Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestrinin konserti keçirilib.
AzərTAC xəbər verir ki, konsertdən əvvəl musiqişünas Şəfaqət Məmmədova çıxış edərək orkestrin fəaliyyəti haqqında məlumat verib. Cadenza ansambl kimi 2016-cı ildə yaradılıb. Həmin dövrdən etibarən bir sıra yerli və beynəlxalq festivallarda çıxış edib. Kollektiv bu ildən orkestr şəklində fəaliyyət göstərməyə başlayıb. Musiqi maarifçiliyi öhdəliyini özündə ehtiva edən orkestr şəhər və rayonlarda mütəmadi olaraq müxtəlif auditoriyalar üçün izahlı konsertlər təşkil etməyi, musiqi tarixinin bütün dövrlərini əhatə edən əsərləri ifa etməklə təmaslar qurmağı nəzərdə tutur. Həmçinin məqsəd Azərbaycanda müasir musiqi ifaçılığı və ənənəsini yaşatmaq, vaxtilə ölkəmizdə yaradılan müasir musiqi ansamblları ənənələrinin bərpası və inkişaf etdirilməsidir. Orkestrin bədii rəhbəri bəstəkar Türkər Qasımzadədir.
Bildirilib ki, orkestrin əsas missiyası çağdaş musiqi ənənələrini davam etdirməkdir. Konsertdə orkestr bir növ musiqi tarixi üzərində gəzişmələr edəcək. Bir konsertlik gəzişmələrdə orkestr barokkodan postmodernizmə, Purseldən Feldmana qədər bir musiqi səyahəti təqdim edəcək. Daha sonra proqramda səslənəcək əsərlər haqqında məlumat verərək diqqətə çatdırıb ki, konsertdə səslənən əsərlərin bir çoxu Bakıda ilk dəfə təqdim olunur.
Cadenza orkestrinin ifasında H.Pursel, İ.Haydn, F.M.Bartoldi, A.Skryabin, A.Şnitke, M.Feldmanın əsərləri səsləndirilib. Solistlər Üzeyir Mahmudbəyli (viola), Ərol Rzayev (violonçel) dirijor Samir Əsədovun rəhbərliyi ilə müasir musiqi nümunələrinin, barokko dövrünün, sovet avanqardının estetik civarlarını, klassizmin simvollarını tamaşaçılara təqdim ediblər.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra layihələr - "Aşıq musiqisi axşamları", "Sirlər xəzinəsi", "Unudulmayanlar", "Yeni nəsil dəvət edir", "Dastanlar", "Muğamat var olan yerdə", "Muğam axşamları", "Vətənimdir Azərbaycan" həyata keçirir.