Bəyaz qara səcdə edən insanlar - Aida Eyvazlının Saxa Respublikasına səfərdən yol qeydləri (davamı)

 

Dövlət mükafatına layiq görülürəm...

 

Semyon Danilovun yazdığı kimidir Yakutskın təbiəti. Bəyazlığın mavisindən adamın gözləri qamaşır. Buranın insanları qardan-qışdan qorxmurlar. Hətta heyifsilənirlər ki, builki payız keçən ilkindən zəif gəlib. Bəli, səhv etmədim, payız!  Burada payız fəslində ilk qar yağmağa başlayır. Orta temperatur -20 C dərəcəyə qədər yüksəlir. Hazırda isə temperatur -8-10 C  dərəcə olduğundan bəzi yerlərdə sürüşkənlik yaradıb. Saxa insanlarının xasiyyətləri qar kimi yumşaq olsa da, sərt qışı sevirlər. Onların yaşam tərzi, ruzi- bərəkəti qışdan çıxır.

 

27 oktyabr 2021-ci ildir. Sevdiyim payız fəslində birdən- birə qışa, elə sevdiyim soyuğa bələnməyimin ayrı ləzzəti var. Keçirdiyim hisslər  “Böyük qarın alqışı” ilə üst-üstə düşür. Elə bil ki, bizə xeyir-dua verir. Əslində saxalılar  qarın ruzi-bərəkət, Tanrının ağ duası olduğuna inanırlar. Yeni tanış olduğumuz söz adamları, fikir adamları, məşhur ədəbiyyat xadimləri ilə maraqlı söhbətlər edərək, otelimizin yaxınlığında olan  Hökumət evinə çatırıq. Burada bizi Saxa (Yakutiya) Respublikasının rəhbəri  Aysen Nikolayevlə görüş gözləyir. Böyük akt zalına  daxil olandan sonra, məlum olur ki, ölkə rəhbəri  rəsmi Moskvaya dəvət aldığından, onunla görüş  görüş olmayacaq. Bizi  Saxa Respublikasının baş nazirinin müavini Sergey Mestnikov və Saxa Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf naziri Yuri Kupriyanov salamlayırlar. Daha sonra dövlət  rəhbəri Aysen Nikolayevin  festival iştirakçılarına ünvanlanmış məktubu oxunur.

 

Baş nazirin müavini Sergey Mestnikov  qonaqları salamladıqdan sonra,  gələn il Saxa Respublikasının 100 illiyi  tamam olan tədbirlər çərçivəsində keçirilən Beynəlxalq Poeziya festivalının  əhəmiyyətindən, eyni zamanda  Yakutiyada artıq ənənəyə çevrildiyini bildirdi. “Böyük qarın alqışı” festivalı nəticəsində Saxa -Yakut klassiklərinin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə olunmasını dövlətin təməl prinsipləri sayıldığını dedi. Platon Oyunski, Semyon Danilov, Mixail  Ammosov, Alampa və digər yakut şair və yazıçılarının azərbaycan, qırğız, macar, polyak, xakas, serbiya, monqol, qazax... dillərinə çevrilməsi də yakut ədəbiyyatının təntənəsidir. Eyni zamanda saxalıların klassik şairi, dramaturqu, fəlsəfi fikir adamı, dövlət xadimi olan Platon Oyunskinin kitablarının azərbaycan və qırğız dillərinə çevrilməsini də bu xalqlar arasında yeni dostluq əlaqələrinin yaranmasında körpü rolunu oynadığını bildirdi. Rəsmi məclisdə Natalya xanım Xarlampyevaya yenə söz verilir. O qonaqları bir-bir təqdim edir.  Onun təqdimatından festival iştirakçıları  Saxa- yakut ədəbiyyatını, mədəniyyətini təbliğ etdiklərinə görə fəxri fərmanlar və təşəkkür məktubları ilə təltif olunur. İki gün davam edən görüşlərdə Natlya xanım məni və qırğız qızı  Altınay Temirovanı “fəxri qonaq” qismində təqdim edir.  Tədbirin aparıcısı  Altınay  Temirovanın   “Sülh və xalqalr arasında dostluq münasibətlərinə görə” dövlət mükafatı ilə təltif olunduğunu elan edir. Altınay xanıma bu medal təqdim ediləndə sevincdən gözlərim dolur. Sən demə sonda məni də belə təqdimat gözləyir. Sergey Mestnikov Saxa Respublikasının dövlət mükafatını mənə təqdim edir və Azərbaycana özünün və Dövlət başçısının salamlarını çatdırmağımı rica edir.

 

Mən də  Azərbaycan, Qarabağda qazandığımız zəfər haqqında danışıram. Vətənimdə gedəb quruculuq işlərindən, eyni köklərimizdən, tariximizdən, mədəniyyətimizdən məlumat verirəm. Bu görüşlərə əliboş gəlməmişəm. “ABAD” satış mərkəzinin mənə verdiyi “ Qarabağ”, “Xarı bülbül”, “Şuşa qalası” rəmzləri və naxışları ilə işlənmiş müxtəlif  hədiyyələri, Azərbaycan kəlağayılarını, eləcə də “Xarı bülbül” döş nişanlarını Sergey Mestnikova və Mədəniyyət və Mənəvi İnkişaf naziri Yuri Kupriyanova təqdim edirəm. Xoş təəssüratla festival iştirakçıları bir-birini təbrik edirlər. Daha sonra dövlətin rəsmi nümayəndələri ilə xatirə şəkli çəkdiririk. Və  Yakutsk TV-sinin xəbərlər redaksiyasının əməkdaşı məndən müsahibə alır. Əynimdəki paltarın naxışlarını soruşur. Deyirəm ki, haraya getsəm kəlağayımızı və milli paltarlarımdan özüm ilə aparır, geyim mədəniyyətini təbliğ edirəm. Butanın isə bizim milli bəzək elementlərindən biri, həm də, od atəş rəmzi olduğunu bildirirəm. Gənc jurnalist qız deyir ki, biz də oda-atəşə sitayiş edirik, siz də, nə gözəldir. Burada da qeyd edirəm ki, mən bu gün aldığım Ali mükafatı Qarabağda şəhid olan oğullarımıza və Zəfərimizə həsr edirəm. Xəbər jurnalistinin də sinəsinə bir “Xarı bülbül” döş nişanı taxıram.

 

Gözlərim Natalya Xarlampyevanı axtarır. Elə qayğılı, təmkinli, elə məmnun görünür ki... Öz xalqını dünyaya tanıtmaq üçün daim mücadilə edən, axtarışlar aparan bir Asena misalıdır bu gözəl və nəcib xanım. Öz xalqını, öz yurdunu, öz insanını necə böyük məhəbbətlə, sevgi ilə bəsləyir. Böyük bir türk sevdalısı!!!

 

 

 

Saxa türklərinin müqəddəs ayini- Şaman duası

 

Rəsmi görüş başa çatdıqdan sonra, bizi Platon Alekseyeviç Oyunski adına Ədəbiyyat Muzeyinə ziyarətə aparırlar. Bu müzeydə qardaş və qələmdaşım Əkbər Qoşalı ilə 2019-cu ildə ziyarətdə olmuşuq. Yenə də Platon Oyunskinin  yazı stolunun  önünə keçib, otururam.Arzu-istəklərimi kainata ötürürəm. Platon Oyunski  böyük şaman idi. Bilirəm ki, onun ruhu özündən sonra qalan  yazı stolunun başına dolanır. Ədəbiyyat Muzeyinin yerləşdiyi  binanın 5 metirliyində  həm də  bir taxtadan tikilmiş  balaqan var. “Balaqan” taxta evə deyirlər. Mən Platon Oyunskinin qardaşı nəvəsi Yelena Vasilyevna Sleptsova -Kuorsunnax ilə həmin balaqanın içərisinə keçirik. Bizim hər anımızı fotolarda tarixləşdirən , gözəl dostumuz Rustəm Kajekin də addım-addım izimizdədir. Rütsəm Kajekin müəllim olmaqla yanaşı, həm də öz tarixinin, türk tarixinin araşdırmaçısıdır.Saxa Yazıçılar Birliyinin üzvü, natalya Xarlampyevanın yaxın köməkçisisir. Balaqanın giriş qapısından  solda bir buxarı vardır. Belə buxarı atamın doğulduğu Xeybəri kəndindəki baba ocağımızda  evin sol küncündə indi də durur. Yadıma gəlir ki, biz uşaq olanda nənəm həmin buxarıya odun atar, mən də heyrətlə odunun yanmasına baxardım. Yanan odunun tüstüsü bacadan çölə çıxanda lap heyrətlənərdim. Saxalılar da öz evlərində, yaşadıqları balaqanların içərisində hər zaman belə buxarılar tikiblər. Yelena Sleptsova deyir ki, buxarının yanında dayanan Aleksandr alqışçıdır. Saxa -yakut adətlərinə görə, gələn qonağın saatı, günü yaxşı keçsin deyə, duası Tanrı dərgahında eşidilən el alqışçısı, ağ şaman  hər zaman gəlib süfrəni, evi və qonaqları alqışlamalıdır. Bizim qonalqları  da alqışçı-şaman Aleksandr dualayacaq. Əslində bu adət bizdə və türkdilli xalqların hamısında  hər zaman mövcud olub. Süfrə başına əyləşəndə, evin böyüyüyü, və ya məclisin ağsaqqalı xeyir-dua verib, eyni ilə süfrəni yığışdıranda da ev, məclis sahiinin adına dualar oxunub, Tanrıya şükranlıq ifadə edilib.

 

Aleksandr bir qayda olaraq, kimin üçün hansı xoş arzunu diləyirsə, həmin xeyir-dua Tanrı dərgahına yetişir. Bir azdan bütün qonaqlar balaqana daxil olur. Və alqışçı Aleksandr ayinə başlayır. Buxarının sobasına odun atır, ocaq alışmağa başlayandan sonra, özü ilə gətirdiyi bitkilərdən və at quyruğundan ocağa atır. Onlar alışdıqca, Alqışçı Aleksandr dualarını oxuyur. Bilmirəm sonda nə olub, nə baş verdisə, alqışçı məni yaxınlığına çağırır. Heybəsindən  üzərində incə işləmələr olan ata bənzəyən fiquru və sərgi fiqurunu verib deyir ki, bu sərgini və at fiqurunu hər zaman eində saxla... (Sərgi atın başını bağlayan dirəyə deyilir). Ondan Azərbaycan və Qarabağ torpaqları, şəhidlərimiz üçün alqış etməyi rica edirəm. Yenidən ocağa odun və at quyruğununtüklərini atıb alqışına davam edir. Deyir ki, kainat 9 qatdanibarətdir. Üçüncü qatda atların ruhudur. Atın tükü yandıqda qoxusu buxrıdan tüstü ilə gedib üçüncü qata çatır və  atların ruhu o qoxunu hiss edir, arzuların həyata keçməsi üçün Göy Tanrıya duaçı olurlar. İndi sizin şəhidləriniz həmin xoşbəxt atları çapırlar.

 

Alqış ayini bitdikdən sonra, Ədəbiyyat Muzeyinin birinci mərtəbəsindəki foyedə qonaqlar üçün hazırlanmış süfrə başına keçirirk. Natalya xanım deyir ki, muzeyin direktoru, xalq yazıçısı Nikolay Luqinov çox qonaqpərvərdir. O qapısını açan bütün qonaqlar üçün hər zaman  bol nemətlisüfrələr açır. Muzeyin əməkdaşları qonaqlara qulluq edirlər. Süfrədə balıqdan, maral və  dayça ətindən hazırlanmış yeməklər, bişmişlər vardır. Diqqətimi qızardılmış sazan  balığı çəkir. Baxıram ki, balığın içərisini qovrulmuş soğan və tərəvəzlə doldurublar. Sonra süfrə ətrafında ədəbiyyatdan, yazı adamlarından , ulu türk tarixindən, şəxsiyyətlərindən maraqlı söhbətlər açılır. Nikolay Luqinov bir ensklopediyadır. Çingiz xanı özünün himayədarı sayır. Deyir ki, yazıçı xalqının səsi və sözü olmalıdır. Pis və yaxşı gündə də xalqın sözünü deməlidir. Hakimiyyət gəldi gedər, xalq əbədidir. Tədbirin sonunda  uzaqlardan gələn qonaqların hər biriniə üç kitabını hədiyyə edir. “Çingiz xanın öyüdləri ilə...” ikicildliyi və bir də yenə Saxa yakut xalqlarının tarixi şəxsiyyətlrindən bəhs edən “Əbədiyyətin anı” kitabı. Bu azmış kimi, hər bir iştirakçıya özü hazırladığı  şor balıq sovqatı verir.

 

Qonaqlar və ev sahibləri arasındakı hədiyyəmübadiləsi davam edir. Sayat Kamşıger Nikolay Luqinova qazaxların Biy (Bəy) libasını təqdim edir. Başına milli işləmələr və naxışlarla bəzədilmiş  qazax papağı qoyub, əyninə qazax xalatı geyindirir. Platon Oyunskinin nəvəsi Yelena Kuorsunnax  çıxış üçün söz istəyir. Boynuna azərbaycan kəlağayısı asıb. Deyir ki, bu kəlağayını bizim sevimli Aida Mamedşaxovna  özü gəlməzdən əvvəl poçt bağlaması ilə göndərib. Mənim də ona məxsusi hədiyyəm var: “Platon Oyunski öz xalqını, millətini sevən bir dövlət xadimi, yazıçı olub. O ətrafında işləyib çalışan hər kəsin əməyini dəyərləndirərdi. Mən indi babamın adını daşıyan muzeydə çox şadam ki, onun əsərləri artıq türk dillərində oxunur. Bu çox qürurvericidir. Babam kimsənin haqqını sabaha qoymazdı. Aida Eyvazova Mamedşaxovna və Altınay Temirovanın layiq olduqları dövlət mükafatı, əslində Oyunskinin ruhu tərəfindən onların əməklərinə verdiyi dəyər, qiymətdir. Mənsubu olduğum Saxa dövləti babamın əsərlərini tərcümə edənləri layiqincə qiymətləndirdi. Mən isə öz növbəmdə bu iki xanıma şəxsi hədiyyəmi təqdim edirəm. Yelena Kuorsunnax mənə bir cüt sırğa hədiyyə edir. Sırğanın üstündə bir boz qurd işləməsi var. Əl işidir. Bu hədiyyə də çox ürəyimcə olur.

 

Bu tədbirimiz yekunlaşdıqdan sonra, “Böyük qarın alqışı” festivalının  Poeziya axşamı bölümünə tələsirik. Poeziya axşamı Saxa (Y) Respublikasının Dövlət kitabxanasında keçirilir. Natalya Xarlampyeva deyir ki, Poeziya gecəsində iştirak etmək istəyənlər çoxdur. Pandemiya səbəbindən bu görüşlərin hamısı onlayn keçirilir. Festival iştirakçılarının şerlərini rus və yakut dilinə Natalya Xarlampyeva, Yelizaveta Miqalkina, Nikolay Vinokur –Ursun, Qavril Andros, Albina Sleptsova, Yelena  Sleptsova –Kuorsunnax, Yana Bayqojayeva tərcümə ediblər. Müəlliflər öz dillərində, tərcüməçilər də rus və yakut dilində şerləri səsləndirirlər. Bir qayda olaraq, bu tədbirdə də Saxa Respublikasının tanınmış  opera sənətçiləri, xalq artistləri Yekatrina və Aleksey Yeqorovalar, opera müğənnisi Zinaida Kolodeznikova, Aleksey Sleptsov  gözəl mahnılar ifa edirlər.
Tədbirin sonunda mən kitabxanaya Azərbaycanın Prezident Admnistrasiyasından verilən “Zəfər Səlnaməsi” kitabını və şairə Nigar Həsənzadənin “Bilək” kitabını, tərcümə etdiyim “Qırmızı şaman” kitabının Türkiyədə və Azərbaycanda çıxan nüxsələrini Dövlət kitabxanasına hədiyyə edirəm.

 

Festivalın üçüncü günü isə bizi Semyon və Safron Danilovun anadan olduğu Qornıy ulus- Dağlıq Ulus rayonuna aparırlar. Yakutsk şəhərinin mərkəzindən Dağlıq Ulus rayonuna qədər məsafə 183 kilometrdir. Qarlı-buzlu yol ilə avtobusun sürücüsü elə rahat şütüyür ki, ilk dəfə belə qarlı yola çıxanların heyrətinə səbəb olur. Mən isə sonuncu dəfə belə qarlı buzlu yollarla Nursultan şəhərinin adı Astana olan vaxtda getmişdim. Berdiqestyax nasleqinin (kənd) girəcəyində dayanırıq.

 

 

 

Böyük şairin doğulduğu ecazkar yurd...

 

Yol kənarında müxtəlif əlvan rəngli lentlərlə bəzənmiş ağaclar vardır. Belə lentlərə “salama” deyirlər. Natalya xanım deyir ki, burada Salama bağlanan ağacların yanında meşələrin və yolların qoruyucusu olan ruhlardan xeyir dua almaqlıyıq. Bizi milli paltar geyinmiş qızlar və oğlanlar əllərində kımız və blinçik dolu sinilərlə  qarşılayırlar.  Böyük los (maral) heykəlinin yanında dayanıb,  bizə təqdim olunan nemətlərdən dadırıq. Natalya xanım ruhları yemləyir. Ağacların  altına bişirilmiş blinçikdən qoyur, digər yerli sakinlər isə burada kiçik ocaq qalayırlar. Sonra isə avtobusa oturub  Berdiqestyaxda  Semen  Danilovun  adını daşıyan Mənəviyyat mərkəzinə gedirik. Burada da bizi milli paltar geynimiş gənclər qarşılayır. Havada 15 dərəcə şaxta var. Milli platarlarda olan gənclər geydikləri libasda ayaq üstdə yol gözləyən qurda bənzəyirlər. Sanki bizi bir dəstə canavar qarşılayır. Daha sonra Berdiqestyax nasleqinin alqışçısı  ocaq yandırıb, bizi onun başına dolandırır, alqış ayininə başlayır. Festival iştirakçılarına və layihəninin başa gəlməsində yardım edənlərə alqış oxuyur. Hamı bir səslə onun dediyini təkrarlayır:

 

Alqışçı:

 

- Tusku!

 

Adamlar:

 

-Tusku.

 

Alqışçı:

 

-Dom

 

-Dom.

 

-Uruy!

 

-Ayxal!-deyə ona səs verirlər.

 

Bundan sonra biz Semyon və Safron Danilov qardaşlarının Mıtax naleqindəki ev muzeyinə gəlirik. Muzeyin əməkdaşı mədəni və ədəbi tədbirlər keçirilən muzeydə həm də 1941-45-ci illərdə Vətən müharibəsində həlak olanlar və iştirakçılar barəsində geniş məlumat var. Saxa yakutları müharibədə, vətən uğrunda ölən qəhrəmanlarını hər zaman böyük ehtitramla yad edirlər. Bir də ki, Saxa dövlətinin bərqərar olması üçün çalışanların ruhu qarşısında özlərini hər zaman borclu bilirlər. Elə buna görədir ki, yurdun adlı-sanlı adamlarının, şəxsiyyətlərinin həyat və yaradıcılığından bəhs edən əsərləri, onlara məxsus olan sənədləri, əntiq əşyaları rayon, kənd, şəhər mərkəzlərindəki tarixi, mədəniyyət və incəsənət muzeylərində göz bəbəkləri kimi qoruyurlar. Hər dəfə muzey, sərgi salonları qapılarından içəri keçəndə bu sevgi və ehtiramın şahidi oluruq.

 

Qornıy Ulus şəhərinin bələdiyyə  sədrinin müavini Sardana Sleptsova qonaqlara Berdiqestyax rayonu, Mıtax nasleqi  haqqında məlumat verir. Deyir ki, bu il rayonun yaradılmasının 90 illiyidir. Rayonun 12 min əhalisi vardır. Bu rayonda zaman-zaman adlı-sanlı şəxsiyyətlər doğulub. Onların arasında, vətən müharibəsi qəhrəmanları, yazıçılar, rəssamlar, mədəniyyət xadimləri, tarixçilər, ədəbiyyatçılar, zəhməti ilə xarüqələr yaradфn fəhlələr də vardır. Bu gün rayon özünün intibah dövrünü yaşayır. Yakutiyanın çətin relyef və hava  şəraitinə görə, bir çox rayon və kəndlərin yol problemi olduğu halda, Berdiqestyaxda bu gün yol infrastrukturu yüksək səviyyədə qurulub. Ətraf rayon və nasleqlərdən (kəndlərdən) buraya yaşamağa, oxumağa, işləməyə gəlirlər. Bizim rayonun 9 nasleqi vardır. Mıtax ən böyük nasleqlərdən biridir. Semyon və Safron Danilov qardaşları da bu nasleqdə doğulublar. İndi  tanış olduğunuz bu mədəniyyət evində klassik şairimiz və ədəbiyyatçımız  Semyen Danilovun ev muzeyinin yaradılmasında xalqımızın mənəvi anası, Natlaya Xarlampyevanın böyük xidməti vardır. Natlaya İvanovna, özünün sələfinə bir xələf kimi çox sadiqdir. Semyon Danilovun ideyalarının bu gün də həyata keçirilməsində əlindən gələni əsirgəmir. Biz Semyon Danilovun arzularını nəzildən- nəsilə ötürürük. Yeni gənc şairləri və ədəbiyyatçıları, istedadlı gəncləri və uşaqları bu mədəniyyət evində yetişdiririk.

 

Saxa yakut xalqının qonaqpərvərliyi tam geniş bir yazının mövzusudur. Sardana xanımın təqdimatından sonra bizi yemək süfrəsinə dəvət edirlər. Yemək süfrəsində hisə verilmiş növbənöv balıqlar, balıq qızartması, çudu, blinçik, xırda küftə bozbaşı... müxtəlif salatlar... hər birində öyrəşdiyimiz türk mətbəxinin, doğma türk yurdlarının dadı-tamı var. Süfrəyə südlü çay verilir. Və bir də ki, Berdiqestyax rayonu adından  qonaqlara yenə hədiyyə təqdim edilir.

 

Daha sonra Mədəniyyət evinin  gənc üzvləri və respublikanın tanınmış incəsənət xadimlərinin ifasında  ədəbi kompozisiya təqdim olunur. Biz isə öz şerlərimizi ana dilimizdə oxuyuruq.  Axşam saat 5-dir. Hava qaralmağa başlayır. Ev sahibləri böyük məhəbbətlə “Gələn görüşlərədək”- deyib, bizi yola salırlar.

 

 

 

Bu da sonuncu gün, sonuncu vida...

 

Burada havalar tez qaralır. Avtobus  buz bağlamış yol ilə şütüyür... Ətrafa baxıram, geri döndüyümüz yolda  qar altından ot axtaran atlar gözə dəymir. Axşamlar harasa çəkilib yatırlar. Bu yerlərdə atları xüsusi bəsləmirlər. Onlar yarımvəhşi atlardır. Tövlədə yalnız inək və toyuq saxlayırlar. İndi dövlət atçılıqla məşğul olmaq istəyən təsərrüfat sahibləri üçün subsidiya ayırır ki, ilxılar çoxalsın. At saxalıların muradıdır, dostudur, yoldaşıdır. Həm də mətbəxlərinin azuqəsidir.Qış azuqəsi...  Kəsim atlarının yaşı 2-dən artıq olmur. Belə dayçalardan və qulanlardan, marallardan  qış azuqəsi hazırlayırlar. Qış azuqəsinin kəsimi isə noyabr-dekabr aylarında başlayır.

 

Biz axşam saat 7 radələrində gəlib “Tıqın Darxan” otelinə yetişirik. Sonra isə Natalya Xarlmapyevanın Yazıçılar Birliyi adından təşkil etdiyi ziyafət otağına keçirik. Yenə zəngin süfrə, xoş ovqatlı insanlar, maraqlı söhbətlər və bir də ki, tanınmış müğənni və sənət ustalarının konserti. Tanınmış xomus ustası Natalya Xarlampyevanın sözlərinə yazılmış məşhur  “Legentay- “Orta Asiya” mahnısını ifa edir. Bu mahnıda türk dünyasının mənəvi anası saydığım  Dilbər xatun –Natalya xanımın  Turan ruhu, eşqi və sevgisi vardır.

 

Görüşümüzün sonunda Natalya Xarlampyeva bizə “Böyük qarın alqışı”-ndan nişanə olaraq plaketlər, qadınlara gümüş sırğa, kişilərə isə at quyruğunun tükündən hörülmüş papaq  və hisə verilmiş ağ balıq hədiyyə edir. Bu gecə belə xoş ovqatla qonaqlarla son saatlarımızı başa vururuq. Natalya xanım çox xoşbəxt görünür. Çünki ustadlarının öyüdlərini yerinə yetirməsi məmnunluğunu yaşayır. Bir daha əmin oluram ki, Saxa Yakutiya Respublikasını bərqərar edib, bu günə qədər gətirən böyük ədəbiyyatçılar, mədəniyyət xadimləri olublar. Natalya Xarlampyeva ustadının dediyi kimi, indi özü dönüb, qarda çığır açan yol damı olubdur.

 

29 oktyabr 2021-ci ildə qonaqların hamısı öz doğma yurdlarına  yola düşürlər. Mən isə qalıram. Hələ bir neçə dövlət, mədəniyyət və incəsənət xadimi ilə görüşlərim olacaq. Gələn il qeyd olunacaq Saxa Respublikasının 100 illiyinə kitab ərməğan edəcəm. Türk yurdlaırını birləşdirmək arzularımın həyata keçən günlərini yaşayıram və yazıram. Tanrı gözəl yazan, tarix yazan, dostluğu, sülhü tərənnüm edən hər kəsə yar olsun!

 

Ankara-Yakutsk-Bakı,  25 oktyabr-07 noyabr, 2021-ci il.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.