Bəyaz qara səcdə edən insanlar - Aida Eyvazlının Saxa Respublikasına səfərdən yol qeydləri Featured

 

Bəlkə son deyil, elə əvvəl buradan başlayır...

 

Yenə Müqəddəs Saxa (Yakut) Respublikasına rəsmi dəvət almışdım. Gözümüzdən uzaq, könlümüzə çox yaxın bir ölkədən. Qədim türklərin izi, mədəniyyəti, tarixi olan ölkədən. Tanrının bəyaz donda saxladığı  bu gözəl insanların vətəninə ilk səfərimdə də əziz bir dostumun xeyir-duası ilə onun evindən  yola çıxmışdım. Qismət, tale yazısı imiş, bu dəfə də məni həmin əziz dostun evindən uğurladılar. Ankarada Mustafa Kamal Atatürkün məzarını ziyarət edib yoluma davam etdim. Hava limanından isə  məni Mustafa Kamal Atatürkün fotolardan boylanan baxışları yola saldı. Gömrük sərhəd-keçid məntəqəsini keçəndə, dönüb qeyri-ixtiyari  Türkiyəni quran kişiyə əl salladım. Böyük Atatürkün  sevdiyi, lüğətini oxuduğu  Saxa -yakutlarının ölkəsinə gedirəm.

 

Mustafa Kamal Atatürkün iş stolunun üstündə Eduard Karloviç Pekarskinin tərtib etdiyi “Yakut lüğəti”nin 4 cildliyi  xüsusi yer tutardı. Atatürkü görən şahidlər yazırdılar ki, 1936-cı ilin  avqustunda  Floriya köşkündə iqamətgahda keçirilən dil qurultayından sonra ziyafət təşkil olunur. Yemək süfrəsi ətrafında sözlərin etimologiyasından bəhs edilir. Atatürk “tonalite” kəlməsinin kökünü soruşur.  Süfrə başında oturanlar bu sözün fransızlara məxsus olduğunu isbat etmək istəyirlər. Mustafa Kamalın işlər müdiri Sürəyya Bəy fransız dilində lüğəti gətirir, bu lüğətdə  həmin sözün kökünün yunancadan gəldiyi izah edilir. Atatürkün bir bildiyi var idi,  cavab onu qane etmir. “Ton” sözünün Asiya ölkələrindən gəldiyini sübut etmək üçün Yakut lüğətini gətizdirir. Yakut lüğətində isə “ton” sözünün “səs” mənasını verdiyi məlum olur. Beləliklə Atatürk fransızlara “ton” sözünün yakut dilindən keçdiyini bir daha isbat etmiş olur. Və süfrə ətrafında otutanlara yakutların sakların törəsi olduğunu da izah edir. İndi həmin “Yakut lüğəti” 4 cildliyi Mustafa Kamal Atatürkün Anıt qəbirdəki mavzoleyində saxlanılır. O kitabın səhifələrində Atatürkün qeydləri yer alır. Mən də Mustafa Kamal Paşamızın gözündən uzaq olan, könlünə yaxın tutduğu sakların- saxalıların ölkəsinə gedirəm. Qütb dairəsinin kəsişdiyi üfüq xəttinədir yolum. Bəlkə son deyil, elə əvvəl buradan başlayır...

 

Təyyarə ilə Ankaradan İstanbula 1 saat, İstanbuldan Moskvaya 3 saat, Moskvadan  Yakutsk şəhərinə isə 6 saat  uçmalı oluram. Ümumilkdə yollarda 17 saat keçirirəm.  Təyyarəyə daşına biləcək qədər baqaj yükü vermişəm, üç zənbilə və çemodanlara yerləşdirdiyim  kitabları, ABAD-dan, Türkiyədəki Azərbaycan Səfirliyindən götürdüyüm  Qarabağ zəfərini tərənnüm edən hədiyyələri zərif çiyinlərimdə daşımaq çətin olsa da şərəflidir. Ancaq ruhən yorğun deyiləm, fikirləşirəm ki, yalın ayaqla  Şuşaya çıxan,  Qarabağı azad edən igidlərimizin çiyinlərindəki yük bundan da ağır idi. Bir də ki, ötən əsrin 1926-cı ilində Saxadan Bakıda keçirilən I Türkoloji Qurultaya gəlmək üçün 4 nəfər yakut türkündən ibarət nümayəndə heyəti: siyasi xadim İsidor Baraxov, klassik şair, dramaturq Anempodist Safronov –Alampa, şair və dilçi alim Aleksey İvanov Kunde və nümayəndə heyətinin rəhbəri, filosof, alim və klassik yazıçı Aleksey Kulakovskiy –Eksekyulyaxı xatırlayıram. Moskvada  A.Kulakovski-Eksekulyax xəstələnir, xəstəxanaya yerləşdirilir. Az keçmir ki, vəfat edir. Qalan üç ictimai və dövlət xadimi gəlib  Bakıda keçirilən I Türkoloji qurultaya yetişir və çıxış edirlər. Həmin o böyüklər də Saxadan Bakıya gələndə yolları çətin və əziyyətli olmuşdu, məndən  çox əziyyət çəkmişdilər. Deyilənlərə görə Bakıya 6 aya gəlib yetişmişdilər. Türkçülüyün, ədəbiyyatın yolu asan oldusa, yaxşı əsər alınmayacaq. Türk İmperiyaları da asan qurulmayıb, çətin olub, şərəfli olub bu yol. Alın təri ilə yazılan bütün türk əsərləri gözəldir. Istər tarix olsun, istər döyüş olsun, istər dövlət, istərsə də kitab. Tanrı belə bir şərəf yolunu mənə qismət edibsə, nə xoş halıma. 

 

Moskvadan Yakutska uçan təyyarəyə oturanda elə  fikirləşdim ki, yəqin ki, 6 saatlıq yolun 3 saatını  yataram. Ay yatdın haaa...  Ətrafıma baxıb, lap bizim məşhur mahnımızda deyildiyi ki, “Mən ki, həsəd aparıram, yatanlara gecələr...”i fikirləşirəm. Deyirəm  ki, görəsən indi təyyarə salonunun ortasında dayanıb, bu mahnını oxusam buradakılar mənə nə deyər? Amma sözün əsil mənasında səsimi başıma atıb oxumaq istəyirəm. Çünki ruhum yerindən oynayır. Axı darıxdığım yerlərə gəlirəm. Bu yerlərdə, bu torpaqda 2019-cu ilin  may ayının sonu, iyunun əvvəli qardaş bildiyim, türk dünyası sevdalısı? şair Əkbər Qoşalı ilə birlikdə izlərimizi qoyub qayıtmışdıq. Vətən mücadiləsi aparan, Saxa Yakutiyada dövlət quran Platon Oyunskinin kitabını azərbaycancaya tərcümə etmişəm, redaktoru Əkbər Qoşalı olub. Bu kitabın Azərbaycanda çıxması Saxa -yakut xalqı üçün hadisəyə çevrilib. Bu kitab Türkiyədə də nəşr olunub.

 

Elə indi də əslində bu  sakral topraqlara məni çəkib gətirən həmin o “Qırmızı şaman” kitabının alov dilli işığıdır, -  düşüncəmdə yəqin ki, yanılmıram.

 

Səhər saat 9-da bir saat gecikmə ilə Platon Oyunski adına hava limanında təyyarəmiz eniş edir.  Məni Saxa Yazıçılar İttifaqının gənc üzvü, türk izlərinin, saxa türklərinin qədim yazı tarixini, naxışlarını, tamğalarını araşdıran, bu sahədə dürlü-dürlü elmi və bədi əsərlər, şerlər yazan Qavril Androsov və Saxa milli libasında üç nəfər qarşılayır. Onların əllərində duz-çörək və kımız dolu çoron var.  Kımız bütün türkdilli xalqların -  Altaylarda, Mərkəzi Asiyada, Şimalda yaşayan türklərin həyat eliksiri, can dərmanı sayılan içkisidir. Çox böyük həvəslə kımızı alıb başıma çəkir və duz-çörəyi dadıram. Məni milli Saxa paltarında qarşılayanlara isə Ankaradan aldığım şirniyyatlardan və özümlə götürdüyüm Azərbaycan çayından hədiyyə edirəm.

 

Qavril Androsov özü qədim Tattı Ulusundandır. Platon  Oyunskinin həmyerlisi olmağı ilə fəxr edir. “Çolbon” jurnalının redaktorudur. Bir neçə gündən sonra bu jurnalın 95 yaşı tamam olacaq. 1926-cı ildə nəşrə başlayan jurnalın ilk redaktoru Alampa Safronov olub. Bu il Saxa xalqı onun 135 illiyini qeyd edir.

 

İnsanın SÖZ-dən güclü heç nəyi yoxdur

 

Hava limanının çıxışında bizi gözləyən avtobusa otururuq. Avtobusun salonunda  gələn qonaqlar artıq öz yerlərini tutublar. Şəhərin mərkəzindəki “Tıqın Darxan”- otelinə çatırıq. Bizə dincəlməyə zaman verirlər. Qütb xəttinə yaxın Saxa Respublikası ilə olan saat fərqi səbəbindən “Böyük qarın alqışı” festivalına gələn qonaqların əksəriyyətinin yerli vaxta uyğunlaşması çətin olur. Məsələn Bakı ilə Yakutsk şəhəri arasında saat fərqi 5 saat, Ankara ilə isə 4 saatdır. Özümü tarazlayıb, yerli vaxtla  13.30-da yuxudan ayılıram, otelin foyesində  yığışan qonaqların yanına enirəm. Bir-birimizlə tanış oluruq. Adına el arasında “Dilbər xatun” deyilən Natalya Xarlampyevanı görüb ona yaxınlaşıram. Ən doğma  adamlar kimi görüşürük. Qazaxıstanın məşhur gənc şairi Sayat Kamşıger, Başkordıstan Parlamentinin deputatı, Yazıçılar Birliyinin sədri  Zəki Əlibəyov, Kareliyadan “Sever” jurnalının baş redaktoru , bir neçə dövlət mükafatı lauraetı Yelena  Pietilyaynen, Tatarıstanın məşhur uşaq şairi və ədibi  Rafis Kurban, Tatarıstanın gənc türkçü şairi, Musa Cəlil mükafatının laureatı  Ruzal Muxametşin, Qırğızıstanın məşhur ədəbiyat nominasiyaları laureatı Altınay Temirova, Xakasiya Respublikasının əməkdar mədəniyyət xadimi, şair  Natalya Axpaşeva, Murmanskdan gələn  bir çox ədəbi mükafatlar laureatı  İlya Vinoqradov, Kalujsk vilayəti Yazıçılar Birliyinin sədri, RSFSR Yazıçılar Birliyinin həmsədri Vadim Teryoxin,  Rusiyanın Böyük Ədəbiyyat mükafatının laureatı Boris Lukin də qonaqlar arasındadırlar. Proqramdan məlum olur ki, biz əvvəlcə   Semyon və Safron Danilov qardaşlarının abidəsi önünə çiçək dəstələri qoymalıyıq. Çünki bu ilki festival Semen Danilovun  xatirəsinə həsr olunub. Festival iştirakçılarının hər biri onun “Qar” şerini öz ana dilinə tərcümə edib. Sayat Kamşıqerlə köhnə dostlar kimi görüşürük. Ötən il Vətənimizdə döyüşlər gedəndə Sayat Kamşıger Azərbaycan əsgərlərinə şer həsr etmişdi. Onun şerini dilimizə mən çevirdim.

 

Biz şəhərin mərkəzində ucaldılan Semyon və Safron Danilov qardaşlarının abidəsi önünə gəlirik. Tanrı elə bil ki, gəlişimiz münasibəti ilə böyük qarı lütf edib, dünyanı ağ rəngə bürüyüb. Buralara qar oktyabrın 14-dən yağmağa başlayıb. Əslində bu ağ rəng əhvalımı çox yüksəldib. Saxa (Yakut) Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf naziri Yuri Kupriyanov qonaqları salamlayır. Çıxışında çox maraqlı məqamlara toxunur. Deyir ki:

 

-Biz, əcdadlarımızın dediyi kmi, göydən yağan qarı alqış, bərəkət sayırıq. Uzaq Şimalda yaşayan yakutlar üçün qar təmizlik, ağlıq, yeni münasibətlər rəmzidir. Sizin bu dəfəki gəlişinizlə festivalımızı açıq elan edirik. Əslində ilin-günün bu vaxtında, belə bir festivalı keçirməklə pandemiyaya çağırış edirik. Çünki biz sağlamlığın, təmiziliyin tərəfindəyik. Arzu edirəm ki, heç kim xəstələnməsin. İnanıram ki, pandemiyanın tələbləri çərçivəsində “Böyük qarın alqışı” festivalı uğrla başa çatacaq. Biz bir- birmizlə faydalı fikir mübadilələri edib, ədəbi əlaqələrimizin, mədəniyyətlərimizin bilriyindən və müxtəlifliyindən danışacağıq. Bu fikir mübadilələri çərçivəsində biz həm də ilahi sözün gücünü təsirləndirməliyik. İnsanları sözümüzə inandırmağı bacarmalıyıq. Mən belə hesab edirəm ki, insanın SÖZ-dən güclü heç nəyi yoxdur. İnsanın varı-dövləti sözdür. Qoy sizin də sözünüz hər zaman güclü və təsirli, bərəkətli olsun, zərb-məsələ çevrilsin, istiliyi ürəklərə yayılsın. Uzun müddət Saxa Yazıçılar Bilriyinin sədri olmuş Semyon  Danilov və qardaşı  Safron Danilovun da sözü əbədi yaşasın. Bizim sevimli xalq yazıçısı, Platon Oyunski adına Dövlət mükafatının laureatı Natalya Xarlampyevanın müəllifi olduğu “Böyük qarın alqışı” festivalının dili sevgi, məhəbbət, vətən dilidir. Biz hamımız bu dildə danışmağı bacarmalıyıq.

 

Daha sonra Natalya Xarlampyeva öz ustadı Semyon Danilovdan, onun sabiq SSRİ məkanında tanınmış yazıçılarla olan sıx ədəbi əlaqələrindən danışır. Sonda bizim hamımız böyük yazıçı və dramaturq  Danilov qardaşlarının abidəsi önünə çiçək dəstələri qoyub Saxa Media Holdinqdəki görüşə tələsirik.

 

Burada keçirilən  “Avrasiya ilhamı: dünən, bu gün və sabah” dəyirmi masa ətrafındakı görüşdə  respublikanın tanınmış ictimai xadimləri və fikir adamları iştirak edirlər. Saxa Media Holdinqinin sədri Viktor Jamaxanoviç Kolesov rəhbərlik etdiyi qurumun əlaqələrindən, bugünkü qlobal media və informasiya məkanında tutduğu mövqedən söhbət açır. Panel müzakirələrdə medianın dünyadakı gündəlik çağırışlara münasibətləri müzakiə olunur, fəlsəfi və dinamik, yanaşmanın əhəmiyyətindən danışılır. Sonda isə, saxalılara məxsus olan qonaqpərvərlik diqqətdən qaçmır. Vikor Jamaxanoviç festival iştirakçılarına Saxada istehsal olunan ətirli çay və şokalad təqdim edir.

 

Semyon Danilov: Qarda cığır açan yol adamıyam.

 

Proqramımız o qədər zəngin və maraqlıdır ki, yol yorğunluğunu unutmuşuq. Günorta yeməyini “Tıqın darxan” otelinin restoranında yeyirik. Süfrəyə  saxa-yakut mətbəxinin dadlı yeməkləri düzülüb: Salamat ( bu bizim quymağın ağ rəngdə olan variantıdır), maral ətindən növbənöv soyuq və isti yeməklər və bir də ki, stroqanina –  dondurulmuş çiy balıq. Nahardan sonra bizi Şimal Şərq Federal Universitetinin prezidenti Yevgeniya xanım Mixaylova ilə görüşə aparırlar. Onunla “Mamontlar muzeyi”ndə görüşürük. Axşamüstü saat 17-də isə M. K.Ammosov adına Şimal-Şərqi Federal Universitetində Poeziya festivalının açılış mərasimi başlayır. “Böyük qarın alqışı” Beynəlxalq festivalının açılışının bu universitetdə keçirilməsi ənənə halını alıb. ŞŞFU (Şimal Şərq Federal Universiteti)nin elmi Şurasının böyük zalında “Yakutiyanın virtouzları” skripkaçı qızlar ansamblının ifasında klassik musiqilər səslənir. Bu gənc qızların hamısı bir boyda, bir biçimdədir. Deyirlər ki, skripkaçılar məktəbini də ölkənin ilk prezidenti Nikolay Yefimov yaradıb. İndi bu ansamblın solistləri dünyanın bir çox məşhur səhnələrində konsert proqramları ilə çıxış edirlər.

 

Festivalın təşəbbüskarı Rusiya Yazıçılar Birliyinin üzvü, Yakutiya Respublikasının Yazıçılar Birliyinin sədri, RSFSR-in əməkdar mədəniyyət xadimi Natalya Xarlampyeva çıxış edir. Saxa ədəbiyyatının qoruyucusu, gənc yazarların himayəçisi olan bu xanım müəllifi olduğu “Böyük qarın alqışı” beynəlxalq festivalının necə ərsəyə gəldiyindən, özündə hansı ideyaları ehtiva etdiyindən danışır:

 

-Bizim bu qarışıq zəmanəmizdə - üz-üzə, göz-gözə görüşmək böyük sevincdir. İki ilə yaxındır ki, biz bu ünsiyyətdən məhrumuq. Böyük ayrılıqlar həyatımızda öz izini qoysa da, bizim beynəlxalq əlaqələrimizə təsir edə bilməyib. Uzaqda-yaxında yaşayan dostlarımızla hər zaman ədəbi və dostluq əlaqələrimizi qoruyub saxlaya bilmişik. 2012-cü ildən sonra ənənəvi hal alan beynəlxalq poeziya festivalı Saxa-yakut xalqının qədim tarixi və ədəbiyyatını, mədəniyyətini, bu ədəbiyyatı yaradıb gələcək nəslə ötürənlərin şərəfinə keçirilir. Artıq 6-cı dəfə keçirilən ənənəvi festivalda adətən dünyanın bir çox ölkələrini təmsil edən 60-dan çox yaradıcı insan iştirak edirdi. Bu dəfə belə olmadı. Lakin  biz az tərkibdə olsa da, böyük klassikimiz, şair Semyon Danilovun sözünün işığına yığışa bildik. Onun “Qar” şeri poeziya festivalına qatılanların ana dillərində tərcümə olunub. Bir də ki, qonaqlarımızın hər birinin Tanrının alqışı sayılan bəyaz qar haqqında yazdığı şerləri universitetin tələbələri tərəfindən səsləndiriləcək. Poeziya festivalının keçirilməsi təşəbbüsünü 9 il bundan əvvəl irəli sürəndə, belə də düşünmüşdüm ki, sözün işığına gələn qonaqlarımız  həm də qarın bəyazına bələnəcəklər. Semyon Danilovun yazdığı kimi: “Gəl sənə söyləyim, ey əziz dostum, Mən Şimal adamı, qar adamıyam. Bəyaz qar içində dünyaya gələn, Qarda cığır açan yol adamıyam.” Bu festival nəticəsində xalqımız və vətənim üçün nə qədər həmfikir dostlar tapmışam. Xarakter etibarı ilə özümdən razı adam olmadığımı dostlarım yaxşı bilir. Lakin bu gün həm özümdən razıyam, həm də xoşbəxtəm. Bütün zəncirləri və inadları qıraraq mən öz Vətənim üçün bu gözəl işi görməyi bacarmışam. Qoy qarın alqışı, poeziya və dostluq bizimlə olsun. İndi pəncərədən çölə baxsanız görərsiniz ki, göydən lopa-lopa qar dənələri yağır. Hər tərəfi bəyaz işığa bürüyüb. Bax beləcə bizim yurdumuza yağan bəyaz qar təbiəti və ürəkləri bəzəyir. Sizin də könlünüzün işığı heç zaman azalmasın.

 

Söz tələbələrə verilir. Onlar Semyon Danilovun, Natalya Xarlampyevanın, eləcə də festivalın qonaqlarının  şerlərini əzbərdən oxuyurlar. Mənim “Yakutska qar yağar” şerimi isə jurnalistika fakultəsinin 1-ci kurs tələbəsi Nikolay səsləndirir. Xüsusi improvizasiya, xüsusi avazla  oxuyur. İlk dəfədir ki, öz şerimi başqa dildə dinləyirəm. Sevincliyəm. Sonra qonaqlara söz verilir. Natalya Xarlampyeva məni və Qırğızıstandan gələn Altınay Temirovanı fəxri qonaq qismində təqdim edir. Mən öz çıxışımda universitet tələbələrinə dillərini, torpaqlarını qorumağı tövsiyə edirəm. Qarabağ zəfərimizdən, xarı bülbüldən, oxşar taleyimizdən, dilimizdən, kökümüzdən danışıram. Çıxışımı alqışla qarşılayırlar. Burada bir qurd ürəkli şairəni kəşf edirəm. O, xakas qızı Natalya Axpaşevadır. Gənclər üçün şer oxuyur. Oxuyur desəm yanılaram, hayqırır, türkçülüyü qorumağa, tariximizə sahib çıxmağa səsləyir.

 

Saxa yakutlarının məclislərinin, toy və tədbirlərinin, festivallarının ən mühüm atributlarından biri də xomusla ifa etdikləri boğaz mahnılarıdır. Bu dəfə festivalda  məşhur xomus ifaçısı Erkin Alekseyev və xalq mahnılarının qoşa ifaçıları  Klavdiya və German Xatılayevlər  öz məharətlərini göstərirlər. Onlar Xomusda çox rəngarəng improvizələr edir, eyni zamanda Klavdiya və German cütlüyü yakut folklorundan ibarət xalq mahnılarını səsləndirirlər. Səslər mənə elə tanış gəlir ki... Nənəmin, anamın laylalarındakı həmin səslərdir, həmin döyüntülər, həmin avazlardır... Eyni ilə beşik başında layla çalanda, sevincdən zümzümə edəndə, həsrət göz yaşları tökəndə... onlardan bu ritmləri, bu səsləri  eşitmişəm axı... yaddaşım məni aldada bilməz... Laylaları laylama, oxşamaları oxşamalarıma bənzəyən doğma saklarım, saxalılarım...

 

Poeziya festivalının 1 gününü beləcə arxada qoyuruq.

 

  ***

 

Səhər yatağımdan durub, pəncərədən çölə boylanıram. Pəncərəmdə şaxtanın çəkdiyi əsrarərngiz tablonu görürəm. Bir anlığa uşaqlığımı xatırlayıram. Nə vaxtsa Bakıda, Sumqayıtda da gözəl qış keçərdi. Anam sevinclə “Uşaqlar, durun, əl-üzünüzü yuyub, pəncərədən baxın, qar yağıb...”- deyib bizi yuxudan oyadardı. Sonra səhər naharını yeyib, isti əlcəklərimizi, paltomuzu, papağımızı geyindirib bizi qarla oynamağa yola salardı. Həyətə düşməyəndə isə pəncərədə qarın və şaxtanın vurduğu naxışlardan zövq alar, özümüzə naxış seçər, yoldan keçən maşınları sayardıq... İndi bu gördüyüm naxışlar məni o günlərimə aparır... uşaqlığım üçün necə darıxdığımın fərqində oluram...

 

(Davamı var)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.