Super User
TÜRKSOY-un təşkilatçılığı ilə Bursa şəhərində Nizami Gəncəvi və Yunus Əmrəyə həsr olunan tədbir keçirilib
Türkiyə Respublikasının Bursa şəhərində TÜRKSOY təşkilatı tərəfindən təşkil olunan Nizami Gəncəvinin doğumunun 880-cı ilinə və Yunus Əmrənin vəfatının 700-cü ilinə həsr olunmuş konsert proqramı və sərgi açılışı həyata keçirilib. Konsertdə TÜRKSOY baş katibi Düsen Kaseinov, Bursa Böüykşəhər bələdiyyə başçısı Alinur Aktaş, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı, Bursada yaşayan və təhsil alan həmyerlilərimiz və Bursa şəhər ictimaiyyəti iştirak edib.
Mədəniyyət Nazirliyinin məlumatına görə, Bursa Böyükşəhər bələdiyyəsi ilə birlikdə təşkil olunan tədbirdə türkdilli ölkələrin incəsənət nümayəndələrinin iştirakı ilə Türk Dünyası Şah Əsərləri Konsert proqramı və hər iki şairin əsərlərindən ibarət foto sərgi sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Konsertdən əvvəl Bursa şəhərinin 2022-ci il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi münasibətilə mətbuat konfransı keçirilib. Həmin konfransda TÜRKSOY baş katibi Düsen Kaseinov, Bursa Böyükşəhər bələdiyyə başqanı Alinur Aktaş, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı, Bursa şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Kamil Özer, bələdiyyə üzvləri və bir çox media qurumlarının nümayəndələri iştirak ediblər.
Görüşdə Bursa şəhərinin tarixindən, onun Türk Dünyasındakı mədəni yeri və rolundan görüş iştirakçılarına məlumat verən bələdiyyə başçısı bildirib ki, ortaq ədəbi dəyərlərimiz olan Nizami Gəncəvi, Yunus Əmrə kimi şairlərimiz məhz bu mədəni dəyərlərin formalaşmasına xüsusi qatqısı vardır. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov yaşıl və tarixi şəhər olan Bursanın TÜRKSOY Daimi Şurasında qəbul edilən qərarla 2022-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı elan edilməsinin əhəmiyyətindən söz açıb. Türk dövlətlərinin Türk Dünyasının Mədəniyyət Paytaxtı adının ən yüksək mədəni və tarixi dəyəri olan şəhərlərə daşınmasında töhfə verəcəyini deyən Kaseinov, “İnanırıq ki, Osmanlı dövlətinin paytaxtı olmuş qədim Bursa gələn il bu adı uğurla daşıyağını bildirib. Görüşdə Akif Marifli hər iki şairin ədəbi irsindən söhbət açaraq, onları birləşdirən ortaq dəyərlərə toxunub, Nizami Gəncəvi və Yunus Əmrənin haqq-ədalət, humanizm ideyalarının çarçısı olduğunu, türk dünyası ədəbiyyatının zəngilşdirilməsindəki xidmətlərini qeyd edib və eyni zamanda 2022-ci ildə Bakıda keçiriləcək 8-ci Beynəlxalq Kitab Sərgisinə Türkiyənin “fəxri qonaq” statusunda qatılacağını bildirib. Şöbə müdiri Bursa Böyükşəhər Bələdiyyəsini də həmin sərgidə stendlə iştiraka dəvət edib. Akif Marifli "Gəncə–Nizami yurdu” kitabını, və Qarabağ Zəfərinin simvolu olan “Xarıbülbül” nişanını Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaşa hədiyyə edib.
Bəyaz qara səcdə edən insanlar - Aida Eyvazlının Saxa Respublikasına səfərdən yol qeydləri
Bəlkə son deyil, elə əvvəl buradan başlayır...
Yenə Müqəddəs Saxa (Yakut) Respublikasına rəsmi dəvət almışdım. Gözümüzdən uzaq, könlümüzə çox yaxın bir ölkədən. Qədim türklərin izi, mədəniyyəti, tarixi olan ölkədən. Tanrının bəyaz donda saxladığı bu gözəl insanların vətəninə ilk səfərimdə də əziz bir dostumun xeyir-duası ilə onun evindən yola çıxmışdım. Qismət, tale yazısı imiş, bu dəfə də məni həmin əziz dostun evindən uğurladılar. Ankarada Mustafa Kamal Atatürkün məzarını ziyarət edib yoluma davam etdim. Hava limanından isə məni Mustafa Kamal Atatürkün fotolardan boylanan baxışları yola saldı. Gömrük sərhəd-keçid məntəqəsini keçəndə, dönüb qeyri-ixtiyari Türkiyəni quran kişiyə əl salladım. Böyük Atatürkün sevdiyi, lüğətini oxuduğu Saxa -yakutlarının ölkəsinə gedirəm.
Mustafa Kamal Atatürkün iş stolunun üstündə Eduard Karloviç Pekarskinin tərtib etdiyi “Yakut lüğəti”nin 4 cildliyi xüsusi yer tutardı. Atatürkü görən şahidlər yazırdılar ki, 1936-cı ilin avqustunda Floriya köşkündə iqamətgahda keçirilən dil qurultayından sonra ziyafət təşkil olunur. Yemək süfrəsi ətrafında sözlərin etimologiyasından bəhs edilir. Atatürk “tonalite” kəlməsinin kökünü soruşur. Süfrə başında oturanlar bu sözün fransızlara məxsus olduğunu isbat etmək istəyirlər. Mustafa Kamalın işlər müdiri Sürəyya Bəy fransız dilində lüğəti gətirir, bu lüğətdə həmin sözün kökünün yunancadan gəldiyi izah edilir. Atatürkün bir bildiyi var idi, cavab onu qane etmir. “Ton” sözünün Asiya ölkələrindən gəldiyini sübut etmək üçün Yakut lüğətini gətizdirir. Yakut lüğətində isə “ton” sözünün “səs” mənasını verdiyi məlum olur. Beləliklə Atatürk fransızlara “ton” sözünün yakut dilindən keçdiyini bir daha isbat etmiş olur. Və süfrə ətrafında otutanlara yakutların sakların törəsi olduğunu da izah edir. İndi həmin “Yakut lüğəti” 4 cildliyi Mustafa Kamal Atatürkün Anıt qəbirdəki mavzoleyində saxlanılır. O kitabın səhifələrində Atatürkün qeydləri yer alır. Mən də Mustafa Kamal Paşamızın gözündən uzaq olan, könlünə yaxın tutduğu sakların- saxalıların ölkəsinə gedirəm. Qütb dairəsinin kəsişdiyi üfüq xəttinədir yolum. Bəlkə son deyil, elə əvvəl buradan başlayır...
Təyyarə ilə Ankaradan İstanbula 1 saat, İstanbuldan Moskvaya 3 saat, Moskvadan Yakutsk şəhərinə isə 6 saat uçmalı oluram. Ümumilkdə yollarda 17 saat keçirirəm. Təyyarəyə daşına biləcək qədər baqaj yükü vermişəm, üç zənbilə və çemodanlara yerləşdirdiyim kitabları, ABAD-dan, Türkiyədəki Azərbaycan Səfirliyindən götürdüyüm Qarabağ zəfərini tərənnüm edən hədiyyələri zərif çiyinlərimdə daşımaq çətin olsa da şərəflidir. Ancaq ruhən yorğun deyiləm, fikirləşirəm ki, yalın ayaqla Şuşaya çıxan, Qarabağı azad edən igidlərimizin çiyinlərindəki yük bundan da ağır idi. Bir də ki, ötən əsrin 1926-cı ilində Saxadan Bakıda keçirilən I Türkoloji Qurultaya gəlmək üçün 4 nəfər yakut türkündən ibarət nümayəndə heyəti: siyasi xadim İsidor Baraxov, klassik şair, dramaturq Anempodist Safronov –Alampa, şair və dilçi alim Aleksey İvanov Kunde və nümayəndə heyətinin rəhbəri, filosof, alim və klassik yazıçı Aleksey Kulakovskiy –Eksekyulyaxı xatırlayıram. Moskvada A.Kulakovski-Eksekulyax xəstələnir, xəstəxanaya yerləşdirilir. Az keçmir ki, vəfat edir. Qalan üç ictimai və dövlət xadimi gəlib Bakıda keçirilən I Türkoloji qurultaya yetişir və çıxış edirlər. Həmin o böyüklər də Saxadan Bakıya gələndə yolları çətin və əziyyətli olmuşdu, məndən çox əziyyət çəkmişdilər. Deyilənlərə görə Bakıya 6 aya gəlib yetişmişdilər. Türkçülüyün, ədəbiyyatın yolu asan oldusa, yaxşı əsər alınmayacaq. Türk İmperiyaları da asan qurulmayıb, çətin olub, şərəfli olub bu yol. Alın təri ilə yazılan bütün türk əsərləri gözəldir. Istər tarix olsun, istər döyüş olsun, istər dövlət, istərsə də kitab. Tanrı belə bir şərəf yolunu mənə qismət edibsə, nə xoş halıma.
Moskvadan Yakutska uçan təyyarəyə oturanda elə fikirləşdim ki, yəqin ki, 6 saatlıq yolun 3 saatını yataram. Ay yatdın haaa... Ətrafıma baxıb, lap bizim məşhur mahnımızda deyildiyi ki, “Mən ki, həsəd aparıram, yatanlara gecələr...”i fikirləşirəm. Deyirəm ki, görəsən indi təyyarə salonunun ortasında dayanıb, bu mahnını oxusam buradakılar mənə nə deyər? Amma sözün əsil mənasında səsimi başıma atıb oxumaq istəyirəm. Çünki ruhum yerindən oynayır. Axı darıxdığım yerlərə gəlirəm. Bu yerlərdə, bu torpaqda 2019-cu ilin may ayının sonu, iyunun əvvəli qardaş bildiyim, türk dünyası sevdalısı? şair Əkbər Qoşalı ilə birlikdə izlərimizi qoyub qayıtmışdıq. Vətən mücadiləsi aparan, Saxa Yakutiyada dövlət quran Platon Oyunskinin kitabını azərbaycancaya tərcümə etmişəm, redaktoru Əkbər Qoşalı olub. Bu kitabın Azərbaycanda çıxması Saxa -yakut xalqı üçün hadisəyə çevrilib. Bu kitab Türkiyədə də nəşr olunub.
Elə indi də əslində bu sakral topraqlara məni çəkib gətirən həmin o “Qırmızı şaman” kitabının alov dilli işığıdır, - düşüncəmdə yəqin ki, yanılmıram.
Səhər saat 9-da bir saat gecikmə ilə Platon Oyunski adına hava limanında təyyarəmiz eniş edir. Məni Saxa Yazıçılar İttifaqının gənc üzvü, türk izlərinin, saxa türklərinin qədim yazı tarixini, naxışlarını, tamğalarını araşdıran, bu sahədə dürlü-dürlü elmi və bədi əsərlər, şerlər yazan Qavril Androsov və Saxa milli libasında üç nəfər qarşılayır. Onların əllərində duz-çörək və kımız dolu çoron var. Kımız bütün türkdilli xalqların - Altaylarda, Mərkəzi Asiyada, Şimalda yaşayan türklərin həyat eliksiri, can dərmanı sayılan içkisidir. Çox böyük həvəslə kımızı alıb başıma çəkir və duz-çörəyi dadıram. Məni milli Saxa paltarında qarşılayanlara isə Ankaradan aldığım şirniyyatlardan və özümlə götürdüyüm Azərbaycan çayından hədiyyə edirəm.
Qavril Androsov özü qədim Tattı Ulusundandır. Platon Oyunskinin həmyerlisi olmağı ilə fəxr edir. “Çolbon” jurnalının redaktorudur. Bir neçə gündən sonra bu jurnalın 95 yaşı tamam olacaq. 1926-cı ildə nəşrə başlayan jurnalın ilk redaktoru Alampa Safronov olub. Bu il Saxa xalqı onun 135 illiyini qeyd edir.
İnsanın SÖZ-dən güclü heç nəyi yoxdur
Hava limanının çıxışında bizi gözləyən avtobusa otururuq. Avtobusun salonunda gələn qonaqlar artıq öz yerlərini tutublar. Şəhərin mərkəzindəki “Tıqın Darxan”- otelinə çatırıq. Bizə dincəlməyə zaman verirlər. Qütb xəttinə yaxın Saxa Respublikası ilə olan saat fərqi səbəbindən “Böyük qarın alqışı” festivalına gələn qonaqların əksəriyyətinin yerli vaxta uyğunlaşması çətin olur. Məsələn Bakı ilə Yakutsk şəhəri arasında saat fərqi 5 saat, Ankara ilə isə 4 saatdır. Özümü tarazlayıb, yerli vaxtla 13.30-da yuxudan ayılıram, otelin foyesində yığışan qonaqların yanına enirəm. Bir-birimizlə tanış oluruq. Adına el arasında “Dilbər xatun” deyilən Natalya Xarlampyevanı görüb ona yaxınlaşıram. Ən doğma adamlar kimi görüşürük. Qazaxıstanın məşhur gənc şairi Sayat Kamşıger, Başkordıstan Parlamentinin deputatı, Yazıçılar Birliyinin sədri Zəki Əlibəyov, Kareliyadan “Sever” jurnalının baş redaktoru , bir neçə dövlət mükafatı lauraetı Yelena Pietilyaynen, Tatarıstanın məşhur uşaq şairi və ədibi Rafis Kurban, Tatarıstanın gənc türkçü şairi, Musa Cəlil mükafatının laureatı Ruzal Muxametşin, Qırğızıstanın məşhur ədəbiyat nominasiyaları laureatı Altınay Temirova, Xakasiya Respublikasının əməkdar mədəniyyət xadimi, şair Natalya Axpaşeva, Murmanskdan gələn bir çox ədəbi mükafatlar laureatı İlya Vinoqradov, Kalujsk vilayəti Yazıçılar Birliyinin sədri, RSFSR Yazıçılar Birliyinin həmsədri Vadim Teryoxin, Rusiyanın Böyük Ədəbiyyat mükafatının laureatı Boris Lukin də qonaqlar arasındadırlar. Proqramdan məlum olur ki, biz əvvəlcə Semyon və Safron Danilov qardaşlarının abidəsi önünə çiçək dəstələri qoymalıyıq. Çünki bu ilki festival Semen Danilovun xatirəsinə həsr olunub. Festival iştirakçılarının hər biri onun “Qar” şerini öz ana dilinə tərcümə edib. Sayat Kamşıqerlə köhnə dostlar kimi görüşürük. Ötən il Vətənimizdə döyüşlər gedəndə Sayat Kamşıger Azərbaycan əsgərlərinə şer həsr etmişdi. Onun şerini dilimizə mən çevirdim.
Biz şəhərin mərkəzində ucaldılan Semyon və Safron Danilov qardaşlarının abidəsi önünə gəlirik. Tanrı elə bil ki, gəlişimiz münasibəti ilə böyük qarı lütf edib, dünyanı ağ rəngə bürüyüb. Buralara qar oktyabrın 14-dən yağmağa başlayıb. Əslində bu ağ rəng əhvalımı çox yüksəldib. Saxa (Yakut) Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf naziri Yuri Kupriyanov qonaqları salamlayır. Çıxışında çox maraqlı məqamlara toxunur. Deyir ki:
-Biz, əcdadlarımızın dediyi kmi, göydən yağan qarı alqış, bərəkət sayırıq. Uzaq Şimalda yaşayan yakutlar üçün qar təmizlik, ağlıq, yeni münasibətlər rəmzidir. Sizin bu dəfəki gəlişinizlə festivalımızı açıq elan edirik. Əslində ilin-günün bu vaxtında, belə bir festivalı keçirməklə pandemiyaya çağırış edirik. Çünki biz sağlamlığın, təmiziliyin tərəfindəyik. Arzu edirəm ki, heç kim xəstələnməsin. İnanıram ki, pandemiyanın tələbləri çərçivəsində “Böyük qarın alqışı” festivalı uğrla başa çatacaq. Biz bir- birmizlə faydalı fikir mübadilələri edib, ədəbi əlaqələrimizin, mədəniyyətlərimizin bilriyindən və müxtəlifliyindən danışacağıq. Bu fikir mübadilələri çərçivəsində biz həm də ilahi sözün gücünü təsirləndirməliyik. İnsanları sözümüzə inandırmağı bacarmalıyıq. Mən belə hesab edirəm ki, insanın SÖZ-dən güclü heç nəyi yoxdur. İnsanın varı-dövləti sözdür. Qoy sizin də sözünüz hər zaman güclü və təsirli, bərəkətli olsun, zərb-məsələ çevrilsin, istiliyi ürəklərə yayılsın. Uzun müddət Saxa Yazıçılar Bilriyinin sədri olmuş Semyon Danilov və qardaşı Safron Danilovun da sözü əbədi yaşasın. Bizim sevimli xalq yazıçısı, Platon Oyunski adına Dövlət mükafatının laureatı Natalya Xarlampyevanın müəllifi olduğu “Böyük qarın alqışı” festivalının dili sevgi, məhəbbət, vətən dilidir. Biz hamımız bu dildə danışmağı bacarmalıyıq.
Daha sonra Natalya Xarlampyeva öz ustadı Semyon Danilovdan, onun sabiq SSRİ məkanında tanınmış yazıçılarla olan sıx ədəbi əlaqələrindən danışır. Sonda bizim hamımız böyük yazıçı və dramaturq Danilov qardaşlarının abidəsi önünə çiçək dəstələri qoyub Saxa Media Holdinqdəki görüşə tələsirik.
Burada keçirilən “Avrasiya ilhamı: dünən, bu gün və sabah” dəyirmi masa ətrafındakı görüşdə respublikanın tanınmış ictimai xadimləri və fikir adamları iştirak edirlər. Saxa Media Holdinqinin sədri Viktor Jamaxanoviç Kolesov rəhbərlik etdiyi qurumun əlaqələrindən, bugünkü qlobal media və informasiya məkanında tutduğu mövqedən söhbət açır. Panel müzakirələrdə medianın dünyadakı gündəlik çağırışlara münasibətləri müzakiə olunur, fəlsəfi və dinamik, yanaşmanın əhəmiyyətindən danışılır. Sonda isə, saxalılara məxsus olan qonaqpərvərlik diqqətdən qaçmır. Vikor Jamaxanoviç festival iştirakçılarına Saxada istehsal olunan ətirli çay və şokalad təqdim edir.
Semyon Danilov: Qarda cığır açan yol adamıyam.
Proqramımız o qədər zəngin və maraqlıdır ki, yol yorğunluğunu unutmuşuq. Günorta yeməyini “Tıqın darxan” otelinin restoranında yeyirik. Süfrəyə saxa-yakut mətbəxinin dadlı yeməkləri düzülüb: Salamat ( bu bizim quymağın ağ rəngdə olan variantıdır), maral ətindən növbənöv soyuq və isti yeməklər və bir də ki, stroqanina – dondurulmuş çiy balıq. Nahardan sonra bizi Şimal Şərq Federal Universitetinin prezidenti Yevgeniya xanım Mixaylova ilə görüşə aparırlar. Onunla “Mamontlar muzeyi”ndə görüşürük. Axşamüstü saat 17-də isə M. K.Ammosov adına Şimal-Şərqi Federal Universitetində Poeziya festivalının açılış mərasimi başlayır. “Böyük qarın alqışı” Beynəlxalq festivalının açılışının bu universitetdə keçirilməsi ənənə halını alıb. ŞŞFU (Şimal Şərq Federal Universiteti)nin elmi Şurasının böyük zalında “Yakutiyanın virtouzları” skripkaçı qızlar ansamblının ifasında klassik musiqilər səslənir. Bu gənc qızların hamısı bir boyda, bir biçimdədir. Deyirlər ki, skripkaçılar məktəbini də ölkənin ilk prezidenti Nikolay Yefimov yaradıb. İndi bu ansamblın solistləri dünyanın bir çox məşhur səhnələrində konsert proqramları ilə çıxış edirlər.
Festivalın təşəbbüskarı Rusiya Yazıçılar Birliyinin üzvü, Yakutiya Respublikasının Yazıçılar Birliyinin sədri, RSFSR-in əməkdar mədəniyyət xadimi Natalya Xarlampyeva çıxış edir. Saxa ədəbiyyatının qoruyucusu, gənc yazarların himayəçisi olan bu xanım müəllifi olduğu “Böyük qarın alqışı” beynəlxalq festivalının necə ərsəyə gəldiyindən, özündə hansı ideyaları ehtiva etdiyindən danışır:
-Bizim bu qarışıq zəmanəmizdə - üz-üzə, göz-gözə görüşmək böyük sevincdir. İki ilə yaxındır ki, biz bu ünsiyyətdən məhrumuq. Böyük ayrılıqlar həyatımızda öz izini qoysa da, bizim beynəlxalq əlaqələrimizə təsir edə bilməyib. Uzaqda-yaxında yaşayan dostlarımızla hər zaman ədəbi və dostluq əlaqələrimizi qoruyub saxlaya bilmişik. 2012-cü ildən sonra ənənəvi hal alan beynəlxalq poeziya festivalı Saxa-yakut xalqının qədim tarixi və ədəbiyyatını, mədəniyyətini, bu ədəbiyyatı yaradıb gələcək nəslə ötürənlərin şərəfinə keçirilir. Artıq 6-cı dəfə keçirilən ənənəvi festivalda adətən dünyanın bir çox ölkələrini təmsil edən 60-dan çox yaradıcı insan iştirak edirdi. Bu dəfə belə olmadı. Lakin biz az tərkibdə olsa da, böyük klassikimiz, şair Semyon Danilovun sözünün işığına yığışa bildik. Onun “Qar” şeri poeziya festivalına qatılanların ana dillərində tərcümə olunub. Bir də ki, qonaqlarımızın hər birinin Tanrının alqışı sayılan bəyaz qar haqqında yazdığı şerləri universitetin tələbələri tərəfindən səsləndiriləcək. Poeziya festivalının keçirilməsi təşəbbüsünü 9 il bundan əvvəl irəli sürəndə, belə də düşünmüşdüm ki, sözün işığına gələn qonaqlarımız həm də qarın bəyazına bələnəcəklər. Semyon Danilovun yazdığı kimi: “Gəl sənə söyləyim, ey əziz dostum, Mən Şimal adamı, qar adamıyam. Bəyaz qar içində dünyaya gələn, Qarda cığır açan yol adamıyam.” Bu festival nəticəsində xalqımız və vətənim üçün nə qədər həmfikir dostlar tapmışam. Xarakter etibarı ilə özümdən razı adam olmadığımı dostlarım yaxşı bilir. Lakin bu gün həm özümdən razıyam, həm də xoşbəxtəm. Bütün zəncirləri və inadları qıraraq mən öz Vətənim üçün bu gözəl işi görməyi bacarmışam. Qoy qarın alqışı, poeziya və dostluq bizimlə olsun. İndi pəncərədən çölə baxsanız görərsiniz ki, göydən lopa-lopa qar dənələri yağır. Hər tərəfi bəyaz işığa bürüyüb. Bax beləcə bizim yurdumuza yağan bəyaz qar təbiəti və ürəkləri bəzəyir. Sizin də könlünüzün işığı heç zaman azalmasın.
Söz tələbələrə verilir. Onlar Semyon Danilovun, Natalya Xarlampyevanın, eləcə də festivalın qonaqlarının şerlərini əzbərdən oxuyurlar. Mənim “Yakutska qar yağar” şerimi isə jurnalistika fakultəsinin 1-ci kurs tələbəsi Nikolay səsləndirir. Xüsusi improvizasiya, xüsusi avazla oxuyur. İlk dəfədir ki, öz şerimi başqa dildə dinləyirəm. Sevincliyəm. Sonra qonaqlara söz verilir. Natalya Xarlampyeva məni və Qırğızıstandan gələn Altınay Temirovanı fəxri qonaq qismində təqdim edir. Mən öz çıxışımda universitet tələbələrinə dillərini, torpaqlarını qorumağı tövsiyə edirəm. Qarabağ zəfərimizdən, xarı bülbüldən, oxşar taleyimizdən, dilimizdən, kökümüzdən danışıram. Çıxışımı alqışla qarşılayırlar. Burada bir qurd ürəkli şairəni kəşf edirəm. O, xakas qızı Natalya Axpaşevadır. Gənclər üçün şer oxuyur. Oxuyur desəm yanılaram, hayqırır, türkçülüyü qorumağa, tariximizə sahib çıxmağa səsləyir.
Saxa yakutlarının məclislərinin, toy və tədbirlərinin, festivallarının ən mühüm atributlarından biri də xomusla ifa etdikləri boğaz mahnılarıdır. Bu dəfə festivalda məşhur xomus ifaçısı Erkin Alekseyev və xalq mahnılarının qoşa ifaçıları Klavdiya və German Xatılayevlər öz məharətlərini göstərirlər. Onlar Xomusda çox rəngarəng improvizələr edir, eyni zamanda Klavdiya və German cütlüyü yakut folklorundan ibarət xalq mahnılarını səsləndirirlər. Səslər mənə elə tanış gəlir ki... Nənəmin, anamın laylalarındakı həmin səslərdir, həmin döyüntülər, həmin avazlardır... Eyni ilə beşik başında layla çalanda, sevincdən zümzümə edəndə, həsrət göz yaşları tökəndə... onlardan bu ritmləri, bu səsləri eşitmişəm axı... yaddaşım məni aldada bilməz... Laylaları laylama, oxşamaları oxşamalarıma bənzəyən doğma saklarım, saxalılarım...
Poeziya festivalının 1 gününü beləcə arxada qoyuruq.
***
Səhər yatağımdan durub, pəncərədən çölə boylanıram. Pəncərəmdə şaxtanın çəkdiyi əsrarərngiz tablonu görürəm. Bir anlığa uşaqlığımı xatırlayıram. Nə vaxtsa Bakıda, Sumqayıtda da gözəl qış keçərdi. Anam sevinclə “Uşaqlar, durun, əl-üzünüzü yuyub, pəncərədən baxın, qar yağıb...”- deyib bizi yuxudan oyadardı. Sonra səhər naharını yeyib, isti əlcəklərimizi, paltomuzu, papağımızı geyindirib bizi qarla oynamağa yola salardı. Həyətə düşməyəndə isə pəncərədə qarın və şaxtanın vurduğu naxışlardan zövq alar, özümüzə naxış seçər, yoldan keçən maşınları sayardıq... İndi bu gördüyüm naxışlar məni o günlərimə aparır... uşaqlığım üçün necə darıxdığımın fərqində oluram...
(Davamı var)
Kovid əleyhinə etiraz
Bratislavada minlərlə slovak dövlətin kovid əleyhinə məcburi vaksinasiya tətbiqinə etiraz əlaməti olaraq mitinqə çıxmışlar.
Bu gün Xətai Sənət Mərkəzində “Qəlbimin palitrası” adlı rəsm sərgisi açılacaq
Bu gün Xətai Sənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, rəssam, şair Telman Abbasovun “Qəlbimin palitrası” adlı kitabının təqdimatı və eyniadlı rəsm sərgisinin açılışı olacaq.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, kitabı müəllifin öz imzası ilə əldə etmək, rəssamın yaradıcılığı ilə daha yaxından tanış olmaq istəyən hər kəs tədbirdə iştirak edə bilər.
Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.
Filarmoniyada Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində konsert proqramı təqdim edilib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində konsert proqramı təqdim edilib.
AzərTAC xəbər verir ki, konsert proqramında Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Bakı kamera orkestri çıxış edib.
Musiqili gecədə Üzeyir Hacıbəylinin “Arazbarı”, “Sənsiz”, “Sevgili canan”, Qara Qarayevin “Yeddi gözəl” baletindən Vals, Fikrət Əmirovun “Nizami” simfoniyası səsləndirilib.
Qeyd edək ki, bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Bununla əlaqədar noyabrın 15-dən Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirlərdən ibarət Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir.
Festival noyabrın 26-dək davam edəcək.
“Kalmar oyunu”nun musiqisi də “ən yaxşı” oldu
Cənubi Koreyanın “Kalmar oyunu” serialında səslənən musiqi “Hollywood Music in Media”nın “Teleşou və ya mini serial üçün ən yaxşı saundtrek” nominasiyası üzrə mükafat alıb.
TASS agentliyi xəbər verir ki, mükafatlandırma mərasimi “Hollywood Music in Media”nın rəsmi saytında yayımlanıb.
Bəstəkar Çun Çe İl çıxışında bütün həmkarlarına və saundtrek üzərində çalışan və ona ilham verən insanlara, xüsusən də klassik və caz partiyalarını ifa edən Norbert Elekin rəhbərliyi ilə Budapeştdən gələn musiqi qrupuna təşəkkür edib.
Alman bəstəkarı Hans Zimmer əsas nominasiyalarda eyni vaxtda iki mükafat qazanıb. O, “Ölməyə vaxt yoxdur” filminin musiqisinə görə “Film üçün ən yaxşı saundtrek” və “Duna” filminə görə “Fantastik filmlər üçün bəstələnən ən yaxşı saundtrek” nominasiyalarında birinci olub.
Nərgiz İsmayılova, Sadiq Qarayev, Ramil Əhməd, Sahib Məmmədov, Səidə Sübhi və digərləri Avrasiya ədəbiyyat festivalının Sertifikatına layiq görüləcəklər
“Ədəbiyyat və incəsənət” portalının xəbər verdiyi kimi, İstanbulda, Yapı-kredi kultur-sənət mərkəzində dörd gün davam edən Avrasiya materikinin ədəbiyyat üzrə 5-ci LiFFt festivallar festivalı tanınmış Misir şairi Aşraf Aboul Yazidin qələbəsi ilə nəticələnib. Şair qızıl medala, habelə kitabının “Qızıl LiFFt” seriyasından ingilis dilində dərcinə layiq görülüb. Eyni zamanda o, növbəti, 6-cı festivalın Misirdə keçirilməsini öz ölkəsi üçün təmin edib.
Xatırladaq ki, öncəki illərdə laureat adlarını Tuğrul Tanyol (Türkiyə), Varis Yolçuyev (Azərbaycan), Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) qazanıblar.
“Biz yazarlarıq, biz eyni planetin sakinləriyik” devizi altında, BMT-nin patronajlığı ilə keçirilən LiFFt festivalları xalqlar arasındakı dostluğun, ədəbi əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Builki İstanbul festivalı öncəsi müsabiqə proqramına dünyanın 75 ölkəsindən minlərlə yazarın qatılması festivalın get-gedə artan populyarlığına dəlalət edir.
Ümumən, dünyanın 69 ölkəsinin 196 yazarı festivalın iştirakçı Sertifikatına layiq görüləcəklər. Maraqlıdır ki, bu ölkələr arasında ABŞ, Almaniya, Avstriya, Argentina, Belarus, Bolqarıstan, Boliviya, Braziliya, Venesuela, Macarıstan, Yunanıstan, İsrail, Hindistan, Meksika, Misir, İspaniya, İtaliya, İrlandiya, Çin, Qazaxıstan, Qana, Kolumbiya, Kuba, Niderland, Yeni Zelandiya, Polşa, Pakistan, Rusiya, Rumıniya, Serbiya, Səüdiyyə Ərəbistanı, Türkiyə, Ukrayna, Fransa, Çexiya, İsveçrə, CAR, Cənubi Koreya kimi populyar ölkələrlə yanaşı Aruba, Barbados, Monserrat, San-Tome və Prinsipe kimi ekzotik ölkələr də yer alıb.
Azərbaycandan festivala qatılaraq seçmə mərhələni keçən, iştirakçı status qazanan yazarların adlarını qeyd edirik: Nərgiz İsmayılova, Sadiq Qarayev, Ramil Əhməd, Sahib Məmmədov, Səidə Sübhi, Təranə Turan Rəhimli, Azadə Novruzova, Elmira Almasova, Marina Kolomazova, Səriyyə Məmmədova və Ləman Bağırova.
Növbəti, 6-cı LiFFt festivallar festivalı Misirin paytaxtı Qahirə şəhərində üzümüzə gələn il keçiriləcək. Ədəbiyyatın zəfər yürüşü sayılan LiFFt hərəkatının ölkəmizdə populyarlaşması ədəbiyyatımızın dünya ədəbiyyatına inteqrasiyasına bir vəsilə olmaqdadır.
UNESCO-da Türkiyənin “Cənnət bağı” adlı klassik naxışlı İznik keramika divarının açılış mərasimi olub
Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun Baş Konfransının 41-ci sessiyası çərçivəsində Türkiyənin UNESCO kolleksiyasına bağışladığı “Cənnət bağı” adlı klassik naxışlı İznik keramika divarının açılış mərasimi olub.
AzərTAC xəbər verir ki, Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran, Türkiyənin Fransadakı səfiri Refik Ali Onaner, UNESCO yanında daimi nümayəndəsi, səfir Altay Cengizer, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, qurumda akkreditə olunmuş səfir və daimi nümayəndələr iştirak ediblər.
Açılış mərasimindən əvvəl Türkiyə Respublikasının xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran çıxış edərək, üzv ölkələrə Türkiyəyə etimad göstərərək, UNESCO İcraiyyə Şurasına yenidən seçdikləri üçün təşəkkür edib. UNESCO-nun 75 illiyini təbrik edərək, ölkəsinin qurumun fəal üzvü olduğuna görə qürur duyduqlarını bildirib. Rasizm, islamofobiyanın yayıldığı bugünkü dünyada, UNESCO-nun sülh və birgə yaşam mesajının yayılmasında ölkəsinin əməkdaşlıq edəcəyini diqqətə çatdırıb. Türkiyənin İcraiyyə Şurası, eləcə də Baş Konfransa sədrliyi çərçivəsində quruma verdiyi töhfələrdən söz açıb.
Sonra Türkiyənin UNESCO kolleksiyasına bağışladığı “Cənnət bağı” adlı klassik naxışlı İznik keramika divarının açılışını bildirən rəmzi lent kəsilib.
Xatırladaq ki, noyabrın 17-də keçirilən seçkilərdə Azərbaycan və Türkiyə UNESCO İcraiyyə Şurasına üzv seçiliblər.
“Sonuncu” sənədli filmi Polşa festivalında
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi 29-cu “ENERGACamerimage” Beynəlxalq Film Festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqə bölməsində yarışır. Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, festival 13-20 noyabr tarixlərində Polşanın Torun şəhərində keçirilir.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş təsvir rejissoru Mateuş Çuxnovskidir.
Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.
“Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühim film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Hersoqovinada keçirilən 15-ci Jahorina Film Festivalında “Ən Yaxşı Sənədli Film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına, Polşada keçirilən “OFF CINEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bürünc qəsr” mükafatına layiq görülüb.
Qeyd edək ki, “EnergaCAMERIMAGE” qısametrajlı sənədli filmlər kateqoriyasında Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən “Academy award” (Oskar) kvalifikasiyası ilə qeydə alınıb. Bu o deməkdir ki, “EnergaCAMERIMAGE”da müvafiq bölmədə “Qızıl Qurbağa” mükafatçıları Akademiya qaydalarına uyğun olması şərti ilə Akademiya Mükafatlarında (Oskar) nəzərdən keçiriləcək.
Filmin yaradıcı heyətinin bir hissəsi – rejissor, “Azərbaycanfilm” kinostduiyasının direktoru Fariz Əhmədov, təsvir rejissoru Mateuş Çuxnovski və focus puller, “Azərbaycanfilm” kinostudiyasının texniki direktoru Rəşad Səməd hazırda festivalda iştirak edirlər. Festival çərçivəsində kino avadanlıqları sərgisi də keçirilib. “ARRI”, “Leica - Leitz”, “ZEISS”, “Cooke”, “Sony”, “Canon”, “Hawk - Anamorphic Lenses” və digər nəhəng film texnikası istehsalçılarının ən son yenilikləri olan kamera, işıq, lens məhsulları sərgidə təqdim olunub. Bu şirkətlərdən bir çoxu ilə əməkdaşlıq məqsədilə məhsuldar danışıqlar aparılıb.
Nizami yurdunda 8800 nəfər Nizamini canlandırdı
Nizami ili” münasibətilə noyabrın 15-də başlayan Nizami Gəncəvi Beynəlxalq Festivalı maraqlı təqdimatlarla davam edir.
Festival çərçivəsində şairin yurdunda daha bir maraqlı layihə gerçəkləşib. Noyabrın 18-də Gəncə şəhərinin Heydər Əliyev meydanında fləşmob təşkil olunub. Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, şəhər Təhsil İdarəsinin dəstəyi, Gəncə Şəhər İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə hazırlanan fləşmobdan əvvəl ərazi bütövlüyümüzü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
8800 nəfərin iştirakı ilə baş tutan layihədə Gəncə Maarif İctimai Birliyinin könüllüləri, şəhərin ali təhsil müəssisələrinin tələbələri, orta məktəb şagirdləri dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin portretini və 880 rəqəmini canlı olaraq yaradıblar.
Xoreoqrafı Mobil Qarayev olan fləşmob şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.