Super User
“Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Beynəlxalq Forum keçiriləcək
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) keçiriləcək.
Noyabrın 24-dən 26-dək davam edəcək Nizami Gəncəvi Beynəlxalq Forumu dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirərək “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, ”Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçirilən platformadır.
Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulur.
"Bu lənətlənmiş pəncərəni necə açırsınız?" - Comedy Wildlife Photo Awards qalibləri açıqlandı
Britaniyada keçirilən Comedy Wildlife Photo Awards müsabiqəsinin məqsədi yumor vasitəsilə canlı təbiətin qorunmasının əhəmiyyətinə diqqət yetirməkdir. Hər il olduğu kimi bu il də noyabrın bu vədəsində ən yaxşı fotolar açıqlandı. “Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən sizlərə müsabiqə qaliblərinin adlarını bəyan edir.
Əsas kateqoriyada qalib Ken Jensenin "Oy!" (Ouch!) fotosu oldu. Fotoda məftildə oturan qızıl ipəkmeymunu təsvir edilib.
Ən yaxşıların sırasına Con Speyrsin "Hesab edirəm ki, yay bitdi" (I guess summer's over) fotosu da daxil olub. Fotoqraf payız yarpağının başını tutduğu Göyərçini iri planda çəkibdir.
Artur Trevinin "Çəməndən olan Nindzya iti" (Ninja Prairie Dog) fotoşəkili də xüsusi diqqətə layiq görülüb. Bu, ağbaş qartalın və çəmən itinin qarşıdurmasını əks etdirir.
Çi Ki Theonun "Məktəbə getmək vaxtıdır" (Time for school) fotosunda hamar bir xunduz dişləri ilə tutduğu və sanki məktəbə sürüklədiyi balası ilə əks olunub.
Jan Pieça "Çinlı pıçıldaşanlar" (Chinese whispers) fotosunda yenotları əks etdirib, hansılar ki, sanki bir-biri ilə pıçıldaşırlar.
Nikolas de Volks da yenotu çəkib, onun çəkdiyi yenot evə çıxmağa çalışır və pəncərə şüşəsinə "yapışıb”. Fotonun şən adı da var, "Bu lənətlənmiş pəncərəni necə açırsınız?" (How do you get that damn window open?).
Endi Parkinsonun "Gəl rəqs edək” (Let ' s dance) fotosunda iki Kamçatka ayısı kadra alınıb, sanki onlar rəqs edirlər.
Çu Xan Li "Kim yuxarı atlanar" (See who jumps high) fotosunda biri sıçrayan üç balığın təsvirini verir.
"Yan keçdi" (Missed) fotosunda Lea Scadlan iki qərb boz kenqurusunu mübarizə zamanı lentə alıb ki, onlardan biri digərinin qarnına arxa pəncələri ilə təpik vurmağa çalışanda hədəfdən yayınıb.
Roland Cranes isə "Tutdu " (I got you) fotosunda biri digərini tutmağa çalışan sünbülqıranları lentə alıb.
Şəkillərdə: 1. Artur Trevin, "Çəməndən olan Nindzya iti"; 2. Con Speyrs, "Hesab edirəm ki, yay bitdi"; 3. Çi Ki Theo, "Məktəbə getmək vaxtıdır"; 4. Jan Pieça "Çinlı pıçıldaşanlar"; 5. Nikolas de Volks, "Bu lənətlənmiş pəncərəni necə açırsınız?"; 6. Lea Scadlan,"Yan keçdi"; 7. Və ən nəhayət, qalib gələn foto: Ken Jensen, "Oy!".
ABŞ-ın ən nüfuzlu mükafatını “Cəhənnəm kitabı” romanı ilə yazıçı Ceyson Mott qazanıb
Ötən gün ABŞ Milli Kitab Mükafatı 72-ci dəfə dörd nominasiyası üzrə qaliblərini elan edib.
TASS agentliyinin mükafatın rəsmi saytına istinadən verdiyi məlumata görə, əsas nominasiya olan “Bədii ədəbiyyat” nominasiyasında
nəsr üzrə qalib “Cəhənnəm kitabı” romanının müəllifi Ceyson Mott olub. Roman qaradərili yazıçının taleyindən bəhs edir.
Poeziya üzrə Martin Espadadır "Avaralar" adlı seçmə şeirlər kitabı ilə qalib gəlib.
Növbəti “Bədii tərcümə" nominasiyasında “Sokjoda qış” kitabı ilə Elisa Şua Dusapin qalib gəlib. Kitabın ingilis dilinə tərcüməçisi Anisa Abbas Higginsdir.
Digər “Non-fiction" nominasiyasının qalibi Tiya Maylzın "Onun özüylə daşıdığı hər şey" əsəridir.
“Yeniyetmələr üçün ədəbiyyat” nominasiyasında qalibiyyəti “Teleqraf klubunda son gecə” kitabı ilə Malinda Lo qazanıb.
YARAT-da “Mövsümün sonu” filmi nümayiş olundu
Dünən YARAT Müasir İncəsənət Mərkəzində “Mövsümün sonu” filmi nümayiş edilib. Bu film Azərbaycanda boşanma ərəfəsində olan, azadruhlu kiçik ailədən bəhs edir. Oğul Mahmud həyəcanla özünə ev axtarır: ana Fidan ailəsinin xidmətinə həsr etdiyi illərdən sonra öz əvvəlki həyatını geri arzulayır. Ata Samir, sadəcə, yalqız qalmaq istəyir...
Filmin rejissoru Almaniyada təhsil almış və yaşayan azərbaycanlı rejissor Elmar İmanovdur. O, Rusiya, Almaniya və Gürcüstanda keçirilən beynəlxalq festivalların mükafatlarına layiq görülüb.
Rejissor çəkdiyi ekran əsərində baş qəhrəmanların simasında müdrik metafora ilə azadlıq anlayışı əsas məqsədə çevriləndə nələr baş verəcəyini, onun qəriblik və qarışıqlı anlaşılmazlıq üçün necə bir pərdə kimi xidmət etdiyini göstərir.
Rəngkarlıq Muzeyində açılan növbəti sərgi “Mistik ruhun ömrü”
Ölkənin rəngkarlıq həyatında daha bir önəmli hadisə baş verib: YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycanın Xalq rəssamı Mir Nadir Zeynalovun "Mistik ruhun ömrü" adlı retrospektiv sərgi açılıb.
“YARAT”dan bildirilib ki, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunan sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Mir Nadir Zeynalovun Qalereyasının kolleksiyasından, həmçinin Səyavuş Əlizadə və İlal Əhmədovun şəxsi kolleksiyalarından ibarət 60-dan artıq əsərlər nümayiş olunur.
Layihə bir neçə ay əvvəl əbədiyyətə qovuşan rəssamın anadan olmasının 80 illiyinə həsr olunub. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır.
Şirin Məlikovanın fikrincə, sərginin əsas ideyası tamaşaçını Mir Nadir Zeynalovun əsərlərinin yaradıldığı ab-havaya qərq etmək və seyrçiyə fiqurativlik və abstraksiya arasında tarazlıq yaradan rəssamın yaradıcılıq həyatının ritmini hiss etdirməkdir. Bununla da rəssamla seyrçi arasında "ünsiyyətə" nail olaraq, sənətkarın mistik ruhunun ölməzliyini vurğulamaqdır.
Sərgi məkanı rəssamın yaradıcılığının müxtəlif tərəflərini iri planda əks etdirərək, bir neçə tematik zallara bölünür. Abstrakt rəngkarlıq zalı rəssamın rəng ustalığını diqqətə çəkərək, bütün incəlikləri ilə əks etdirir. Bu ekspozisiyanı kollajlar zalı məntiqi şəkildə davam etdirir: rəssam klassik kətan əsərlərini müxtəlif materiallarla zənginləşdirməyi və bütün bunları nəhəng, monumental formatda birləşdirməyi sevirdi.
Fiqurativ rəngkarlıq zalı öz mövzusuna görə bir qədər məhrəmani və ailəvi xarakter daşıyır: burada Mir Nadir Zeynalova yaxın olan insanların onun tərəfindən müxtəlif illərdə çəkilmiş portretləri ilə yanaşı, rəssamın öz avtoportretləri də nümayiş etdirilir.
Mənzərələr zalını, Mir Nadir Zeynalovun kiçik vətəni, Yer üzündə onun təkcə təsviri sənət deyil, həm də poeziya yaradıcılığını qidalandıran məkanının – Abşeronun himni adlandırmaq olar.
"Ömür yolu" adlanan zal isə çeşidli rənglərə boyanaraq rəssamın qəlbinə sahib çıxan mistik ruhu əks etdirir. Qrafika zalında tamaşaçıların diqqətinə unikal əsərlər təqdim olunur. Mir Nadir Zeynalov adətən yaradıcılığının bu hissəsinə çox da ciddi yanaşmayıb və bu monoxrom, minimalist əsərlər rəssamın yaşadığı dövrdə çoxsaylı sərgilərində demək olar ki, nümayiş etdirilməyib. Buna baxmayaraq, rəssam bu əsərlərdə virtuozcasına bir-iki cizgi ilə xüsusi bir əhval-ruhiyyə yarada bilmişdir.
Sərgi zallarında, həmçinin Mir Nadir Zeynalovun əsərlərinin ideyalarını tamamlayan, daha yaxşı qavranılmasına kömək edən şeirlərindən parçalar da yer alır.
Sərgi zallarının birində rəssamın ölümündən bir neçə ay əvvəl onun haqqında ərsəyə gələn film təqdim olunur. "Sənətkarın həyatında bir gün" formatında qurulan, film-monoloq janrında çəkilmiş bu sənədli film Şirin Məlikovanın təşəbbüsü və "Bakı Abadlıq Xidməti" ASC-nin maliyyə dəstəyi ilə rejissor Mübariz Nağıyev tərəfindən lentə alınıb.
Rəssam haqqında materialları onun öz şeirlərini oxuduğu səs yazıları (sərgi zalındakı vintaj telefonun dəstəyini qaldıraraq dinləmək mümkündür) və onun şəxsi arxivindən seçilmiş fotoşəkillər tamamlayır.
Sərgi gələn il aprelin 3-dək fəaliyyətdə olacaq.
“Kəndimizdəyəm” sözünü sonadək deyə bilmədim, hönkürdüm” - Elşən Əzim
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda İntiqam Yaşar bu dəfə sizi şair Elşən Əzimlə görüşdürür. O Elşən Əzimlə ki, ədəbi mühit, poeziya barədə danışmaqla yanaşı, 18 yaşında Kəlbəcərdən çıxdıqdan sonra 45 yaşında ora necə qayıtmasından da danışır.
- Salam Elşən bəy, Mingəçevirdə keçən 30 ilə yaxın müddətdə yaradıcılıq fəaliyyətiniz ürəyinizcə oldumu, bu ilərdəi bir kəlbəcərli kimi Kəlbəcərdə olsaydınız necə olardı?
- Bu 29 ilin 4 ilini hərbi xidmətdə olmuşam. Hərbi xidmətimin ilk aylarında atəşkəs elan olundu. Ordu sıralarına gedəndə ən böyük arzum işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda döyüşmək idi. Əsgərlik illərində atəşkəs səbəbiylə bu arzuma çata bilməsəm də 4 ilə yaxın xidmət etdim. O zaman müharibə vəziyyəti olduğundan ordudan tərxis haqqında əmr verilmirdi. Hərbi xidmətdə olduğum illərdə də şeir yazırdım, hətta bakılı, şamaxılı uşaqlara qoşulub meyxana da deyirdim (gülür). Yaradıcılığımın ən romantik, ən kövrək dövrü Gəncədə keçirdiyim tələbəlik illəri ilə bağlıdır. Mingəçevirdəki yaradıcılıq fəaliyyətimdə də bir çox uğurlarım oldu. 1999-cu ildə Mingəçevirdə Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialı açıldı. O vaxtdan sonra şəhərdə ədəbi mühit canlanmağa başladı. 1997-ci ildən paytaxt mətbuatında çap olunmağa başlasam da Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialının açılışından sonra bu prosses daha da sürətləndi. Bu illər ərzində 3 şeir kitabım nəşr olundu, ölkədə və ölkə xaricində bir sıra tədbirlərə qatıldım. Bir sözlə, ədəbi aləmdə və xalq arasında şair kimi tanınmağım Mingəçevirdə yaşadığım illərlə bağlıdır. Dünya Gənc Türk Yazarlar Birliyinə üzv olmağım isə mənim üçün Türk dünyasının ədəbi həyatına bir açılım rolu oynadı.
Şeir yazmağa elə Kəlbəcərdə ikən başlamışdım. İlk şeirlərimi hələ ibtidai siniflərdə oxuyarkən çəkdiyim şəkillərin altında yazırdım. O vaxt da indiki kimi təbiət peyzajları çəkirdim, yazdığım şeirlər də təbiətlə bağlı idi. Artıq altıncı sinifdə oxuyanda qafiyəsi, hecası yerli-yerində olan qoşmalar, gəraylılar yaza bilirdim. Yəqin ki, Kəlbəcərdə olsaydım, şeirimin ovqatı, ruhu bambaşqa olardı. Çünki Kəlbəcərdə yazılan şeirlərin bir ayrı nəfəsi, havacat ruhu, fərqli intonasiyası, ritorikası olurdu. Əlbəttə, mənim də şeirlərim daha çox kəlbəcərli olardı. Ancaq onu dəqiq bilirəm ki, bu illəri doğma yurdumda yaşasaydım belə Kəlbəcər aşıq şeiri ənənəsi ilə məhdudlaşmazdım. Atam çox yaxşı ədəbiyyat müəllimi idi. O, məni hər zaman ciddi ədəbiyyata yönəldirdi. Mütaliəmə ciddi fikir verirdi, bəzi toyxana şeirlərinin təsirinə düşməkdən çəkindirirdi. Hər iki valideynim ədəbiyyatçı olduğundan daim “Ulduz”, “Azərbaycan”, “Gənclik” jurnallarına, “Ədəbiyyat və incəsənət” qəzetinə abunə olurduq. Evimizdə zəngin kitabxana vardı. Bütün bunlar ədəbi zövqümün formalaşmasında mənə çox kömək edirdi.
- Bölgələrdə keçirilən ədəbi tədbirlərdə həmişə iştirak edirsiniz. Ədəbi mühit baxımından paytaxtdan kənarda yaşayan yazar üçün çətinlik hiss edirsinizmi?
- Azərbaycanda hər zaman sənətin bütün növlərində bölgə-paytaxt fərqi hiss olunub. İndi sosial şəbəkələrin olduğu, çap olunmağın çətin olmadığı dövrdə bu fərq elə də nəzərə çarpmasa da, dəqiq fikir verdikdə çox qayğıların olması göz önünə gəlir. Bölgədə yaşayan sənət adamlarına bir növ həvəskar kimi baxılır. Doğrudur, mən bu fikirlə razı deyiləm, öz yaradıcılığımla belə düşüncələri alt-üst etməyə çalışıram, bəzən müvəffəq oluram da. Ancaq yenə də müəyyən çətinliklərin olduğu danılmazdır. Bölgədə yaşayan ədəbiyyat adamlarının iş yerləri ədəbiyyatla, sənətlə bağlı olmadığından bəzən prossedən kənarda qalırlar. Ancaq bir məsələ də var ki, paytaxtda yaşayan şair və yazıçılar da ədəbiyyatla dolana bilmirlər, kitablarının satışı ilə maddi vəziyyətlərini sabit saxlamağı bacarmırlar, müxtəlif sahələrdə çalışırlar, ən yaxşı halda jurnalist kimi, redaktor kimi, tərcüməçi kimi fəaliyyət göstərirlər. Və ya bölgədə yaşayanlar da təqaüd alır, kitab nəşr etdirir, ciddi ədəbi mediada çap olunur və s. Deməli o qədər də böyük fərqimiz yoxdur.
- Elşən Əzim Kəlbəcərdə doğulmuş şairlər arasında yaradıcılığını yüksək qiymətləndirdiyi hansı şairlərin adını çəkə bilər?
- Kəlbəcərlilər poeziyaya yanaşmada ənənəyə çox sadiqdirlər. Hətta bəzən ifrata vararaq “filankəs yaxşı şairdir, eyni Sücaət kimi yazır” və ya “filankəs Bəhmən kimi yazmırsa, deməli yaxşı şair deyil” kimi düşüncələr sərgiləyirlər. Bu da yeniliyə qarşı önyarğı yaradır. Bəzən Kəlbəcərdən olan istedadlı şairlər bu düşüncənin məngənəsində sıxılaraq təkrarçıya çevrilir. Mən təbii ki, Kəlbəcərdən olan əksər ciddi şairlərin şeirlərini əzbər bilirəm, Dədə Şəmşiri də, Bəhməni də, Sücaəti də, Məmməd Aslanı da, Ənvər Rzanı da, Əyyub Cabbarovu da, Adil Cəmili də uşaqlıqdan sevə-sevə oxumuşam və əzbərləmişəm. Dövrümüzdə də istedadlı şairlərimiz çoxdur. Ələmdar Cabbarlı, Namiq Dəlidağlı, Xəqani Həbiboğlu, Elməddin Nicat, Məhəbbət Kəlbəcərli, Yusif Hüseyn, Daşqın Ziyəddinoğlu, Cabir Qurbanov, Əlövsət Saldaş və b. həm el arasında, həm də ədəbi müstəvidə sözü, özü olan şairlərdir. Kəlbəcər adətən yalnız poeziya ilə tanınır. Xatırladım ki, nasirlərimiz də var. Hələ sovet dövrünün 70-ci illərindən roman və povestləri kitab halında çap olunan yazıçı-publisist Zahid İsmayılov Kəlbəcərin Zülfüqarlı kəndindəndir. Dövrümüzün ən tanınan nasirlərindən olan Məqsəd Nur da əslən bizim kənddəndir. Ağsaqqal yazarımız Qənbər Şəmşiroğlunun da həcmli və oxunaqlı nəsr əsərləri var. Ələmdar Cabbarlının və mənim də hekayə və povestlərimiz ölkə mətbuatında yayımlanır.
- Məşhur "Qıfıl" şeirinin müəllifi, Kəlbəcərdə anadan olmuş Elşən Əzimin 2020-ci ili.
- 2020-ci il tək Elşən Əzim üçün əziz deyil, tariximizin ən şərəfli səhifələrindən biridir. 44 günlük şanlı Vətən Müharibəsində igidlərimizin göstərdiyi şücaət, xalqımızın birliyi, Ali Baş Komandanın iradəsi tariximizə qızıl hərflərlə yazıldı. Bu ili başıuca, alnıaçıq yaşadıq. 18 yaşımda çıxdığım yurduma 45 yaşımda geri döndüm. Bütün bunları sözlə ifadə etmək çox çətindir. Bəzən mənə elə gəlir ki, yuxu görürəm.
- Heca vəzni ilə yaradıcılığa başlasanız da, vəznlərə şablon yanaşmaları mütəmadi tənqid edirsiniz. Ümumiyyətlə vəznlər, formalar haqda fikirləriniz maraqlıdır.
- Hansı vəzndə, hansı janrda yazmağından asılı olmayaraq, yazdığını şeir adlandırırsansa, orada əsas güc poeziyanın olmalıdır. Bəzən heca vəznli, əruz vəznli şeirlər yalnız ritmdən, səsdən ibarət olur, oxucunu bu səs aldadır. Bizim oxucu hər şeydən çox pafosa inanır. Daha dəqiq desək, bizim oxucunu pafosla aldatmaq asandır. Bax elə indi də ədəbiyyatda 44 günlük vətən müharibəsinin pafos dövrü yaşanır. Bu pafos həm nəsrdə, həm də şeirdə açıq-aşkar görünür. İkinci dünya müharibəsinin getdiyi dövrdə və ondan sonrakı on ildə sovet yazıçı və şairlərinin yazdığı əsərlər, çəkilən filmlər sabun köpüyünə bənzəyən pafosdan başqa bir şey deyildi. Sonrakı illərdə isə daha ciddi sənət nümunələri yarandı. Ona görə bəzən janrların, vəznlərin gətirdiyi pafosu, yalanı tənqid edirəm. Özüm əsasən hecada yazsam da mənə elə gəlir ki, sərbəst şeir daha səmimidir. Universiteti bitirində diplom işim Ədəbi tənqid mövzusunda olub. Bu sahədə az-çox biliyə malikəm. Bu yaxınlarda tənqidçi Əsəd Cahangirin sosial şəbəkədə təqdim etdiyi hekayə müzakirələrində yaxından iştirak edirdim. Yazdığım şərhlərə təəccüblənən Əsəd bəy mənim yaxşı tənqidçi potensialımın olduğunu demişdi. Bəlkə də tənqidçi Elşən Əzimlə şair Elşən Əzim bir-biri ilə tərs mütənasibdir. Çünki tənqid etdiyim nüansların bir çoxu elə öz yaradıcılığımda da var. Ümumiyyətlə mən təzadlı adamam, el dilində desək, "çətin adam"...
- Kəlbəcərə getdiniz, Kəlbəcər işğaldan azad olunduqdan sonra. Nələr yaşadınız, nələr hiss etdiniz?
- Havanın açıq vaxtı Ömər aşırımından Kəlbəcərə tərəf baxanda sirli-sehrli bir gözəlliyin şahidi olursan. Göz işlədikcə sıra-sıra, cərgə-cərgə dağlar, qayalar görünür. O yerlərə nabələd adam inanıram ki, bu mənzərənin qarşısında bir az da vahimələnər, Murovu aşağı enəndən sonra bir labirintə düşəcəyini düşünər. Mən isə hara gedəcəyimi, hansı dağın dolaylarından, hansı dərəninin dərinliyindən keçəcəyimi yaxşı bilirdim. Bu otuz ildə Kəlbəcər yaddaşımı itməyə qoymamışdım, hər gün Kəlbəcəri düşünmüşdüm, cığır-cığır, qarış-qarış yadımda saxlamışdım. Kəndimizə çatanda maşını məktəbin qənşərində, Tutqu çayının üstündəki körpünün yanında saxladıq. Nə edəcəyimi bilmirdim, quruyub qalmışdım. Elə bu an bacım zəng elədi, “çatdınızmı” deyə soruşdu. “Kəndimizdəyəm” sözünü sonadək deyə bilmədim, hönkürdüm. Bəlkə də bu hönkürtü olmasaydı ürəyim dayanardı, bəlkə də məni o zəng xilas elədi. Çünki zəng gələnə qədər çox ağır hallar keçirirdim. Bu barədə artıq geniş bir yazı hazırdı.
- Kəlbəcərə qovuşandan sonra yeni mətnlər yazıldımı?
- Elə Kəlbəcərdə olanda bir qoşma yarandı, heç yerə yazmadan söylədim, yanımdakı yoldaşlar telefona çəkdilər. Evimizə çatanda dəhşətli bir mənzərə gördüm. Təbii ki, ev dağılmışdı, divarların bir hissəsi qalırdı. Həyətimizdəki meyvə ağaclarından yalnız biri qalır. Digər ağaclar sanki evin içinə köçüblər, evi sakinsiz qoymayıblar. O mənzərə “Atam ağac, anam ağac, qardaşım ağac” şeirinin yaranmasına səbəb oldu. İkinci gedişimdə də bir şeir yazıldı. Bütün təəssüratlarımı cəmləyib ”Ulduz” jurnalının “Özüylə söhbət” layihəsi üçün bir yazı yazmışam. 18 yaşında Kəlbəcərdən çıxan Elşənlə 45 yaşında Kəlbəcərə qayıdan Elşənin söhbəti...
-Elşən bəy, “İllərin o tayında qalan qız”ı sonra heçmi görmədiniz? Bir kitabınızın adı da o cür adlanır. Kitabınızı həmin qız gördümü, görəsən?
- Bu suala səmimi və ətraflı cavab vermək üçün hələ çox gəncəm. Adətən belə mövzular qocaldıqdan sonra yazılan memuarlarda yer alır. O şeir də tələbə vaxtı yazılıb, o qız da o zaman olub. Sonralar heç görmədim, harda olduğunu da bilmirəm.
- Kəlbəcərə hansı şairlə getmək istərdiniz?
- Kəlbəcər azad olunandan sonra düşündüm ki, orada qonaqlarım çox olacaq, hətta bu barədə planlar da qururam ki, şair dostlar gələndə necə qarşılayım, haralara aparım. İkinci dəfə, İTV -nin çəkilişinə gedəndə baxdım ki, şair dostlarım İbrahim İlyaslı və Ehtiram İlham da oradadır. İbrahim İlyaslı məni qucaqlayıb hönkürdü. Kaş o mənzərəni lentə alan olaydı. Bütün şair dostlarımı orda qarşılamaq mübhəm arzularımdan biridir. Yəqin ki, ilk qonaqlarımdan biri də siz olacaqsınız.
- Bu gün gəncliyin yaratdığı poeziya nümunələri ilə öz gəncliyinizin arasında müqayisə, paralellər aparırsınızmı? Necə ifadə etmək olar fərqləri, bənzərlikləri?
- Mənim üçün heç zaman mövzu məhdudiyyəti olmayıb. Gəncliyimdə də, indi də müxtəlif mövzularda yazıram. Həyatın, cəmiyyətin ən görünməyən tərəflərindən belə şeir üçün mövzu çıxara bilirəm. Şeir ən incə detalların axtarışında olmalıdır, şair heç kimin görmədiyi detalı görəndə şair olur. Çox istedadlı gənclərimiz var. O gəncin yaradıcılığını daha çox sevirəm ki, onun istedadıyla yanaşı intellekti də olsun. XXI əsr üçün savadsız yazar anlayışı qəbul edilməzdir, təbii, ilhamı dağ çayı kimi coşqun olsa da... Qayıdıram yuxarıda qeyd etdiyim mövzu məsələsinə; bəzən gənc yazarlar sevgi mövzusundan kənara çıxa bilmirlər. Sabah o sevgi bir qədər indiki coşqusunda olmayanda nə yazacaqlar? Təbii ki, özləri özlərini təkrarlamaq zorunda qalacaqlar. Bir də ki, gənclərə nəsihət verəcək qədər yaşlı deyiləm. Özümü gənc hesab edirəm (gülür).
-Təşəkkür edirəm, maraqlı söhbət üçün.
- Çoxdandır ürəyimcə ədəbiyyat söhbəti etmək imkanım yox idi. Maraqlı suallarla ürəyimi boşaltmağa imkan yaratdığınız üçün mən təşəkkür edirəm.
Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestrinin konserti olub
Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestrinin konserti keçirilib.
AzərTAC xəbər verir ki, konsertdən əvvəl musiqişünas Şəfaqət Məmmədova çıxış edərək orkestrin fəaliyyəti haqqında məlumat verib. Cadenza ansambl kimi 2016-cı ildə yaradılıb. Həmin dövrdən etibarən bir sıra yerli və beynəlxalq festivallarda çıxış edib. Kollektiv bu ildən orkestr şəklində fəaliyyət göstərməyə başlayıb. Musiqi maarifçiliyi öhdəliyini özündə ehtiva edən orkestr şəhər və rayonlarda mütəmadi olaraq müxtəlif auditoriyalar üçün izahlı konsertlər təşkil etməyi, musiqi tarixinin bütün dövrlərini əhatə edən əsərləri ifa etməklə təmaslar qurmağı nəzərdə tutur. Həmçinin məqsəd Azərbaycanda müasir musiqi ifaçılığı və ənənəsini yaşatmaq, vaxtilə ölkəmizdə yaradılan müasir musiqi ansamblları ənənələrinin bərpası və inkişaf etdirilməsidir. Orkestrin bədii rəhbəri bəstəkar Türkər Qasımzadədir.
Bildirilib ki, orkestrin əsas missiyası çağdaş musiqi ənənələrini davam etdirməkdir. Konsertdə orkestr bir növ musiqi tarixi üzərində gəzişmələr edəcək. Bir konsertlik gəzişmələrdə orkestr barokkodan postmodernizmə, Purseldən Feldmana qədər bir musiqi səyahəti təqdim edəcək. Daha sonra proqramda səslənəcək əsərlər haqqında məlumat verərək diqqətə çatdırıb ki, konsertdə səslənən əsərlərin bir çoxu Bakıda ilk dəfə təqdim olunur.
Cadenza orkestrinin ifasında H.Pursel, İ.Haydn, F.M.Bartoldi, A.Skryabin, A.Şnitke, M.Feldmanın əsərləri səsləndirilib. Solistlər Üzeyir Mahmudbəyli (viola), Ərol Rzayev (violonçel) dirijor Samir Əsədovun rəhbərliyi ilə müasir musiqi nümunələrinin, barokko dövrünün, sovet avanqardının estetik civarlarını, klassizmin simvollarını tamaşaçılara təqdim ediblər.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra layihələr - "Aşıq musiqisi axşamları", "Sirlər xəzinəsi", "Unudulmayanlar", "Yeni nəsil dəvət edir", "Dastanlar", "Muğamat var olan yerdə", "Muğam axşamları", "Vətənimdir Azərbaycan" həyata keçirir.
“Hacı İsgəndər” kitabının təqdimatı olub
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda yazıçı-publisist Kənan Hacının Xəzər Yazıçılar Birliyinin dəstəyi ilə ərsəyə gələn "Hacı İsgəndər" kitabının təqdimatı keçirilib.
AYB-nin Xəzər bölməsindən AzərTAC-a bildirilib ki, məclisi giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi Hacı İsgəndər kimi tarixi şəxsiyyət haqqında roman yazılmasını müsbət qiymətləndirib.
Əsər haqqında məlumat verən İ.Fəhmi bildirib ki, belə unudulmuş qəhrəmanları yad etməklə həm onların ruhunu şad etmiş oluruq, həm də gələcək nəsillərə tarixə çevrilmiş qəhrəmanlarımız haqqında məlumat veririk.
Yazıçılar Birliyinin sədrinin müşaviri, yazıçı-dramaturq Elçin Hüseynbəyli, Buzovna cümə məscidinin axundu Hacı Soltan Əlizadə və digər tədbir iştirakçıları müəllifə yaradıcılıq uğurları arzulayıblar.
Qeyd edək ki, roman 1918-1920-ci illərdə Bakıda və ətraf kəndlərdə baş vermiş hadisələrdən bəhs edir. Həmin dönəmlərdə Qafqaz İslam Ordusunun Bakıya gəlişi və şəhəri xilas etməsi, özünümüdafiə dəstələri yaradaraq orduya kömək etməsi, hətta malından və canından keçmiş Hacı İsgəndərin yenilməz xarakteri təsvir edilib.
Romanda Ömər Faiq Nemanzadənin, Hacı Zeynalabdin Tağıyevin, Ənvər Paşanın, Nuru Paşanın, Ruhulla Axundovun, klassik şairlərdən Məşədi Azərin, Əliağa Vahidin, Haşım bəy Saqibin və digər tarixi şəxsiyyətlərin obrazları yaradılıb.
“Aşiq dərsləri” seriyasından növbəti disk çıxıb
Azərbaycan Aşıqlar Birliyində “Aşıq dərsləri” adlı yeni layihəyə start verilib.
Aşıqlar Birliyindən AzərTAC-a bildirilib ki, ilk dəfə olaraq həyata keçirilən bu layihədə əsas məqsəd aşıq sənətini öyrənmək istəyən yeniyetmə və gənclərə, bu sahədə təhsil alan şagird və tələbələrə yardımçı olmaqdır. Yeddi audiodiskdən ibarət olacaq layihə çərçivəsində sadədən mürəkkəbə doğru olmaqla hər aşıq havasının özünəməxsus incəlikləri, öyrədilməsi yolları və s. ustad aşıqların ifasında lentə alınaraq təqdim olunacaq. Hər diskdə ən azı 3 aşıq havası yer alacaq və hər hava günümüzün bir tanınmış ustad aşığı tərəfindən bütün xırdalıqlar incələnməklə təqdim olunacaq.
Eyni zamanda, həmin aşıq havaları əvvəlki ustad aşıqların ifasında da həmin diskdə təqdim olunacaq ki, bu da gənclər üçün ayrılıqda hər bir havanın müxtəlif aşıq mühitlərində necə ifa olunması və böyük ustadların yaradıcılığı ilə daha yaxından tanış ola bilmələri üçün əlavə imkanlar açacaq.
Artıq işıq üzü görmüş ilk disk ustad aşıqlardan Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli və Qələndər Zeynalovun ifasında “Şirvan gözəlləməsi”, “Dübeyti” və “Şahsevəni” havalarının öyrədilməsinə həsr olunub. Diskdə, eyni zamanda, həmin havaların vaxtilə görkəmli sənətkarlar Pənah Pənahov, Əkbər Cəfərov, Şakir Hacıyev, Kamandar Əfəndiyev, Məmmədağa Babayev və İsfəndiyar Rüstəmovun ifasında yazıya alınmış lent yazıları da yer alıb.
Mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir. Bununla əlaqədar Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov noyabrın 19-da “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Əliyev ilə görüşüb.
Mədəniyyət Nazirliyi məlumat verir ki, görüşdə nazir Anar Kərimov ikitərəfli mentorluq proqramının müsabiqə qalibəri üçün faydalı olacağına inamını ifadə edib. Nazir qeyd edib ki, F.Əliyev, eləcə də digər müsabiqə qaliblərinin bilikləri və qazanmaqda olduqları təcrübə həm özləri, həm də çalışacaqları sahələr üçün böyük əhəmiyyətə malik olacaq.
Fərrux Əliyev daim yeni bacarıqlara yiyələnmək istədiyini və mentorluq proqramının səmərəli olacağını bildirib, səmimi görüşə görə nazirə təşəkkür edib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
“Yüksəliş" müsabiqəsinin idarəçi rəhbərlər heyətinin tərkibinə iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, energetika naziri Pərviz Şahbazov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, kənd təsərrüfatı naziri İnam Kərimov, maliyyə naziri Samir Şərifov, xarici işlər naziri Ceyhun Bayramov, gənclər və idman naziri Fərid Qayıbov, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Ombudsman Səbinə Əliyeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov,“BP” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətininsədri Orxan Məmmədov daxildirlər.
Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.
“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfəri müsabiqəyə qəbul edilib.