Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 1-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan miniatür sənətinin ən nadir və nəfis nümunəsi olan “Vərqa və Gülşa” miniatür əlyazması kitabında yer alan 71 illüstrasiyanın ölkəmizdə ilk dəfə tam kitab halında nəşr edildiyi nümunənin təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, kitab Mədəniyyət Nazirliyi tərəfindən Türkiyədə yüksək poliqrafik səviyyədə çap edilib.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi professor Çingiz Fərzəliyev bildirib: “Dünyanın ən mötəbər kitabxana və muzeylərində qorunan mədəni dəyərlərimizlə tanış olmaq imkanı təəssüf ki, hər birimizə nəsib olmur. Bu zaman nəşr olunan kitab və albomlar köməyimizə gəlir.
Azərbaycan miniatür məktəbinin nümayəndəsi Əbdülmömin Məhəmməd əl-Xoyinin Türkiyənin Topqapı Sarayı Muzeyində qorunan “Vərqa və Gülşa” əsərinə çəkdiyi 71 miniatürün tam cəmləşdiyi və ilk dəfə kompleks şəklində nəşr edildiyi bu fundamental kitab mədəniyyətimiz üçün böyük töhfədir. Yaxın və Orta Şərq incəsənətinin ən qədim miniatürlərinə həsr olunan bu nəşr sayəsində XIII əsr Azərbaycan təsviri sənəti və onun sonrakı inkişafı haqqında dolğun təsəvvür əldə etmək imkanı yaranır”.
Təqdimat mərasimində iştirak etməkdən məmnun olduğunu söyləyən mədəniyyət naziri Anar Kərimov deyib: “Azərbaycan mədəniyyətinin parlaq nümunələrindən biri də miniatür sənət növüdür. Bu, sanki o dövrün kino mədəniyyətidir. Belə bir sənətin XIII əsrdə yaradılması məndə fəxarət hissi oyadır. Gələcəkdə bu kitabın təbliği olduqca vacibdir”.
Nazir bildirib ki, 2020-ci il dekabrın 16-da Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi müzakirə olunub və bu mədəni elementin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul edilib. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbulu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Mədəniyyət və Xarici İşlər nazirlikləri, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.
Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi “Nizami İli” çərçivəsində dahi şairin “Xəmsə”si əsasında hazırlanan miniatür kitabın nəşr etdirilməsinə hazırlaşır.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru professor, AMEA-nın həqiqi üzvü, deputat Rafael Hüseynov çıxışında vurğulayıb ki, təqvimlərə düşən və düşməyən bayramlar var, amma onların içərisində ən dəyərlisi və əbədisi kitab bayramıdır. Azərbaycan sevinə bilər ki, kitab bayramları sırasına daha biri əlavə olunur. XIII yüzillikdə Orta Şərqdə miniatür sənətinin inkişafı başlayıb və bu inkişafın önündə gedənlərdən biri Azərbaycan olub. Əbdülmömin Məhəmməd əl-Xoyinin XIII əsrdə çəkdiyi miniatürlər “Vərqa və Gülşa” əsərini bəzəyir və bununla da yalnız Azərbaycanın deyil, Yaxın və Orta Şərqin baharı başlanır.
Kitabın əhəmiyyətini vurğulayan Rafael Hüseynov deyib: “Azərbaycan miniatür sənətinin dünyaya bəxş etdiyi bir çox incilərin toplandığı bu kitab hər bir azərbaycanlının, o cümlədən sənətşünasların sevimli nəşrləri sırasında olacaq. Kitab özü sənət əsəri kimi, poliqrafiyası, nəşr xüsusiyyətləri ilə diqqəti cəlb edir”.
Sənətşünaslıq üzrə elmlər doktoru professor, AMEA-nın müxbir üzvü, Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə bildirib ki, miniatür sənəti Azərbaycan mədəniyyətinin incisidir. Bu kitabın təqdimat mərasimi Azərbaycanın həm mədəni həyatında, həm də sənətşünaslıq elmində böyük hadisədir. Bu baxımdan, kitaba elmi dəyər vermək lazımdır.
Tədbirin siyasi əhəmiyyətinə toxunan Xalq yazıçısı Çingiz Abdullayev deyib: “Belə kitabların nəşri müharibədir, siyasətdir. Sübut edirik ki, bizim mədəniyyətimiz hansı səviyyədədir. Çünki vikipediya kimi mənbələr dahi şəxsiyyətlərimizi erməni kimi təqdim edir. Biz bununla mübarizə aparmalıyıq. Belə kitabların nəşr olunması bizim üçün çox böyük uğurdur”.
Qeyd edək ki, kitabın üz qabığının dizaynı Əməkdar incəsənət xadimi professor Çingiz Fərzəliyevə məxsusdur.