Andrey Borisov: “Əsas vəzifəm özümə isti kabinet düzəltmək deyil, mədəniyyət və sənət adamları üçün yeni meydanlar, yeni iş və yaradıcılıq yerləri yaratmaq idi” - müsahibəni Aida Eyvazlı aparır.
Jurnalist taleyimin elə anları olub ki, həmsöhbətimi mənimlə bir araya gətirdiyinə, bu görüşü qismət etdiyinə görə Tanrıya min dəfə şükr etmişəm. İnsanın həyatında elə görüşlər, elə anlar olur ki, sonradan həmin günü xatırlayanda deyirsən, “Gün var əsrə bərabər...”. Saxa Respublikasının (Yakutiya) dövlət müşaviri, Rusiya Federasiyasının xalq artisti, A.E. Kulakovski adına SSRİ Dövlət mükafatıının laureatı, Saxa Respublikasının əməkdar incəsənət xadimi, Vətən uğrunda xidmətlərə görə IV dərəcəli Kavaler Ordeninin sahibi, Rusiya Federasiyasında teatr sahəsində xidmətlərinə görə “Qızıl maska” Milli Teatr mükafatının laureatı, tanınmış rejissor Andrey Savviç Borisovla görüşüm ömrümə yazılan görüş oldu.
Bu görüşdən bir gün əvvəl isə jurnalist –tərcüməçi Saxa qızı Aqrofena Kizmina məni Saxa Teatrında italyan dramaturqu Luidji Pirandellinin “Dağların nəhəngi” pyesi əsasında hazırlanmış “Müəllifini axtaran 6 personaj” tamaşasına dəvət etmişdi. Tamaşa axşam saat 19-da başlanacaqdı. Biz Saxa Teatrına çatıb, keçib tamaşa zalında əyləşdik. 15 dəqiqədən sonra tamaşa zalı gənclərlə doldu. Aqrofenadan bu gənclərin tamaşaya zorla göndərilib-gondərilmədiyini soruşdum. Dedi ki, bizdə teatrlarda tamaşa zalları həmişə dolu olur, pandemiya qadağalarından sonra isə hamı teatr üçün darıxıb.
Quruluşçu rejissor Andrey Savviç Borisovun “Müəllifini axtaran 6 personaj” tamaşasında hətta 10 və 6 yaşlı uşaqlar belə öz rollarını o qədər gözəl ifa edirdilər ki... Aktyorlar əsil səhnə performansı nümayiş etdirirdilər. Özlüyümdə fikirləşirəm ki, “Stanislavski məktəbinin yetirməsi” deyilən istedad yəqin elə belə olurmuş.
Bu gün isə Dövlət Administrasiyasının binasının dəhlizlərində Saxa Respublikasını qurub-yaradan klassiklərin, qəhrəmanların, ədəbiyyatçıların portretlərindən boylanan baxışları məni Andrey Borisovun kabinetinə qədər yola saldı. Köməkçisi Mayisa məni gülərüzlə qarşılayıb kabinetə ötürdü. Otağın yuxarı başında, sağ tərəfdə bir qayda olaraq iş stolu, kreslo və dövlət telefonları vəzifəli məmur kabineti təəssüratını bağışlayır. Andrey Savviç isə dəyirmi masanın baş tərəfində oturub. Keçib göstərdiyi yerdə əyləşirəm. Azərbaycandan Saxaya günəşli salam gətirdiyimi deyirəm. O isə məni Saxa Respublikasının “Xalqlar arasında Sülh və Dostluq” Dövlət Mükafatına layiq görülməyim münasibəti ilə təbrik edir.
Saxa Respublikasının xalq yazıçısı Natalya xanım Xarlampyeva onu mənə xarakterizə edəndə demişdi: “O öz xalqının cəfakeşidir. Onun fikirləri, düşüncələri heç vaxt standart olmayıb. O qeyri-adi düşüncəyə malikdir. Sən onunla söhbət edə biləcəksən, sizin söhbətiniz alınacaq, mən bilirəm”.
Əslində bu görüşə ehtiyatla gəlmişdim. Heç vaxt tanımadığım, varlığından belə xəbərim olmayan insandan nə soruşacaqdım, nələri danışacaqdım? Bu fikirlərin məngənəsindən özümü qurtarmaq üçün elə ilk sualımı da düşündüyüm kimi ünvanladım:
-Andrey Savviç, ilk olaraq istəyərdim bir qədər özünüz haqda danışardınız.
-Teatra uyğunlaşmağım məktəbi bitirdikdən sonra M.S. Şepkin adına Ali Teatr məktəbindən başlayıb. Sonra P.Oyunski adına Yakutsk Dövlət Dram Teatrında debütlər edirdim. 1981-ci ildə A.V.Lunaçarski adına QİTİS-i bitiridm. Çingiz Aytmatovun “Dəniz kənarı ilə qaçan alabaş” əsəri əsasında diplom işi kimi “Arzularımın sahili” tamaşasını hazırladım. Bir neçə ildən sonra bu əsər SSRİ Dövlət mükafatına layiq görüldü. Adətən belə olmur, tələbə hər hansı bir tamaşaya diplom işi üçün quruluş verir, elə oradaca unudulur. Mənim 1982-ci ildə səhnələşdirdiyim “Arzularımın sahili” tamaşam bu günə qədər də müxtəlif teatrların repertuarındadır. O vaxtdan 50 il keçir.
-Yəni ki, elə ilk tamaşanız Sizə uğur gətirdi...
-Sənət müəllimim istedadlı rejissor Andrey Aleksandroviç Qonçarov idi. Bəli, 1983-cü ildə isə məni Saxa Akademik Dram Teatrının baş rejissoru və bədii rəhbəri təyin etdilər. O zaman 32 yaşım var idi.
-Andrey Savviç, mən Saxada fərqli bir mədəniyyət, insanların mədəniyyətə sadiqliyini, teatr mühitinin daha qaynar olduğunu görürəm. Buna səbəb nədir? Necə nail oldunuz bu inqilaba?
-1990-cı ildə məni Saxa Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf naziri təyin etdilər. Biz həmfikirlərimizlə birgə 1920--1928-ci ildə sələflərimizin yaratdığı “Saxa omuk” (“Saxa milləti) hərəkatını dirçəltdik. Hər bir hərəkatın önündə daha güclü lider olmalıdır ki, ideyalar həyata keçsin. O zaman səmimi dostluq əlaqələrimiz olan Mixail Yefimoviç Nikolayev hələ kənd təsərrüfatı naziri və partiya vilayət katibi idi. Məndən xeyli yaşlı olsa da, baxışlarımız bir-birinə tən gəlirdi. Mən bir gün ona Çəvahirləl Nehrunun “Hindistanın kəşfi” kitabını verib dedim ki, biz də Yakutiyanı bütün dünyanın üzünə açıq etməliyik. Mən bilirdim ki, Mixail Yefimoviç bu kitabı oxuyacaq və bu işi bacaracaq. Yaratmaq onun təməlindədir. O həm innovasiyalara açıq insandır, həm də keçmiş tarixini sevir. Mənə də bu işdə bir dayaq, arxa gərək idi. 1990-cı ildə artıq Sovet İttifaqı dağılıb qurtarmışdı. Artıq insanlarda ideologiya yox idi. Təsəvvür edirsiniz, həmin günlərə qədər insanlar kiminsə arxasınca gedir, işləyir, hamı əlindəki çəkici bir kürəyə vururdu. İndi insanlar başlarını itirmişdilər. Bütün əlaqələr kəsilmiş, iqtisadiyyat çökməyə başlamışdı. İnsanlar ruhdan düşürdü. Nəyin və kimin arxasınca gedəcəklərini bilmirdilər. Cəmiyyət onda iflasa uğrayır ki, insanın ruhu ölür. 1991-ci ilin 27 dekabrında xalq Mixail Efimoviç Nikolayevi prezident seçdi. İndi xalqın önündə gedən bir liderimiz, ağsaqqalımız var idi. İndi insanların ruh düşkünlüyünü aradan götürmək üçün ideoloji təbliğat maşınını işə salmaq lazım idi.
-Andrey Savviç, bütün türkdilli xalqlar kimi bu xalqın taleyi də çox maraqlı və kəşməkeşlidir. Öz xalqınızın taleyi haqqında tamaşalar qoydunuzmu?
- Mən öz xalqımın taleyi haqqında 20-yə yaxın tamaşa qoymuşam. Əsasən də 20-ci illərin əvvəllərində repressiyaya uğrayanlar haqqında. O qara küləklərin əsdiyi illərdə Saxada İrkutsk, Tomsk universitetlərini bitirən hüquqşünaslar, ədəbiyyatçılar, dilçilər, mədəniyyət xadimləri repressiyaya məruz qaldılar. Yəqin ki, bizim dəhlizdə boylanan portretlərə fikir verdiniz... Repressiyaya uğramış zadəganlarımızın, elm adamlarımızın portretləridir... Bolşevik inqilabı onları məhv etdi. Mən sovetin totalitar rejiminin fətvası ilə yaddaşımızdan silinməyə məhkum edilən yakut xalqının tarixi şəxsiyyətlərinin həyatları haqqında tamaşalar hazırladım. İlk tamaşam “Üç yakut oğlunun doğuluşu”, “Qayıdan adlar” tamaşaları oldu. Platon Oyunskini, Maksim Ammosovu, İsidor Baraxovu səhnədə xalqa qaytardım. Bu bir yenilik idi. Öz tarixini unutmağa məhkum edilən saxa xalqı indi səhnədən onun tarixini yazan, qoruyan, dövlətini quran insanların obrazlarını görür, onların kəşməkeşli taleyindən xəbərdar olur və öz tarixini, mədəniyyətini öyrənirdi. Bu tamaşalar insanlara yeni ruh, təpər və düzgün yol seçməyə istiqamət verdi. Bununla da iitirilmiş dəyərlərimizi elə xalqın öz iştirakı ilə geri qaytarmağa başladım.
-Demək ki, bu gün tamaşa edənləri heyrətə gətirən teatrlarınızla mədəniyyəti və mənəviyyatı xalqa qaytardınız. Nazirliyinizin adı da çox uyğundur “Mədəniyyət və mənəvi inkişaf nazirliyi” . (Sualı verib, ürəyimdə fikirləşirəm ki, deyəsən söhbətimizi qura biləcəm. Bundan sonrası asan olacaq).
- Bilirsiniz, hər bir yakutun cövhərində yaradıcılıq vardır. Xalqımız yaradıcı xüsusiyyətlərinə görə özünü “Ayıı Aymak” adlandırır. “Aymak”- “nəsil, kök” , “Ayıı” isə yaradandır. Bizim Tanrı inanclarımıza görə Aşağı, Yuxarı, Orta dünyamız vardır. Mən Türkiyədə Ankara şəhərində Şeksprin “Çyimbelin” əsərini səhnələşdirirdim. Orada insanlar bir-biri ilə salamlaşanda “Günaydın” deyirlər. Yakutların isə “Ayıı Aymak”- sözlərində Ay sözü işlədilir. Bu sözlərin içərisində belə bizim oxşarlığımız var. Ay, əslində, mədəniyyət, yaratmaq kodudur. Bir çox qədim xalqlarda Ay sözü işlədilir. Ən ucqar kəndlərimizdə yaşayan insanlarımızda belə mədəniyyətə, incəsənətə. yaratmağa meyl vardır. Hər bir yakutun başlanğıcında incəsənətin əvvəli vardır.
-Haradan gəlir, ana bətnindən?! Ya ana südü ilə ötürülür?
- Çox maraqlı sual verirsiniz. Bizim mədəniyyət və incəsənətə kodlaşdırlılmş genlərimiz var.
-Siz danışdıqca daha çox əl hərəkətləri edirsiniz, barmaqlarınız sanki havada uçur. Mənə elə gəlir ki, onların hər biri incəsənətdən danışır... Əslində, rejissorlar jestikulyasiya ilə danışmalıdırlar, deyilmi?!
-Bəli. Dünyada bir çox xalqlar var ki, onların bütün yaranışı və məişəti, həyatı kosmosla bağlıdır. Yakutların hər birinin təməlində demək olar ki, boğazın qırtlağ hissəsindən gələn səslə oxumaq qabiliyyəti var. Qırtlağdan gələn səs birbaşa kosmosla, Yuxarı aləmlə, Yaradanla əlaqədardır. Bizim “Toyuk” oxuyanların çoxunda bu səs var. Və bu səslər təbiətlə həmahəng olur. Hiss edirsən ki, Yerdə olan insan belə səs çıxara bilmir. İnsanın ruhu sanki yerdən ayrılır, o siqnalı göydən alır. Göydən gələn siqnal da onun boğazındakı qırtlağa ötürülür. Bu qırtlaq sanki Tanrı tərəfindən müasir dillə desək, yakutun boğazında yerləşdirdiyi ötürmə “cip” sistemidir. Onun seçdiyi insan bu səsi qırtlağı ilə kainata ötürür. Bu, əsrlərdən bəri gələn bir oxu tərzimizdir. Platon Oyunski toyuk haqqında yazırdı: “Mən Tooxtoor tooyğum tuxttarı—Göydən gələn toyukum yayılacaq...”. Toyuk həqiqətən də ilahidən gələn səsdir. Bu toyuklara görə də olnxosutlarımız nəsildən-nəsilə yetişib. Olonxo Saxa xalqının qəhrəmanlıq dastanlarını birləşdirən ədəbi elementdir. Bu ədəbi amildə xalqın mifologiyası, inancı, psixologiyası birləşərək etnosun mifologiyasını yaradır. Belə dastanlarda xeyir hər zaman şərə qalib gəlir. Olonxosutlar üz mimikaları, jestikulyasiya, bədən hərəkətləri ilə obraz yaradırlar, obrazın dili ilə danışmağı bacarırlar. Əllərim və barmaqlarım da özümün deyil ki...
- Bizim Dədə Qorqud dastanımız var. Deyirlər ki, yuxusunda Dədə Qorquda Tanrıdan bir ağac budağı və at quyruğu verilmişdi. Kobız düzəltmişdi. Çaldığı kobızın səsi ətrafa yayılmışdı, küləklərlə səs-səsə verib gözəl bir musiqi yaratmışdı... Yəqin, bu rəvayəti bilirsiniz. Oğuz və qıpçaq türklərinə məxsusdur... Bəlkə elə buralarda səslənən o ilahi səslər də Dədə Qorqudun kobızından gələn səslərdir...
- Ümumiyyətlə təbiətlə həmahəng çalıb- oxumaq türkdilli xalqlara məxsusdur. Ürək və ruh kosmosdan informasiya alıb oxuyanda lap başqa aləm olur. Mən ölkəmin bütün kəndlərini gəzmişəm axı. Səfər etdiyim bölgələrimizdə Mədəniyyət naziri və tanınmış rejissor qismində məni həmişə nasleqlərdə, oymaklarda xüsusi musiqili tədbirlərlə qarşılayırlar. Ümumiyyətlə, bizim ellərdə gələn qonağı belə qarşılamaq qədim ənənədir. Qarşılanma mərasimi isə belə olur: ocaq yandırırlar, ruhları sevindirirlər. Onları yedirirlər, sonra alqışçı –şaman gələnləri salamlayır, narahat ruhlardan ətrafı təmzləyir. Musiqi nömrələrinin içərisində mütləq toyuklar oxuyurlar. Bax o toyukları oxuyan adamlarda kosmosla bir bağlılıq var, alır və sənə ötürür. Onların toyuk oxuyan zaman gözlərinə baxsan, orada Tutanxamonu görmək olur. Gözündə Tutanxamonun gözlərini gördüyüm ifaçıların səsləri insanı dəli edəcək qədər təsirlidir. Özünüz bizim toyuk oxuyanları yəqin ki, müşahidə etmisiniz. Mən həmin adamları tez tanıyıram.
(Andrey Savviç fikrə gedir. Və mənim ürəyimdən bir bayatı oxumaq keçir. Çünki bu böyük rejissora bizim bayatıları anlatmaq istəyirəm ki, onların toyukları ilə eyniliyini görsün. Onun kabinetində o qədər sərbəstəm ki... Söhbətimiz 30 dəqiqə olar, başlayıb, mən isə sanki illərdir onunla tanışam. Oxuyuram:
Bu dağlar eyyyy... qoşa dağlar,
Verib eyyyy... baş-başa dağlar.
Yol verin eyyyy ...anam gəlsin,
Dönməyin eyyy...daşa dağlar...)
-Andrey Savviç bizdə belə oxyurlar...
-Mən 30 ilə yaxındır ki, Poladla yaxın dostam (Polad Bülbüloğlunu nəzərdə tutur – red.). TÜRKSOY təzə yarananda, dəvət olunduğum tədbirdə Yakut bayrağını bağışladım ona. Əslində Rusiya qanunlarını pozmuş olurdum. Lakin qanunlar həmişə yerində olmur. TÜRKSOY türkdilli dövlətlərin birliyidirsə, orada bizim kimi Rusiya tərkibində olan türkdilli dövlətlərin bayraqları mütləq olmalıdır. Mən Poladın səsində də bizim olonxosutlarda olan kimi qırtlağ səsini hiss etmişəm. Estrada müğənnisi olsa da, onda bu səs oturub.
-Bəli, doğru hiss etmisiniz. Onun səsi kökdən-mayadan gəlir. Şuşadandır axı. Yəqin ki, siz həmin kadrlara baxdınız ki, ermənilər onun Şuşadakı ata ocağını neçə xarabalığa döndəriblər.
-Bəli, gördüm... (Köks ötürür).
-Yəqin ki, Siz onun orada oxuduğu mahnını da eşitdiniz.
-Bəli eşitdim. Möhtəşəm idi.
- O öz doğma yurdunda bir başqa səslə oxudu... İnsan öz ocağında bütün ruhu ilə oxuyur. Bir də ki, 30 ilin həsrəti yığılıb qalıbsa sinəndə. Elə ona görə də dağıldılmış yurd yerində, ata ocağında “Gəl ey Səhər oxudu...”.
--Mən Türkiyədə Şeksprin “Çyimbelin” tamaşasını qoymuşdum. Azərbaycanlı idi tərcüməçim.
-Bu necə olmuşdu? Əslində mən çox təəssüflənirəm ki, Azərbaycan Sizi hələ tanımır.
-Qırğızıstan teatrının tələbələri P.Oyunski adına Saxa Akademik teatrına təcrübəyə gəlmişdilər. Sonra onlar təcrübədə qazandıqlarını Türkiyədə bir festivalda nümayiş etdirmişdilər. Beləcə Türkiyədə məni tamaşa hazırlamağa dəvət etdilər, Ankarada Şeksprin “Çyimbelin” tamaşasını qoydum. Türk qardaşlarımız deyirdilər ki, biz Şekspri heç vaxt belə görməmişdik. Belə tamaşaya ilk dəfə baxırdıq. Orada mənim tərcüməçim azərbaycanlı Furqat idi. Xarakter etibarı ilə çox emosional rejissoram. Əlbəttə iş zamanı özümü saxlaya bilməyib səsimi qalıdra bilərəm. Bir neçə dəfə yüksək tonla Furqata fikrimi deyirdim ki, aktyorlara çatdırsın. O da elə bilib ki, onun üstünə çığırıram. Məndən incimişdi.Onu başa saldım ki, bu emosionallığım aktyorlara görədir. Sən öz işini gör... Sonra öyrəşdi mənimlə işləməyə. Əgər nə vaxtsa, Azərbaycanda da tamaşamızı görmək istəsələr, yəqin ki, Furqatı özümlə götürərəm. Mən Türkiyədə olarkən bir daha anladım ki, həqiqətən də bizim dilimiz bir- birinə bağlı olduğu kimi, genetik modifikasiyamız, mədəniyyətimiz də bir-birinə bağlıdır. Türk dili kimi, coğrafiyamız da bir-birinə həm bağlıdır, həm də uyğundur. Bayaq sizin verdiyiniz “haradan gəlir, ana bətnindən? Ya ana südü ilə ötürülür?”- sualı da bu baxımdan çox fundamental bir sual idi.
- Bəs bu qədim mədəniyyəti, bu incəsənəti, bu gözəllikləri belə çətin iqlim şəraitində necə saxladınız? Məni hər zaman bir sual düşündürür: Niyə Saxa yakutlarının sayı belə azdır? Sizin xalq gözəlliklər yaradan, mədəniyyəti qoruyan bir xalqdır. Belə möhtəşəm mədəniyyəti yaşadanların sayı, xalqın sayı çox olmalıdır.
- (Gülür.) Böyük Vətən müharibəsində faiz nisbəti ilə götürəndə ən çox itkini yakut xalqı verib. Bizim genefondumuz getdi müharibəyə. Güclülər getdi, zəiflər qaldı . İqlim şəraiti də təsir edirdi. Mənim nənəmin 11 uşağı var idi. Onlardan 3-ü qalmışdı. Bizdə təbii iqlim şərtlətinə görə çox uşaqlar tələf olurdular. Qeyd etdiyim kimi, 1990-cı ildə məni Mədəniyyət və Mənəvi İnkişaf naziri təyin etdilər. Bu vəzifə xalq üçün işlər görməyə mənə meydan verirdi. Ölkəmin alimlərini, ziyalılarını, ənənəvi xalq incəsənəti nümayəndələrini, folklor ansambllarının tək-tək qalan üzvlərini, gəncləri və qocaları böyük bir gəmiyə yığıb 9 gün ərzində Lena çayı boyu Xanqalas, Vilyus, Mirnıy şəhərlərində, çay sahili boyu yerləşən kəndlərdə dövlətin hesabına qonaq etdim. Onların sayı 150-dən çox idi. 9 gün boyu kəndbəkənd, ulus-ulus gəzərək qədim mahnı və musiqilərimizi bilən adamları bir araya gətirib yedirib-içirdim, özfəaliyyət ansambllarının ifasında qədim Olonxo və Issıax bayramlarımızı səhnələşdirdik. Kənd yerlərdinə, nasleqlərdə Olonxonu, Osuoxayı unutmuşdular. Alqış mərasiminin nəyə görə keçirildiyini gənclərə əyani şəkildə göstərdik. Əsas odur ki, insanlar bunu sevdi. Alqışladı. Və beləliklə biz Issıax bayramını yenidən dünyaya gətirdik. Adət-ənənələrimizi, itməkdə olan mədəniyyətimizi bərpa etdik. Xomus çalanlarımız üçün fürsət yaratdıq. Konseptual şəkildə xalq mədəniyyətimizi uzaqlara aparan yol xəritəsini çəkdim. Və burada 4 əsas postulatı seçdim: 1. Olonxo. 2. Xomus. 3.Osuoxay. 4.İtağa- İnanc. Belə olmasaydı, yeni qloballaşma dövründə yaranan cərəyanlar, mədəniyyətlər xalqı yeyib məhv edəcəkdi.
-Və bir də, bu gün Saxa mədəniyyətində mühüm yer tutan Olonxo Teatrını yaratdınız. Bu layihənin həyata keçməsində həyat yoldaşınız, RSFSR-in xalq artisti Stepanida Borisova İliniçnanın da əvəzsiz rolu vardır.
- Olonxo Teatrı ötən əsrin əvvəllərində ilk dəfə 1906-cı ildə bizim o böyük tarixi şəxsiyyətlərin zəhməti hesabına ərsəyə gəlib. Sonra totalitar sovet rejimi Olonxonu da bizə unutdurmaq istədi. Lakin ömür-gün yoldaşım Stepanida İliniçna ilə 2008-ci ildə teatrı yenidən yaratdıq. Stepanidanın çox gözəl səsi var, möhtəşəm toyuk ifaçısıdır. Bu teatrın bədii rəhbəri kimi tələbələr, aktyorlar hazırladı. 2009-cu ildə mənim quruluş verdiyim, Moskva və Monqolustanla birgə çəkdiyimiz “Çingiz xanın sirrləri” bədii filmində Çingiz xanın xanımı Oelunu oynayıb. Mənim həyat yoldaşım, ömür-gün yoldaşım harada varsa, orada uğur və müvəffəqiyyət vardır. Bizi bir-birimizə həm böyük məhəbbət, həm də məsləkimiz bağlayır. Onun quruluşunda bir neçə əsər tamaşaya qoyuldu. Biz bu gün dünyanın bir çox ölkələrində Olonxo Teatrının aktyorları ilə qastrol tamaşalarında olub, teatrsevərləri heyrətdə saxlayırıq. Bizim aktyorların hamısı qeyri-adi istedad sahibidirlər. Olonxo yakut xalqının genetik kodundadır. Bizim teatra birinci “Qızıl maska”nı da Stepanida Borisova “Ən yaxşı qadın rolunun ifasına görə” gətirib. Daha sonra isə mən də RSFSR-in xalq artisti kimi bu mükafata layiq görülmüşəm. Beləcə xalq bizim yaratdıqlarımızı sevdi, bəyəndi, öyərəndi. Genetik yaddaşı oyatdıq.Ana bətnindən keçməsəydi, genetik yaddaş oyanmayacaqdı. Bizim təklifimizlə daha sonralar Olonxo və Osuoxoy rəqsi YUNESKO-nun qeyri-maddi irs üzrə siyahısına salındı. 13 min adam birlikdə OSUOXOY rəqsini ifa etdiyinə görə Ginnesin Rekordlar kitabına düşdük. YUNESKO-da Rusiyanın mədəniyyət irsi hesab edilən 20 şah əsər var. Onlardan ikisi bizə məxsusdur, biri OLONXO, digəri isə OSUOXOY-dur.
- Mədəniyyət naziri və rejissor bir-biri ilə yola necə yola gedirdi?
- 24 il Saxa Respblikasının Mədəniyyət və Mənəvi İnkişaf naziri oldum. Bu suala 30 ildir ki, cavab verirəm. Çox sadə cavabı var: Mən rejissoram. Hər bir halda peşəm təşkilatçılıq və qurub-yaratmaqdır. İşlədiyim müddətdə bütün meydanlar bir nazir kimi üzümə açıq olduğundan, onlardan rejissor kimi istifadə etməyə imkan tapdım. Əsas vəzifəm özümə isti kabinet yaratmaq deyil, mədəniyyət və sənət adamları üçün yeni meydanlar, yeni iş və yaradıcılıq yerləri yaratmaq idi. Bizim bəxtimiz onda gətirmişdi ki, rəhmətlik Boris Yeltsin bizim birinci prezidentimiz Mixail Efimoviç Nikolayevlə dost idi. Və bu dostluqdan o da xalq üçün faydalanmağa çalışırdı. Həmin illər Saxa-Yakutiyanın yeraltı sərvətlərinin 25 faizinin yakut xalqına məxsus olduğu haqqında sərəncam imzalatdırdı. Heyif ki, bu uzunmüddətli olmadı. Biz bu sərvət ilə həm də xalqın mədəniyyətinin inkişaf etdirilməsinə nail olduq. İlk növbədə mədəniyyətin inkişafı sahəsində respublika əhəmiyyətli mərhələli inkişaf proqramı hazırladım. 1991-ci ili Xomus ili, 1992-ci ili Issıax ili, 1993-cü ili Olonxo ili elan etdik.Həmin o böhranlı illərdə kənd klublarını, kitabxana və muzeylərini dağılmağa qoymadım. Bütün mədəniyyət mərkəzlərini yenidən inkişaf etdirdim. “Mənim Yakutiyam XXI əsr” adlı mərhəmətli işlər marafonu yaratdım. Ora yığılan vəsaitlərlə yeni mədəniyyət mərkəzləri tikdirdim. Respublikada yüzlərlə klub, çoxfunksiyalı mədəniyyət mərkəzi, eləcə də Respublika Xareoqrafiya məktəbinin həm binalarını tikdirim , həm də əsasını qoydurdum. Yakutiyada Ali Musiqi məktəbi, İncəsənət Muzeyi, Saxa Teatrı, “Saxafilm” kinostudiyası, Saxa sirki yaratdım və binalarını inşa etdirdim. Arktika Mədəniyyət və İncəsənət İnstitutunu yaratdım. İlk rektoru da özüm oldum. Bizim istedadlı gəncləri teatrın və sənətin müxtəlif istiqamətlərində təhsil almağa göndərdik. Bu gün dünyanın hər yerindən Arktika İncəsənət İnstitutunda təhsil almağa gəlirlər. Beynəlxalq səviyyəli meydan tamaşaları, festivallar keçirdik. Mən 2014-cü ildə nazir vəzifəsindən gedəndə artıq bizim 11 teatrımız, Konservatoriyamız, meydan teatrlarımız var idi. İndi də inkişafdadırlar. Yeni uğurlar qazanırlar.
-Belə bir uğurun yəqin ki, hanısa bir sirri var. Sizin xarizmanızdır, istedadlı rejissor olmağınızdır, yoxsa ki, hakimiyyətinizdir?
- Mənə dövlətimizin 1-ci və ikinci prezidentləri o zaman həmişə yardım etdilər. Yəni meydan verdilər. İşlədiyim dövrü indi Saxa mədəniyyətinin “Qızıl dövrü” adlandırırlar. Çünki konseptual hakimiyyətim var idi. Bürokrat olmadım. Struktur dəyişikliklərini etməyi bacarırdım. Bunu rejissor kimi edirdim.
-Siz indi də Saxa Yakut Respublikasının prezidenti Aysen Nikolayevin dövlət müşavirisiniz. Dövlət adamı olmaq asandır, yoxsa rejissor?
- Mənə rejossor olmaq daha asandır. Dövlət xadimi kimi də öz işimin öhdəsindən gəlirəm. Dövlət müşaviri postunda da rejissorluq çox kömək edir. Statusuma görə hakimiyyətdə indi 4-cü adamam. Mən hələ bir dəfə də olsun o gördüyünüz kresloda, stolun arxasında oturmamışam. O telefonlara aşiq olmadım. Mən fəaliyyətimi həm də meydanlara, xalq arasına çıxarıb xəlqiləşdirdim. Teatr və xalq arasında elə şərtlər qoyuram ki, onlar öz işləri ilə xalq üçün, Vətən üçün, ümumi mədəniyyətimiz Rusiya üçün nəsə bir töhvə vermiş olsunlar. Dünən tamaşa etdiyiniz italyan dramaturqu Pirandellinin tamaşası... Soruşa bilərsiniz ki, özünüzün bu qədər maraqlı dramlarınız, əsərləriniz olduğu halda niyə Pirandelli? Çünki mən istəyirəm ki, bizim insanlar bütün mədəniyyətləri, bütün xalqları tanısınlar. İtalyan teatrı intellektuallı teatrdır. İntelektli teatr həm də xalqı maarifləndirir. Mən hamıya bunu təşviq edirəm.
-Dünən mən “Müəllifini axtaran 6 personaj” tamaşasına baxdım. Siz hətta 6, 10 yaşlı uşaqları da əsil italyanlara bənzətmişdiniz. Onlar da əsil aktyor peşəkarlığı nümayiş etdirirdilər. Möhtəşəm tamaşa idi. Aktyorlar elə real oynayırdılar ki... Və mən bu gün dünən tanımadığım, əsərinə heyrət etdiyim rejissorla, dövlət adamı ilə üzbəüz oturmuşam. Sizin danışdıqlarınızı dinlədikcə düşünürəm ki, Siz Yer adamı deyilsiniz, Göydən gəlmisiniz... Ustadınız, sələfiniz kim olub?
- Kumirim və ilk idealım atam Savva Nikolayev idi. O Sokrat kimi filosof idi. Yazırdı, yaradırdı. Atam da, babam da repressiyaya uğramışdılar. Babam hətta “xalq düşməni” adı almışdı. Ağır faciələr görmüşdülər. Dünyanın gözəlliklərinin və pis üzünün fərqini fəlsəfi ölçü-biçi ilə ayırd edirdilər. Atam mənim həyat müəllimim oldu. İndi də atamın şəkli Olonxo Teatrındakı kabinetimdə başımın üstündədir. Sənət müəllimim isə Qonçarov olub. Əziz gənclik dostum, rəssam Gennadiy Sotnikovun da həyatımda danılmaz rolu var. İnsan bəzən balaca uşaqdan da müdriklik öyrənə bilir.
- Dünyanın harasında olursa olsun, yakutlardan danışılırsa, ilk ağıla gələn şamanlar olur. Şamanlardan deməyə sözünüz varmı? O şamanlar həqətənmi bu coğrafiyanı, bu torpaqları qara ruhlardan, pis niyyətlərdən qoruyurlar?
( Sualımdan sonra Andrey Savviç oturduğu yerdən durub, pəncərənin önünə keçir. Hündürlüyü 20 sm olan bir fiquru stolun üstündəki barmağı başında dayanmadan hərəkət edən Nyutonun fiqurunun yanına qoyur. Bu, əlində qaval olan bir şaman fiqurudur.)
-Bu, Nyutonun balaca heykəlidir mənim üçün. O, barmağını beyninə dayayıb daima fikirləşməyi, düşünməyi tövsiyə edir... Həəə... bizim əvvəlimizdə və sonumuzda hər zaman şamanaların rolu olub. 1928-ci ildə şamanlarımız da repressiyaya uğrayıb. Lakin Tanrı dərgahı altında bu inancı, bu ayinləri bizə unutdura bulməyiblər. Əslində şamanlar meydana girəndə, bir növ, teatr göstərirlər. Yəqin ki, lap uşaqlığımdan gördüyüm alqışçı şamanların keçirdiyi ayinlər də mənə teatrı sevməyi öyrədib. Mən Yakutiyada bir Beynəlxalq Şaman Konfransı keçirdim. Konfransda dünyanın fərqli yerlərindən 30-dan artıq şamanizmlə məşğul olan alim, Tanrı dininin mənsubları, müxtəlif dinlərin daşıyıcıları, inanclı insanlar iştirak edirdilər. Onların içərisində hətta zənci şamanlar da var idi. Hətta o konfransda iştirak edənlər də bu sualı mənə verirdilər. Yakut inanclarında ağ və qara şamanlar mövcuddur. Bizim dildə “Xara oyun”- “qara oyun” deyirlər. “Oyun” “şaman” deməkdir. Bizimkilər əsasən Ayıı oyuna üstünlük verirlər. Çünki o, insanın tənini pis niyyətlərdən təmizləyir.
(Andrey Savviç bunları deyir və yenə ayağa qalxaraq stolun üstündəki şaman fiqurunu yerinə qaytarır. Söhbətinə davam edir):
-O şaman mənə mane olurdu. Fikirlərimi toplamağa imkan vermirdi. Nyutonla üz-üzə oturmaq daha rahatdır. Bizim Ayıı şamanlar torpağı yad nəfislərdən öz duaları, alqışları ilə qoruyurlar. Onlar Paralel Yuxarı dünyadakı ruhlarla ünsiyyətə girib, bir çox bəlaları başımızın üstündən uzaqlaşdırmağı bacarırlar. Əslində onlar şamandan çox alqışçıdırlar. Çünki ancaq xeyir-dualı, xoş enerjili sözlər danışırlar. Bir də ki, şaman ayinləri hər yerdə keçirilə bilməz. Onlar əsasən Urasalarda, Balaqanlarda keçirilir. Ərazidə mütləq ağaclar, su hövzəsi olmalıdır. Urasalar da açıq meydanda qamışdan, təbii ağac və bitkilərdən hörülür. Hündürlükləri 4-5-10 metr ola bilir. Belə yerdə təbiətin ritmləri ilə şamanın qavalının, onun paltarlarının üstündə olan müxtəlif əşyaların çıxardığı səslər bir-birinə qarışaraq, təbiət ilə həmahənglik yaradır. İnsanla təbiət arasında yaranan ritmlər, səslər bizi qoruyur. Bunlar insanı xilas edir.
(davamı var)