Super User
Mədəniyyət Nazirliyi yanında İctimai Şura Sumqayıt Dövlət Dram Teatrında görüş keçirib
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şura öz səmərəli fəaliyyətini davam etdirməkdədir. Şuranın üzvləri Sumqayıt Dövlət Dram Teatrında yaradıcı heyətlə görüş keçiriliblər. Görüş zamanı “Teatr kollektivinin fəaliyyətinə yeni baxış” mövzusunda fikir mübadiləsi aparılıb.
Mədəniyyət Nazirliyindən alınan məlumata görə, İctimai Şuranın sədri Gəray Əlibəyli ictimai şuranın məqsədi və məramı barədə bunları bildirib:
“Biz milli mədəniyyətimizin müasir inkişaf konsepsiyasına yönəlik bütün təklif və ideyaları dəstəkləyir, bu işlərin gerçəkləşməsi üçün təkliflərimizi nazirliyin rəhbərliyinə təqdim edirik. Yaxın günlərdə Mədəniyyət Nazirliyinin internet səhifəsində İctimai Şura bölməsi yaradılacaq və nəticədə təkliflərin daha operativ şəkildə rəhbərliyə çatması təmin ediləcək”.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov Milli teatrın yeni mərhələdə təşəkkülü, müasir Azərbaycan teatr modelinin qurulması üçün təkliflər paketini Nazirliyə göndərdikləri barədə məlumat verib. Eyni zamanda direktor bir təklif də irəli sürüb, aktyorların sənətkarlıq məharətini yüksəltmək üçün Mədəniyyət Nazirliyinin nəzdində Ali Teatr məktəbinin təsis edilməsinin olduqca effektiv olacağına diqqət çəkib.
Digər görüş iştirakçıları da öz arzu və istəklərini dilə gətiriblər.
Sonda ictimai şuranın sədri Gəray Əlibəyli görüşün əhəmiyyətini, habelə bu qəbildən olan görüşlərin effektliyini vurğulayıb və bildirib:
“Biz İctimai Şura olaraq burada səslənən bütün təklif və təşəbbüslərin təhlilini aparacaq və Mədəniyyət Nazirliyinin rəhbərliyinə təqdim edəcəyik.”
Tezliklə portalımızda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyli ilə müsahibəni oxucularımızın ixtiyarına verəcəyik.
“Bizim kino” adlı 24 hissəli kinojurnal tamaşaçıların ixtiyarına verilib
Mədəniyyət Nazirliyi və "İctimai TV"nin media dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan “Bizim kino” adlı 24 hissəli kinojurnal tamaşaçıların ixtiyarına verilib.
Kinostudiyadan bildirilib ki, “100 ildən çoxdur ki, bizi öz sehrində saxlayan 7-ci sənətə, kinomuza milli baxış” mövzusuna həsr olunan layihənin rəhbəri Cəmil Quliyev, prodüseri Fariz Əhmədovdur. Yaradıcı heyətə Rza Əsgərov, Kamran Qasımov, Seyran Bədəlov, Əli Sultanov daxildir.
Nizami Gəncəvi Beynəlxalq Festivalı öz işinə başlayıb
Azərbaycan olduqca möhtəşəm bir mədəniyyət forumuna evsahibliyi edir. Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin 22 fevral 2021-ci il tarixli 146s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair” Tədbirlər Planına əsasən 15 noyabr tarixində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirlərdən ibarət Nizami Gəncəvi Beynəlxalq Festivalına start verilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, festival çərçivəsində 15-26 noyabr tarixlərində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər - elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçiriləcək.
Festivalın açılış günündə görkəmli elm xadimləri, Nizamişünaslar, dövlət rəsmiləri və Gəncə şəhər ictimaiyyəti Nizami Gəncəvinin Məqbərəsini ziyarət ediblər, ardınca gün boyu Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri və Xalq Çalğı Alətləri Orkestri çıxışları ilə festivalın qonaqlarını salamlayıb.
Eyni gündə Bakı şəhərində, Beynəlxalq Muğam Mərkəzində Nizaminin sözlərinə yazılmış əsərlərdən ibarət konsert proqramı təşkil edilib.
Bu gün - Noyabrın 16-da Gəncə şəhərində Nizami Poeziya Teatrında “Nizami işığında” tamaşası və Bakı şəhərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq.
Festival çərçivəsində - 17 noyabr tarixində Gəncə şəhərində Məhsəti Gəncəvi Mərkəzində “Gəncə şairlərinin Ürfan məclisi” ədəbi-bədii kompozisiyası və Bakı şəhərində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər Kamera Orkestrinin və Azərbaycan Milli Konservatoriyasının tələbə xorunun konserti baş tutacaq.
Noyabrın 18-də Azərbaycan Dövlət Mahnı Teatrında N.Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış “Leyli və Məcnun” tamaşası təqdim ediləcək.
Festivalın davam etdiyi 19 noyabr tarixində Gəncə Dövlət Kukla Teatrında Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanan “Xeyir və Şər” uşaq tamaşası və Bakı şəhərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında F.Əmirovun “Nizami” baleti nümayiş olunacaq.
Noyabrın 20-də Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” estrada qrupunun çıxışı və Bakı şəhərində Azərbaycan Milli Kitabxanasında Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi baş tutacaq.
Zəngin proqrama malik festivalın növbəti günündə - 22 noyabr tarixində Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Nizami Gəncəvi irsi əlyazmalarda, miniatürlərdə və musiqidə” mövzusunda elmi konfrans baş tutacaq, sərgi açılacaq. Həmçinin Beynəlxalq Muğam Mərkəzində “Nizami Gəncəvi. Biblioqrafiya” və “Nizamini oxuyaq” (ingilis dilində) kitablarının və “Nizami Gəncəvi əlyazmaları dünya kitabxanalarında” Elektron məlumat bazasının təqdimatı keçiriləcək.
Noyabrın 23-də Azərbaycan Milli Kitabxanasında “Sözləri Nizaminindir” mövzusunda ədəbi-bədii qiraət, musiqi kompozisiyası və eyniadlı disk-albomun təqdimatı və həmin tarixdə Gəncə Urban Mərkəzində Gəncə şəhər uşaq incəsənət və rəssamlıq məktəblərinin iştirakı ilə Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri üzrə çəkilmiş miniatürlərə həsr edilən rəsm əsərlərindən ibarət sərginin açılışı olacaq.
Noyabrın 24-də Gəncə Dövlət Dram Teatrında M.F.Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan “Misyo Jordan və Dərviş Məstəli Şah” tamaşası təqdim ediləcək.
24 noyabr tarixində öz işinə başlayacaq, yerli və xarici elm adamları, Nizamişünasların iştirakı ilə Bakı şəhərində 3 gün davam edəcək “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forumu və noyabrın 26-da Gəncə şəhərində Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının Nizami Gəncəvinin 880 illiyinə həsr olunan çıxışı ilə festival öz işini yekunlaşdıracaq.
Londonda Britaniya Şurası, Britaniya Kitabxanası və "Catapult" şirkəti ilə görüşlər keçirilib
Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə London şəhərində Britaniya Şurasının direktor müavini Cortina Butler ilə görüşüb.
Mədəniyyət Nazirliyinin məlumatına görə, görüş çərçivəsində Britaniya Şurası ilə əməkdaşlıq, “Creative spark”, “Crafting future” proqramları, yaradıcı sənayelərin inkişafı barədə fikir mübadiləsi aparılıb. V.Eyvazzadə Britaniya Şurasının Bakı ofisi vasitəsilə xüsusilə ölkəmizdə yaradıcı sənayelərin inkişafına dəstəyini yüksək qiymətləndirildiyini, bu çərçivədə daha dərin əməkdaşlığa maraqlı olduğumuzu bildirərək, ötən ay Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təsis edilməsinin də qarşılıqlı əməkdaşlığın töhfəsi olduğunu qeyd edib. Hazırda Federasiya ilə Birləşmiş Krallığın Yaradıcı Sənayelər Federasiyası və Kreativ İngiltərə təşkilatı ilə əməkdaşlığın qurulması üçün ilk addımlar atılıb. Cortina Butler Azərbaycan ilə hərtərəfli əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirərək Yaradıcı Sənayelər Federasiyasının yaradılmasının bu sahənin biznes olaraq inkişaf etdirilməsinə, təşkilatlanmaya böyük dəstək ola biləcəyinə inandığını qeyd edib. V.Eyvazzadə görüş əsnasında Azərbaycanın BMT Sivilizasiyalar Alyansı ilə birgə post konflikt dövründə Mədəniyyət Naminə Sülh Qlobal kampaniyasını elan etdiyini və dekabrın 2-də Kampaniyanın Tərəfdaşlar Forumunun keçiriləcəyi barədə məlumat verib. Britaniya Şurasının dünyanın 100-dən çox ölkədə fəaliyyət göstərdiyini nəzərə alınsa sülh və mədəniyyət ideyalarının yayılması üçün bu təşkilatla da əməkdaşlığa və tərəfdaşlığa hazır olduğumuzu qeyd edib. C. Butler bu təşəbbüsü yüksək qiymətləndirdiyini və bununla bağlı daha çox məlumat əldə etdikdən sonra təşkilatın mövqeyini bildirəcəyini ifadə edib.
Səfər çəçivəsində Vasif Eyvazzadə və Britaniya Kitabxanasında Əqli mülkiyyət və biznesin inkişafı sahələrinə rəhbərlik edən İsabel Osvel arasında görüş keçirilib.
Görüşdə İ. Osvel kitabxananın inklusiv, tədqiqat və biznes mərkəzə çevrildiyini bildirərək kitabxana nəzdində yaradılmış Biznes və İP Mərkəzin fəaliyyətini təqdim edib. O qeyd edib ki, burada həm startuplar, həm də xarici ölkələrdə bizneslə məşğul olmaq istəyənlər üçün xüsusi təqdimatlar və görüşlər təşkil edilir. Xüsusilə, ziyarətçilər xarici ölkələrin biznes mühiti və onu tənzimləyən qanunvericilik, vergi siyasəti barədə burada ətraflı məlumat əldə edə bilərlər.
Daha sonra Britaniyanın ən innovativ və rəqəmsal təşkilatlarından biri olan “Catapult” şirkəti ilə tanışlıq təşkil edilib. Şirkətin rəhbəri onların təşkilat olaraq innovativ və rəqəmsal həllər təklif etdiklərini və nəticə etibarilə iş və biznesin sürətlənməsinə təkan verdiklərini diqqətə çatdırıb.
Görüşlərdə İngiltərə Yaradıcı Sənayelər Federasiyasının qurucularından olan Con Nyubig iştirak edib, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə gələcək əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.
Bu gün Beynəlxalq Tolerantlıq Günüdür
Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq:
16 noyabr. Beynəlxalq Tolerantlıq Günü
Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib, məqsəd - qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırış olub. Sivilizasiyaların qovuşduğu, şərq və qərb mədəniyyətlərinin çuğlaşdığı Azərbaycanda daim müxtəlifliyə, fərqliliyə hörmət, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insanlara eyni isti münasibət, eyni rəğbət olub. Bu, özünü xalqımızın əsrlərdən gələn ədəbiyyat nümunələrində, bədii və fəlsəfi fikir tarixində də göstərir. Elə bir vaxtlar yurdsuz-yuvasız bədnam ermənilərə sığınacaq verməyimiz də bu səbəbdəndir. Azərbaycan indi bütün dünyada tolerantlıq örnəyi kimi tanınır. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Yəhudi xalqının tarixi vətənindən kənarda yeganə kompakt yaşayış yerinin Qubanın Qırmızı qəsəbəsi olması faktı dönə-dönə dünyada vurğulanmırmı? Yaxud, min illərdir ki, xınalıq, qırız, lahıc kimi etnosların assimilyasiyadan qorunub saxlanması məgər azmı işdir?
16 noyabr. Ümumdünya düymələr günü
“Yaxan düymələ, düymələ” deyə dad-aman eləyən xanəndələrimiz bu mahnını düymənin hikmətini bilibən oxuyublar, biləsiniz. Qapının qıfılı nədirsə paltarın da düyməsi odur. Hələ 20-ci əsrdə - 1938-ci ildə Amerikanın Button Society təşkilatı təqvimə belə bir günün salınmasına nail olub. Məişətimizə möhkəm daxil olan düymənin çox qədim tarixi var. Əvvəllər düymə yalnız bəzək elementi idi, düymələmə funksiyasını isə qayışlar, sancaqlar daşıyırdı. Düymə düymə olandan sonra onun kolleksiyasını yığanlar da tapıldı, məsələn, bir isveçli keşiş 40 min müxtəlif düymə toplayıbmış. Amma rekord isə Nyu-Cersi şəhərindən olan bir mühəndisə məxsus imiş, düz 100 min ədəd.
16 noyabr. “Yumşaq oyuncaqla ziyafət təşkil elə” günü.
Tək uşaqlar üçün yox, eyni zamanda böyüklər üçün də nəzərdə tutulan, tək xanımları deyil, həm də kişiləri əhatə edən bu günü, təsəvvür edin ki, azərbaycanlı kişisi də dəbə düşüb qeyd edir. Oturub masanın başında, ətrafında da yumşaq ayı, it. İçəri girən bir adam deməzmi ki, sənin kişi boyunu yerə soxum? (Burda bir smaylik yetərlidir).
16 noyabr. Rudolf Kreyseri yaxşı tanıyın!
Portəgizlər milli dəniz günündə hava soyuqdur deyə yalnız dəniz havası udacaqlar. Şimali Koreyada rəhbərlik icazə versə, insanlar Ana günündə analarını təbrik edəcəklər. Estonlar suverenlik deklarasiyası günündə bəsdir deyincəyə qədər şənlənəcəklər. Kubalılar Müqəddəs Kristobal günündə kilsələrə axışıb şam yandıracaqlar. ABŞ-da isə bu gün Milli Fəst-Fud günüdür, dünyada ən çox fəst-fud yeyən amerikalılar bu gün fəst-fuda qarşı əsl genosid həyata keçirməyəcəkmi, keçirəcək!
1945-ci ilin 16 noyabrında Londonda YUNESKO yaradılıb; 1848-ci ildə yenə də Londonda əsas hadisələr cərəyan edib – bu dəfə dünyaşöhrətli bəstəkar Şopen özünün son konsertini verib; 1766-cı ildə tarixin ən virtuoz skripkaçısı, eyni zamanda bəstəkar, dirijor və pedaqoq, fransalı Rudolf Kreyser dünyaya gəlib. Bu adam haqda maraqlı bir şey oxumuşam. Sən demə onun ifasına vurğun olan böyük Bethoven məşhur 9-cu sonatasını ona həsr edib, onun ifası üçün yazıb. Hətta bu sonataya bəzi mənbələrdə Kreyser sonatası da deyilir. Amma siz bu adamda dikbaşlığa baxın ki, o boyda kişinin arzusunu ürəyində qoyub, bu sonatanı ifa etməyib; 1582-ci ildə qəddarlıqda ad çıxarmış rus çarı İvan Qroznı öz oğlunu qətlə yetirib.
Anar Kərimov: “Biz erməniləri rahat qoymayacağıq”
Xəbər verdiyimiz kimi, ötən gün Qobustan Milli Tarix-Bədii Qoruğunda "Yurdda bayram” adlı tərəkəmə festivalı keçirilib. Mədəniyyət Nazirliyi və Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə gerçəkləşən festivalın məqsədi tərəkəmələrin zəngin elat mədəniyyətini təbliğ etmək, ictimaiyyəti onların həyat tərzi ilə bağlı məlumatlandırmaqdır.
Festivalda iştirak edən mədəniyyət naziri Anar Kərimov işğaldan azad edilmiş ərazilərimizin mədəni abidələrinə qarşı erməni vandallığı ilə bağlı jurnalistlərə açıqlama verib. O deyib:
“İlk növbədə, azad edilmiş ərazilərdə talan edilmiş maddi-mədəni obyektlərin siyahısını tutmalı və nə qədər əşya, eksponatların muzeylərdən götürüldüyünü müəyyən etməliyik.
İşğal illərində talanmış muzey eksponatlarının çoxunun taleyinin məlum deyil. Amma bəziləri haqqında məlumatımız var. Biz bu məlumatları toplayıb bundan sonra beynəlxalq konvensiyalar çərçivəsində iddialarımızı qaldıracağıq. Məqsədimiz də budur ki, bizdən oğurlanmış və Azərbaycana məxsus sənət əsərləri özümüzə qaytarılsın. Bilirsiniz ki, Ermənistan həyasızcasına Şuşadan oğurladıqları xalçaların sərgisini keçirmişdi. Bunu fəxrlə də göstərirdilər. Bu cinayət və beynəlxalq hüquqa hörmətsizlikdir. Biz bu barədə UNESCO-ya da dərhal məlumat verdik. Bundan sonra da bu işlər mütəmadi olaraq davam etdiriləcək. Biz erməniləri rahat qoymayacağıq. Onlar başa düşəcəklər ki, bu sənət əsərləri mütləq Azərbaycana qaytarılmalıdır”.
Qobustan qoruğunda "Yurdda bayram” tərəkəmə festivalı keçirilib
Noyabrın 15-də Qobustan Milli Tarix-Bədii Qoruğunda "Yurdda bayram” adlı tərəkəmə festivalı keçirilib. Mədəniyyət Nazirliyi və Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə gerçəkləşən festivalın məqsədi tərəkəmələrin zəngin elat mədəniyyətini təbliğ etmək, ictimaiyyəti onların həyat tərzi ilə bağlı məlumatlandırmaqdır.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qazaxıstanın və Hindistanın ölkəmizdəki səfirləri Serjan Abdıkarimov və Bavitlunq Vanlalvavna və digər rəsmi şəxslər, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Festival gənc aktyorlar tərəfindən “Yurd” adlı musiqili kompozisiyanın nümayişi ilə başlanıb. Giriş sözü ilə çıxış edən mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayıb. Bildirib ki, hər bir ölkənin gələcəyi üç əsas amildən asılıdır: "Birincisi gücdür ki, 44 günlük Vətən müharibəsində gücümüz sayəsində torpaqlarımızı işğaldan azad etdik. Biz bir daha göstərdik ki, Azərbaycan xalqı heç vaxt torpaqlarımızın işğal altında qalması ilə barışmayacaq. İkinci amil fəlsəfədir, elmdir. Bildiyiniz kimi, ölkə başçısının müvafiq sərəncamı ilə bu il Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilib. Bu sərəncam bir daha göstərir ki, Azərbaycan öz mütəfəkkir və şairlərinə böyük önəm verir. Üçüncü amil mədəniyyətimizdir. Bugünkü tədbir məhz onun göstəricisidir. Bu tədbirlərin mütləq davamı gələcək. Biz belə tədbirləri tək Qobustanda yox, Qarabağda da keçirəcəyik. Bu cür tədbirlərin təşkili ölkəyə turistlərin cəlb olunmasına da kömək edir. Çox şadam ki, tədbirdə Vətən müharibəsi qazilərimiz də iştirak edir. Allah onlara şəfa versin, şəhidlərimizə rəhmət eləsin".
Daha sonra söz festivalın musiqili qonaqlarına verilib. Əməkdar artistlər İlkin Əhmədov, Nigar Şabanova, həmçinin Aşıq Əli, müğənnilər Amil Həsənoğlu, Vüsal Hacıyev və digərləri vətənpərvər ruhlu ifaları ilə festival iştirakçılarına xoş anlar yaşadıblar. “Cəngi” sədaları altında kəndirbazlar və pəhləvanlar öz məharətlərini göstəriblər.
“Yurdda bayram”da həmçinin xalçaçılıq, zərgərlik məhsulları, tərəkəmələrin məişətini, təsərrüfatını əks etdirən nümunələr və milli geyimlərdən ibarət sərgi də təşkil olunub. Eyni zamanda xeyriyyə məqsədilə Daun sindromlu uşaqların əl işlərindən ibarət satış-sərgi də keçirilib.
Tərəkəmələrin maldarlıq təsərrüfatına aid heyvanlardan ibarət təmaslı mini zooparkla tanışlıq və uşaqlar üçün təşkil olunmuş "Oxatma meydançası" festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda qonaqlar festival meydanında qurulmuş çadırlarda tərəkəmə süfrəsinin yeməklərindən dadıblar.
Qeyd edək ki, əsas məşğuliyyətləri heyvandarlıq olan tərəkəmə tayfaları yazın axırları, yayın əvvəllərində yaylaqlara, payızda isə arana – qışlaqlara köçürlər. Qoruq ərazisində və ondan kənarda yerləşən qədim qışlaqlar təxminən 5000 illik yaylaq-qışlaq maldarlarının həyat tərzini əks etdirir. Qobustanda aparılan tədqiqatlar da onu göstərir ki, Tunc dövründən etibarən Qobustanda qayaüstü təsvirlər məhz belə qışlaqlarda yaşayan elatlar tərəfindən yaradılıb.
Festivalda iştirak edən mədəniyyət naziri Anar Kərimov işğaldan azad edilmiş ərazilərimizin mədəni abidələrinə qarşı erməni vandallığı ilə bağlı jurnalistlərə açıqlama verib. Bu barədə növbəti yazımızda məlumat verəcəyik.
Mahsun Kırmızıgül rekord məbləğdə müqavilə ilə səhnəyə dönür
16 il əvvəl kino sənayesi bazarında debüt edən Mahsun Kırmızıgül musiqidən ayrılmışdı, pərəstişkarlarının gözlərini yolda qoymuşdu.
Snob Magazin-in verdiyi məlumata görə, pərəstişkarlarının təkidi ilə Mahsun Kırmızıgül albom buraxır. Ünlü sənətçinin yeni albomu televiziyada yeni il ərəfəsində göstəriləcək, özü də Show TV kanalında. Məlumata görə, Mahsun Kırmızıgül kanalla rekord məbləğdə - 5 milyon TL məbləğdə razılığa gəlib.
Abbas Mirzə Şərifzadə uşaqkən səhnədə ilk rol alanda kuryoz hadisə baş veribmiş: üstünə qılıncla gəlinəndə, o, qorxusundan səhnədən qaçıbmış
Əyyub Qiyasın “Azərbaycan aktyorlarının həyatlarından maraqlı anlar” layihəsindən
ABBAS MİRZƏ ŞƏRİFZADƏ
(1893-1938)
***
İlk dəfə teatr, oyun, tamaşa anlayışını əmim Mirzə Məhəmməd Tağıdan öyrəndim. O, dini tamaşalar hazırlayardı. Bir dəfə şəbeh tamaşalarının birində əsir qız uşağını oynamağı mənə tapşırdı, əmim özü isə bu tamaşada Şümür rolunu oynayırdı. Tamaşa olanda nə olar, bir də gördüm ki, əmim qılıncını sıyırıb üstümə gəlir:
– Vay, ana, əmim məni öldürəcək! – deyib, haray çəkdim, bir kənarda dayanıb tamaşaya baxan anamın yanına yüyürdüm. Dini mərasimi pozduğuma görə mənə qəzəbi tutanlar da oldu. Tamaşadan sonra əmim üstümə acıqlandı:
– Fərsizin biri, fərsiz! Bilsəydim belə eləyəcəksən, heç bu işi sənə tapşırmazdım!
1903-cü ildə gimnaziyaya daxil oldum. Həmin illərdə səhnə ilə ciddi maraqlanmağa başladım, ancaq bu marağım gimnaziya şagirdlərinin hazırladıqları tədbirlərdən uzağa getmirdi. Gimnaziyada diqqət mərkəzində idim, heç bir tədbir mənsiz keçməzdi. Bir gün tədbirdən əvvəl müəllimə bildirdim:
– Bir şeir hazırlamışam, səhnədən demək istəyirəm.
– Əgər özünə inanırsansa, niyə deməyəsən. Nə şeirdi elə?, -deyə müəllim soruşdu.
Dedim, Lermontovun “Şairin ölümü” şeiridir.
Sağ olsun, sözümü yerə salmadı, sənəyə çıxanda əvvəlcə çaşdım, ancaq tez özümü ələ alıb şeiri söylədim.
Atam məni məmur, ya da ticarətçi görmək istəyirdi, mənsə öz yolumu tutmuşdum, aktyorluq bir tilsim kimi ruhuma hakim kəsilmişdi. Özüm kimi həvəskarları başıma yığıb müxtəlif səhnəciklər, tamaşalar hazırlayırdım.
***
1911-ci ildə isə Əbdürrəhman bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” dramında Qacar rolunu oynayıb hər kəsi heyran etdim. Tamaşadan sonra Cəfər Cabbarlı mənə yaxınlaşdı:
– Bu gün səhnədə Abbas Mirzəni yox, Qacarı görürdüm. Tamam başqalaşmışdın, obraz səni elə cəlb eləmişdi ki, hər kəs çaşıb qalmışdı.
– Təşəkkür edirəm, Cəfər, sizin kimi dəyər verən dostlar varsa, nə xoş halımıza, - deyərək məmnunluğumu ifadə elədim.
– Mən yaxşı bilirəm ki, sən məktəb görməmisən, sənəti, onun yollarını öyrənməmisən, amma sən gerçək bir istedad, özü-özünə doğulmuş bir sənətkarsan. Sənət səninlə bərabər doğulub. Sənət sənin qanında, iliyindədir, – deyən, istedadlı və gənc dramaturq məni qucaqlayıb bağrına basdı.
***
Ürəyim vətən sevdası ilə alışıb yandığı bir vaxtda mənə vətən xaini damğasını vurdular, həbs etdilər. Onda 1937-ci il idi.
İstintaqda müstəntiq soruşdu:
– Abbas Mirzə Şərifzadə, de görüm Hüseyn Cavidlə, Mikayıl Müşfiqlə necə tanışsan?
– Hüseyn Cavid böyük sənətkar, dəyərli dramaturqdur, onun “Şeyx Sənan” əsərində Şeyx Sənanı oynamışam, Cavid əfəndi ilə də o vaxt tanış olmuşam. O ki, qaldı Müşfiqə, o çox istedadlı gənc şairdir. Şeirlərinin çoxunu əzbər bilirəm, - deyə sualını cavablandırdım.
– Müşfiqin yazdığı “Oxu tar” şeirini də bilirsən?
– Bilirəm, bəli.
– Demək, bu quruluşun düşmənləri ilə, imperialist casuslarla tanışsan…
– Mən onların düşmən olduğuna inana bilmərəm.
– Kəs! Sənin inanmağın heç kəsə lazım deyil, - deyib mənə də hökm çıxardılar, güllələnmə hökmünü...
İstanbul festivalında qızıl medalı Misir şairi Aşraf Aboul Yazid qazandı
İstanbulda, Yapı-kredi kultur-sənət mərkəzində dörd gün davam edən Avrasiya materikinin ədəbiyyat üzrə 5-ci LiFFt festivallar festivalı tanınmış Misir şairi Aşraf Aboul Yazidin qələbəsi ilə nəticələnib. Şair qızıl medala, habelə kitabının “Qızıl LiFFt” seriyasından ingilis dilində dərcinə layiq görülüb.
Eyni zamanda o, növbəti, 6-cı festivalın Misirdə keçirilməsini öz ölkəsi üçün təmin edib.
Xatırladaq ki, öncəki illərdə laureat adlarını Tuğrul Tanyol (Türkiyə), Varis Yolçuyev (Azərbaycan), Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) qazanıblar.
“Biz yazarlarıq, biz eyni planetin sakinləriyik” devizi altında, BMT-nin patronajlığı ilə keçirilən LiFFt festivalları xalqlar arasındakı dostluğun, ədəbi əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Builki İstanbul festivalı öncəsi müsabiqə proqramına dünyanın 75 ölkəsindən minlərlə yazarın qatılması festivalın get-gedə artan populyarlığına dəlalət edir.
Festivalın rəhbəri, Rusiyanın avanqard şairəsi Marqarita Al fəxrlə söyləyir ki, hazırkı pandemiya, müharibələr, iqtisadi böhranlar dövründə insanlığın xilası məhz ədəbiyyatdadır. Axı ən birinci söz yaranıb.