Super User

Super User

Həftənin təqvimi hər bazar ertəsi Varisin təqdimatında

 

29 noyabr – 5 dekabr

 

29 noyabr. Fələstin xalqı ilə həmrəylik günü

Niyə Fələstin xalqı ilə həmrəylik günüdür bu gün? Çünki 1947-ci ilin bu günündə BMT Fələstini ikiyə bölərək İsrail dövlətini yaradıb, fələstinlilərin bundan sonra müşkülə düşəcəklərini də bildiyindən, eyni saatda təqvimə belə bir gün də daxil edib. Belə deyək də: hazırda dünya dövlətləri iki yerə bölünüb. İsrailin dostları və düşmənləri. İsrailin əzəli düşməni olan Fələstinlə həmrəy olanlar məhz İsrailin düşmənləri sayılır. Azərbaycan İsrailin dostudur. Fələstinlilər isə müsəlmandırlar. Odur ki, gəlin bu gün neytrallıq nümayiş etdirib fələstinlilərlə həmrəylik etməyək, amma onları yamanlamaqdan da vaz keçək bu gün.

 

29 noyabr. Ümumdünya qarışqayeyən günü

Yalnız Amerika qitəsində yaşayan bu qəribə canlıların ayrıca gününü ona görə keçirirlər ki, sayı sürətlə azalan daha bir canlı yer üzündən silinməsin. Yazda bağlarımızda qarışqa əlindən tərpənmək olmur. Mətbəxlərə doluşub şirniyyata hücum çəkən bu həşəratlar ağaclara, kollara da hədsiz ziyan vururlar. Məsələn, biz şəxsən bağda onların əlindən mer-meyvə üzünə həsrətik. Alma-armuda, alçaya, üzümə bir daraşırlar ki. Ümumdünya qarışqayeyən günündə bu uzunburun qarışqayeyənlərdən rica edirəm ki, bir biz tərəfə də təşrif buyursunlar. Gözümüz üstündə yerləri var.

 

29 noyabr. ”Xoş gəlmisən” günü

Nə gözəl bir təqvim günü. Bu bazar ertəsi günündə insanlara qapılarını qonaq üzünə açıb sidqi-ürəkdən “xoş gəlmisən” demək təvəqqe olunur. Güzəran çətinləşdikcə qonaq getmək ənənəsi də yavaş-yavaş sıradan çıxmaqdadır, indi insanlar evinə qonaq gəlməsinə sevinə bilmirlər. Amma bircə gün keçmişdəki qonaqpərvərliyi, evin ən qəşəng guşəsində qonağı yerləşdirməyi, evin ən dadlı təamlarını onların qarşısına düzmək ənənəsini xatırlaya və bunu təkrarlaya bilərik ki. “Xoş gəlmisən, ay qonaq” deyəkmi bu gün?

 

29 noyabr. Mədəniyyət dünyasından çox sayda ünlüləri aparan gün

Dişdəmizləmə günüdür bu gün həm də. Bu gün dişlərə xüsusi qulluq tələb olunacaq. Bu günün adı rus dilində olan təqvimlərdə  “Den Zuboçistki” gedir, “zuboçistka” da qidadan sonra diş təmizləmək üçün nəzərdə tutulan çöpə deyirik biz. Gəlin bu gün məxsusi olaraq hansı süfrədə onlardan görəndə ciblərinə dolduran “zubaçistka fanatlarını” səmimi qəlbdən təbrik edək, “sağ olun, var olun, zuboçistkasız qalmayın” deyək; Bu gün Albaniyanın azadlığı günüdür. Qafqaz Albaniyası sözü qədim tariximizdə Azərbaycan sözü ilə qaynayıb-qarışdığından, albanları təbrik etmək borcumuzdur; Russevərlər bilsinlər ki, sevdikləri ruslar bu gün üstünöqtəli e hərfinin bayramını qeyd edəcəklər. 1783-cü ilin bu günündə knyaginya Daşkova rus əlifbasına bu hərfin daxil edilməsi təklifində bulunubmuş; Və nəhayət, Amerikada bu gün milli limon kremi ilə piroq günüdür. Və tək bu da yox, həm də milli düyü piroqu günüdür.

Messi gedəndən sonra xeyli yetimləşən, Xavi baş məşqçi kimi gələndən sonra isə azacıq ümidlənən “Barselona” azarkeşləri, biləsiniz ki, sevdiyiniz klub məhz 1899-cu ilin bu günündə yaranıb; Qarabağ konfliktinin başlanğıcını, 20 yanvar dönəmini xatırlayın, informasiya blokadasında olan xalqımız bütün doğru xəbərləri “Amerikanın səsi” və “Azadlıq” radiostansiyalarından alırdı. Xalqın dərdinə məlhəm olan yapışıqlı, doğma bir səs vardı, Mirzə Xəzərin səsi. Azərbaycan yəhudisi olan, Bibiliyanı dilimizə çevirən, ABŞ-da yaşayan, “Ameriakanın səsi”nin Azərbaycan üzrə müxbiri olan bu mərhum radiojurnalisti bu gün anmağa borcluyuq, 1947-ci ilin bu günündə dünyaya gəldiyi üçün; Azərbaycanı dünya səviyyəsində tərənnüm edən bir neçə məşhur rəssamlarımızdan biri – Tahir Salahov da bu gün anılmalıdır. Dahi rəssam 1928-ci ilin bu günündə dünyaya göz açıb.

29 noyabr mədəniyyət dünyasından çox sayda ünlüləri aparan gündür həm də. 2010-cu ildə Azərbaycanın xalq artisti, ən məşhur diktorlarımızdan biri Fatma Cabbarova, 2010-cu ildə məlahətli rus şairəsi Bella Axmadulina, 2001-ci ildə əfsanəvi The Beatles qrupunun gitaraçısı Con Harrison, 1924-cü ildə klassik bəstəkarlıq pleyadasının sonuncu mogikanı olan italyan bəstəkarı Cakoma Puççini, 1643-cü ildə dünyada ilk opera klassiki hesab edilən italyan bəstəkar Klaudio Monteverdi, ən nəhayət, 1516-cı ildə dini və mifoloji mövzularda şedevrlər yaratmış italyan rəngkarı Covanni Bellini bu gün dünyadan köçüblər.

 

30 noyabr. Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü 1988-ci il noyabrın 30-dan qeyd olunur. Məhz həmin ilin noyabrında universitetlər, elmi-tədqiqat institutları və hərbi idarələr də daxil olmaqla ARPANET-in minlərlə qovşağını sıradan çıxaran ilk kompüter virusu meydana gəldi və nəhəng itkilərə səbəb oldu. Yaradıcısının adı ilə “Morris soxulcanı” adlandırılan bu virusun vurduğu ziyan təxminən 100 milyon dollar həcmində qiymətləndirilirdi. “Morris soxulcanı” göstərdi ki, informasiya təhlükəsizliyi həqiqətən də çox ciddi məsələdir və insanlar tərəfindən böyük səylər və müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Buna görə də dünya ictimaiyyəti informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında ciddi düşünməyə başladı. 1988-ci ildə Kompüter avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü elan etdi. İnformasiya Təhlükəsizliyi Günü çoxdan istifadə olunan parolların yeniləşdirilməsi, sistemdə virusların mövcudluğunun yoxlanması, arxivləşdirilmə işləri, lazımsız informasiyanın silinməsi, vacib informasiyaların mühafizə səviyyəsinin auditi, kompleks təhlükəsizliyin və digər bu kimi tədbirlərin həyata keçirilməsi, icti­maiyyətin diqqətinin artırılması, müvafiq qurumların və mütəxəssislərin məsuliyyətinin xatırlanması və ümu­miyyətlə, bir monitorinq günüdür. Haydı, yoxlamalar başlansın!

 

30 noyabr. Ev heyvanları günü

Antuan de Sent-Ekzüperi deyib ki, “Əhlilləşdirdiklərin üçün cavabdehsən”. Yəni ki, insan oğlu, vəhşi təbiətdə özü üçün azad yaşayırdı da heyvanlar, quşlar, onları gətirib həyət-bacana salıb özünə köməkçi etməmisənmi, eləmisən. Birinə yük daşıdıb, birinə qapını qorumağı tapşırıb, birindən süd, birindən yumurta, birindən yun alıb, o birilərini kəsib ətini yemək üçün sıraya düzməmisənmi, düzmüsən. Di zəhmət çək, onların əziyyətini da çək, yeməyini, suyunu ver, isti damla, tövlə ilə təmin elə, azarlayanda dava-dərmanlarını kəsmə. Hətta bu gün, onların bayramında onları işlətməkdən vaz keçmək, onlara desert yedizdirmək də olar.

 

30 noyabr. Beynəlxaq “Şəhərlər yaşamaq tərəfdarlarıdırlar” günü

1786-cı ilin bu günündə Toskan hersoqluğunun (hazırkı Cənubi İtaliya ərazisində yerləşən birvaxtkı dövlət) kralı Petr Leapold Qabsburq tarixdə ilk dəfə Avropa ölkəsində ölüm hökmünü ləğv edib. Məhz buna görə də bu gün “ölüm yox, yaşamaq” şüarının bərqərar edilməsinə bir işarədir.

 

30 noyabr. Mikrofon, top, kinoaparat

Beynəlxalq ətək günü. Geyim dizaynerlərinin bayramıdır. Xanımları onlar yeni ətəklərlə sevindirəcəklər, xanımlar da bu ətəklərdən geyəcəklər. İtaliyada regional Toskana festivalı, Dubayda xatirə, Ukraynada silahlı qüvvələr, Benində milli dövlət, ABŞ-da milli mussa (təbii ki, yemək növüdür) günüdür.

“Mən səni çox sevdim” mahnısını dönə-dönə dinləyən sevən gənclər, 1980-ci ilin bu günündə bu mahnını oxuyan məşhur türk müğənnisi  Cem Adrian doğulub; Futbolumuz bərbad gündə olsa belə tarixdə elə futbolçularımız var ki, onları xatırlamamaq cinayət sayılar. Məsələn, Professor təxəllüslü Musa Qurbanovu. O Musa Qurbanovu ki, pley-meyker kimi heç də Zidandan, Del Pyerodan, Platinidən geri qalmırdı, sadəcə, Azərbaycan futbolunda batıb qalmışdı deyə həmin səviyyəyə yüksələ bilməmişdi. 1964-cü ilin bu günündə doğulub Musa Qurbanov; 1939-cu ilin bu günündə SSRİ Finlandiyaya hücum edib. 1939-cu ildə alman ixtiraçısı, kino çəkmək üçün qurğunu kəşf edən Maks Skladovski vəfat edib. 1936-cı ildə amansız yanğın Londondakı ümumdünya əhəmiyyətli Büllür sarayı yandırıb kül edib. 1874-cü ildə Britaniyanın ən məşhur dövlər xadimlərindən biri –Uinston Çörçil doğulub. 1767-ci ildə Qulliver obrazının yaradıcısı, irland yazıçı Conatan Svift dünyaya gəlib. 1508-ci ildə Qərb sivilizasiyası tarixindəki ən nüfuzlu memar hesab edilən Andrea Palladio doğulub.  

 

1 dekabr. Laçının de-yure azad edilməsi

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, həddindən çox dərman bitkiləri, çoxlu mineral suları, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları və s. vardır Laçında. Laçın rayonunun yaranma tarixi 8 avqust 1930-cu ildir. Ərazisi 1.84 min km2 , əhalinin sayı 72,4 min (01. 04. 2013) nəfərdir. Laçın rayonunda 1 şəhər (Laçın), 1 qəsəbə (Qayğı), 125 kənd vardır. Laçının aşağı hissəsində Zəngəzur dağının ətəyində bir-birindən xeyli aralı Artız, Salaq və Mərkiz dağları, onlardan uzaqlarda Xustun, Kəpəz, Keçəldağ silsiləsi uzanır. Zəngəzur dağlarının zirvəsi bəzi yerlərdə dəniz səviyyəsindən 3906 metr yüksəkdir və həmişə qarla örtülüdür.

Laçın rayonunda 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar var idi. Rayon 1992-ci il may ayının 18-də Ermənistan Respublikası tərəfindən işğal olundu. İşğaldan əvvəlki 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə evi və s. - əksəriyyəti dağıdıldı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad etdi. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən digər ərazilərimizin boşaldılması qrafik üzrə həyata keçirildi. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edildi.

 

1 dekabr. Ümumdünya QİÇS-lə mübarizə günü

World AIDS Day – Bir vaxtlar QİÇS virusu barədə ilk məlumatlar gəzib dolaşanda insanlıq vahiməyə düşmüşdü, müdhiş virusun qorxusu canları almaqda idi. Elm o vaxt bu naməlum virusun əlində aciz idi, amma indi bütün bilgilərə malikdir. Elmə məlumdur ki, bu virus təkcə limfositləri deyil, makrofaqları və monositləri də zədələyir, özü də gəzicidir, böyrəkdə, ürəkdə, gözdə, mədə-bağırsaqda aktiv şəkildə dağıdıcı fəaliyyət göstərir. Hətta beyini də zədələyə bilir.

Bu epidemiya başlayandan indiyənədək 88 milyon insanı əhatə edib. Narkomanların və qaydasız intim həyat keçirənlərin xəstəliyi sayılan QİÇS sağlam həyat tərzi keçirənlərin yel olub yanlarından da ötə bilməz, ona görə də, çalışın heç vaxt bu virusun risk qrupuna daxil olmayın.

 

1 dekabr. Bəstəkar Azər Dadaşovun 75 illiyi

16 yaşında ikən simfonik orkestr üçün ilk əsərini - “Elegiya”nı bəstələyən Azər Dadaşov görkəmli bəstəkar Qara Qarayevdən dərs alıb. O, 10-dan çox simfoniya, bir çox janrda yazılmış musiqi əsərlərinin, o cümlədən 20-dən çox filmə bəstənin müəllifidir. Xüsusən solist, xor və kamera orkestri üçün “Ave, Maria” ariyası, Füzulinin sözlərinə “Aruzilər məzhəri” vokal silsiləsi, Şuşa şəhərinə həsr etdiyi simfonik orkestr üçün 11 saylı simfoniyası; B.Vahabzadənin sözlərinə solist, xor və simfonik orkestr üçün “Ulu Qorqud” odası, iki soprano və simfonik orkestr üçün “Bahar duası” ariyası məşhurdur. Bəstəkar eyni zamanda “Şahid qız” (1990), “Yuxu” (1994), “Özgə vaxt” (1996) və s. kinofilmlərə və “Yanmış evin nağılı” dram tamaşasına musiqilər bəstələyib. Əsərləri ABŞ, İngiltərə, İsveçrə, Fransa, Türkiyə, Finlandiya və s. ölkələrin nüfuzlu orkestrləri tərəfindən ifa olunub. Azər Dadaşov zəngin yaradıcılıq axtarışları ilə musiqimizin inkişafına və təbliğinə layiqli töhfələr verib. Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Təbrik edirik bəstəkarı!

 

1 dekabr. Bu gün nağılları uşaqlar üçün deyil, böyüklər üçün uydururlar

Nevroloq günü. Yolunuz onun yanına düşməsin. Qazaxıstanın ilk prezident, Portuqaliyanın və CAR-ın müstəqillik, İslandiyanın özünüidarəetmə, Panamanın müəllim, Kanadanın təhlükəsiz avtomobil idarəetməsi, Estoniyada müqəddəs torpaqlar günüdür, ABŞ-da isə milli qızartma piroq günüdür. Amma bir bayramla doymayan amerikalılar “qırmıza alma yeyin” adlı digər bayramı da qeyd edəcəklər.

1935-ci ildə üç Oskar qazanmış amerikalı aktyor və kinorejissor Vudi Allen dünyaya gəlib. 1949-cu ildə adı dünyaca məşhur olan, amma cinayətkar, quldur birisi – Kolumbiya və dünya narkomafiyasının əvəzsiz lideri Pablo Eskobar doğulub. 1956-cı ilin bu günündə Fidel Kastro gizlincə “Qranma” adlı gəmiylə mühacirətdən qayıdıb öz tərəfdarları ilə Kubada inqilabi hərəkata başlayıb. Fidel - həmin o ABŞ-a baş əyməyən, həmişə hərbi geyimdə gəzən həqiqi Kuba qəhrəmanıdır. Bir yalançı qəhrəmana isə biz zavallılar Bakının ən hündür yerində abidə qoyub uzun illər səcdə etmişik: Sergey Kirov adlı xalqımızın qatilinə. 1934-cü ilin bu günündə həmin o qırmızı kommunisti Leninqradda Nikolayev soyadlı bir fəhlə güllələyib, o dünyası gözəl olsun həmin Nikolayevin. 1929-cu ildə Edvin Lou adlı şəxs Binqo oyununu kəşf edib. 1896-cı ildə sovetlər dönəminin məşhur marşalı Georgiy Jukov doğulub. 1891-ci ildə kanada-amerikalı müəllim Ceyms Neysmit besketbol oyununu icad edib. 1887-ci ildə sonradan məşhurlaşan ingilis yazıçısı Artur Konan Doyl Şerlok Holms obrazını yaradıb. 1835-ci ildə məşhur danimarkalı nağılçı Hans Kristian Andersenin ilk “Nağıllar” kitabı işıq üzü görüb. 1825-ci ildə Azərbaycanın taleyi ilə çox oynamış rus imperatoru 1-ci Aleksandr Romanov ölüb. 1783-cü ildə Parisdə ilk dəfə insan hava şarı ilə səmaya uçub. Bu, fizik Jak Şarl olub. Və 1761-ci ildə Londondakı məşhur mum heykəllər muzeyinin yaradıcısı Tüsso Mari doğulub.

 

2 dekabr. Bank işçisi günü

Banklara borcu olmayan az adam taparsınız. Kim ki dara düşür, gerisini fikirləşmədən özünü dünyada analoqu olmayan fazilərlə kredit verən Azərbaycan banklarının boyunduruğu altına salır. Sonra da pulu qaytara bilməyib cəzaya məruz qalır. Bank işçisi günündə banklarımıza insaf, əhalimizə isə “dar gün kreditinə” düçar olmamağı arzulayıram.

 

2 dekabr. Birləşmiş Ərəb Əmirliyinin müstəqilliyi günü

Bizlərdə Dubay sözünə pis baxırlar, “Dubaya gedib gəlir” ittihamı ən pis ittihamdır. Amma Dubaya tək elə həmin anlamda gedilməz ki, ora gəzməyə, məişət texnikası, avtomobil almağa da gedilər.

Vaxtı ilə Dubayın da daxil olduğu Birləşmiş Ərəb Əmirliyi Britaniyanın müstəmləkəsi idi, “müvəqqəti Oman” adı altında 9 şeyxlik birləşmişdi. 1971-ci ilin bu günündə Əbu-Dabi, Dubay, Şarca və digərləri öz müstəqilliklərini elan etdilər, birləşdilər, ən varlı əmirlik olan Əbu-Dabi paytaxt elan edildi, onun şeyxi Zaid bin Sultan ilk əmir oldu. Bu gün BƏƏ dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer alır, əhali tam rifah içindədir. Əlbəttə ki, neftlərinin hesabına. Dekabrın 2-si və 3-də əmirliyin əhalisi müstəqilliyi coşqu ilə bayram edəcək. İdarələr, məktəblər işləməyəcək, küçələr qələbəlik olacaq, bayram mərasimləri keçiriləcək. Ərəblər səxavətlə öz əcnəbi qulluqçularına pul paylayacaqlar. O cümlədən məlum səbəbdən Dubaya gedənlər də ikiqat qazanc əldə edəcəklər.

Soruşacaqsınız ki, ərəb kişiləri niyə ucdantutma ağ libasa bürünürlər. Cavab verirəm: ağ uzun libas – zəhgin yaşamağa bir işarədir. Soruşacaqsınız ki, bizim də neftimiz var,  bəs biz niyə zəngin yaşamırıq? Bu dəfə cavab verməyəcəyəm.

 

2 dekabr. Cahangir müəllimin menyüsünə

Bu gün beynəlxalq quldarlıqla mübarizə günüdür. Allah hər birimizi mənəvi qul olmaqdan qorusun. Bu gün oyuncaq dəmiryolu günüdür. Deyilənə görə oyuncaq dəmiryolu kolleksiyalarını ən çox eks dəmiryolu nazirləri toplayırlar. “Laosda müstəqillik, Kubada hərbi qüvvələr, Belarusda hüquqşünas günüdür” kəlmələrini yaza-yaza fikir məni Amerika mətbəxinə çəkir, görəsən onlarda hansı bayramdır deyə düşünürəm, deməzsənmiş, milli oladi şirniyyatı günüymüş.

1991-ci ilin bu günündə qardaş Ukrayna müstəqilliyini elan edib, ilk olaraq bunu tanıyan Kanada və Polşa olub. 1981-ci ildə Amerikanın pop-divası Britni Spirs doğulub. (Bizim də divamız, gərək ki, Aygün Kazımovadır). 1982-ci ildə Yuta universitetinin cərrahları pensiyaçı Barni Klarka ilk süni ürək qoyublar, bu ürəklə həmin şəxs 112 gün yaşayıb. 1969-cu ildə Sietl və Nyu-York arasında 191 sərnişinlə ilk Boinq təyyarəsi uçub. (Bu xəbər AZAL başbiləni Cahangir müəllim üçün yəqin maraqlı oldu). 1946-cı ildə Canni Versaçe doğulub, dünyanın ən ünlü kuturyelərindən biri. Əfsus ki, bu böyük şəxsiyyəti öz evinin kəndarında güllələyiblər. 1923-cü ildə dünyanın ən gözəl soprano səsli müğənnisi hesab edilən yunan Kallas Mariya dünyaya gəlib. 1901-ci ildə amerikalı Kinq Jilett ikitərəfli birdəfəlik lezvaya patent alıb. Təbii ki, üz, o cümlədən bığ qırxmaq rahatlaşıb. (Füzuli aeroportunun açılışında Azərbaycan və Türkiyə prezidentləri ilə üştərəfli söhbətindən sonra bu xəbər də Cahangir müəllim üçün yəqin maraqlı oldu). 1870-ci ildə Roma İtaliyanın paytaxtı elan edilib. 1852-ci ildə Fransa prezidenti Napoleon Bonopart özünü Fransanın imperatoru elan edib. 1859-cu ildə pauntalizm cərəyanının banisi olan fransız rəssam Sera Jorj doğulub. 1823-cü ildə ABŞ prezidenti Ceyms Monro Avropa ölkələrinin Amerika qitəsinin işlərinə qarışmamaq prinsipini irəli sürüb. 1814-cü ildə də Alfons Fransua de Sad adlı fransız yazışı dünyadan köçüb. Bəli, sadizmin yaradıcısından söhbət gedir.

 

 3 dekabr. Beynəlxalq Əlillər Günü

1992-ci ildə Rusiya Federasiyasının təşəbbüsü ilə BMT-nin Baş Məclisində dekabr ayının 3-nün Əlillər Günü kimi qeyd olunmasıyla bağlı qərar qəbul edilib. Hər il keçirilən Beynəlxalq Əlillər Günü əlillərin ehtiyaclarını başa düşmək və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək və həmçinin, məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsinə çalışmaq əsas meyar hesab olunur. Dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.

Ölkəmizdə bu ilin əvvəli üçün 600 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq var idi. Amma əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev cənabları bu sayın xeyli azalması uğrunda məqsədyönlü fəaliyyətə başladığından, bu rəqəmin ciddi itkiyə məruz qaldığı istisna deyil.

 

3 dekabr. Ümumdünya kompüter qrafikası, dizaynerlər və animatorlar günü

“Evans & Sutherland” adlı ilk kompüter qrafikası ilə məşğul olan şirkəti hələ uzaq 1968-ci ildə yaratmışdılar. Onun yaradıcısı Amerika alimi Ayven Sazerlend idi. O, həm də internetin pioneri hesab edilir. 1984-cü ildə stereolitoqrafiya metodunun kəşfi ilə 3D çap üsulu da ram edildi. Sonradan bu üsul kompüterlərə də aid edildi. Bu gün kompüter qrafikası sahəsində Dell, İntel, Adobe, Vidia kimi öncüllər liderlik edirlər. Əgər sizin tanış dizaynerləriniz, tanış 3 D mütəxəssisləri varsa heç də pis olmaz ki onları təbrik edəsiniz.

 

3 dekabr. “Öz əlinlə hədiyyə düzəlt” günü

Uşaqlar bağçada rəngli kağız və kartondan hədiyyələr düzəldirlər, bu hədiyyələri böyüklər məmnuniyyətlə qəbul edirlər, bu öz yerində. Amma bu bayram həm də böyüklər üçün nəzərdə tutulur. İndi bir məni agah edin görək, biz öz əlimizlə nə hədiyyə düzəldə bilərik və tutalım, səkkiz martda xanımlar üçün vatman kağıza yapışdırdığımız gül  rəsmini xanımlar başımıza vurmazlarmı.

 

3 dekabr. Böyük Stradivarinin müəllimi

1989-cu ilin bu günündə Mixail Qorbaçovla Corc Buş SSRİ ilə ABŞ arasındakı soyuq müharibənin rəsmən bitdiyini elan etdilər. 1984-cü ildə ən böyük sənaye qəzalarından biri Hindistanda baş verdi, Bxopal kimya kombinatından zəhərli qazın sızması nəticəsində 2000 insan öldü, 20000 insan kor oldu. 1979-cu ildə İranda yeni konstitusiya qəbul edildi, cəmiyyətin islamlaşması, şəriət məhkəməsi, qadınların zorən çadra taxması qəbul edildi. 1973-cü ildə amerikalılar ilk dəfə Yupiter planetinə uçdular. 1959-cu ildə ruslar “Lenin” adında ilk atom sualtı gəmi istehsal etdilər. 1910-cu ildə Parisdə ilk leon lampası nümayiş olundu. 1894-cü ildə “Dəfinələr adası” romanının müəllifi, şotland yazıçı Robert Stivenson dünyasını dəyişdi. 1775-ci ildə ilk dəfə ABŞ-da hazırkı ulduzlu xətt-xətt bayraq ucaldıldı. Və ən nəhayət, 1596-cı ildə italyan skripkaçı, Antonio Stradivarinin müəllimi Nikolo Amati dünyaya gəldi.

 

4 dekabr. Şaxta babaya hədiyyə sifarişi günü

Şərqi Avropa ölkələrində balaca uşaqları xoşbəxt etmək üçün bu gün xüsusi ünvanlar açıqlanacaq, uşaqlar ora Şaxta babadan istədikləri hədiyyələrin adlarını yazacaqlar, xüsusi fondun maliyyəsi hesabıan bu hədiyyələr alınıb dekabrın 31-də uşaqlara çatdırılacaq. Bəlkə biz də belə bir iş görək? Heç olmasa şəhid və qazi övladlarının yeni il arzularının reallaşmasına köməklik göstərək? Əlbəttə, təzadlar ölkəsində yeni il gecəsində Laplandiyada əsl Santa Klausla görüşən, Mayamidə şellənən, Kanarda əylənən, Eyfel zirvəsində şampan partladan, özünə sifarişlə son model Ferrari gətizdirən kəslər belə bir aksiyaya qoşulmayacaqlar. Amma rasiondan əti, kərə yağını, meyvəni yığışdıran, təzə paltar almağı yadırğayan, zorən on bir nömrəli marşrutdan istifadə edən kəslər mütləq bir-iki manat artırıb balacaları sevindirmək istəyəcəklər. Təşəbbüs göstərəkmi?

 

4 dekabr. Qəhvəyi ayaqqabı gəzdirmə günü

Nəyi qoyub nəyi axtarırsınız, ay şimali avropalılar. Bir gün öncədən kimdə bu rəng ayaqqabı yoxdursa alır, 4 dekabrda hamı ancaq qəhvəyi ayaqqabı geyinir. Gözəl mənzərədir, bütün ayaqlarda eyni rəngdə ayaqqabılar. Əsatirə görə, dəridən düzəlmiş ilk ayaqqabı məhz qəhvəyi olub, ona görə də ilin bir günü həmin o ilk ayaqqabı yad edilir.

 

4 dekabr. İd-il-Burbara günü

Böyük bir təzad: Helloun bayramına bənzəyən bu gün xristian müqəddəsi Varvaranın şərəfinə qeyd edilir, amma gördüyünüz kimi, ad özü ərəbcədir, xristianlı müqəddəsin adına bayramı əsasən islam dünyasında - İordaniyada, Livanda, Suriyada, Fələstində, hətta qardaş Türkiyədə bayram edirlər.

 

4 dekabr. Beynəlxalq hepard günü

Afrika savannalarının ən görkəmli sakini olan hepardlar (dilimizə çita kimi tərcümə edilsə də mən nədənsə bu çita variantını qəbul edə bilmirəm) bir də İranın Xorasan bölgəsində yaşayırlar. Bir vaxtlar Azərbaycanda da yaşayırdılar, amma kökləri kəsilib. Onların sürəti hətta saatda 135 km-ə çatır. Bu, bir rekord. Həmçinin, 120 km/saat sürəti sadəcə 3,1 saniyəyə yığırlar. Bu, digər rekord. Əgər hepard bu sürətlə uzun müddət qaçarsa bədən hərarəti 460 C-ni keçər (bu, növbəti rekord), bu isə onun beyin fəaliyyətinə ciddi zərər verə bilər. Buna görə də onun ov vaxtı 1 dəqiqədən çox çəkmir. Ən çox 20 il yaşayan hepardların maksimal sürətdə qaçarkən addımlarının arasındakı məsafə bəzən 15 m-ə çata bilir. Bu da daha bir rekord. Bu qeyri-adi canlının kökünün kəsilməməsi naminə bu gün onun günüdür, onları qorumaq cəmiyyətlərə ismarıc ediləcək.

 

4 dekabr. Görkəmli rus yazıçısı Nikolay Tixonovun 125 illiyi

1914-1918-ci illər Birinci Dünya müharibəsi, 1918-1920-ci illər Rusiyanın Vətən müharibəsi və 1941-1945-ci illər II Dünya müharibəsinin iştirakçısı olmuş Nikolay Tixonov üçün həyat ən böyük müəllim olub, üstəlik, ona gen-bol material verib. Görkəmli yazıçının yaradıcılığında sülh, şərq xalqlarının milli azadlıq və istiqlaliyyət uğrunda mübarizəsi, Sovet xalqlarının dostluğunun tərənnümü başlıca yer tutub. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə, o cümlədən Azərbaycan dilinə və bir çox xarici dillərə tərcümə edilib. Azərbaycan xalqının yaxın dostu olan Tixonov 1941-ci ildə Sankt-Peterburqda - Ermitrajda Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinin təşkilatçılarından olub. Blokada şəraitində, aclıq və ölümlə üzbəüz qalmış bir şəhərdə azərbaycanlı şairin anılması kitablara düşən, yaddaşlardan silinməyən bir hadisədir əlbəttə. Tixonov dəfələrlə Azərbaycana gəlib, ölkəmiz haqqında bır sıra şeirlər, Azərbaycan ədəbiyyatı, onun görkəmli simaları haqqında məqalə və xatirələr yazıb. Azərbaycan xalqını ilk dəfə  “şair xalq” adlandıran da məhz o olub.

Sadalamıram, Nikolay Tixonov SSRİ-nin bütün mükafatlarına layiq görülüb, 40 il dalbadal deputat olub. Bizimkilər də ona “Xalq şairi” fəxri adını veriblər. O, 1979-cu il fevral ayının 8-də Moskva şəhərində vəfat edib. Xaçpərəst də olsa,  Allah rəhmət eləsin deyək ona.

 

4 dekabr. Kamal Abdulla, Pol Elüar və Ömər Xəyyam

İnformatika günü. Məktəblərdə artıq belə bir fənn keçilir. Bu gün kimin informatika dərsi varsa ikiqat səylə çalışsın. Barburka günü. Şaxtaçılar günü bayramıdır, təşəbbüs polyaklardan gəlib. Kaberne-fran günü. Şərabsevənlərə sübut edilir ki, bu növ şərab adi qarışıq növ deyil, daha artığıdır. ABŞ-da isə milli peçenye günüdür. Düzdür, ABŞ-ın Qazaxla heç bir əlaqəsi yoxdur, amma nədənsə məndə məhz indi bir sual doğuldu, görəsən niyə Qazaxda peçenyeyə qəlet deyirlər?

1987-ci ildə krım tatarları SSRİ-dən növbəti zərbə alıblar, onlara öz ana vətənləri olan Krımda və Krasnodarda qeydiyyata alınma məhdudiyyəti qoyulub. Həmin gün qəzadan sonra Çernobıl AES-in 3-cü enerji bloku fəaliyyətini davam etdirib. 1982-ci ildə tetraamelya sindromu ilə doğulmuş, əlsiz-ayaqsız olan dünyaca məşhur motivasiya məşqçisi, missioner Nik Vuiçiç dünyaya gəlib. 1950-ci ildə Azərbaycanın xalq yazıçısı, “Yarımşıq əlyazma” romanı ilə adını ədəbiyyat tariximizə yazmış, BDU-da mənim müəllimim olmuş Kamal Abdullanın doğum günüdür. 1946-cı ildə Moskvada ilk “Moskviç – 400” avtomobili yığılıb. 1922-ci ildə ünlü fransız aktyoru, “Fanfan tülpan” filmi ilə adını tarixə yazmış Jerar Filipp dünyaya gəlib. 1913-cü ildə televiziya pultunu kəşf etmiş amerika ixtiraçısı Robert Adler doğulub. 1895-ci ildə dünya poeziyasının ən görkəmli nümayəndələrindən olan fransız Pol Elüar dünyaya gəlib. 1808-ci ildə Napoleon nəcib iş görərək əsarətdə saxladığı İspaniyada inkvizisiyanı ləğv edib. 1791-ci ildə Britaniyanın “Observer” qəzetinin ilk sayı işıq üzü görüb. 1674-cü ildə fransız yezuitləri ABŞ ərazisində Çikaqo adlı şəhər salıblar. 1131-ci ildə dahi fars-tacik şairi, dünyanın bütün sirlərini şərab üzərindən açan filosof Ömər Xəyyam dünyadan köçüb.

 

5 dekabr. Ümumdünya yerin təki günü

6 qatdan ibarət olan, sualtı sular üçün filtr rolunu oynayan yerin təki özündə 45 faiz mineral hissəcik, 25 faiz su, 25 faiz hava və 5 fazi üzvü maddələr daşıyır. Ekosistemin qorunmasında əhəmiyyətli rol oynayan bu qat bitkilər aləminin həyat mənbəyi hesab edilir. Yerin təkinin qorunması vacibdir, bu gün insanlara xilaskarlıq missiyası tapşırılacaq.

 

5 dekabr. Şəhid daxili işlər naziri Məhəmməd Əsədovun 80 illiyi

1991-ci il noyabr ayının 20-də Azərbaycanın dövlət xadimləri öz vəzifə və vətəndaşlıq borclarını yerinə yetirmək üçün vertolyotla Ağdam şəhərinə uçarkən Qarakənd səmasında dəhşətli, yaddaşlardan silin­məyən qanlı vertolyot faciəsi baş verdi. Sanki hansısa xəyanətkarlıqla vertolyota doldurulub erməni terrorçularına yem olaraq göndərilən şəxslərin hamısı müstəqilliyimizin qatı tərəfdarları, vətənpətrvərlər idi. Xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə şəhid olan bu şəxslərin arasında daxili işlər naziri Məhəmməd Nəbi oğlu Əsədov da var idi.

Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Uzun illər partiya-sovet işlərində çalııbş, 1982-ci ildə Moskva Təhlükəsizlik Akademiyasını qırmızı diplomla başa vurub, Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilib, nazir işlədiyi müddətdə vaxtının çoxunu Qarabağ bölgəsində keçirib, əsgərlərlə çiyin-çiyinə səngərlərdə gecələyib. 1990-cı il noyabr ayının 5-də general-mayor rütbəsini alıb.

Allah ona rəhmət eləsin!

 

5 dekabr. Beynəlxalq Könüllülər Günü

BMT-nin Baş Məclisi tərəfindən 1985-ci ildən iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Könüllülük – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən şəxsdir. Könüllülüyün məqsədi isə tapşırıqları yerinə yetirmək, fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, fədakarcasına, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir. Bu öz maraqları, şəxsi bacarıqları və öyrənmə vasitəsilə cəmiyyətə xidmət göstərilməsidir ki, qarşılığında pul əvəzinə özünə dəyər və hörmət hissi qazanılır. Bu təqvim günü ölkəmizdə hər il yüksək səviyyədə qeyd edilir. Könüllülərin səyi nəticəsində hər gün minlərlə insan maarifləndirilir, onların pis vərdişlərdən uzaqlaşması naminə müxtəlif layihələr həyata keçirilir.

Ölkəmizdə könüllülük hərəkatı geniş vüsət alıb, bu faktdır. Hətta Prezident İlham Əliyev 2020-ci ili respublikamızda “Könüllülər ili” elan etmişdi. Avropa oyunları, Formula 1 kimi idman yarışlarında, beynəlxalq forumlarda böyük vüsət almış mövsümi könüllülük hərəkatı Asan könüllüləri qismində daimi status da qazanıb. Azərbaycan könüllülərini – fədakar gənclərimizi təbrik edirik.

 

5 dekabr. Tanınmış aktyor Həsənağa Salayevin 100 illiyi

Həsənağa Dərya oğlu Salayev 1921- ci il dekabr ayının 5-də Bakıda anadan olub. Bakıdakı 6-cı Şura məktəbində təhsil alıb, 1937-ci ildə Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib, 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib, müharibənin qan-qadasından keçib, qələbədən sonra 1946-cı ildə yenidən doğma kollektivə qayıdıb. Onun “Oqtay Eloğlu” tamaşasında yaratdığı baş qəhrəman haqqında uzun illər mətbuatda müxtəlif fikirlər səslənib. Səhnə fədaisinin yaratdığı həmin monumental obraz bu günə kimi əvəzedilməz olaraq qalmaqdadır. Teatrla yanaşı, kino sahəsində də çalışan Salayev “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Fətəli xan”, “Görüş”, “O olmasın, bu olsun”, “Onu bağışlamaq olarmı?”, “Koroğlu”, “İstintaq davam edir” bədii filmlərində əsas rollara çəkilib. “İstintaq davam edir” bədii filmində həm baş rolda oynayıb, həm də bu ekran əsərinin rejissoru olub. Milli teatrın və kinonun inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlara, 1959-cu ildə Azərbaycanın “Əməkdar artist”, 1974-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Həsənağa Salayev 1981-ci il oktyabr ayının 2-də vəfat edib, ruhu şad olsun.

 

5 dekabr. Mandelanı, Cavidi, Moneni, Dümanı, Motsartı aparan gün

Vanna günü. Duş sevənlər ən azı bu gün vərdişlərini dəyişməlidirlər. Nindzya günü. Bu Şərq sənətini bir gün mənimsəmək pis olmazdı. Fransada əfvetmə, Niderlandda Klozum (keşiş), Avstriyada Krampus (cadugər) və Amerikada komfortla yemək günü.

2017-ci ilin bu günündə Beynəlxalq Olimpiya Komitəsi dopinq istifadəsinə görə Rusiya qış olimpiya yığmasını 2018-ci il oyunlarından kənarlaşdırıb. 2013-də Nobel mükafatçısı, CAR-ın prezidenti olmuş Nelson Mandela vəfat edib. 1966-cı ildə məşhur fransız müğənnisi Patrisiya Kaas doğulub. 1949-cu ildə Qüds İsrailin ilk paytaxtı elan olunub. 1946-cl ildə məşhur ispaniyalı tenor Xose Karreras doğulub. 1941-ci ildə Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri – Stalin repressiyasının qurbanı Hüseyn Cavid İrkutsk həbsxanasında işıqlı dünyaya əlvida deyib. 1940-cı ildə Azərbaycan teatr və kinosunun unudulmaz aktyoru Ağasadıq Gəraybəyli vəfat edib. 1936-cı ildə Qazaxıstan və Qırğızıstan SSRİ tərkibində müxtar respublikadan ittifaq respublikasına keçiblər. Həmin gün SSRİ-də Stalin Konstitusiyası da qəbul edilib. 1926-cı ildə məşhur fransız rəssamı, impressionizmin banisi Klod Mone dünyadan köçüb. 1925-ci ildə SSRİ-nin ilk kult filmi olan “Potyomkin zirehli gəmisi” ekranlaşdırılıb. 1924-cü ildə Azərbaycan kinosunun incise sayılan “Şərikli çörək” filminin rejissoru Şamil Mahmudbəyov dünyaya gəlib. 1901-ci ildə adı uşaqların dillərində əzbər olan amerika rəssamı Uolt Disney dünayaya gəlib. 1879-cu ildə ABŞ-da ilk ATS yaradılıb. 1870-ci ildə Aleksey Düma – dünyaşöhrətli fransız, Quba hamamında çimib çimmək günah sayılan avropalıları bədbəxt adlandıran dahi yazıçı dünyadan köçüb. 1803-cü ildə rus şairi Fyodor Tütçev doğulub. 1791-ci ildə başqa bir dünyaşöhrətli şəxs – Avstriya bəstəkarı Volfqanq Amadey Motsart dünyadan köçüb. 1766-cı ildə dənizçi Ceyms Kristi Londonda ilk auksion keçirib, yeri gəlmişkən, indi Kristis düenyanın ən məşhur auksionudur. 1496-cı ildə Portuqaliya karalı Manuel yəhudilərin ölkədən qovulması barədə fərman imzalayıb.

 

5 dekabr. İnkvizisiya tonqalları

Ən nəhayət, 1484-cü ilin 5 dekabrında Roma Papası əcinnə ovuna çıxanlara inkvizisiya tonqallarını daha gur yandırmağı əmr edib. Hardasa bizlərin 37-ci il repressiyasına bənzər bir azadfikirliliyin təqibi və cəzalandırılması ən işıqlı insanların məhvi ilə sonuclanıb. Bəlkə də tale işidir ki, repressiya qurbanı Hüseyn Cavid də məhz 5 dekabrda dünyadan köçüb.

Çox təəssüf ki, əsrlər ötsə belə cəmiyyətlər yenə də azad ola bilməyiblər. İnkvizisiya tonqallarına insanların cisimləri atılırdısa indi arzuları atılır, repressiya edamlarına insanların cisimləri tuş gəlirdisə, indi arzuları tuş gəlir.

Çox təəssüf!

Yunanıstanın Mədəniyyət Fondunun təşkilatçılığı ilə Saloniki şəhərinin Beynəlxalq Sərgi və Konfrans Mərkəzində (TIF-HELEXPO) 18-ci beynəlxalq kitab yarmarkası keçirilir.
AzərTAC xəbər verir ki, keçirilən yarmarkada Yunanıstanda akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqlar, eləcə də burada fəaliyyət göstərən yerli və xarici universitetlərin filialları tərəfindən stendlər qurulub, iştirakçı ölkələr tərəfindən nəşr olunmuş kitablar, jurnallar və digər nəşriyyat materialları ziyarətçilərə təqdim edilib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə cari ildə elan olunmuş “Nizami Gəncəvi İli” çərçivəsində, Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən yarmarkada dahi şairin guşəsi yaradılıb. Səfirliyin təşkilatçılığı ilə yaradılan Azərbaycan stendində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin şəkili “Xəmsə”sində yer alan minatürlər əsasında xüsusi olaraq dizayn edilib. Guşədə dahi şairin ingilis dilində nəşr olunmuş əsərlərinə, eləcə də “Xəmsə”sindəki miniatürlərindən ibarət kitablara xüsusi yer ayrılıb.
Tədbir iştirakçıları tərəfindən Nizaminin müxtəlif əsərlərində yer almış miniatürlərə böyük maraq göstərilib. Qeyd edək ki, Saloniki Beynəlxalq Kitab Sərgisi sonucu dəfə 2019-cu ildə keçirilmiş, 102-si beynəlxalq olmaqla 690 iştirakçı və 85.000 iştirakçı sərgini ziyarət etmişdi. Lakin keçən il COVID-19 pandemiyası ilə əlaqədar sərgi onlayn formatda baş tutub. Sərginin əsas məqsədi kitab və mütaliəni təbliğ edərək populyarlaşdırmaq, ziyarətçiləri həm Yunanıstanın, həm də dünyanın müxtəlif ölkələrin xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaqdan ibarət olub.
Bu il təşkil olunan növbəti yarmarkanın fəxri qonağı almandilli ədəbiyyatdır. Almandilli ölkələrdən dəvət olunmuş müəlliflərin, eləcə də kitab mütəxəssisləri iştirak etdiyi yarmarkanın əsas məqsədi dialoq, şəbəkələşmə və fikir mübadiləsi olan “Gəlin danışaq!” proqramıdır. Yunanıstan tarixinin mühüm aspektlərini yenidən araşdırmaq, daha çox qəhrəmanların, hadisələrin, beynəlxalq əlaqələrin və daha geniş perspektivlərin işıqlandırılmasına diqqət yetirilən sərgidə audiokitablar, podkastlar və digər nəşriyyat materialları ziyarətçilərə təqdim olunur. Keçirilən sərgiyə Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi və təşkilatçılığı ilə yanaşı Yunanıstanın Goethe İnstitutu, Litrix.de və Frankfurt Kitab Sərgisi tərəfindən də dəstək göstərilib. Sərgidə, həmçinin Yeni Yazıçılar Festivalı, Tərcümə Festivalı, Kitabxanaçıların görüşü, o cümlədən yeni nəşrlərin təqdimatları, müəlliflərlə müzakirələr, tematik sərgilər və nümayişləri əhatə edən ənənəvi tədbirlər proqramı ilə yanaşı Saloniki şəhərindən olan yazıçıları Matsi Chatzilazarou (1914-1987) və Anestis Evangelou (1937-1994 yaradıcılıqlarını əhatə edən müzakirələr təşkil olunacaq.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında səhnələşdirilən “Baladadaşın toy hamamı” (bəstəkar Firidun Allahverdi) ikihissəli musiqili lirik komediyasi nümayiş olunub.
Teatrdan AzərTAC-a bildirilib ki, sevilən tamaşalar sırasında yer alan bu səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlərdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Səhnə əsərində adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir.
Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Çingiz Əhmədov, Nahidə Orucova, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Əmrah Dadaşov, Aydan Həsənova, Gülcahan Salamova, Gültac Əlili, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Güldanə Əzimova, Telnaz Hüseynova, Fərid Rzayev, Nigar Qarayeva və başqaları ifa ediblər.

Bazar ertəsi, 29 Noyabr 2021 10:12

Musiqili Teatrın dekabr repertuarı açıqlanıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının dekabr repertuarını təqdim edirik:

4 dekabr - “Qafqazlı qardaşqızı”

5 dekabr - “O olmasın, bu olsun”

10 dekabr - “Bir nəfəs qədər” (premyera)

11 dekabr - “Mən dəyərəm min cavana”

12 dekabr - "Bir nəfəs qədər”

16, 17 dekabr - "Beş manatlıq gəlin” (premyera)

18 dekabr - “Baladadaşın toy hamamı”

19 dekabr - "999-cu gecə”

24 dekabr - “Fransızsayağı qarnir”

25 dekabr - “Paris Notr-Dama ithaf”

26 dekabr - “Operetta inciləri” konsert proqramı

Qeyd edək ki, biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket. az” saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət” portalında İntiqam Yaşarın budəfəki Şənbə qonağı yazıçı Kənan Hacıdır.

 

 

 

-Salam, Kənan bəy. Ədəbiyyat adamı kimi yaşamaq zövqünü necə anladardınız?

 

-Xoş gördük, İntiqam bəy. Səninlə uzun-uzadı söhbətlərimizin əsas mövzusu həmişə ədəbiyyat olub. Ədəbiyyat bizi bir araya gətirib. Ədəbiyyat insanları bir-birinə dost edir, ünsiyyət yaradır. Mən ədəbi aləmdə çox gözəl dostlar qazanmışam. Ədəbiyyat adamı kimi yaşamağın ən gözəl tərəflərindən biri də budur. Ədəbiyyat mənim üçün bir yol xəritəsidir, kompasdır. Ədəbiyyatsız dünyada oksigen çatışmazlığından adamın ürəyi partlayar. Ədəbiyyat havadır, sudur, gündəlik qida qədər həyati əhəmiyyət daşıyan tələbatdır. Yeməyi necə ləzzətlə yeyiriksə, mütaliə edəndə də, yazı yazanda da eyni zövqü yaşayırıq. Yəqin ki, sözə xidmət edən bütün qələm adamları eyni hisləri yaşayır. Ədəbiyyat məni uçurumlardan xilas edib, onun sayəsində mənəvi böhranları adlaya bilmişəm. Təklik, mənəvi sıxıntılar, çarəsizlik hissi tornado buludu kimi üstümə şığıyanda mənim dadıma çatan ədəbiyyat olub. Valideynlərimi itirəndən sonra, belə demək mümkünsə, ədəbiyyat mənə atalıq edib. Mark Tvenin məşhur fikirləri yadıma düşdü. Deyir ki, “uğur qazanmağın sirri öz peşəni istirahətə çevirməkdən ibarətdir”. Elə adamlar var ki, iş onlar üçün qeyri-sağlam asılılığa çevrilib, məcburiyyət qarşısında o işi görürlər. Xoşbəxt o insandır ki, işindən zövq alır.

 

-Kifayət qədər məhsuldar yazar sayılırsınız. Yazmaq Kənan Hacı üçün nə deməkdir?

 

-İnsanın maddi tələbatları olduğu kimi mənəvi tələbatları da olur. Yazmaq da mənim üçün mənəvi tələbatdır. Yazmaq istədiyim çox şeylər var, yaza bilmədiklərim var, bunlar nə vaxtsa yazılacaqmı? Bilmirəm. Daxili əhval-ruhiyyədən, yaradıcılıq enerjisindən asılıdır. Mənim içimdə bəzən ruhi təlatümlər baş verir, bəzən sanki dərin bir boşluğa düşürəm. Onda heç nə yaza bilmirəm, daxili vurnuxmalardan yaxa qurtarmaq üçün müxtəlif işlərlə başımı qatıram. Elə vaxtlar olub ki, dörd il bir cümlə də yazmamışam. Həyatımda ard-arda baş verən itgilər, taleyin zərbələri göz açmağa aman vermirdi. Bütün gücümü, enerjimi həyatda qalmaq üçün sərf edirdim. Düşünəndə ki, daha heç nə yaza bilməyəcəm, dəli olurdum. Şükür ki, o dönəm keçdi, tədricən yaradıcı atmosferi öz içimdə bərpa edə bildim. İndinin özündə də mənəvi yorğunluq hiss edəndə bir müddət qələmi dincə qoyuram. Təbiətin qoynuna gedirəm, orda ruhi dinclik tapıram, bir növ, özümü format edirəm. Təbiətlə təmas insanı təzələyir, ona inanılmaz enerji verir. Məsələn, dəniz mənim üçün sonsuz bir enerji mənbəyidir. Mən yorulanda dənizin sahilinə gedirəm. Fərq etməz, qış, ya da yay. Buzovnada, Bilgəhdə yaxşı dostlarım var, qışda da ruhum sıxılanda üz tuturam o yerlərə, şüşəli aynabənddən dənizi seyr edirəm. Şəhərə qayıdanda adam özünü, rus demiş, “svejiy” hiss edir. Qaxda ailəvi dostlarımız var, yayda gedib on-on beş gün qalıram. Bu yayın iyirmi gününü İlisuda keçirdim və orda bir povest yazdım. Bax, yazmaq belə bir mürəkkəb prosedurdur. Yazmağın dəqiq resepti olmadığı kimi günü, saatı da bəlli deyil. Bu, birbaşa insanın içindəki mexanizmdən asılıdır, o nə zaman işə düşəcəksə, sən yazmağa başlayacaqsan.

 

-Poeziya xətti ön planda olan bir yazar qəfildən ard-arda yazılan nəsr əsərlərinə keçid etdi. Səbəb nə oldu?

 

-Mənim ədəbiyyata yolum jurnalistikadan başlayıb. Doqquz yaşımdan şeir yazmağa başlamışam, yuxarı siniflərdə oxuyanda özümdən hekayələr quraşdırıb ümumi dəftərə yazırdım. Sonra onların hamısını cırıb atdım. Bəlkə iki-üç şeir arxivimdə qalıb. Mənim nəsrə keçməyim qəfil olmayıb, 90-cı illərdən ara-sıra hekayələr yazırdım. Bir dəfə “Məlikməmməd nağılı”nı dekonstruksiya etmək ağlıma gəldi. Öz aləmimdə postmodern bir hekayə yazmaq istədim. Beləcə, “Quyu” hekayəsi yazıldı. Bu hekayə marağa səbəb oldu. O hekayənin yazılmasından iyirmi il keçib, hələ də “Quyu”nu xatırlayırlar. Həmin hekayəni “Quşlar üçün karusel” hekayələr kitabıma daxil etmişəm. Hekayə “Ədalət” qəzetinin ədəbiyyat əlavəsində çap olunandan sonra xalq yazıçısı, rəhmətlik Sabir Əhmədli ilə Vahid Poeziya evində rastlaşdıq, çay süfrəsi arxasında xeyli söhbətləşdik. Sabir müəllim dedi ki, sənin hekayən çox xoşuma gəldi, yanaşma tərzin yenidir. Sonra bir yazı da yazdı bu hekayə haqqında. Mən həmin yazını “Çəhrayı qan” kitabımda ön söz kimi vermişəm. Bundan sonra bir neçə hekayə də yazdım və beləcə, proza məni özünə çəkdi. Onu da deyim ki, mənim ilk kitabım “Özündən qaçmaq olmur” şeirlər kitabıdır, kitaba ön sözü tənqidçi Əsəd Cahangir yazıb. Şeirlərim haqqında müxtəlif vaxtlarda Vaqif Yusifli, Səlim Babullaoğlu, Tofiq Abdin və digər ciddi qələm adamları yazılar yazıblar. İndiyəcən üç şeirlər kitabım nəşr olunub. Sonuncu şeir kitabım “Səssizliyin cismindəki sirr” ötən il İstanbulda POST Yayınlarında dərc olundu.

 

-“Yaddaş kartı” əsərində bir köhnə Bakı həsrəti xüsusi xətt kimi sonacan davam edir. Köhnə Bakı Kənan Hacı üçün necə məna kəsb edir?

 

-Sovet dövründə Bakı çoxmillətli şəhər olub, müxtəlif millətlərin nümayəndələri bu şəhərdə əmniyyət içində yaşayıblar və şəhərin ruhuna ekzotik elementlər əlavə ediblər. İndi Bakı meqapolis şəhərə çevrilib, amma mən köhnə Bakı üçün çox darıxıram və bu nostalji son dərəcə təbiidir. Çünki mənim uşaqlığım Bakı kəndində keçib, o kəndin dənizi, əhəng daşından hörülmüş alçaq hasarları, həsir oturacaqları, yelləncəkləri, qumsallıq, əncir, üzüm bağları üçün burnumun ucu göynəyir. Ən çox da məhləmizdəki qollu-budaqlı, iri tut ağacı tez-tez yuxularıma gəlir. O tut ağacının altı mənim üçün dünyanın ən işıqlı parçası olaraq qalır, harda olsam da o ağacın işığı mənim içimdədir. O retrospektiv məkanda namaz qılan qocalara bənzəyən kirli neft mancanaqları da, qumlu sahil də, sahildəki yorğun gəmi də, tut ağacı da bir bütöv halındadır. Sanki ağ-qara ekranda köhnə filmi seyr edirsən. Zaman məni o məkandan uzaqlaşdırdıqca həmin görüntülər rəngsiz bir hüzn yaradır. Bu məkanın mənim üçün ayrıca bir geoloji qatı var, bura sanki Anubisin keşik çəkdiyi yeraltı labirintdir və Mark Tvenin Tom Soyyeri kimi heç bu labirintdən çıxmaq istəmirsən.

 

Mən Bakını idealizə etmək fikrindən uzağam. Bu gün ölkənin baş kəndi olan Bakının bütün bəşəri dəyərləri özündə birləşdirməsi, Şərqlə Qərbin sintezini yaradan zahiri görünüşü dünya mədəniyyətinin bir parçası olmaq baxımından çox sevindiricidir. Amma biz dünənimizin, keçmişimizin də üzünə pərdə çəkməli deyilik. Köhnə Bakı indi “Sovetski”, “Zavağzalnı” deyilən yerlərin dar küçələrinə, bir az da İçərişəhərin daş döşənmiş yollarına sığınıb. Mən bu küçələrdən keçəndə sanki keçmişimə səyahət edirəm. “Yaddaş kartı” da o nostalji hislərdən yarandı. 

 

-Son zamanlar çap olunan kitablarınız nəsr kitablarıdır. Nəzmlə tamamilə sağollaşdınızmı?

 

-Əsla. Xeyli sayda təzə şeirlər yazmışam. Bu günlərdə bir qismini “Ədəbiyyat qəzeti”ndə çap etdirdim. Şeir mənim həyatımın ritmidir, ay ərzində ən azı, iki-üç şeir yazıram və sosial şəbəkələrdə paylaşıram. Gələn il üçün bir şeir kitabı planlaşdırmışam. Sağlıq olsun.

 

-Uzun müddət jurnalistika sahəsində də fəaliyyət göstərdiniz. Hansı səbəbdən uzaqlaşdınız?

 

-Üç il “İki sahil” qəzetinin parlament müxbiri kimi fəaliyyət göstərmişəm. Sonra “Ədalət” qəzetində, Kulis.az-da, Publika.az-da, “Aydın yol” qəzetində  redaktorluq etmişəm. Əslində jurnalistikadan tam uzaqlaşmamışam. Mənim yazılarım ədəbi jurnalistikaya aiddir, zaman-zaman sənət adamlarından, yazıçılardan, şairlərdən, rəssamlardan, bəstəkarlardan müsahibələr götürmüşəm. Bu müsahibələri toplasam, iki cildlik kitab olar. Mən jurnalistikaya da yaradıcılıq kimi baxıram. Jurnalistikada ən çox sevdiyim reportaj janrıdır. 2019-cu ildə Avrasiya materikinin Ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda, Heydər Əliyev Mərkəzində keçirildi. Dünyanın 52 ölkəsindən 150-dən çox ədəbiyyat və mədəniyyət xadimi Bakıya gəlmişdi. Üç gün davam edən bu möhtəşəm tədbirdən geniş reportaj hazırladım və həmin reportaj mənim jurnalist bioqrafiyamda əlamətdar bir hadisə idi. “Bakıda ədəbiyyat rüzgarı” adlı yazım “Ədəbiyyat qəzeti”ndə yayımlandı. Həmin festival günlərində türk şairi Tuğrul Tanyolla, serb şairi Radomir Andriçlə, ingilis şairi Riçard Berenqartenlə, bir çox şair və yazıçılarla tanışlığımız yarandı. Bu tədbirin Bakıda keçirilməsində böyük əməyi olan yazıçı dostum Varisə fürsət düşmüşkən, bir daha təşəkkür edirəm. Düşünürəm ki, bu illər ərzində hazırladığım reportajları toplayıb kitab halında çap etdirmək lazımdır. İlk fürsətdə bunu gerçəkləşdirəcəyəm.

 

-Kənan bəy, teleserial ssenarisi də yazdınız. O mühitə bələd yazar kimi fikriniz maraqlıdır. Bu gün niyə səviyyəli, tamaşaçını cəlb edən seriallar yoxdur?

 

-Hə, “Atılmışlar”ın ssenarisini gənc yazıçı dostum Pərviz Seyidli ilə birlikdə yazdıq. Birgə çalışmaq təklifi ondan gəldi və mən də məmnuniyyətlə razılaşdım. Serial işi ədəbiyyatdan tamamilə fərqli bir sahədir. Peşəkar yazıçı ola bilər ki, ssenari yaza bilməsin. Ssenaridə çeviklik və lakonizm tələb olunur, dinamikanı qoruyub saxlamağı, tamaşaçının nəbzini tutmağı bacarmalısan, süjet xəttini inkişaf etdirmək, epizodlar arasındakı keçidlər riyazi dəqiqlik tələb edir. Romanın süjet xətti ilə ssenaridəki süjet xətti tamamilə fərqli anlayışlardır. Mən bunu bir neçə aylıq iş prosesində əyani şəkildə gördüm. Yazıçılıq fərdi işdir, sssenarist isə kollektivlə işləyir. Ssenarist kimi formalaşmaq üçün mütləq təcrübə keçmək lazımdır. Mən təəssüf edirəm ki, bizim istedadlı yazıçılarımız rejissorlarla sıx əlaqədə deyil. Rejissorların mütaliəsizliyi də bəzən bayağı serialların ortaya çıxmasına səbəb olur. Nəticədə bu sahəyə təsadüfi adamlar ayaq açır və ssenarist kimi təqdim olunurlar. Amma vəziyyət o qədər də ümidsiz deyil, yaxşı seriallar çəkilir. Məsələn, Pərviz  Seyidlinin ssenarisi əsasında rejissor Elvin Rüstəmzadənin çəkdiyi 12 seriyalı “Simurq” filmi həqiqətən də mükəmməl bir filmdir. Bu filmin ötürdüyü mesajlar, alt qatında gizlənən ideya, rejissor işi, aktyor oyunu möhtəşəmdir. Elvin Rüstəmzadə gənc olmasına baxmayaraq, çox gözəl rejissordur. Pərviz Seyidli də kifayət qədər mütaliəli və istedadlı yazıçıdır. Şərq mistikası ilə işləmək onda çox gözəl alınır. Bu iki istedadlı insanın iş birliyi teleserial sahəsində müsbət irəliləyişlərə təkan verəcək. Buna əminəm. Biz “Atılmışlar”ı yazanda mən o yaradıcı auranın içinə düşdüm və gördüm ki, bu iş nə qədər çətin, eyni zamanda zövqvericidir. Məsələ burasındadır ki, hamı səviyyəli serial tələb edir, gəlin görək, bizdə ciddi filmlər baxılırmı, reytinq verirmi? Təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil. Onda ssenarist məcbur olur orta bir xətt tapır, həm tamaşaçını qane etsin, həm də alt qatında ciddi mətləbləri verə bilsin. Sözsüz ki, sənəti reytinqə qurban vermək olmaz. Bu sahədə orta yol tapmaqla tədricən tamaşaçının da zövqünü formalaşdırmaq mümkündür. Düşünürəm ki, tədricən seriallarımız da təkmilləşəcək. Tamaşaçı artıq gəlin-qayınana davalarından bezib. Ciddi seriallarımız yaranır. Məsələn, İlqar Fəhminin ssenarisi əsasında çəkilmiş “Çaqqal nəfəsi” serialı çox əla bir işdir. Pərviz Seyidlinin “Simurq” filmi, Rövşən İsaxın çəkdiyi seriallar, xüsusən “Yuxu kimi” serialı ideya və süjet baxımından bayağılıqdan çox-çox uzaqdır. Əksinə, bu seriallar tamaşaçını düşünməyə vadar edir, roman dadında filmlərdir. Düşünürəm ki, tədricən serial sənayesinə peşəkarlar gəldikcə səviyyə də yüksələcək.

 

-Sizcə, bizim efirlərin ortaya sanballı nümunə qoymağı üçün nə lazımdır? Bir yazar olaraq həlli nədə görürsünüz?

 

-Sadəcə, peşəkarlara meydan vermək lazımdır. Efirlərdən təsadüfi adamları kənarlaşdırmaq lazımdır. Bu qədər sadə. İşin keyfiyyəti peşəkarlıqdan asılıdır.

 

-Təşəkkür edirəm, maraqlı söhbət üçün.

 

-Mən də sənə təşəkkür edirəm.

 

 

 

 

 

 

 

Şübhəsiz ki, həftənin əsas mədəniyyət hadisəsi 24-26 noyabr tarixində Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu oldu. Dünən “Sovet dövründə Nizami tədqiqatları” mövzusu üzrə panel iclasla başa çatdı.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda gerçəkləşən beynəlxalq tədbir dahi Azərbaycan şairinin zəngin yaradıcılığı ilə bağlı maraqlı müzakirələrlə yadda qaldı.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluğu ilə noyabrın 26-da keçirilən son panel iclasda Tbilisi Dövlət Universitetinin əməkdaşı İrma Ratiani “Sovet və postsovet dövründə Nizami yaradıcılığı gürcü tədqiqatçılığında” adlı məruzəsini təqdim etdi.
Məruzəçinin çıxışından əvvəl moderator mövzu ilə əlaqədar qeyd etdi ki, sovet dövründə Nizami irsi ilə bağlı çoxsaylı aparılan tədqiqatlar əsasən ideoloji meyarlara söykənirdi. Əksər hallarda Nizami düşüncələri ideoloji tərəfdən yanaşılaraq təqdim edilirdi.
İrma Ratiani sovet dövründə Ş.Rustaveli və Nizami Gəncəvi irsinin geniş araşdırılması ilə bağlı gürcü alimlərinin məqalələrindən söz açdı. Bildirdi ki, qədim gürcü çoxcildli ədəbiyyatında yer alan əsərlərdə Nizami adına tez-tez rast gəlinir. Tədqiqatçılar bildirirlər ki, Rustavelinin təsvir etdiyi eşqlə müqayisədə Nizami bu mənada tamam başqa bir dünya yaradır və onun eşqi daha böyükdür.
Mirzə Uluqbəy adına Özbəkistan Dövlət Universitetinin Özbək ədəbiyyatı kafedrasının müdiri Hamidulla Baltabayev “Nizami Gəncəvi “Xəmsə”sinin özbək ədəbiyyatşünaslığında öyrənilməsi” adlı məruzəsində qeyd etdi ki, Özbəkistan Nizaminin tədqiqi baxımından öndə olan ölkələrdəndir. Bildirildi ki, təsadüfi deyil ki, Nizami "Xəmsə"sinin ən qədim variantı Özbəkistan Əlyazmalar Fondundan əldə edilib. Nizami "Xəmsə"si Özbəkistanın da qiymətli ədəbi xəzinəsi sayılır. Yazıçı-dramaturq Kamil Yaşen yazır ki, böyük şairin vəfatından on illərlə sonra Orta Asiyanın monqollar tərəfindən işğal olunduğu dövrdə Xarəzmdə naməlum özbək müəllif "Müftah ül-ədl" (“Ədalətin açarı”) adlı bədii əsər yaratmışdı. Bu əsərin əsasını Nizaminin "Şah və iki bayquş" haqqında hekayəti təşkil edirdi. Özbəkistanda müxtəlif zamanlarda müxtəlif elmi mənbələrdə Nizami yaradıcılığı, onun ayrı-ayrı əsərləri haqqında elmi-tənqidi məqalələr, araşdırmalar nəşr olunub. 1940-cı illərdə Nizami və Nəvainin yubiley günləri çərçivəsində bu səpgidə xeyli elmi məqalələr işıq üzü görüb. Özbək ədəbiyyatının klassiki, azərbaycanlı şair, tərcüməçi, ədəbiyyatşünas, pedaqoq Maqsud Şeyxzadənin (1908-1967) yetirməsi olan filologiya elmləri doktoru, professor Natan Mallayevin "Nizami Gəncəvinin irsi və onun təlim-tərbiyəvi əhəmiyyəti" adlı monoqrafiyası bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Hazırda Özbəkistanın muzey fondlarında Nizami haqqında 30-a yaxın əlyazma saxlanılır. Bunlardan 12-si “Xəmsə”yə aiddir.
Panelin son məruzəçisi, Özbəkistanın “Darakchi” nəşriyyat evinin direktoru Rustamjon Cabbarovun çıxışı xüsusilə maraqlı oldu. R.Cabbarov Azərbaycan dilində səlis çıxış edərək Nizami irsinə aydın baxışı ilə tədbir iştirakçılarının alqış və təqdirini qazandı.

* * *
Diskussiyalardan sonra forumun bağlanışı olduu. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək üç gün davam edən foruma qatılan hər kəsə təşəkkürünü bildirdi: “Forumun adından da məlum olduğu kimi, Nizami Gəncəvi nəsillər arasında bir körpüdür. O səbəbdən forumun son günü gənclərin aktiv iştirakından çox şadıq. Nazirlik olaraq məqsədimiz mədəniyyəti sadəcə teatr, konsert kimi dar çərçivədə təbliğ etmək deyil, biz mədəniyyətin daha geniş anlamda tanıdılmasının əhəmiyyətli olduğunu qəbul edirik. Mədəniyyət həm də bəşəri dəyərdir. Nizami Gəncəvi də bizim mədəni dəyərimizdir. Nizami Gəncəvi Gəncədən doğan bir günəşdir. Səkkiz əsr keçməsinə baxmayaraq, Nizami öz hikmətləri ilə bu gün də böyük bir coğrafiyaya işıq saçır. Bütün dünya fəlsəfəsi bu günəşdən işıq alır və bu da bizim məsuliyyətimizi artırır. Biz xalq olaraq Nizaminin ideyalarını yaşatmalıyıq. Xalqımızın multikultural dünyagörüşünün formalaşmasında Nizaminin də rolu vardır”.
Forumun əhəmiyyətini yüksək qiymətləndirən Elnur Əliyev bildirdi ki, beynəlxalq tədbir həm də Nizaminin bəşəri şair olduğunu bir daha sübuta yetirdi. Nazirin birinci müavini çıxışının sonunda forumda iştirak edən, dəyərli fikirlərini bölüşən qonaqlara təşəkkürünü bildirdi: “Gələcəkdə bir daha Nizami Gəncəvi çətiri altında görüşmək arzusu ilə sizlərə uğurlar arzulayıram”.
Bununla da Nizami soraqlı daha bir tədbir tarixə qovuşdu. İnsanlıq var olduqca Nizami ideyaları da yaşayacaq, böyük söz ustadı bizim müasirimiz olaraq qalacaq. Çünki dahi Azərbaycan şairinin bəşəriyyəti sülhə, əmin-amanlığa, birliyə, bərabərliyə, inkişafa, yeniliyə səsləyən idealları hər zaman aktualdır, gərəklidir.

Beynəlxalq Muğam Mərkəzində (BMM) Latviya Respublikasının müstəqillik gününə həsr olunmuş konsert proqramı təqdim olunub.
BMM-dən bildirilib ki, Latviyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə noyabr ayında Azərbaycanda Latviya ilə bağlı bir sıra tədbirlərin həyata keçirildiyi bildirilib. Qeyd edilib ki, Latviyadan olan musiqiçilərin “Mello –M Cello Triosu” violonçel ifaçılarından ibarət qrupunun çıxışı həmin tədbirlərin davamıdır. Kitab mübadiləsi, rəsm sərgisi, Latviya animasiya film festivalı və digər layihələr maraqla qarşılanıb.
Sonra konsert proqramı təqdim olunub.
Qrupun repertuarında yer alan möhtəşəm əsərlər paytaxt tamaşaçıları tərəfindən maraqla qarşılanıb.
Qrup peşəkar musiqiçilər Karlis Auzans, Miķelis Dobičins və Janis Pauls tərəfindən 2005-ci ildə yaradılıb. Trio dünyanın xit əsərlərini ifa edir. Onların repertuarında müxtəlif ingilis dilində mahnıların instrumental cover versiyaları, xüsusilə də “The Final Countdown”, “Mission Impossible” ifaları məşhurdur. Dünyanın məşhur musiqiçiləri ilə bir səhnəni bölüşən qrupun Bakı konserti tamaşaçılarda unudulmaz təəssürat yaradıb.
Qeyd edək ki, BMM-nin səhnəsində dünyanın məşhur musiqiçilərinin çıxışı ənənə halını alıb.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu panel iclaslarla davam edərək yekunlaşıb.
AzərTAC xəbər verir ki, noyabrın 26-da keçirilən növbəti panel iclasda Piemonte Orientale Universitetinin tədqiqatçı alimi Stefania Sini “Nizaminin sözləri: “İsgəndər və Darius səfirləri arasında dialoq və onun müasir dil fəlsəfəsi və semiotikadakı əhəmiyyəti” mövzusunda çıxış edib.
O deyib: “Conatan Sviftin “Qulliverin səyahəti” kitabında əsərin qəhrəmanları əcnəbilərlə ünsiyyət qurmaq üçün yeni dil öyrənmək istədikləri təsvir olunur. Bu zaman müəllif Nizami Gəncəvinin sözlərinə istinad edir. Əsərin qəhrəmanı obyektləri adlandırmaq üçün Nizami Gəncəvinin işlətdiyi sözlərdən istifadə edirdi. Poetik sözlərin işlənməsi onların əzbərlənməsi baxımından daha asandır”.

Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operası nümayiş olunacaq.
Operada teatrın aparıcı solistləri Xalq artisti Əkrəm Poladov (Əli), Əməkdar artistlər Ramil Qasımov (Koroğlu), İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsənxan), Əliəhməd İbrahimov (Təlxək) və başqaları iştirak edəcəklər.
"Koroğlu" operasının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu panel iclaslarla dünın davam etdi və yekunlaşdı.
AzərTAC xəbər verir ki, dünən keçirilən son panel iclasda Özbəkistanın “Daragchi” nəşriyyatının rəhbəri Rustam İqbol (Rustamjon Djabborov) “Nəvainin dastanlarında Nizami ənənələri” mövzusunda çıxış edib.
O deyib: “Tədbirdə 15 ölkədən 40-dan çox alim iştirak edir. Bu, o deməkdir ki, dünyanın ən azından 15 ölkəsində Nizami Gəncəvini tədqiq edirlər. Nizami farsca yazıb, ancaq onun türk dilində divanələr yazdığı haqda məlumatlar da var. Nizami Gəncəvi dünyəvi bir şairdir. O, farca yazsa da, əsərlərində müxtəlif xalqların nümayəndələri təsvir olunur. Dahi yazıçılar dilləri, dinləri ayırmaq üçün deyil, əksinə bəşəriyyəti birləşdirmək naminə yazırdılar. Nəvai də deyirdi ki, düşmənçilik kişi işi deyil. Mənşəyi türk olan, ancaq farca yazan yazarlar az deyil”.
Dünya ədəbiyyatında başqa bir xalqın dilində yazan yazıçıların əsərlərindən nümunə gətirən natiq Nəvainin Nizami Gəncəvi haqqında gözəl fikirlərindən sitat gətirib. Bildirib ki, Nəvai Nizamini nəzm əhlinin ən böyük ustadı hesab edirdi.
Sonda panelin fəxri qonaqları Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə təsis edilmiş xatirə nişanları ilə təltif edilib.
Təltifetmə mərasimində çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev tədbir iştirakçıları arasında tələbələri görməkdən məmnun olduğunu söyləyib. Bildirib ki, mədəniyyət teatr, musiqi kimi dar çərçivədə anlanmasın, geniş şəkildə təbliğ olunsun: “Bu gün Nizami böyük bir coğrafiyaya işıq saçır. Biz onu əsrlər boyu yaşatdığımız üçün və onun həmyerlisi olmaqdan fəxr etməliyik. Nizamini dəyərləndirən onun multikultural bir şəxsiyyət olmasıdır. Dünyagörüşünün formalaşmasında Nizami Gəncəvinin böyük rolu var. Buna görə istərdik ki, bölgədə sülh və əmin-amanlıq olsun. Nizami fəlsəfəsi bu bölgəyə həll yolu təklif edir”.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.