Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 24-26 noyabr tarixində “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu keçiriləcək. “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan forumla əlaqədar noyabrın 23-də “Fairmont Baku-Flame Towers” mehmanxanasında brifinq keçirildi.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev media nümayəndələrinin diqqətinə çatdırdı ki, Prezidentin müvafiq sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Bu münasibətlə Mədəniyyət Nazirliyi ilin əvvəlindən müxtəlif layihələr həyata keçirib. Əlamətdar ilin növbəti tədbiri Nizami Gəncəvi Beynəlxalq Forumu olacaq. Noyabrın 24-dən 26-dək davam edəcək və “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusuna həsr olunacaq forum bu ilin ən yaddaqalan tədbirlərindən biridir: “Məqsədimiz Nizami Gəncəvinin beynəlxalq aləmdə təbliği və onun yaradıcılığının, ideyalarının əhatə dairəsinin genişliyini nümayiş etdirməkdir. Dahi şairin dünya ədəbi-fəlsəfi fikrinin inkişafında müstəsna rolu olub. Hətta Nizamidən üç əsr sonra yaranmış Moğol İmperiyasında Nizami “Xəmsə”sindən imtahan verilirmiş. Bu fakt Nizaminin dahiliyinin daha bir göstəricisidir”.
Beynəlxalq forumda bir neçə ölkənin mədəniyyət nazirlərinin iştirakının nəzərdə tutulduğunu deyən Elnur Əliyev qeyd etdi ki, tədbir dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu elm adamlarını bir araya gətirəcək. Forumda 15 ölkədən 40-dan çox alim və ekspert, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur. Forumda “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: müasir dünyaya baxış”, “Nizami “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçiriləcək. Həmçinin ikitərəfli görüşlər, kitab təqdimatı və digər tədbirlər planlaşdırılır.
Nazirin birinci müavini qeyd etdi ki, forum çərçivəsində müxtəlif ölkələrdən alimlər Nizaminin onların ədəbi-mədəni mühitinə təsirindən söz açacaqlar. Səkkiz əsr öncə yaşayıb-yaradan şairin əsərlərində bu gün də dünya ictimaiyyətini heyrətləndirən humanizm var. Gəncədən kənara çıxmayan bir insanın əsərlərinin təsir dairəsi insanları həqiqətən təəccübləndirir. Nizaminin fikir yükü eyni zamanda müasirliyi təbliğ edir. Mədəniyyət Nazirliyinin məqsədi beynəlxalq forum vasitəsilə Nizami Gəncəvinin Azərbaycan mədəniyyətinin vacib bir hissəsi olduğunu göstərməkdir. Biz eyni zamanda Nizaminin humanist fikirlərini bölgədə sülh və əməkdaşlığın bərqərar olması üçün səfərbər etməliyik. Çünki Nizami irsi bəşəriyyəti birliyə, sülhə, əmin-amanlığa səsləyir. “İstəyirik ki, Nizami Gəncəvinin multikultural ideyaları geniş auditoriyalara çatsın. Ümid edirik ki, sülhsevər dünya, eləcə də qonşu ölkələr bizim çağırışlarımıza səs verəcək və bu, bölgədə sülhün yaranmasına töhfə olacaq”, – deyə Elnur Əliyev əlavə etdi.
Daha sonra nazirin birinci müavini media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.