Super User
Dahi Barux Spinoza anılacaq
Bu günə təsadüf edən tarixi hadisələri diqqətinizə çatdırırıq:
24 noyabr. Beynəlxalq təkamül günü
1859-cu ilin bu günündə Çarlz Darvin “Növlərin əmələ gəlməsi” adlı əsərini çap etdirdi, bununla da dünya elminin bel sütunu sayılan Təkamül nəzəriyyəsi ortaya çıxmış oldu, hər bir canlının ibtidaidən aliyə inkişafının əsaslarını ortaya qoyan bu təlim hazırda hər bir sahədə öz inikasını ortaya qoymaqdadır. Eləcə də empirik sahədə.
Təkamülü əqillə, beyinlə əlaqələndirən dünya təmayülündən fərqli olaraq bizdə təkamülün səbəbini maddi sərvətlər bolluğu ilə hazırkı ölçmə tendensiyası isə kökündən yanlışdır.
24 noyabr. Sənin unikal istedadının günü
Dünyada yaşayan milyardlarla insan var ki, hər kəsə doğulanda genlə müəyyən istedad ötürülür. Çox təəssüf ki, əksərən insanlar öz istedadlarından bixəbər yaşayıb adi ömür sürürlər, fərqlənmək şanslarını itirirlər. Ona görə də insanın ilk növbədə özünü tanımağı bacarması böyük xoşbəxtlikdir. Mən məmnuniyyətlə sizə bir əhvalat danışmaq istəyirəm. 1872-ci ildə Polşada doğulan yəhudi Morris Xirşfild on səkkiz yaşında ABŞ-a mühacirət edibmiş. Sadə peşə nümayəndəsi imiş, dərzi və çəkməçi kimi çalışırmış. 1935-ci ildə 63 yaşında o, təqaüdə çıxıb, amma işsiz-gücsüz darıxıb. Başını qatmaq üçün o, çox şeyə əl atıb, nəhayət, boya və fırça götürüb, kətan üzərində rəsmlər çəkməyə başlayıb. Heç bir təlim almayan Morris, təbii ki, avanqardizmdən uzaq, tam realist rəsmlər çəkməyə başlayıb, naşılığı, təcrübəsizliyi onun çəkdiyi qadın, pişik, pələng rəsmlərini adətən uşaqlar çəkən rəsmlərə bənzədib. Bununla belə, bu rəsmlərdə o qədər isti işıq, rəng koloriti, o qədər cazibə olub ki, mütəxəssislər onlarda orta əsr incəsənətinin heraldika obrazlarını sezməyə başlayıblar. Beləcə, Morrisin rəsmlərinə diqqət yaranıb, artıq iki il sonra -- 1937-ci ildə Nyu-York Müasir İncəsənət Muzeyi bu rəsmləri yaxşı qiymətə Morrisdən alaraq öz eksponatına çevirib, onun fərdi sərgisini təşkil edib. Onun “İtlə qız” rəsmini isə şəxsi kolleksiyalardan birinin sahibi o dövr üçün astronomik qiymətə -- beş yüz on milyon dollara alıb. Beləcə, başını qatmaq üçün rəsm çəkməsi içində rəssamlıq istedadı gizlənən qoca dərzini məşhur rəssama çevirib.
24 noyabr. Arktika ölkələrində suiti günü
Yadıma uşaq vaxtlarımda Sumqayıtın Xəzər sahilində dəfələrlə suiti cəsədlərinə rast gəlməyim düşdü. O vaxt çirkab suların, kimya zavodlarının zəhərli tullantılarının dənizə axıdılması nəticəsində bu həssas heyvanlar sürətlə qırılırdı. Yəqin ki qırılıb qurtardılar da. İndi Arktika ölkələri ictimaiyyətinin suiti gününü qeyd etməklə bu momont və dinozavr dövrü canlılarına bənzər unikal canlıların mühafizəsini vacib hesab etdikləri məqamda heç bilmirəm də niyə mənim yadıma özümüz kimi aciz və köməksiz olan öz suitilərimiz düşdü.
24 noyabr. Dahi Barux Spinoza anılacaq
Qardaş Türkiyədə müəllim, Portuqaliyada elmi mədəniyyət, Hindistanda Teq Bahadur əzabkeşləri (bizim Aşura gününə bənzər bir gün) günüdür, ABŞ-da isə bu gün mətbəxdə siyənək balığının bir növü sayılan sardin balığı hökmranlıq edəcək, çünki onlarda milli sardin günüdür.
Bu gün dünyaşöhrətli filosof Barux Spinozanın da doğum günüdür. 1632-ci ildə dünyaya gələn bu ən böyük panteistin o qədər mükəmməl fikirləri var ki. Məsələn, bu: İnsanın əldə edə biləcəyi ən əhəmiyyətli fəaliyyət anlamağı öyrənməkdir, çünki başa düşmək azad olmaqdır. Yaxud bu: Xurafatı meydana gətirən, qoruyan və bəsləyən səbəb qorxudur. Yaxud bunlar: Etdiklərindən peşman olan ikiqat bədbəxtdir; Keçmişi təkrarlamaq istəmirsinizsə, onu öyrənin. Bu isə, əsl şedevr deyilmi? Dövlət tərəfindən akademiyalar ağılları inkişaf etdirmək üçün deyil, onları cilovlamaq üçün qurulur.
Varisin “Həftənin təqvimi” yazısından
Bakıda təşkil olunacaq Nizami Gəncəvi Beynəlxalq Forumu ilə bağlı brifinq keçirildi
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 24-26 noyabr tarixində “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu keçiriləcək. “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan forumla əlaqədar noyabrın 23-də “Fairmont Baku-Flame Towers” mehmanxanasında brifinq keçirildi.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev media nümayəndələrinin diqqətinə çatdırdı ki, Prezidentin müvafiq sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Bu münasibətlə Mədəniyyət Nazirliyi ilin əvvəlindən müxtəlif layihələr həyata keçirib. Əlamətdar ilin növbəti tədbiri Nizami Gəncəvi Beynəlxalq Forumu olacaq. Noyabrın 24-dən 26-dək davam edəcək və “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusuna həsr olunacaq forum bu ilin ən yaddaqalan tədbirlərindən biridir: “Məqsədimiz Nizami Gəncəvinin beynəlxalq aləmdə təbliği və onun yaradıcılığının, ideyalarının əhatə dairəsinin genişliyini nümayiş etdirməkdir. Dahi şairin dünya ədəbi-fəlsəfi fikrinin inkişafında müstəsna rolu olub. Hətta Nizamidən üç əsr sonra yaranmış Moğol İmperiyasında Nizami “Xəmsə”sindən imtahan verilirmiş. Bu fakt Nizaminin dahiliyinin daha bir göstəricisidir”.
Beynəlxalq forumda bir neçə ölkənin mədəniyyət nazirlərinin iştirakının nəzərdə tutulduğunu deyən Elnur Əliyev qeyd etdi ki, tədbir dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu elm adamlarını bir araya gətirəcək. Forumda 15 ölkədən 40-dan çox alim və ekspert, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur. Forumda “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: müasir dünyaya baxış”, “Nizami “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçiriləcək. Həmçinin ikitərəfli görüşlər, kitab təqdimatı və digər tədbirlər planlaşdırılır.
Nazirin birinci müavini qeyd etdi ki, forum çərçivəsində müxtəlif ölkələrdən alimlər Nizaminin onların ədəbi-mədəni mühitinə təsirindən söz açacaqlar. Səkkiz əsr öncə yaşayıb-yaradan şairin əsərlərində bu gün də dünya ictimaiyyətini heyrətləndirən humanizm var. Gəncədən kənara çıxmayan bir insanın əsərlərinin təsir dairəsi insanları həqiqətən təəccübləndirir. Nizaminin fikir yükü eyni zamanda müasirliyi təbliğ edir. Mədəniyyət Nazirliyinin məqsədi beynəlxalq forum vasitəsilə Nizami Gəncəvinin Azərbaycan mədəniyyətinin vacib bir hissəsi olduğunu göstərməkdir. Biz eyni zamanda Nizaminin humanist fikirlərini bölgədə sülh və əməkdaşlığın bərqərar olması üçün səfərbər etməliyik. Çünki Nizami irsi bəşəriyyəti birliyə, sülhə, əmin-amanlığa səsləyir. “İstəyirik ki, Nizami Gəncəvinin multikultural ideyaları geniş auditoriyalara çatsın. Ümid edirik ki, sülhsevər dünya, eləcə də qonşu ölkələr bizim çağırışlarımıza səs verəcək və bu, bölgədə sülhün yaranmasına töhfə olacaq”, – deyə Elnur Əliyev əlavə etdi.
Daha sonra nazirin birinci müavini media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.
“Nizamini oxuyaq” kitab-albomun və “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının təqdimatı olub
Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ingilis dilində çapdan çıxardığı “Nizamini oxuyaq” (Reading Nizami Ganjavi) kitab-albomun və Milli Kitabxananın nəşr etdirdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitabının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan təqdimat mərasimi Mədəniyyət Nazirliyi, TÜRKSOY və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə tədbir iştirakçıları Muğam Mərkəzinin foyesində Milli Kitabxananın “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” mövzusunda təşkil etdiyi sərgi və “Nizamini oxuyaq”, “Nizami Gəncəvi. Biblioqrafiya” kitabları ilə tanış olublar.
Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan Prezidentinin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etməsinin əhəmiyyətindən danışıb. Bu cür qərarların Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edən nazir deyib: “Nizami Gəncəvi bir fenomen olaraq təkcə Azərbaycan üçün yox, bütün türk dünyası üçün bir işıq mənbəyi, bir örnəkdir. Şairin yaşadığı dövrdən əsrlər sonra türk dünyasının, eləcə də Yaxın Şərq coğrafiyasının mütəfəkkirləri onun əsərlərindən ilhamlanaraq gözəl yaradıcılıq nümunələri ortaya qoyublar. Nizaminin fəlsəfəsi, humanizm ideyaları, ədalətli cəmiyyət barədə fikirləri XVIII əsrin Avropa filosofları tərəfindən də təbliğ olunub. Bu da Nizaminin böyüklüyünün, necə hərtərəfli bir şəxsiyyət olduğunun göstəricisidir. Onun əsərlərinin əlyazmaları bu gün dünyanın aparıcı kitabxanalarında və muzeylərində saxlanılır”.
“Nizami Gəncəvi İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən keçirilən tədbirlərdən söz açan nazir əlamətdar ilin yekunu olaraq Nizami Gəncəvi Beynəlxalq Festivalının təşkil edildiyini bildirib: “Noyabrın 15-dən ölkəmizdə on gün ərzində böyük bir Nizami bayramı, coşqusu yaşanır. Festival çərçivəsində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər – elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçirilir. Sevindirici haldır ki, Nizami irsinin təbliğində TÜRKSOY təşkilatı da bizimlə birgə fəal iş görür. Düsen Kaseinovun rəhbərliyi ilə təşkilat Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyinin qeyd edilməsi və təbliğində yaxından iştirak edir”.
Milli Kitabxananın “Nizami Gəncəvi İli” çərçivəsində reallaşdırdığı layihələrdən də söz açan nazir bu günlərdə Prezident İlham Əliyev tərəfindən kitabxananın direktoru, professor Kərim Tahirovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzaladığını bildirib. Anar Kərimov həm dövlət təltifi, həm də 70 illik yubileyi ilə münasibətilə Kərim Tahirova təbriklərini çatdırıb.
Nazir daha sonra kitab-albomun və biblioqrafiyanın nəşrində zəhməti keçənlərə öz təşəkkürünü bildirib.
Nizami Gəncəvinin yaradıcılığını bütün dünya üçün tükənməz ədəbi xəzinə kimi dəyərləndirən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov əlamətdar il çərçivəsində Türkiyədə bir çox tədbirlərin, elmi konfransların, musiqili proqramların təşkil edildiyini söyləyib. O, “Nizami Gəncəvi İli” çərçivəsində ilk beynəlxalq tədbirin Ankarada TÜRKSOY Baş Katibliyində təşkil edilməsindən qürur duyduqlarını dilə gətirib. Baş katib Türkiyənin Ədirnə, Təkirdağ, Bursa və Antalya şəhərlərində türk dünyası sənətçilərinin birgə iştirakı ilə Nizami Gəncəvinin sözlərinə yazılmış əsərlərdən ibarət konsert proqramlarının uğurla keçirildiyini də diqqətə çatdırıb. Bildirib ki, “Nizamini oxuyaq” kitab-albomunda türk dünyası rəssamlarının Nizaminin əsərlərinə çəkdikləri miniatürlər də yer alır.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli təqdimatı keçirilən nəşrlərin “Nizami Gəncəvi İli”nə gözəl bir töhfə olduğunu deyib. Qeyd edib ki, Azərbaycanda və dünyada kifayət qədər tanınan, böyük şöhrət qazanan Nizami Gəncəvinin zəngin bədii irsini də müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməklə bu görkəmli sənətkarı daha dərindən kəşf etməyə və bütün parlaqlığı ilə tanıtmağa ehtiyac var: “Nizami Gəncəvinin nəsil şəcərəsi”, “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq”, “Nizami Gəncəvinin dövlətçilik ideyaları və müasir dövr”, yaxud “Nizami Gəncəvi və Azərbaycan renessansı” və s. kimi problemlər məhz indi, müstəqilliyimizin inkişaf etdiyi dönəmdə daha çox aktuallıq kəsb edir. Prezident İlham Əliyevin “Nizami Gəncəvi İli” ilə əlaqədar imzaladığı Sərəncam vaxtilə ümummilli lider Heydər Əliyevin 1979-cu ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsinin tədqiqi, tərcümə və nəşr edilməsi haqqında qəbul etdiyi qərar əsasında həyata keçirilmiş tədbirlərə yenidən qayıtmaq, başlanmış mühüm işləri daha geniş miqyasda və əhatəli şəkildə, yaradıcılıqla davam etdirmək üçün də geniş meydan açır”.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli yeni epoxada Nizami kimi klassiklərin yaradıcılığına yeni prizmadan baxışın əhəmiyyətini vurğulayıb. Bildirib ki, şairin yaradıcılığı öz dövründə olduğu kimi, üzərindən səkkiz əsrdən çox müddət keçsə də, şüurlara təsir göstərir, milli-mənəvi dəyərlərimizə söykəndiyi üçün Azərbaycan xalqının milli özünüdərki və özünəinamının inkişafı baxımından əhəmiyyətli rol oynayıb və bu şərəfli missiyanı hazırda da uğurla davam etdirir.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Prezident İlham Əliyevin onun əməyinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib. Nizami Gəncəvinin dünya ədəbiyyatındakı nüfuzu, əsərlərindəki ədalət, humanizm, əxlaqi dəyərlər barədə danışaraq təqdimatı keçirilən yeni nəşrlər haqqında fikirlərini bölüşüb. Vurğulayıb ki, təqdimatı keçirilən “Nizami Gəncəvi. Biblioqrafiya” kitabı kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi 78-ci buraxılışdır.
Çıxışlardan sonra Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” adlı elektron məlumat bazasını təqdim edib. Vurğulanıb ki, bu əlyazmalar sırasında ən unikal nümunələr İngiltərə kitabxanalarından əldə ediləndir. 316 vərəq və 17 miniatürdən ibarət əlyazmanın nümunəsi Milli Kitabxana üçün çap olunub. Bu əlyazma I Şah Təhmasibin sifarişi ilə hazırlanıb. Əlyazmalar sırasında Türkiyə, İran, Berlin kitabxanalarının nümunələri də yer alır.
Tədbirdə, həmçinin TÜRKSOY-un “Nizami Gəncəvi İli” münasibətilə təsis etdiyi “Nizami” medalının da təqdimatı olub. Baş katib D.Kaseinov “Nizami Gəncəvi İli”nə səmərəli fəaliyyət və töhfələrinə görə mədəniyyət naziri Anar Kərimov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimliyə medalları təqdim edib.
Təqdimat Nizami Gəncəvinin sözlərinə yazılmış romanslardan ibarət konsert proqramı ilə davam edib. Proqramda Əməkdar artist İlham Nəzərov və Prezident təqaüdçüsü, 44 günlük Vətən müharibəsinin iştirakçısı Atəş Qaranın ifaları təqdim olunub. Konsertə ilk dəfə olaraq respublika və beynəlxalq müsabiqələr laureatı, Vətən müharibəsi qazisi Vüqar Məmmədzadənin Nizaminin “Ay üzlü nigarım” qəzəlinə bəstələdiyi romans da səsləndirilib.
Ötən günün ən çox oxunan xəbəri - Napoleonun silah kolleksiyası satışa çıxdı
ABŞ məşhur fransız sərkərdəsi Napoleon Bonoparta məxsus silah kolleksiyasını satışa təqdim edir.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir ki, kolleksiyaya Fuzeya və dörd tapança, hamısı zəngin işləmələr ilə, eləcə də qılınc daxildir. Deyilənə görə, Bonapart "beş yüzlər şurasına" məhz bu qılıncla gəlmiş, onu çəkərək bütün heyəti qovmuşdu.
Daha sonra imperator bütün bu silah kolleksiyanı adyutantı Jünoya vermişdi. Kolleksiyanın qiyməti 1,5 milyondan 3,5 milyon dollara qədərdir.
Yeri gəlmişkən, xalqımızın harın korrupsionerləri itlərini geyindirməyə, qızıl unitaz almağa, avtoparka 666 avtomobil yığmağa, şortulara ofşorlarda rezidensiyalar almağa milyonlar xərcləyirlər, ondansa gedib bu cür əntiq şeylər alsınlar da.
Bəyaz qara səcdə edən insanlar - Aida Eyvazlının Saxa Respublikasına səfərdən yol qeydləri (davamı)
Dövlət mükafatına layiq görülürəm...
Semyon Danilovun yazdığı kimidir Yakutskın təbiəti. Bəyazlığın mavisindən adamın gözləri qamaşır. Buranın insanları qardan-qışdan qorxmurlar. Hətta heyifsilənirlər ki, builki payız keçən ilkindən zəif gəlib. Bəli, səhv etmədim, payız! Burada payız fəslində ilk qar yağmağa başlayır. Orta temperatur -20 C dərəcəyə qədər yüksəlir. Hazırda isə temperatur -8-10 C dərəcə olduğundan bəzi yerlərdə sürüşkənlik yaradıb. Saxa insanlarının xasiyyətləri qar kimi yumşaq olsa da, sərt qışı sevirlər. Onların yaşam tərzi, ruzi- bərəkəti qışdan çıxır.
27 oktyabr 2021-ci ildir. Sevdiyim payız fəslində birdən- birə qışa, elə sevdiyim soyuğa bələnməyimin ayrı ləzzəti var. Keçirdiyim hisslər “Böyük qarın alqışı” ilə üst-üstə düşür. Elə bil ki, bizə xeyir-dua verir. Əslində saxalılar qarın ruzi-bərəkət, Tanrının ağ duası olduğuna inanırlar. Yeni tanış olduğumuz söz adamları, fikir adamları, məşhur ədəbiyyat xadimləri ilə maraqlı söhbətlər edərək, otelimizin yaxınlığında olan Hökumət evinə çatırıq. Burada bizi Saxa (Yakutiya) Respublikasının rəhbəri Aysen Nikolayevlə görüş gözləyir. Böyük akt zalına daxil olandan sonra, məlum olur ki, ölkə rəhbəri rəsmi Moskvaya dəvət aldığından, onunla görüş görüş olmayacaq. Bizi Saxa Respublikasının baş nazirinin müavini Sergey Mestnikov və Saxa Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf naziri Yuri Kupriyanov salamlayırlar. Daha sonra dövlət rəhbəri Aysen Nikolayevin festival iştirakçılarına ünvanlanmış məktubu oxunur.
Baş nazirin müavini Sergey Mestnikov qonaqları salamladıqdan sonra, gələn il Saxa Respublikasının 100 illiyi tamam olan tədbirlər çərçivəsində keçirilən Beynəlxalq Poeziya festivalının əhəmiyyətindən, eyni zamanda Yakutiyada artıq ənənəyə çevrildiyini bildirdi. “Böyük qarın alqışı” festivalı nəticəsində Saxa -Yakut klassiklərinin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə olunmasını dövlətin təməl prinsipləri sayıldığını dedi. Platon Oyunski, Semyon Danilov, Mixail Ammosov, Alampa və digər yakut şair və yazıçılarının azərbaycan, qırğız, macar, polyak, xakas, serbiya, monqol, qazax... dillərinə çevrilməsi də yakut ədəbiyyatının təntənəsidir. Eyni zamanda saxalıların klassik şairi, dramaturqu, fəlsəfi fikir adamı, dövlət xadimi olan Platon Oyunskinin kitablarının azərbaycan və qırğız dillərinə çevrilməsini də bu xalqlar arasında yeni dostluq əlaqələrinin yaranmasında körpü rolunu oynadığını bildirdi. Rəsmi məclisdə Natalya xanım Xarlampyevaya yenə söz verilir. O qonaqları bir-bir təqdim edir. Onun təqdimatından festival iştirakçıları Saxa- yakut ədəbiyyatını, mədəniyyətini təbliğ etdiklərinə görə fəxri fərmanlar və təşəkkür məktubları ilə təltif olunur. İki gün davam edən görüşlərdə Natlya xanım məni və qırğız qızı Altınay Temirovanı “fəxri qonaq” qismində təqdim edir. Tədbirin aparıcısı Altınay Temirovanın “Sülh və xalqalr arasında dostluq münasibətlərinə görə” dövlət mükafatı ilə təltif olunduğunu elan edir. Altınay xanıma bu medal təqdim ediləndə sevincdən gözlərim dolur. Sən demə sonda məni də belə təqdimat gözləyir. Sergey Mestnikov Saxa Respublikasının dövlət mükafatını mənə təqdim edir və Azərbaycana özünün və Dövlət başçısının salamlarını çatdırmağımı rica edir.
Mən də Azərbaycan, Qarabağda qazandığımız zəfər haqqında danışıram. Vətənimdə gedəb quruculuq işlərindən, eyni köklərimizdən, tariximizdən, mədəniyyətimizdən məlumat verirəm. Bu görüşlərə əliboş gəlməmişəm. “ABAD” satış mərkəzinin mənə verdiyi “ Qarabağ”, “Xarı bülbül”, “Şuşa qalası” rəmzləri və naxışları ilə işlənmiş müxtəlif hədiyyələri, Azərbaycan kəlağayılarını, eləcə də “Xarı bülbül” döş nişanlarını Sergey Mestnikova və Mədəniyyət və Mənəvi İnkişaf naziri Yuri Kupriyanova təqdim edirəm. Xoş təəssüratla festival iştirakçıları bir-birini təbrik edirlər. Daha sonra dövlətin rəsmi nümayəndələri ilə xatirə şəkli çəkdiririk. Və Yakutsk TV-sinin xəbərlər redaksiyasının əməkdaşı məndən müsahibə alır. Əynimdəki paltarın naxışlarını soruşur. Deyirəm ki, haraya getsəm kəlağayımızı və milli paltarlarımdan özüm ilə aparır, geyim mədəniyyətini təbliğ edirəm. Butanın isə bizim milli bəzək elementlərindən biri, həm də, od atəş rəmzi olduğunu bildirirəm. Gənc jurnalist qız deyir ki, biz də oda-atəşə sitayiş edirik, siz də, nə gözəldir. Burada da qeyd edirəm ki, mən bu gün aldığım Ali mükafatı Qarabağda şəhid olan oğullarımıza və Zəfərimizə həsr edirəm. Xəbər jurnalistinin də sinəsinə bir “Xarı bülbül” döş nişanı taxıram.
Gözlərim Natalya Xarlampyevanı axtarır. Elə qayğılı, təmkinli, elə məmnun görünür ki... Öz xalqını dünyaya tanıtmaq üçün daim mücadilə edən, axtarışlar aparan bir Asena misalıdır bu gözəl və nəcib xanım. Öz xalqını, öz yurdunu, öz insanını necə böyük məhəbbətlə, sevgi ilə bəsləyir. Böyük bir türk sevdalısı!!!
Saxa türklərinin müqəddəs ayini- Şaman duası
Rəsmi görüş başa çatdıqdan sonra, bizi Platon Alekseyeviç Oyunski adına Ədəbiyyat Muzeyinə ziyarətə aparırlar. Bu müzeydə qardaş və qələmdaşım Əkbər Qoşalı ilə 2019-cu ildə ziyarətdə olmuşuq. Yenə də Platon Oyunskinin yazı stolunun önünə keçib, otururam.Arzu-istəklərimi kainata ötürürəm. Platon Oyunski böyük şaman idi. Bilirəm ki, onun ruhu özündən sonra qalan yazı stolunun başına dolanır. Ədəbiyyat Muzeyinin yerləşdiyi binanın 5 metirliyində həm də bir taxtadan tikilmiş balaqan var. “Balaqan” taxta evə deyirlər. Mən Platon Oyunskinin qardaşı nəvəsi Yelena Vasilyevna Sleptsova -Kuorsunnax ilə həmin balaqanın içərisinə keçirik. Bizim hər anımızı fotolarda tarixləşdirən , gözəl dostumuz Rustəm Kajekin də addım-addım izimizdədir. Rütsəm Kajekin müəllim olmaqla yanaşı, həm də öz tarixinin, türk tarixinin araşdırmaçısıdır.Saxa Yazıçılar Birliyinin üzvü, natalya Xarlampyevanın yaxın köməkçisisir. Balaqanın giriş qapısından solda bir buxarı vardır. Belə buxarı atamın doğulduğu Xeybəri kəndindəki baba ocağımızda evin sol küncündə indi də durur. Yadıma gəlir ki, biz uşaq olanda nənəm həmin buxarıya odun atar, mən də heyrətlə odunun yanmasına baxardım. Yanan odunun tüstüsü bacadan çölə çıxanda lap heyrətlənərdim. Saxalılar da öz evlərində, yaşadıqları balaqanların içərisində hər zaman belə buxarılar tikiblər. Yelena Sleptsova deyir ki, buxarının yanında dayanan Aleksandr alqışçıdır. Saxa -yakut adətlərinə görə, gələn qonağın saatı, günü yaxşı keçsin deyə, duası Tanrı dərgahında eşidilən el alqışçısı, ağ şaman hər zaman gəlib süfrəni, evi və qonaqları alqışlamalıdır. Bizim qonalqları da alqışçı-şaman Aleksandr dualayacaq. Əslində bu adət bizdə və türkdilli xalqların hamısında hər zaman mövcud olub. Süfrə başına əyləşəndə, evin böyüyüyü, və ya məclisin ağsaqqalı xeyir-dua verib, eyni ilə süfrəni yığışdıranda da ev, məclis sahiinin adına dualar oxunub, Tanrıya şükranlıq ifadə edilib.
Aleksandr bir qayda olaraq, kimin üçün hansı xoş arzunu diləyirsə, həmin xeyir-dua Tanrı dərgahına yetişir. Bir azdan bütün qonaqlar balaqana daxil olur. Və alqışçı Aleksandr ayinə başlayır. Buxarının sobasına odun atır, ocaq alışmağa başlayandan sonra, özü ilə gətirdiyi bitkilərdən və at quyruğundan ocağa atır. Onlar alışdıqca, Alqışçı Aleksandr dualarını oxuyur. Bilmirəm sonda nə olub, nə baş verdisə, alqışçı məni yaxınlığına çağırır. Heybəsindən üzərində incə işləmələr olan ata bənzəyən fiquru və sərgi fiqurunu verib deyir ki, bu sərgini və at fiqurunu hər zaman eində saxla... (Sərgi atın başını bağlayan dirəyə deyilir). Ondan Azərbaycan və Qarabağ torpaqları, şəhidlərimiz üçün alqış etməyi rica edirəm. Yenidən ocağa odun və at quyruğununtüklərini atıb alqışına davam edir. Deyir ki, kainat 9 qatdanibarətdir. Üçüncü qatda atların ruhudur. Atın tükü yandıqda qoxusu buxrıdan tüstü ilə gedib üçüncü qata çatır və atların ruhu o qoxunu hiss edir, arzuların həyata keçməsi üçün Göy Tanrıya duaçı olurlar. İndi sizin şəhidləriniz həmin xoşbəxt atları çapırlar.
Alqış ayini bitdikdən sonra, Ədəbiyyat Muzeyinin birinci mərtəbəsindəki foyedə qonaqlar üçün hazırlanmış süfrə başına keçirirk. Natalya xanım deyir ki, muzeyin direktoru, xalq yazıçısı Nikolay Luqinov çox qonaqpərvərdir. O qapısını açan bütün qonaqlar üçün hər zaman bol nemətlisüfrələr açır. Muzeyin əməkdaşları qonaqlara qulluq edirlər. Süfrədə balıqdan, maral və dayça ətindən hazırlanmış yeməklər, bişmişlər vardır. Diqqətimi qızardılmış sazan balığı çəkir. Baxıram ki, balığın içərisini qovrulmuş soğan və tərəvəzlə doldurublar. Sonra süfrə ətrafında ədəbiyyatdan, yazı adamlarından , ulu türk tarixindən, şəxsiyyətlərindən maraqlı söhbətlər açılır. Nikolay Luqinov bir ensklopediyadır. Çingiz xanı özünün himayədarı sayır. Deyir ki, yazıçı xalqının səsi və sözü olmalıdır. Pis və yaxşı gündə də xalqın sözünü deməlidir. Hakimiyyət gəldi gedər, xalq əbədidir. Tədbirin sonunda uzaqlardan gələn qonaqların hər biriniə üç kitabını hədiyyə edir. “Çingiz xanın öyüdləri ilə...” ikicildliyi və bir də yenə Saxa yakut xalqlarının tarixi şəxsiyyətlrindən bəhs edən “Əbədiyyətin anı” kitabı. Bu azmış kimi, hər bir iştirakçıya özü hazırladığı şor balıq sovqatı verir.
Qonaqlar və ev sahibləri arasındakı hədiyyəmübadiləsi davam edir. Sayat Kamşıger Nikolay Luqinova qazaxların Biy (Bəy) libasını təqdim edir. Başına milli işləmələr və naxışlarla bəzədilmiş qazax papağı qoyub, əyninə qazax xalatı geyindirir. Platon Oyunskinin nəvəsi Yelena Kuorsunnax çıxış üçün söz istəyir. Boynuna azərbaycan kəlağayısı asıb. Deyir ki, bu kəlağayını bizim sevimli Aida Mamedşaxovna özü gəlməzdən əvvəl poçt bağlaması ilə göndərib. Mənim də ona məxsusi hədiyyəm var: “Platon Oyunski öz xalqını, millətini sevən bir dövlət xadimi, yazıçı olub. O ətrafında işləyib çalışan hər kəsin əməyini dəyərləndirərdi. Mən indi babamın adını daşıyan muzeydə çox şadam ki, onun əsərləri artıq türk dillərində oxunur. Bu çox qürurvericidir. Babam kimsənin haqqını sabaha qoymazdı. Aida Eyvazova Mamedşaxovna və Altınay Temirovanın layiq olduqları dövlət mükafatı, əslində Oyunskinin ruhu tərəfindən onların əməklərinə verdiyi dəyər, qiymətdir. Mənsubu olduğum Saxa dövləti babamın əsərlərini tərcümə edənləri layiqincə qiymətləndirdi. Mən isə öz növbəmdə bu iki xanıma şəxsi hədiyyəmi təqdim edirəm. Yelena Kuorsunnax mənə bir cüt sırğa hədiyyə edir. Sırğanın üstündə bir boz qurd işləməsi var. Əl işidir. Bu hədiyyə də çox ürəyimcə olur.
Bu tədbirimiz yekunlaşdıqdan sonra, “Böyük qarın alqışı” festivalının Poeziya axşamı bölümünə tələsirik. Poeziya axşamı Saxa (Y) Respublikasının Dövlət kitabxanasında keçirilir. Natalya Xarlampyeva deyir ki, Poeziya gecəsində iştirak etmək istəyənlər çoxdur. Pandemiya səbəbindən bu görüşlərin hamısı onlayn keçirilir. Festival iştirakçılarının şerlərini rus və yakut dilinə Natalya Xarlampyeva, Yelizaveta Miqalkina, Nikolay Vinokur –Ursun, Qavril Andros, Albina Sleptsova, Yelena Sleptsova –Kuorsunnax, Yana Bayqojayeva tərcümə ediblər. Müəlliflər öz dillərində, tərcüməçilər də rus və yakut dilində şerləri səsləndirirlər. Bir qayda olaraq, bu tədbirdə də Saxa Respublikasının tanınmış opera sənətçiləri, xalq artistləri Yekatrina və Aleksey Yeqorovalar, opera müğənnisi Zinaida Kolodeznikova, Aleksey Sleptsov gözəl mahnılar ifa edirlər.
Tədbirin sonunda mən kitabxanaya Azərbaycanın Prezident Admnistrasiyasından verilən “Zəfər Səlnaməsi” kitabını və şairə Nigar Həsənzadənin “Bilək” kitabını, tərcümə etdiyim “Qırmızı şaman” kitabının Türkiyədə və Azərbaycanda çıxan nüxsələrini Dövlət kitabxanasına hədiyyə edirəm.
Festivalın üçüncü günü isə bizi Semyon və Safron Danilovun anadan olduğu Qornıy ulus- Dağlıq Ulus rayonuna aparırlar. Yakutsk şəhərinin mərkəzindən Dağlıq Ulus rayonuna qədər məsafə 183 kilometrdir. Qarlı-buzlu yol ilə avtobusun sürücüsü elə rahat şütüyür ki, ilk dəfə belə qarlı yola çıxanların heyrətinə səbəb olur. Mən isə sonuncu dəfə belə qarlı buzlu yollarla Nursultan şəhərinin adı Astana olan vaxtda getmişdim. Berdiqestyax nasleqinin (kənd) girəcəyində dayanırıq.
Böyük şairin doğulduğu ecazkar yurd...
Yol kənarında müxtəlif əlvan rəngli lentlərlə bəzənmiş ağaclar vardır. Belə lentlərə “salama” deyirlər. Natalya xanım deyir ki, burada Salama bağlanan ağacların yanında meşələrin və yolların qoruyucusu olan ruhlardan xeyir dua almaqlıyıq. Bizi milli paltar geyinmiş qızlar və oğlanlar əllərində kımız və blinçik dolu sinilərlə qarşılayırlar. Böyük los (maral) heykəlinin yanında dayanıb, bizə təqdim olunan nemətlərdən dadırıq. Natalya xanım ruhları yemləyir. Ağacların altına bişirilmiş blinçikdən qoyur, digər yerli sakinlər isə burada kiçik ocaq qalayırlar. Sonra isə avtobusa oturub Berdiqestyaxda Semen Danilovun adını daşıyan Mənəviyyat mərkəzinə gedirik. Burada da bizi milli paltar geynimiş gənclər qarşılayır. Havada 15 dərəcə şaxta var. Milli platarlarda olan gənclər geydikləri libasda ayaq üstdə yol gözləyən qurda bənzəyirlər. Sanki bizi bir dəstə canavar qarşılayır. Daha sonra Berdiqestyax nasleqinin alqışçısı ocaq yandırıb, bizi onun başına dolandırır, alqış ayininə başlayır. Festival iştirakçılarına və layihəninin başa gəlməsində yardım edənlərə alqış oxuyur. Hamı bir səslə onun dediyini təkrarlayır:
Alqışçı:
- Tusku!
Adamlar:
-Tusku.
Alqışçı:
-Dom
-Dom.
-Uruy!
-Ayxal!-deyə ona səs verirlər.
Bundan sonra biz Semyon və Safron Danilov qardaşlarının Mıtax naleqindəki ev muzeyinə gəlirik. Muzeyin əməkdaşı mədəni və ədəbi tədbirlər keçirilən muzeydə həm də 1941-45-ci illərdə Vətən müharibəsində həlak olanlar və iştirakçılar barəsində geniş məlumat var. Saxa yakutları müharibədə, vətən uğrunda ölən qəhrəmanlarını hər zaman böyük ehtitramla yad edirlər. Bir də ki, Saxa dövlətinin bərqərar olması üçün çalışanların ruhu qarşısında özlərini hər zaman borclu bilirlər. Elə buna görədir ki, yurdun adlı-sanlı adamlarının, şəxsiyyətlərinin həyat və yaradıcılığından bəhs edən əsərləri, onlara məxsus olan sənədləri, əntiq əşyaları rayon, kənd, şəhər mərkəzlərindəki tarixi, mədəniyyət və incəsənət muzeylərində göz bəbəkləri kimi qoruyurlar. Hər dəfə muzey, sərgi salonları qapılarından içəri keçəndə bu sevgi və ehtiramın şahidi oluruq.
Qornıy Ulus şəhərinin bələdiyyə sədrinin müavini Sardana Sleptsova qonaqlara Berdiqestyax rayonu, Mıtax nasleqi haqqında məlumat verir. Deyir ki, bu il rayonun yaradılmasının 90 illiyidir. Rayonun 12 min əhalisi vardır. Bu rayonda zaman-zaman adlı-sanlı şəxsiyyətlər doğulub. Onların arasında, vətən müharibəsi qəhrəmanları, yazıçılar, rəssamlar, mədəniyyət xadimləri, tarixçilər, ədəbiyyatçılar, zəhməti ilə xarüqələr yaradфn fəhlələr də vardır. Bu gün rayon özünün intibah dövrünü yaşayır. Yakutiyanın çətin relyef və hava şəraitinə görə, bir çox rayon və kəndlərin yol problemi olduğu halda, Berdiqestyaxda bu gün yol infrastrukturu yüksək səviyyədə qurulub. Ətraf rayon və nasleqlərdən (kəndlərdən) buraya yaşamağa, oxumağa, işləməyə gəlirlər. Bizim rayonun 9 nasleqi vardır. Mıtax ən böyük nasleqlərdən biridir. Semyon və Safron Danilov qardaşları da bu nasleqdə doğulublar. İndi tanış olduğunuz bu mədəniyyət evində klassik şairimiz və ədəbiyyatçımız Semyen Danilovun ev muzeyinin yaradılmasında xalqımızın mənəvi anası, Natlaya Xarlampyevanın böyük xidməti vardır. Natlaya İvanovna, özünün sələfinə bir xələf kimi çox sadiqdir. Semyon Danilovun ideyalarının bu gün də həyata keçirilməsində əlindən gələni əsirgəmir. Biz Semyon Danilovun arzularını nəzildən- nəsilə ötürürük. Yeni gənc şairləri və ədəbiyyatçıları, istedadlı gəncləri və uşaqları bu mədəniyyət evində yetişdiririk.
Saxa yakut xalqının qonaqpərvərliyi tam geniş bir yazının mövzusudur. Sardana xanımın təqdimatından sonra bizi yemək süfrəsinə dəvət edirlər. Yemək süfrəsində hisə verilmiş növbənöv balıqlar, balıq qızartması, çudu, blinçik, xırda küftə bozbaşı... müxtəlif salatlar... hər birində öyrəşdiyimiz türk mətbəxinin, doğma türk yurdlarının dadı-tamı var. Süfrəyə südlü çay verilir. Və bir də ki, Berdiqestyax rayonu adından qonaqlara yenə hədiyyə təqdim edilir.
Daha sonra Mədəniyyət evinin gənc üzvləri və respublikanın tanınmış incəsənət xadimlərinin ifasında ədəbi kompozisiya təqdim olunur. Biz isə öz şerlərimizi ana dilimizdə oxuyuruq. Axşam saat 5-dir. Hava qaralmağa başlayır. Ev sahibləri böyük məhəbbətlə “Gələn görüşlərədək”- deyib, bizi yola salırlar.
Bu da sonuncu gün, sonuncu vida...
Burada havalar tez qaralır. Avtobus buz bağlamış yol ilə şütüyür... Ətrafa baxıram, geri döndüyümüz yolda qar altından ot axtaran atlar gözə dəymir. Axşamlar harasa çəkilib yatırlar. Bu yerlərdə atları xüsusi bəsləmirlər. Onlar yarımvəhşi atlardır. Tövlədə yalnız inək və toyuq saxlayırlar. İndi dövlət atçılıqla məşğul olmaq istəyən təsərrüfat sahibləri üçün subsidiya ayırır ki, ilxılar çoxalsın. At saxalıların muradıdır, dostudur, yoldaşıdır. Həm də mətbəxlərinin azuqəsidir.Qış azuqəsi... Kəsim atlarının yaşı 2-dən artıq olmur. Belə dayçalardan və qulanlardan, marallardan qış azuqəsi hazırlayırlar. Qış azuqəsinin kəsimi isə noyabr-dekabr aylarında başlayır.
Biz axşam saat 7 radələrində gəlib “Tıqın Darxan” otelinə yetişirik. Sonra isə Natalya Xarlmapyevanın Yazıçılar Birliyi adından təşkil etdiyi ziyafət otağına keçirik. Yenə zəngin süfrə, xoş ovqatlı insanlar, maraqlı söhbətlər və bir də ki, tanınmış müğənni və sənət ustalarının konserti. Tanınmış xomus ustası Natalya Xarlampyevanın sözlərinə yazılmış məşhur “Legentay- “Orta Asiya” mahnısını ifa edir. Bu mahnıda türk dünyasının mənəvi anası saydığım Dilbər xatun –Natalya xanımın Turan ruhu, eşqi və sevgisi vardır.
Görüşümüzün sonunda Natalya Xarlampyeva bizə “Böyük qarın alqışı”-ndan nişanə olaraq plaketlər, qadınlara gümüş sırğa, kişilərə isə at quyruğunun tükündən hörülmüş papaq və hisə verilmiş ağ balıq hədiyyə edir. Bu gecə belə xoş ovqatla qonaqlarla son saatlarımızı başa vururuq. Natalya xanım çox xoşbəxt görünür. Çünki ustadlarının öyüdlərini yerinə yetirməsi məmnunluğunu yaşayır. Bir daha əmin oluram ki, Saxa Yakutiya Respublikasını bərqərar edib, bu günə qədər gətirən böyük ədəbiyyatçılar, mədəniyyət xadimləri olublar. Natalya Xarlampyeva ustadının dediyi kimi, indi özü dönüb, qarda çığır açan yol damı olubdur.
29 oktyabr 2021-ci ildə qonaqların hamısı öz doğma yurdlarına yola düşürlər. Mən isə qalıram. Hələ bir neçə dövlət, mədəniyyət və incəsənət xadimi ilə görüşlərim olacaq. Gələn il qeyd olunacaq Saxa Respublikasının 100 illiyinə kitab ərməğan edəcəm. Türk yurdlaırını birləşdirmək arzularımın həyata keçən günlərini yaşayıram və yazıram. Tanrı gözəl yazan, tarix yazan, dostluğu, sülhü tərənnüm edən hər kəsə yar olsun!
Ankara-Yakutsk-Bakı, 25 oktyabr-07 noyabr, 2021-ci il.
Xalq artisti Fidan Hacıyevanın rəhbərliyi ilə xanımlardan ibarət orkestr yaradılıb
Azərbaycanda ilk dəfə olaraq xanımlardan ibarət Kamera Orkestrin təqdimatı olub.
AzərTAC xəbər verir ki, orkestrin yaradıcısı Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyevadır.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, tanınmış bəstəkar Könül Hüseynova orkestr barədə məlumat verərək deyib: “Orkestrin adı məhz Fidan Hacıyevanın səs tembrinə uyğun olaraq seçilib. Orkestr “Mezzo” adlanır. Ölkəmizin istedadlı ifaçılarından təşkil olunan bu orkestr xalqımızı, mədəniyyətimizi bütün dünyada layiqincə təmsil edəcək. Orkestrin yaradılması repertuar genişliyinə, eləcə də Azərbaycanın və Qərb ölkələrinin bəstəkarlarının əsərlərinin təbliğində çox böyük rol oynayacaq. Xaricdə bu cür orkestrlər artıq yaradılıb. Azərbaycanda isə ilk dəfə olaraq bu orkestr Fidan Hacıyeva tərəfindən yaradılıb. Bu layihə bizim və xarici ölkə bəstəkarlarının təbliği baxımından çox böyük önəm kəsb edəcək. Orkestrin xanımlardan ibarət olması başqa bir məqsəd də daşıyır. Fidan xanım bizim gənc xanımlarımızın daim maariflənməsi və gözəl ideyalar arxasınca getməsinin tərəfdarıdır. Təhsillə bağlı əngəlləri olan xanımlar onu çox narahat edir. O, bu addımı ilə onlara çağırış etmək istəyir. Bundan əlavə, Fidan Hacıyevanın çox gözəl bir layihəsi də var. Rayon və kəndlərimizdə olan gənc qızlarımızın istedadlarını üzə çıxarmaq üçün maarifləndirici konsert proqramları hazırlamağı planlayırıq. Məqsədimiz isə ən imkansız ailələrin uşaqlarını seçib, təhsilini, yaşayış şərtlərini Bakıda təmin etməkdir. Onlar bizim və dövlətimizin nəzarəti altında öz təhsillərini davam etdirəcəklər”.
Əməkdar artist Fərid Əliyev isə Fidan Hacıyevanın bütün işlərinə, uğurlarına şahidlik etdiyini bildirib: “Fidan xanım gözəl bir işə imza atıb. Onu daim dəstəkləyirəm və yanındayam. Biz neçə illərdir tərəf müqabiliyik. O, hərtərəfli istedadlı bir insandır. Ümumən bu orkestrə, özümüzə uğurlar arzu edirəm. Mənim ilk addımlarım Fidan xanımın dəstəyi ilə reallaşıb. Buna görə də ona təşəkkür edirəm”.
Xalq artisti Fidan Hacıyeva yaratdığı orkestrdə böyük perspektiv gördüyünü dilə gətirib: “Öz orkestrimin olması ən böyük arzum idi. Çox şükür ki, bu arzuma nail oldum. Böyük proqram hazırlayırıq. İlk çıxışlarımız 15-16 dekabr tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq. Orada artıq məşqlərə başlamışıq. Orkestrdə yer alan qızlar çox peşəkardır. Gələn il onlarla birgə Heydər Əliyev Sarayında konsert vermək istəyirəm. Həmçinin çıxışlarımızı müxtəlif ölkələrdə reallaşdırmaq istəyirik. Azərbaycanın ucqar kənd və rayonlarında imkansız uşaqlara təhsil verməklə bərabər həmin yerlərdə fəaliyyət göstərən musiqi müəllimlərinə ustad dərsləri keçməyi arzulayırıq. Vokalist dostlarımın dəstəyi ilə bunu reallaşdıracağıq”.
Oliver Stounun Nursultan Nazarbayev haqqında çəkdiyi film Bakıda təqdim olunub
Bakıda Nizami Kino Mərkəzində Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin həyat və fəaliyyətinə həsr olunmuş “Qazax. Qızıl adamın tarixi” (Qazaq. History of Golden Man) filmi təqdim olunub.
AzərTAC xəbər verir ki, filmin müəlliflərindən biri tanınmış amerikalı rejissor, üç dəfə Oskar mükafatı laureatı Oliver Stoundur. Səkkiz hissədən ibarət olan sənədli ekran əsərinin baş rejissoru İqor Lopatonok, prodüseri Vera Tomilova təqdimatla əlaqədar Bakıya gəliblər.
Çəkilişlərə ötən il başlandığını deyən rejissor İ.Lopatonok qeyd edib ki, film ilk dəfə bu il iyulun 6-da Nazarbayevin doğum günündə Qazaxıstanda yayımlanıb. Sonrakı təqdimatlar Moskvada, Los-Ancelesdə və Romada keçirilib. Gələn il isə ekran əsəri Berlin Film Festivalında nümayiş olunacaq.
“Bakıdan sonra biz filmi Minskdə “Listopad” kinofestivalına çıxaracağıq. Sonra isə bir neçə ölkədə - Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Çində və Almaniyada auditoriyaya təqdim edəcəyik. Filmdə izləyici Nursultan Nazarbayevin həyat və fəaliyyəti ilə yanaşı, Qazaxıstanın tarixi, mədəniyyəti haqqında dolğun məlumat ala biləcək. Təqdimatı keçirilən şəhərlərdə film tamaşaçıların rəğbətini qazanıb. Əminəm ki, digər ölkələrdə də belə olacaq”, - deyə o bildirib.
Xose Orosko, Klod Loppen və Vahid Əziz
Bu günə təsadüf edən əlamətdar hadisələri təqdim edirik:
23 noyabr. Xose Orosko və Klod Loppen
Gürcülərdə Qiorqoba günüdür, dini bayramdır. Yunanıstanda Heredot günüdür, elmi bayramdır. Meksikada donanma, Litvada döyüşçü günüdür, hərbi bayramlardır. ABŞ-da isə Milli espresso günüdür, həm də Milli keşyu qozu günüdür, təbii ki mətbəx bayramlarıdır.
2003-cü ilin bu günündə Gürcüstanda Qızılgül inqilabı baş verib, Şevardnadze istefaya getməli olub. 1996-cı ildə 6000 rus əsgərinin ərazidən çıxarılması ilə Çeçen müharibəsinə rəsmən son qoyulub. 1898-ci ilin bu günündə Böyük Vətən Müharibəsinin ən yaxşı tankı olan T-34-ün konsrtuktoru Mixail Koşkin doğulub. Həmin gün SSRİ-nin daha bir məşhur hərbi xadimi – marşal Rodion Malinovski də doğulub. 1883-cü ildə 20-ci əsr təsviri sənətinin ən əsas novatoru sayılan meksikalı rəssam Xose Orosko dünyaya gəlib. 1682-ci ildə isə başqa bir məşhur rəssam – barokko epoxasının ən böyük peyzajçısı, fransız Klod Loppen dünyadan köçüb.
23 noyabr. Vahid Əziz günü
Bu gün Azərbaycanın Xalq Şairi Vahid Əziz ömrünün 76-cı baharına qədəm qoyacaq. Yeniyetməliyimin sevgi şairi Nüsrət Kəsəmənli olduğu kimi gəncliyimin də sevgi şairi Vahid Əziz olub. Onun şeirləri o qədər qəlbimi oxşayıb ki, bir oxumaqla əzbər bilmişəm, bəzən gözüm tutan qızlara ardıcıl söyləyəndə bu qədər şeir bilməyimə təəccübləniblər.
Dünyanın yollarına daha göz qoymuram mən,
Dünyada hər bir yolun öz həsrətli gözü var,
Hər açıq pəncərənin bir ümidli səhəri.
Gəlsən qapımı döymə, dəli edərsən məni
Varisin “ Həftənin təqvimi” yazısından
Bu gün dramaturq Aqşin Babayevin 75 illiyidir
Onu çoxlarımız Milli Məslisdən tanıyırıq. Aqşin Babayev hələ uşaqlığından yazı-pozuya meyilli olub, 1964-cü ildə onun “Cazibəli üfüqlər” adlı ilk hekayələr kitabı çapdan çıxıb. “Ağ ulduzlar”, “Bir ürəyin hərarəti”, “Ayrılıq”, “Söz gülləsi”, “Dünyanın axırı”, “Göyərçinlər öpüşür” və s. kitabların müəllifidir o, ümumilikdə onun 40 kitabı nəşr olunub. Televiziyada uzun illər çalışıb, 1975-1990-cı illərdə AzTV-də sədr müavini vəzifəsini daşıyıb. 1996-cı ildən filologiya elmləri doktoru elmi adını, 1998-ci ildən professor elmi rütbəsini alıb. Onun “Yaralar”, “Cəza”, “Tufan”, “Düşmən”, “Bir parça həyat” əsərləri tamaşaya qoyulub, ssenarisi əsasında telefilmlər çəkilib. 1986-cı ildə “Kişilər az yaşadı” povest və hekayələr toplusu Moskvada rus dilində kütləvi tirajla nəşr olunub. 1969-1979-cu illərdə ingilis, fransız, ərəb və ispan dillərində çap olunan “Moskow news” qəzetində Azərbaycan üzrə xüsusi müxbirlik də edib. 1991-2006-cı illərdə o, Milli Məclisinin Mətbuat xidməti şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xidmətlərinə görə Aqşin müəllim 1970-ci ildə “Əmək rəşadətinə görə” medalı, 1980-ci ildə “SSRİ televiziya və radio əlaçısı” nişanı, 1986-cı ildə “Əmək Veteranı” medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə tətif edilib. 1987-ci ildə Azərbaycanın “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona II dərəcəli Dövlət müşaviri rütbəsi verilib. Aqşin Babayev 2020-ci il iyun ayının 10-da Bakı şəhərində vəfat edib. Allah rəhmət eləsin!
Mədəniyyət Nazirliyi Aparatının strukturunda yenilənmələr olub
Dünən Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev görkəmli bəstəkar Fikrət Əmirovun anım günündə jurnalistlərə açıqlama vermişdir. O demişdir:
“Mədəniyyət Nazirliyinin Aparatının strukturu təsdiqlənib. Yenilənmələr var və məqsədi müasir çağırışlara cavab verən aparat strukturunun formalaşdırılmasıdır. İlk dəfə olaraq Mədəniyyət Nazirliyində Strateji inkişaf və layihə idarəedilməsi şöbəsi yaradılıb. Bundan başqa, Mədəniyyət strategiyasının kordinasiyası şöbəsi təsis edilib. Eyni zamanda biz istəyirik ki, layihəyönümlü yanaşma da tətbiq edilsin. Koroporativ idarəçilik tətbiq edilsin ki, konkret məqsədlər və hədəflərə yönümlü bir idarəçilik olsun. Növbəti mərhələdə Mədəniyyət Nazirliyinin sistemində islahatlar aparılmalıdır. Burada 3 əsas istiqamət var. Birinci hüquqi islahatlardır. Bəzi müəsissələrin hüquqi statusu tam formalaşmayıb. Bu da müəssisələrin fəaliyyətinə maneə törədir.
İkinci istiqamət kimi infrastruktur və struktur dəyişiklikləri nəzərdə tutulur. Üçüncü istiqamət isə insan kapitalının inkişaf etdirilməsidir. Bunun ən yaxşı nümunəsi Azərbaycan Kino Agentliyidir. İslahatlarla bağlı məsələnin razılaşdırılması prosesi bu yaxınlarda yekunlaşdırılacaq. Bunun məqsədi kino kimi çox əhəmiyyətli sahənin tənzimlənməsi, sərmayələrin cəlb edilməsini təmin etməkdir, kiadrların yetişdirilməsinin təməlini qoymaqdır.
Eyni zamanda Azərbaycanın kino səhnəsinin dünyada olduğu kimi inkişaf etdirilməsidir. Biz Azərbaycanın kino çəkilişi baxımından çox maraqlı səhnə olmasını sübut etməliyik. Bu mövcud infrastrukturun aktivlərinin düzgün formatda çəkilib təqdim edilməsidir.
Digər istiqamət isə Azərbaycanın kino sahəsini kommersiya baxımından inkişaf etdirməkdir”.