Xəbər verdiyimiz kimi, ötən gün Qobustan Milli Tarix-Bədii Qoruğunda "Yurdda bayram” adlı tərəkəmə festivalı keçirilib. Mədəniyyət Nazirliyi və Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə gerçəkləşən festivalın məqsədi tərəkəmələrin zəngin elat mədəniyyətini təbliğ etmək, ictimaiyyəti onların həyat tərzi ilə bağlı məlumatlandırmaqdır.
Festivalda iştirak edən mədəniyyət naziri Anar Kərimov işğaldan azad edilmiş ərazilərimizin mədəni abidələrinə qarşı erməni vandallığı ilə bağlı jurnalistlərə açıqlama verib. O deyib:
“İlk növbədə, azad edilmiş ərazilərdə talan edilmiş maddi-mədəni obyektlərin siyahısını tutmalı və nə qədər əşya, eksponatların muzeylərdən götürüldüyünü müəyyən etməliyik.
İşğal illərində talanmış muzey eksponatlarının çoxunun taleyinin məlum deyil. Amma bəziləri haqqında məlumatımız var. Biz bu məlumatları toplayıb bundan sonra beynəlxalq konvensiyalar çərçivəsində iddialarımızı qaldıracağıq. Məqsədimiz də budur ki, bizdən oğurlanmış və Azərbaycana məxsus sənət əsərləri özümüzə qaytarılsın. Bilirsiniz ki, Ermənistan həyasızcasına Şuşadan oğurladıqları xalçaların sərgisini keçirmişdi. Bunu fəxrlə də göstərirdilər. Bu cinayət və beynəlxalq hüquqa hörmətsizlikdir. Biz bu barədə UNESCO-ya da dərhal məlumat verdik. Bundan sonra da bu işlər mütəmadi olaraq davam etdiriləcək. Biz erməniləri rahat qoymayacağıq. Onlar başa düşəcəklər ki, bu sənət əsərləri mütləq Azərbaycana qaytarılmalıdır”.