana bətnindən?! Ya ana südü ilə ötürülür?
- Çox maraqlı sual verirsiniz. Bizim mədəniyyət və incəsənətə kodlaşdırlılmş genlərimiz var.
-Siz danışdıqca daha çox əl hərəkətləri edirsiniz, barmaqlarınız sanki havada uçur. Mənə elə gəlir ki, onların hər biri incəsənətdən danışır... Əslində, rejissorlar jestikulyasiya ilə danışmalıdırlar, deyilmi?!
-Bəli. Dünyada bir çox xalqlar var ki, onların bütün yaranışı və məişəti, həyatı kosmosla bağlıdır. Yakutların hər birinin təməlində demək olar ki, boğazın qırtlağ hissəsindən gələn səslə oxumaq qabiliyyəti var. Qırtlağdan gələn səs birbaşa kosmosla, Yuxarı aləmlə, Yaradanla əlaqədardır. Bizim “Toyuk” oxuyanların çoxunda bu səs var. Və bu səslər təbiətlə həmahəng olur. Hiss edirsən ki, Yerdə olan insan belə səs çıxara bilmir. İnsanın ruhu sanki yerdən ayrılır, o siqnalı göydən alır. Göydən gələn siqnal da onun boğazındakı qırtlağa ötürülür. Bu qırtlaq sanki Tanrı tərəfindən müasir dillə desək, yakutun boğazında yerləşdirdiyi ötürmə “cip” sistemidir. Onun seçdiyi insan bu səsi qırtlağı ilə kainata ötürür. Bu, əsrlərdən bəri gələn bir oxu tərzimizdir. Platon Oyunski toyuk haqqında yazırdı: “Mən Tooxtoor tooyğum tuxttarı—Göydən gələn toyukum yayılacaq...”. Toyuk həqiqətən də ilahidən gələn səsdir. Bu toyuklara görə də olnxosutlarımız nəsildən-nəsilə yetişib. Olonxo Saxa xalqının qəhrəmanlıq dastanlarını birləşdirən ədəbi elementdir. Bu ədəbi amildə xalqın mifologiyası, inancı, psixologiyası birləşərək etnosun mifologiyasını yaradır. Belə dastanlarda xeyir hər zaman şərə qalib gəlir. Olonxosutlar üz mimikaları, jestikulyasiya, bədən hərəkətləri ilə obraz yaradırlar, obrazın dili ilə danışmağı bacarırlar. Əllərim və barmaqlarım da özümün deyil ki...
- Bizim Dədə Qorqud dastanımız var. Deyirlər ki, yuxusunda Dədə Qorquda Tanrıdan bir ağac budağı və at quyruğu verilmişdi. Kobız düzəltmişdi. Çaldığı kobızın səsi ətrafa yayılmışdı, küləklərlə səs-səsə verib gözəl bir musiqi yaratmışdı... Yəqin, bu rəvayəti bilirsiniz. Oğuz və qıpçaq türklərinə məxsusdur... Bəlkə elə buralarda səslənən o ilahi səslər də Dədə Qorqudun kobızından gələn səslərdir...
- Ümumiyyətlə təbiətlə həmahəng çalıb- oxumaq türkdilli xalqlara məxsusdur. Ürək və ruh kosmosdan informasiya alıb oxuyanda lap başqa aləm olur. Mən ölkəmin bütün kəndlərini gəzmişəm axı. Səfər etdiyim bölgələrimizdə Mədəniyyət naziri və tanınmış rejissor qismində məni həmişə nasleqlərdə, oymaklarda xüsusi musiqili tədbirlərlə qarşılayırlar. Ümumiyyətlə, bizim ellərdə gələn qonağı belə qarşılamaq qədim ənənədir. Qarşılanma mərasimi isə belə olur: ocaq yandırırlar, ruhları sevindirirlər. Onları yedirirlər, sonra alqışçı –şaman gələnləri salamlayır, narahat ruhlardan ətrafı təmzləyir. Musiqi nömrələrinin içərisində mütləq toyuklar oxuyurlar. Bax o toyukları oxuyan adamlarda kosmosla bir bağlılıq var, alır və sənə ötürür. Onların toyuk oxuyan zaman gözlərinə baxsan, orada Tutanxamonu görmək olur. Gözündə Tutanxamonun gözlərini gördüyüm ifaçıların səsləri insanı dəli edəcək qədər təsirlidir. Özünüz bizim toyuk oxuyanları yəqin ki, müşahidə etmisiniz. Mən həmin adamları tez tanıyıram.
(Andrey Savviç fikrə gedir. Və mənim ürəyimdən bir bayatı oxumaq keçir. Çünki bu böyük rejissora bizim bayatıları anlatmaq istəyirəm ki, onların toyukları ilə eyniliyini görsün. Onun kabinetində o qədər sərbəstəm ki... Söhbətimiz 30 dəqiqə olar, başlayıb, mən isə sanki illərdir onunla tanışam. Oxuyuram:
Bu dağlar eyyyy... qoşa dağlar,
Verib eyyyy... baş-başa dağlar.
Yol verin eyyyy ...anam gəlsin,
Dönməyin eyyy...daşa dağlar...)
-Andrey Savviç bizdə belə oxyurlar...
-Mən 30 ilə yaxındır ki, Poladla yaxın dostam (Polad Bülbüloğlunu nəzərdə tutur – red.). TÜRKSOY təzə yarananda, dəvət olunduğum tədbirdə Yakut bayrağını bağışladım ona. Əslində Rusiya qanunlarını pozmuş olurdum. Lakin qanunlar həmişə yerində olmur. TÜRKSOY türkdilli dövlətlərin birliyidirsə, orada bizim kimi Rusiya tərkibində olan türkdilli dövlətlərin bayraqları mütləq olmalıdır. Mən Poladın səsində də bizim olonxosutlarda olan kimi qırtlağ səsini hiss etmişəm. Estrada müğənnisi olsa da, onda bu səs oturub.
-Bəli, doğru hiss etmisiniz. Onun səsi kökdən-mayadan gəlir. Şuşadandır axı. Yəqin ki, siz həmin kadrlara baxdınız ki, ermənilər onun Şuşadakı ata ocağını neçə xarabalığa döndəriblər.
-Bəli, gördüm... (Köks ötürür).
-Yəqin ki, Siz onun orada oxuduğu mahnını da eşitdiniz.
-Bəli eşitdim. Möhtəşəm idi.
- O öz doğma yurdunda bir başqa səslə oxudu... İnsan öz ocağında bütün ruhu ilə oxuyur. Bir də ki, 30 ilin həsrəti yığılıb qalıbsa sinəndə. Elə ona görə də dağıldılmış yurd yerində, ata ocağında “Gəl ey Səhər oxudu...”.
--Mən Türkiyədə Şeksprin “Çyimbelin” tamaşasını qoymuşdum. Azərbaycanlı idi tərcüməçim.
-Bu necə olmuşdu? Əslində mən çox təəssüflənirəm ki, Azərbaycan Sizi hələ tanımır.
-Qırğızıstan teatrının tələbələri P.Oyunski adına Saxa Akademik teatrına təcrübəyə gəlmişdilər. Sonra onlar təcrübədə qazandıqlarını Türkiyədə bir festivalda nümayiş etdirmişdilər. Beləcə Türkiyədə məni tamaşa hazırlamağa dəvət etdilər, Ankarada Şeksprin “Çyimbelin” tamaşasını qoydum. Türk qardaşlarımız deyirdilər ki, biz Şekspri heç vaxt belə görməmişdik. Belə tamaşaya ilk dəfə baxırdıq. Orada mənim tərcüməçim azərbaycanlı Furqat idi. Xarakter etibarı ilə çox emosional rejissoram. Əlbəttə iş zamanı özümü saxlaya bilməyib səsimi qalıdra bilərəm. Bir neçə dəfə yüksək tonla Furqata fikrimi deyirdim ki, aktyorlara çatdırsın. O da elə bilib ki, onun üstünə çığırıram. Məndən incimişdi.Onu başa saldım ki, bu emosionallığım aktyorlara görədir. Sən öz işini gör... Sonra öyrəşdi mənimlə işləməyə. Əgər nə vaxtsa, Azərbaycanda da tamaşamızı görmək istəsələr, yəqin ki, Furqatı özümlə götürərəm. Mən Türkiyədə olarkən bir daha anladım ki, həqiqətən də bizim dilimiz bir- birinə bağlı olduğu kimi, genetik modifikasiyamız, mədəniyyətimiz də bir-birinə bağlıdır. Türk dili kimi, coğrafiyamız da bir-birinə həm bağlıdır, həm də uyğundur. Bayaq sizin verdiyiniz “haradan gəlir, ana bətnindən? Ya ana südü ilə ötürülür?”- sualı da bu baxımdan çox fundamental bir sual idi.
- Bəs bu qədim mədəniyyəti, bu incəsənəti, bu gözəllikləri belə çətin iqlim şəraitində necə saxladınız? Məni hər zaman bir sual düşündürür: Niyə Saxa yakutlarının sayı belə azdır? Sizin xalq gözəlliklər yaradan, mədəniyyəti qoruyan bir xalqdır. Belə möhtəşəm mədəniyyəti yaşadanların sayı, xalqın sayı çox olmalıdır.
- (Gülür.) Böyük Vətən müharibəsində faiz nisbəti ilə götürəndə ən çox itkini yakut xalqı verib. Bizim genefondumuz getdi müharibəyə. Güclülər getdi, zəiflər qaldı . İqlim şəraiti də təsir edirdi. Mənim nənəmin 11 uşağı var idi. Onlardan 3-ü qalmışdı. Bizdə təbii iqlim şərtlətinə görə çox uşaqlar tələf olurdular. Qeyd etdiyim kimi, 1990-cı ildə məni Mədəniyyət və Mənəvi İnkişaf naziri təyin etdilər. Bu vəzifə xalq üçün işlər görməyə mənə meydan verirdi. Ölkəmin alimlərini, ziyalılarını, ənənəvi xalq incəsənəti nümayəndələrini, folklor ansambllarının tək-tək qalan üzvlərini, gəncləri və qocaları böyük bir gəmiyə yığıb 9 gün ərzində Lena çayı boyu Xanqalas, Vilyus, Mirnıy şəhərlərində, çay sahili boyu yerləşən kəndlərdə dövlətin hesabına qonaq etdim. Onların sayı 150-dən çox idi. 9 gün boyu kəndbəkənd, ulus-ulus gəzərək qədim mahnı və musiqilərimizi bilən adamları bir araya gətirib yedirib-içirdim, özfəaliyyət ansambllarının ifasında qədim Olonxo və Issıax bayramlarımızı səhnələşdirdik. Kənd yerlərdinə, nasleqlərdə Olonxonu, Osuoxayı unutmuşdular. Alqış mərasiminin nəyə görə keçirildiyini gənclərə əyani şəkildə göstərdik. Əsas odur ki, insanlar bunu sevdi. Alqışladı. Və beləliklə biz Issıax bayramını yenidən dünyaya gətirdik. Adət-ənənələrimizi, itməkdə olan mədəniyyətimizi bərpa etdik. Xomus çalanlarımız üçün fürsət yaratdıq. Konseptual şəkildə xalq mədəniyyətimizi uzaqlara aparan yol xəritəsini çəkdim. Və burada 4 əsas postulatı seçdim: 1. Olonxo. 2. Xomus. 3.Osuoxay. 4.İtağa- İnanc. Belə olmasaydı, yeni qloballaşma dövründə yaranan cərəyanlar, mədəniyyətlər xalqı yeyib məhv edəcəkdi.
-Və bir də, bu gün Saxa mədəniyyətində mühüm yer tutan Olonxo Teatrını yaratdınız. Bu layihənin həyata keçməsində həyat yoldaşınız, RSFSR-in xalq artisti Stepanida Borisova İliniçnanın da əvəzsiz rolu vardır.
- Olonxo Teatrı ötən əsrin əvvəllərində ilk dəfə 1906-cı ildə bizim o böyük tarixi şəxsiyyətlərin zəhməti hesabına ərsəyə gəlib. Sonra totalitar sovet rejimi Olonxonu da bizə unutdurmaq istədi. Lakin ömür-gün yoldaşım Stepanida İliniçna ilə 2008-ci ildə teatrı yenidən yaratdıq. Stepanidanın çox gözəl səsi var, möhtəşəm toyuk ifaçısıdır. Bu teatrın bədii rəhbəri kimi tələbələr, aktyorlar hazırladı. 2009-cu ildə mənim quruluş verdiyim, Moskva və Monqolustanla birgə çəkdiyimiz “Çingiz xanın sirrləri” bədii filmində Çingiz xanın xanımı Oelunu oynayıb. Mənim həyat yoldaşım, ömür-gün yoldaşım harada varsa, orada uğur və müvəffəqiyyət vardır. Bizi bir-birimizə həm böyük məhəbbət, həm də məsləkimiz bağlayır. Onun quruluşunda bir neçə əsər tamaşaya qoyuldu. Biz bu gün dünyanın bir çox ölkələrində Olonxo Teatrının aktyorları ilə qastrol tamaşalarında olub, teatrsevərləri heyrətdə saxlayırıq. Bizim aktyorların hamısı qeyri-adi istedad sahibidirlər. Olonxo yakut xalqının genetik kodundadır. Bizim teatra birinci “Qızıl maska”nı da Stepanida Borisova “Ən yaxşı qadın rolunun ifasına görə” gətirib. Daha sonra isə mən də RSFSR-in xalq artisti kimi bu mükafata layiq görülmüşəm. Beləcə xalq bizim yaratdıqlarımızı sevdi, bəyəndi, öyərəndi. Genetik yaddaşı oyatdıq.Ana bətnindən keçməsəydi, genetik yaddaş oyanmayacaqdı. Bizim təklifimizlə daha sonralar Olonxo və Osuoxoy rəqsi YUNESKO-nun qeyri-maddi irs üzrə siyahısına salındı. 13 min adam birlikdə OSUOXOY rəqsini ifa etdiyinə görə Ginnesin Rekordlar kitabına düşdük. YUNESKO-da Rusiyanın mədəniyyət irsi hesab edilən 20 şah əsər var. Onlardan ikisi bizə məxsusdur, biri OLONXO, digəri isə OSUOXOY-dur.
- Mədəniyyət naziri və rejissor bir-biri ilə yola necə yola gedirdi?
- 24 il Saxa Respblikasının Mədəniyyət və Mənəvi İnkişaf naziri oldum. Bu suala 30 ildir ki, cavab verirəm. Çox sadə cavabı var: Mən rejissoram. Hər bir halda peşəm təşkilatçılıq və qurub-yaratmaqdır. İşlədiyim müddətdə bütün meydanlar bir nazir kimi üzümə açıq olduğundan, onlardan rejissor kimi istifadə etməyə imkan tapdım. Əsas vəzifəm özümə isti kabinet yaratmaq deyil, mədəniyyət və sənət adamları üçün yeni meydanlar, yeni iş və yaradıcılıq yerləri yaratmaq idi. Bizim bəxtimiz onda gətirmişdi ki, rəhmətlik Boris Yeltsin bizim birinci prezidentimiz Mixail Efimoviç Nikolayevlə dost idi. Və bu dostluqdan o da xalq üçün faydalanmağa çalışırdı. Həmin illər Saxa-Yakutiyanın yeraltı sərvətlərinin 25 faizinin yakut xalqına məxsus olduğu haqqında sərəncam imzalatdırdı. Heyif ki, bu uzunmüddətli olmadı. Biz bu sərvət ilə həm də xalqın mədəniyyətinin inkişaf etdirilməsinə nail olduq. İlk növbədə mədəniyyətin inkişafı sahəsində respublika əhəmiyyətli mərhələli inkişaf proqramı hazırladım. 1991-ci ili Xomus ili, 1992-ci ili Issıax ili, 1993-cü ili Olonxo ili elan etdik.Həmin o böhranlı illərdə kənd klublarını, kitabxana və muzeylərini dağılmağa qoymadım. Bütün mədəniyyət mərkəzlərini yenidən inkişaf etdirdim. “Mənim Yakutiyam XXI əsr” adlı mərhəmətli işlər marafonu yaratdım. Ora yığılan vəsaitlərlə yeni mədəniyyət mərkəzləri tikdirdim. Respublikada yüzlərlə klub, çoxfunksiyalı mədəniyyət mərkəzi, eləcə də Respublika Xareoqrafiya məktəbinin həm binalarını tikdirim , həm də əsasını qoydurdum. Yakutiyada Ali Musiqi məktəbi, İncəsənət Muzeyi, Saxa Teatrı, “Saxafilm” kinostudiyası, Saxa sirki yaratdım və binalarını inşa etdirdim. Arktika Mədəniyyət və İncəsənət İnstitutunu yaratdım. İlk rektoru da özüm oldum. Bizim istedadlı gəncləri teatrın və sənətin müxtəlif istiqamətlərində təhsil almağa göndərdik. Bu gün dünyanın hər yerindən Arktika İncəsənət İnstitutunda təhsil almağa gəlirlər. Beynəlxalq səviyyəli meydan tamaşaları, festivallar keçirdik. Mən 2014-cü ildə nazir vəzifəsindən gedəndə artıq bizim 11 teatrımız, Konservatoriyamız, meydan teatrlarımız var idi. İndi də inkişafdadırlar. Yeni uğurlar qazanırlar.
-Belə bir uğurun yəqin ki, hanısa bir sirri var. Sizin xarizmanızdır, istedadlı rejissor olmağınızdır, yoxsa ki, hakimiyyətinizdir?
- Mənə dövlətimizin 1-ci və ikinci prezidentləri o zaman həmişə yardım etdilər. Yəni meydan verdilər. İşlədiyim dövrü indi Saxa mədəniyyətinin “Qızıl dövrü” adlandırırlar. Çünki konseptual hakimiyyətim var idi. Bürokrat olmadım. Struktur dəyişikliklərini etməyi bacarırdım. Bunu rejissor kimi edirdim.
-Siz indi də Saxa Yakut Respublikasının prezidenti Aysen Nikolayevin dövlət müşavirisiniz. Dövlət adamı olmaq asandır, yoxsa rejissor?
- Mənə rejossor olmaq daha asandır. Dövlət xadimi kimi də öz işimin öhdəsindən gəlirəm. Dövlət müşaviri postunda da rejissorluq çox kömək edir. Statusuma görə hakimiyyətdə indi 4-cü adamam. Mən hələ bir dəfə də olsun o gördüyünüz kresloda, stolun arxasında oturmamışam. O telefonlara aşiq olmadım. Mən fəaliyyətimi həm də meydanlara, xalq arasına çıxarıb xəlqiləşdirdim. Teatr və xalq arasında elə şərtlər qoyuram ki, onlar öz işləri ilə xalq üçün, Vətən üçün, ümumi mədəniyyətimiz Rusiya üçün nəsə bir töhvə vermiş olsunlar. Dünən tamaşa etdiyiniz italyan dramaturqu Pirandellinin tamaşası... Soruşa bilərsiniz ki, özünüzün bu qədər maraqlı dramlarınız, əsərləriniz olduğu halda niyə Pirandelli? Çünki mən istəyirəm ki, bizim insanlar bütün mədəniyyətləri, bütün xalqları tanısınlar. İtalyan teatrı intellektuallı teatrdır. İntelektli teatr həm də xalqı maarifləndirir. Mən hamıya bunu təşviq edirəm.
-Dünən mən “Müəllifini axtaran 6 personaj” tamaşasına baxdım. Siz hətta 6, 10 yaşlı uşaqları da əsil italyanlara bənzətmişdiniz. Onlar da əsil aktyor peşəkarlığı nümayiş etdirirdilər. Möhtəşəm tamaşa idi. Aktyorlar elə real oynayırdılar ki... Və mən bu gün dünən tanımadığım, əsərinə heyrət etdiyim rejissorla, dövlət adamı ilə üzbəüz oturmuşam. Sizin danışdıqlarınızı dinlədikcə düşünürəm ki, Siz Yer adamı deyilsiniz, Göydən gəlmisiniz... Ustadınız, sələfiniz kim olub?
- Kumirim və ilk idealım atam Savva Nikolayev idi. O Sokrat kimi filosof idi. Yazırdı, yaradırdı. Atam da, babam da repressiyaya uğramışdılar. Babam hətta “xalq düşməni” adı almışdı. Ağır faciələr görmüşdülər. Dünyanın gözəlliklərinin və pis üzünün fərqini fəlsəfi ölçü-biçi ilə ayırd edirdilər. Atam mənim həyat müəllimim oldu. İndi də atamın şəkli Olonxo Teatrındakı kabinetimdə başımın üstündədir. Sənət müəllimim isə Qonçarov olub. Əziz gənclik dostum, rəssam Gennadiy Sotnikovun da həyatımda danılmaz rolu var. İnsan bəzən balaca uşaqdan da müdriklik öyrənə bilir.
- Dünyanın harasında olursa olsun, yakutlardan danışılırsa, ilk ağıla gələn şamanlar olur. Şamanlardan deməyə sözünüz varmı? O şamanlar həqətənmi bu coğrafiyanı, bu torpaqları qara ruhlardan, pis niyyətlərdən qoruyurlar?
( Sualımdan sonra Andrey Savviç oturduğu yerdən durub, pəncərənin önünə keçir. Hündürlüyü 20 sm olan bir fiquru stolun üstündəki barmağı başında dayanmadan hərəkət edən Nyutonun fiqurunun yanına qoyur. Bu, əlində qaval olan bir şaman fiqurudur.)
-Bu, Nyutonun balaca heykəlidir mənim üçün. O, barmağını beyninə dayayıb daima fikirləşməyi, düşünməyi tövsiyə edir... Həəə... bizim əvvəlimizdə və sonumuzda hər zaman şamanaların rolu olub. 1928-ci ildə şamanlarımız da repressiyaya uğrayıb. Lakin Tanrı dərgahı altında bu inancı, bu ayinləri bizə unutdura bulməyiblər. Əslində şamanlar meydana girəndə, bir növ, teatr göstərirlər. Yəqin ki, lap uşaqlığımdan gördüyüm alqışçı şamanların keçirdiyi ayinlər də mənə teatrı sevməyi öyrədib. Mən Yakutiyada bir Beynəlxalq Şaman Konfransı keçirdim. Konfransda dünyanın fərqli yerlərindən 30-dan artıq şamanizmlə məşğul olan alim, Tanrı dininin mənsubları, müxtəlif dinlərin daşıyıcıları, inanclı insanlar iştirak edirdilər. Onların içərisində hətta zənci şamanlar da var idi. Hətta o konfransda iştirak edənlər də bu sualı mənə verirdilər. Yakut inanclarında ağ və qara şamanlar mövcuddur. Bizim dildə “Xara oyun”- “qara oyun” deyirlər. “Oyun” “şaman” deməkdir. Bizimkilər əsasən Ayıı oyuna üstünlük verirlər. Çünki o, insanın tənini pis niyyətlərdən təmizləyir.
(Andrey Savviç bunları deyir və yenə ayağa qalxaraq stolun üstündəki şaman fiqurunu yerinə qaytarır. Söhbətinə davam edir):
-O şaman mənə mane olurdu. Fikirlərimi toplamağa imkan vermirdi. Nyutonla üz-üzə oturmaq daha rahatdır. Bizim Ayıı şamanlar torpağı yad nəfislərdən öz duaları, alqışları ilə qoruyurlar. Onlar Paralel Yuxarı dünyadakı ruhlarla ünsiyyətə girib, bir çox bəlaları başımızın üstündən uzaqlaşdırmağı bacarırlar. Əslində onlar şamandan çox alqışçıdırlar. Çünki ancaq xeyir-dualı, xoş enerjili sözlər danışırlar. Bir də ki, şaman ayinləri hər yerdə keçirilə bilməz. Onlar əsasən Urasalarda, Balaqanlarda keçirilir. Ərazidə mütləq ağaclar, su hövzəsi olmalıdır. Urasalar da açıq meydanda qamışdan, təbii ağac və bitkilərdən hörülür. Hündürlükləri 4-5-10 metr ola bilir. Belə yerdə təbiətin ritmləri ilə şamanın qavalının, onun paltarlarının üstündə olan müxtəlif əşyaların çıxardığı səslər bir-birinə qarışaraq, təbiət ilə həmahənglik yaradır. İnsanla təbiət arasında yaranan ritmlər, səslər bizi qoruyur. Bunlar insanı xilas edir.
(davamı var)
Akademik Milli Dram Teatrı beynəlxalq forumda təmsil olunur
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin teatr forumunda iştirak üçün Daşkəndə yollanıb.
Teatrın mətbuat xidmətindən AzərTAC-a verilən məlumata görə, beynəlxalq tədbirdə iştirak Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə həyata keçirilir.
Forumun maarifləndirici proqramında Azərbaycanı təmsil edən teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edəcək, master klaslar və sərgi təşkil olunacaq.
Beynəlxalq forumda Akademik Milli Dram Teatrının “Manqurt” və “Bir, iki, bizimki…” tamaşaları nümayiş olunacaq.
Teatrdan bildirilib ki, forumda iştirak üçün Azərbaycandan tamaşa seçimi iki il əvvəl beynəlxalq ekspert heyəti tərəfindən müəyyənləşdirilib. Belə ki, festival çərçivəsində gənc rejissorların quruluş verdiyi səhnə əsərləri arasında seçim edən ekspertlərin qərarı ilə Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində təqdim olunan “Manqurt” və “Bir, iki, bizimki…” tamaşalarının iştirakı müəyyənləşib.
Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan “Manqurt” tamaşasının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev və Corc Qafarov iştirak edirlər.
“Bir, iki, bizimki…” tamaşası Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Kamil İsmayılov, rejissor assistenti Nərmin Camalovadır.
Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.
Tamaşaçıların rəğbətini qazanan səhnə əsəri qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.
Görkəmli bəstəkar Tofiq Bakıxanovun yubiley tədbirləri keçiriləcək
Dekabrın ilk ongünlüyündə Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycanın görkəmli bəstəkarı Tofiq Bakıxanovun 90 illik yubileyi ilə bağlı geniş proqram hazırlayıb.
Dekabrın 1-dən 8-dək Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar, professor Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçiriləcək. Onu da qeyd edək ki, T.Bakıxanovun 90 yaşı 2020-ci ildə pandemiya dövrünə təsadüf etdiyinə görə təxirə salınmış və bu il geniş surətdə qeyd edilir.
Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda görkəmli tarzən-pedaqoq Əhməd Bakıxanovun ailəsində dünyaya gəlib. O, uşaq yaşlarından skripka alətində təhsil almağa başlayır və öz çalğısı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin diqqətini cəlb edərək, onun xeyir-duası ilə böyük sənətə qədəm qoyur, keçmiş sovet məkanında istedadlı skripka ifaçısı kimi tanınır. Azərbaycan Dövlət Konservatoriyasında T.Bakıxanov zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin bəstəkarlıq sinfində təhsil alır, onun ənənələrini dərindən mənimsəyərək, özünəməxsus musiqi üslubu ilə diqqəti cəlb edir.
T.Bakıxanov üç birpərdəli baletin, üç musiqili komediyanın, 8 simfoniyanın, 5 simfonik muğamın, müxtəlif çalğı alətləri üçün 24 konsertin, çox saylı simfonik, kamera-instrumental və vokal əsərlərin müəllifidir. Onun müxtəlif janrlı, rəngarəng məzmunlu əsərləri ifaçıların repertuarına daxil olaraq, həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda (Fransa, Rusiya, Türkiyə, Kipr, İran və s.) teatr və konsert salonlarının bəzəyi olub.
Bəstəkarın 90 illiyi ilə əlaqədar keçirilən festivalın proqramı rəngarəngdir. Dekabrın 1-də Milli Kitabxanada T.Bakıxanovun anadan olmasının 90 və yaradıcılıq fəaliyyətinin 70 illiyi ilə bağlı not nəşrləri və kitablarından ibarət sərgi olacaq. Dekabrın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında iki balet - “Xəzər balladası”, “Xeyir və Şər” nümayiş olunacaq. Dekabrın 6-da və 8-də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan musiqisi zalında iki tədbir - T.Bakıxanovun kamera-instrumental əsərlərindən, həmçinin tar və fortepiano üçün əsərlərindən ibarət konsert səslənəcək. Dekabrın 7-də isə Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Tofiq Bakıxanovun Fortepiano və skripka üçün birinci konsertinin nəşrinin təqdimatı, eləcə də bəstəkarın 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək.
Yaqub Öməroğlu: Ustad Ələsgərin adının əbədiləşdirilməsi ümumilikdə aşıq sənətinə göstərilən ehtiramdır
Azərbaycanın böyük el sənətkarı, saz və söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı çoxşaxəli tədbirlərin keçirilməsi Azərbaycanda tarixi şəxsiyyətlərə, söz və sənət adamlarının əməyinə verilən yüksək dəyərin göstəricisidir.
Bu fikirləri AzərTAC-a açıqlamasında Ankarada fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin (AYB) sədri, yazıçı-publisist Yaqub Öməroğlu ifadə edib.
Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamını tarixi şəxsiyyətlərə və milli yaradıcılığa göstərilən misilsiz dövlət qayğısı kimi dəyərləndirən AYB-nin sədri deyib: “Tarixi şəxsiyyətlərin abidələrinin ucaldılması daimi təbliğat vasitəsi kimi hər zaman özünü doğruldub. Ustad Ələsgərin adının əbədiləşdirilməsi ümumilikdə aşıq sənətinə göstərilən ehtiramdır. Sazın, sözün və simin gücü ilə hər zamana insanların zövqünü oxşayan aşıq Ələsgər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının milli mədəniyyət sərvətidir. Ustad Ələsgərə göstərilən ehtiram, onun irsinin öyrənilməsinə və təbliğinə edilən cəhdlər aşıq sənətinin gücünün göstəricisidir. Saz və söz sərrafı olan Ələsgərin həyat və fəaliyyəti Azərbaycan xalqının genetik yaradıcılıq istedadına bariz nümunədir. Nə qədər ki, saz və söz var, ustad Ələsgərin adı və yaradıcılığı insanların qəlbində daima yaşayacaqdır”.
Nizami Gəncəvinin 880 illiyi münasibətilə Madriddə işıq üzü görmüş “Yeddi gözəl” kitabının təqdimatı olub
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Madriddə işıq üzü görmüş “Yeddi gözəl” kitabının “Espacio Ronda” Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirilib. Tədbirdə İspaniya ictimaiyyətinin tanınmış nümayəndələri, elm və sənət adamları iştirak ediblər.
Azərbaycan Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, İspaniyanın Mühyiddin İbn əl-Ərəbi Cəmiyyətinin sədri, filologiya elmləri doktoru professor Pablo Beneito tədbiri giriş sözü ilə açaraq, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının dünya poeziyasına təsirindən, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İspaniya–Azərbaycan ədəbi əlaqələrinin inkişafına, iki ölkə arasında ədəbiyyatlararası mübadilələrə verdiyi əlamətdar töhfələrdən danışıb.
Daha sonra “Mandala Ediciones” nəşriyyatının direktoru Fernando Kabal Riera, yazıçı-rəssam Ana Krespo, Azərbaycan Respublikasının İspaniyadakı səfirliyinin nümayəndəsi Məqsəd Hüseynov və digər qonaqlar çıxış edərək, Nizami Gəncəvi poeziyasının dərin hikmətlərindən, ədaləti, humanizmi, bərabərliyi, İnsanlığa sevgi və mərhəməti tərənnüm edən bəşəriliyindən söz açıblar.
Tədbirin sonunda yazıçı-rəssam Ana Krespo sufizm mövzusunda çəkdiyi rəsmlərin slaydlarını nümayiş etdirib, mövzuya dair sualları cavablandırıb.
Qeyd edək ki, ilk dəfə Madriddə 2000-ci ildə işıq üzü görmüş kitab Nizami Gəncəvini İspaniyanın oxucu auditoriyasına “fars şairi” kimi təqdim edən “Ön söz”lə nəşr olunmuşdu. Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində əsərin müəllifi Nizaminin dahi Azərbaycan şairi olduğunu elmi dəlillər və sənədli faktlarla sübuta yetirən yeni “Ön söz”lə nəşrinə nail olundu.
Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabın ispan dilinə tərcümə müəllifi – tanınmış ispan mütərcimi Karmen Linares, “Ön söz”ün müəllifi – görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru – tanınmış ispan filoloqu Fransisko Kapilla Martindir.
Bu günə təsadüf edən əsas hadisələri təqdim edirik
Ümumdünya QİÇS-lə mübarizə günü
World AIDS Day – Bir vaxtlar QİÇS virusu barədə ilk məlumatlar gəzib dolaşanda insanlıq vahiməyə düşmüşdü, müdhiş virusun qorxusu canları almaqda idi. Elm o vaxt bu naməlum virusun əlində aciz idi, amma indi bütün bilgilərə malikdir. Elmə məlumdur ki, bu virus təkcə limfositləri deyil, makrofaqları və monositləri də zədələyir, özü də gəzicidir, böyrəkdə, ürəkdə, gözdə, mədə-bağırsaqda aktiv şəkildə dağıdıcı fəaliyyət göstərir. Hətta beyini də zədələyə bilir.
Bu epidemiya başlayandan indiyənədək 88 milyon insanı əhatə edib. Narkomanların və qaydasız intim həyat keçirənlərin xəstəliyi sayılan QİÇS sağlam həyat tərzi keçirənlərin yel olub yanlarından da ötə bilməz, ona görə də, çalışın heç vaxt bu virusun risk qrupuna daxil olmayın.
Bu gün nağılları uşaqlar üçün deyil, böyüklər üçün uydururlar
Nevroloq günü. Yolunuz onun yanına düşməsin. Qazaxıstanın ilk prezident, Portuqaliyanın və CAR-ın müstəqillik, İslandiyanın özünüidarəetmə, Panamanın müəllim, Kanadanın təhlükəsiz avtomobil idarəetməsi, Estoniyada müqəddəs torpaqlar günüdür, ABŞ-da isə milli qızartma piroq günüdür. Amma bir bayramla doymayan amerikalılar “qırmıza alma yeyin” adlı digər bayramı da qeyd edəcəklər.
1935-ci ildə üç Oskar qazanmış amerikalı aktyor və kinorejissor Vudi Allen dünyaya gəlib. 1949-cu ildə adı dünyaca məşhur olan, amma cinayətkar, quldur birisi – Kolumbiya və dünya narkomafiyasının əvəzsiz lideri Pablo Eskobar doğulub. 1956-cı ilin bu günündə Fidel Kastro gizlincə “Qranma” adlı gəmiylə mühacirətdən qayıdıb öz tərəfdarları ilə Kubada inqilabi hərəkata başlayıb. Fidel - həmin o ABŞ-a baş əyməyən, həmişə hərbi geyimdə gəzən həqiqi Kuba qəhrəmanıdır. Bir yalançı qəhrəmana isə biz zavallılar Bakının ən hündür yerində abidə qoyub uzun illər səcdə etmişik: Sergey Kirov adlı xalqımızın qatilinə. 1934-cü ilin bu günündə həmin o qırmızı kommunisti Leninqradda Nikolayev soyadlı bir fəhlə güllələyib, o dünyası gözəl olsun həmin Nikolayevin. 1929-cu ildə Edvin Lou adlı şəxs Binqo oyununu kəşf edib. 1896-cı ildə sovetlər dönəminin məşhur marşalı Georgiy Jukov doğulub. 1891-ci ildə kanada-amerikalı müəllim Ceyms Neysmit besketbol oyununu icad edib. 1887-ci ildə sonradan məşhurlaşan ingilis yazıçısı Artur Konan Doyl Şerlok Holms obrazını yaradıb. 1835-ci ildə məşhur danimarkalı nağılçı Hans Kristian Andersenin ilk “Nağıllar” kitabı işıq üzü görüb. 1825-ci ildə Azərbaycanın taleyi ilə çox oynamış rus imperatoru 1-ci Aleksandr Romanov ölüb. 1783-cü ildə Parisdə ilk dəfə insan hava şarı ilə səmaya uçub. Bu, fizik Jak Şarl olub. Və 1761-ci ildə Londondakı məşhur mum heykəllər muzeyinin yaradıcısı Tüsso Mari doğulub.
Varisin “Həftənin təqvimi” yazısından
Bu gün bəstəkar Azər Dadaşovun 75 yaşı tamam olur
16 yaşında ikən simfonik orkestr üçün ilk əsərini - “Elegiya”nı bəstələyən Azər Dadaşov görkəmli bəstəkar Qara Qarayevdən dərs alıb. O, 10-dan çox simfoniya, bir çox janrda yazılmış musiqi əsərlərinin, o cümlədən 20-dən çox filmə bəstənin müəllifidir. Xüsusən solist, xor və kamera orkestri üçün “Ave, Maria” ariyası, Füzulinin sözlərinə “Aruzilər məzhəri” vokal silsiləsi, Şuşa şəhərinə həsr etdiyi simfonik orkestr üçün 11 saylı simfoniyası; B.Vahabzadənin sözlərinə solist, xor və simfonik orkestr üçün “Ulu Qorqud” odası, iki soprano və simfonik orkestr üçün “Bahar duası” ariyası məşhurdur. Bəstəkar eyni zamanda “Şahid qız” (1990), “Yuxu” (1994), “Özgə vaxt” (1996) və s. kinofilmlərə və “Yanmış evin nağılı” dram tamaşasına musiqilər bəstələyib. Əsərləri ABŞ, İngiltərə, İsveçrə, Fransa, Türkiyə, Finlandiya və s. ölkələrin nüfuzlu orkestrləri tərəfindən ifa olunub. Azər Dadaşov zəngin yaradıcılıq axtarışları ilə musiqimizin inkişafına və təbliğinə layiqli töhfələr verib. Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Təbrik edirik bəstəkarı!