Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində konsert proqramı təqdim edilib.
AzərTAC xəbər verir ki, konsert proqramında Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Bakı kamera orkestri çıxış edib.
Musiqili gecədə Üzeyir Hacıbəylinin “Arazbarı”, “Sənsiz”, “Sevgili canan”, Qara Qarayevin “Yeddi gözəl” baletindən Vals, Fikrət Əmirovun “Nizami” simfoniyası səsləndirilib.
Qeyd edək ki, bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Bununla əlaqədar noyabrın 15-dən Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirlərdən ibarət Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir.
Festival noyabrın 26-dək davam edəcək.