Əyyub Qiyasın “Azərbaycan aktyorlarının həyatlarından maraqlı anlar” layihəsindən
ABBAS MİRZƏ ŞƏRİFZADƏ
(1893-1938)
***
İlk dəfə teatr, oyun, tamaşa anlayışını əmim Mirzə Məhəmməd Tağıdan öyrəndim. O, dini tamaşalar hazırlayardı. Bir dəfə şəbeh tamaşalarının birində əsir qız uşağını oynamağı mənə tapşırdı, əmim özü isə bu tamaşada Şümür rolunu oynayırdı. Tamaşa olanda nə olar, bir də gördüm ki, əmim qılıncını sıyırıb üstümə gəlir:
– Vay, ana, əmim məni öldürəcək! – deyib, haray çəkdim, bir kənarda dayanıb tamaşaya baxan anamın yanına yüyürdüm. Dini mərasimi pozduğuma görə mənə qəzəbi tutanlar da oldu. Tamaşadan sonra əmim üstümə acıqlandı:
– Fərsizin biri, fərsiz! Bilsəydim belə eləyəcəksən, heç bu işi sənə tapşırmazdım!
1903-cü ildə gimnaziyaya daxil oldum. Həmin illərdə səhnə ilə ciddi maraqlanmağa başladım, ancaq bu marağım gimnaziya şagirdlərinin hazırladıqları tədbirlərdən uzağa getmirdi. Gimnaziyada diqqət mərkəzində idim, heç bir tədbir mənsiz keçməzdi. Bir gün tədbirdən əvvəl müəllimə bildirdim:
– Bir şeir hazırlamışam, səhnədən demək istəyirəm.
– Əgər özünə inanırsansa, niyə deməyəsən. Nə şeirdi elə?, -deyə müəllim soruşdu.
Dedim, Lermontovun “Şairin ölümü” şeiridir.
Sağ olsun, sözümü yerə salmadı, sənəyə çıxanda əvvəlcə çaşdım, ancaq tez özümü ələ alıb şeiri söylədim.
Atam məni məmur, ya da ticarətçi görmək istəyirdi, mənsə öz yolumu tutmuşdum, aktyorluq bir tilsim kimi ruhuma hakim kəsilmişdi. Özüm kimi həvəskarları başıma yığıb müxtəlif səhnəciklər, tamaşalar hazırlayırdım.
***
1911-ci ildə isə Əbdürrəhman bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” dramında Qacar rolunu oynayıb hər kəsi heyran etdim. Tamaşadan sonra Cəfər Cabbarlı mənə yaxınlaşdı:
– Bu gün səhnədə Abbas Mirzəni yox, Qacarı görürdüm. Tamam başqalaşmışdın, obraz səni elə cəlb eləmişdi ki, hər kəs çaşıb qalmışdı.
– Təşəkkür edirəm, Cəfər, sizin kimi dəyər verən dostlar varsa, nə xoş halımıza, - deyərək məmnunluğumu ifadə elədim.
– Mən yaxşı bilirəm ki, sən məktəb görməmisən, sənəti, onun yollarını öyrənməmisən, amma sən gerçək bir istedad, özü-özünə doğulmuş bir sənətkarsan. Sənət səninlə bərabər doğulub. Sənət sənin qanında, iliyindədir, – deyən, istedadlı və gənc dramaturq məni qucaqlayıb bağrına basdı.
***
Ürəyim vətən sevdası ilə alışıb yandığı bir vaxtda mənə vətən xaini damğasını vurdular, həbs etdilər. Onda 1937-ci il idi.
İstintaqda müstəntiq soruşdu:
– Abbas Mirzə Şərifzadə, de görüm Hüseyn Cavidlə, Mikayıl Müşfiqlə necə tanışsan?
– Hüseyn Cavid böyük sənətkar, dəyərli dramaturqdur, onun “Şeyx Sənan” əsərində Şeyx Sənanı oynamışam, Cavid əfəndi ilə də o vaxt tanış olmuşam. O ki, qaldı Müşfiqə, o çox istedadlı gənc şairdir. Şeirlərinin çoxunu əzbər bilirəm, - deyə sualını cavablandırdım.
– Müşfiqin yazdığı “Oxu tar” şeirini də bilirsən?
– Bilirəm, bəli.
– Demək, bu quruluşun düşmənləri ilə, imperialist casuslarla tanışsan…
– Mən onların düşmən olduğuna inana bilmərəm.
– Kəs! Sənin inanmağın heç kəsə lazım deyil, - deyib mənə də hökm çıxardılar, güllələnmə hökmünü...