Noyabrın 15-də Qobustan Milli Tarix-Bədii Qoruğunda "Yurdda bayram” adlı tərəkəmə festivalı keçirilib. Mədəniyyət Nazirliyi və Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə gerçəkləşən festivalın məqsədi tərəkəmələrin zəngin elat mədəniyyətini təbliğ etmək, ictimaiyyəti onların həyat tərzi ilə bağlı məlumatlandırmaqdır.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qazaxıstanın və Hindistanın ölkəmizdəki səfirləri Serjan Abdıkarimov və Bavitlunq Vanlalvavna və digər rəsmi şəxslər, Vətən müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Festival gənc aktyorlar tərəfindən “Yurd” adlı musiqili kompozisiyanın nümayişi ilə başlanıb. Giriş sözü ilə çıxış edən mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayıb. Bildirib ki, hər bir ölkənin gələcəyi üç əsas amildən asılıdır: "Birincisi gücdür ki, 44 günlük Vətən müharibəsində gücümüz sayəsində torpaqlarımızı işğaldan azad etdik. Biz bir daha göstərdik ki, Azərbaycan xalqı heç vaxt torpaqlarımızın işğal altında qalması ilə barışmayacaq. İkinci amil fəlsəfədir, elmdir. Bildiyiniz kimi, ölkə başçısının müvafiq sərəncamı ilə bu il Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilib. Bu sərəncam bir daha göstərir ki, Azərbaycan öz mütəfəkkir və şairlərinə böyük önəm verir. Üçüncü amil mədəniyyətimizdir. Bugünkü tədbir məhz onun göstəricisidir. Bu tədbirlərin mütləq davamı gələcək. Biz belə tədbirləri tək Qobustanda yox, Qarabağda da keçirəcəyik. Bu cür tədbirlərin təşkili ölkəyə turistlərin cəlb olunmasına da kömək edir. Çox şadam ki, tədbirdə Vətən müharibəsi qazilərimiz də iştirak edir. Allah onlara şəfa versin, şəhidlərimizə rəhmət eləsin".
Daha sonra söz festivalın musiqili qonaqlarına verilib. Əməkdar artistlər İlkin Əhmədov, Nigar Şabanova, həmçinin Aşıq Əli, müğənnilər Amil Həsənoğlu, Vüsal Hacıyev və digərləri vətənpərvər ruhlu ifaları ilə festival iştirakçılarına xoş anlar yaşadıblar. “Cəngi” sədaları altında kəndirbazlar və pəhləvanlar öz məharətlərini göstəriblər.
“Yurdda bayram”da həmçinin xalçaçılıq, zərgərlik məhsulları, tərəkəmələrin məişətini, təsərrüfatını əks etdirən nümunələr və milli geyimlərdən ibarət sərgi də təşkil olunub. Eyni zamanda xeyriyyə məqsədilə Daun sindromlu uşaqların əl işlərindən ibarət satış-sərgi də keçirilib.
Tərəkəmələrin maldarlıq təsərrüfatına aid heyvanlardan ibarət təmaslı mini zooparkla tanışlıq və uşaqlar üçün təşkil olunmuş "Oxatma meydançası" festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda qonaqlar festival meydanında qurulmuş çadırlarda tərəkəmə süfrəsinin yeməklərindən dadıblar.
Qeyd edək ki, əsas məşğuliyyətləri heyvandarlıq olan tərəkəmə tayfaları yazın axırları, yayın əvvəllərində yaylaqlara, payızda isə arana – qışlaqlara köçürlər. Qoruq ərazisində və ondan kənarda yerləşən qədim qışlaqlar təxminən 5000 illik yaylaq-qışlaq maldarlarının həyat tərzini əks etdirir. Qobustanda aparılan tədqiqatlar da onu göstərir ki, Tunc dövründən etibarən Qobustanda qayaüstü təsvirlər məhz belə qışlaqlarda yaşayan elatlar tərəfindən yaradılıb.
Festivalda iştirak edən mədəniyyət naziri Anar Kərimov işğaldan azad edilmiş ərazilərimizin mədəni abidələrinə qarşı erməni vandallığı ilə bağlı jurnalistlərə açıqlama verib. Bu barədə növbəti yazımızda məlumat verəcəyik.
Qobustan qoruğunda "Yurdda bayram” tərəkəmə festivalı keçirilib
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/az/gundem/item/1045-gobustan-gorughunda-yurdda-bayram-taeraekaemae-festival-kechirilib#sigProGalleria7fe189173a
https://edebiyyatveincesenet.az/az/gundem/item/1045-gobustan-gorughunda-yurdda-bayram-taeraekaemae-festival-kechirilib#sigProGalleria7fe189173a