“Ədəbiyyat və incəsənət” portalında İntiqam Yaşarın budəfəki Şənbə qonağı yazıçı Kənan Hacıdır.
-Salam, Kənan bəy. Ədəbiyyat adamı kimi yaşamaq zövqünü necə anladardınız?
-Xoş gördük, İntiqam bəy. Səninlə uzun-uzadı söhbətlərimizin əsas mövzusu həmişə ədəbiyyat olub. Ədəbiyyat bizi bir araya gətirib. Ədəbiyyat insanları bir-birinə dost edir, ünsiyyət yaradır. Mən ədəbi aləmdə çox gözəl dostlar qazanmışam. Ədəbiyyat adamı kimi yaşamağın ən gözəl tərəflərindən biri də budur. Ədəbiyyat mənim üçün bir yol xəritəsidir, kompasdır. Ədəbiyyatsız dünyada oksigen çatışmazlığından adamın ürəyi partlayar. Ədəbiyyat havadır, sudur, gündəlik qida qədər həyati əhəmiyyət daşıyan tələbatdır. Yeməyi necə ləzzətlə yeyiriksə, mütaliə edəndə də, yazı yazanda da eyni zövqü yaşayırıq. Yəqin ki, sözə xidmət edən bütün qələm adamları eyni hisləri yaşayır. Ədəbiyyat məni uçurumlardan xilas edib, onun sayəsində mənəvi böhranları adlaya bilmişəm. Təklik, mənəvi sıxıntılar, çarəsizlik hissi tornado buludu kimi üstümə şığıyanda mənim dadıma çatan ədəbiyyat olub. Valideynlərimi itirəndən sonra, belə demək mümkünsə, ədəbiyyat mənə atalıq edib. Mark Tvenin məşhur fikirləri yadıma düşdü. Deyir ki, “uğur qazanmağın sirri öz peşəni istirahətə çevirməkdən ibarətdir”. Elə adamlar var ki, iş onlar üçün qeyri-sağlam asılılığa çevrilib, məcburiyyət qarşısında o işi görürlər. Xoşbəxt o insandır ki, işindən zövq alır.
-Kifayət qədər məhsuldar yazar sayılırsınız. Yazmaq Kənan Hacı üçün nə deməkdir?
-İnsanın maddi tələbatları olduğu kimi mənəvi tələbatları da olur. Yazmaq da mənim üçün mənəvi tələbatdır. Yazmaq istədiyim çox şeylər var, yaza bilmədiklərim var, bunlar nə vaxtsa yazılacaqmı? Bilmirəm. Daxili əhval-ruhiyyədən, yaradıcılıq enerjisindən asılıdır. Mənim içimdə bəzən ruhi təlatümlər baş verir, bəzən sanki dərin bir boşluğa düşürəm. Onda heç nə yaza bilmirəm, daxili vurnuxmalardan yaxa qurtarmaq üçün müxtəlif işlərlə başımı qatıram. Elə vaxtlar olub ki, dörd il bir cümlə də yazmamışam. Həyatımda ard-arda baş verən itgilər, taleyin zərbələri göz açmağa aman vermirdi. Bütün gücümü, enerjimi həyatda qalmaq üçün sərf edirdim. Düşünəndə ki, daha heç nə yaza bilməyəcəm, dəli olurdum. Şükür ki, o dönəm keçdi, tədricən yaradıcı atmosferi öz içimdə bərpa edə bildim. İndinin özündə də mənəvi yorğunluq hiss edəndə bir müddət qələmi dincə qoyuram. Təbiətin qoynuna gedirəm, orda ruhi dinclik tapıram, bir növ, özümü format edirəm. Təbiətlə təmas insanı təzələyir, ona inanılmaz enerji verir. Məsələn, dəniz mənim üçün sonsuz bir enerji mənbəyidir. Mən yorulanda dənizin sahilinə gedirəm. Fərq etməz, qış, ya da yay. Buzovnada, Bilgəhdə yaxşı dostlarım var, qışda da ruhum sıxılanda üz tuturam o yerlərə, şüşəli aynabənddən dənizi seyr edirəm. Şəhərə qayıdanda adam özünü, rus demiş, “svejiy” hiss edir. Qaxda ailəvi dostlarımız var, yayda gedib on-on beş gün qalıram. Bu yayın iyirmi gününü İlisuda keçirdim və orda bir povest yazdım. Bax, yazmaq belə bir mürəkkəb prosedurdur. Yazmağın dəqiq resepti olmadığı kimi günü, saatı da bəlli deyil. Bu, birbaşa insanın içindəki mexanizmdən asılıdır, o nə zaman işə düşəcəksə, sən yazmağa başlayacaqsan.
-Poeziya xətti ön planda olan bir yazar qəfildən ard-arda yazılan nəsr əsərlərinə keçid etdi. Səbəb nə oldu?
-Mənim ədəbiyyata yolum jurnalistikadan başlayıb. Doqquz yaşımdan şeir yazmağa başlamışam, yuxarı siniflərdə oxuyanda özümdən hekayələr quraşdırıb ümumi dəftərə yazırdım. Sonra onların hamısını cırıb atdım. Bəlkə iki-üç şeir arxivimdə qalıb. Mənim nəsrə keçməyim qəfil olmayıb, 90-cı illərdən ara-sıra hekayələr yazırdım. Bir dəfə “Məlikməmməd nağılı”nı dekonstruksiya etmək ağlıma gəldi. Öz aləmimdə postmodern bir hekayə yazmaq istədim. Beləcə, “Quyu” hekayəsi yazıldı. Bu hekayə marağa səbəb oldu. O hekayənin yazılmasından iyirmi il keçib, hələ də “Quyu”nu xatırlayırlar. Həmin hekayəni “Quşlar üçün karusel” hekayələr kitabıma daxil etmişəm. Hekayə “Ədalət” qəzetinin ədəbiyyat əlavəsində çap olunandan sonra xalq yazıçısı, rəhmətlik Sabir Əhmədli ilə Vahid Poeziya evində rastlaşdıq, çay süfrəsi arxasında xeyli söhbətləşdik. Sabir müəllim dedi ki, sənin hekayən çox xoşuma gəldi, yanaşma tərzin yenidir. Sonra bir yazı da yazdı bu hekayə haqqında. Mən həmin yazını “Çəhrayı qan” kitabımda ön söz kimi vermişəm. Bundan sonra bir neçə hekayə də yazdım və beləcə, proza məni özünə çəkdi. Onu da deyim ki, mənim ilk kitabım “Özündən qaçmaq olmur” şeirlər kitabıdır, kitaba ön sözü tənqidçi Əsəd Cahangir yazıb. Şeirlərim haqqında müxtəlif vaxtlarda Vaqif Yusifli, Səlim Babullaoğlu, Tofiq Abdin və digər ciddi qələm adamları yazılar yazıblar. İndiyəcən üç şeirlər kitabım nəşr olunub. Sonuncu şeir kitabım “Səssizliyin cismindəki sirr” ötən il İstanbulda POST Yayınlarında dərc olundu.
-“Yaddaş kartı” əsərində bir köhnə Bakı həsrəti xüsusi xətt kimi sonacan davam edir. Köhnə Bakı Kənan Hacı üçün necə məna kəsb edir?
-Sovet dövründə Bakı çoxmillətli şəhər olub, müxtəlif millətlərin nümayəndələri bu şəhərdə əmniyyət içində yaşayıblar və şəhərin ruhuna ekzotik elementlər əlavə ediblər. İndi Bakı meqapolis şəhərə çevrilib, amma mən köhnə Bakı üçün çox darıxıram və bu nostalji son dərəcə təbiidir. Çünki mənim uşaqlığım Bakı kəndində keçib, o kəndin dənizi, əhəng daşından hörülmüş alçaq hasarları, həsir oturacaqları, yelləncəkləri, qumsallıq, əncir, üzüm bağları üçün burnumun ucu göynəyir. Ən çox da məhləmizdəki qollu-budaqlı, iri tut ağacı tez-tez yuxularıma gəlir. O tut ağacının altı mənim üçün dünyanın ən işıqlı parçası olaraq qalır, harda olsam da o ağacın işığı mənim içimdədir. O retrospektiv məkanda namaz qılan qocalara bənzəyən kirli neft mancanaqları da, qumlu sahil də, sahildəki yorğun gəmi də, tut ağacı da bir bütöv halındadır. Sanki ağ-qara ekranda köhnə filmi seyr edirsən. Zaman məni o məkandan uzaqlaşdırdıqca həmin görüntülər rəngsiz bir hüzn yaradır. Bu məkanın mənim üçün ayrıca bir geoloji qatı var, bura sanki Anubisin keşik çəkdiyi yeraltı labirintdir və Mark Tvenin Tom Soyyeri kimi heç bu labirintdən çıxmaq istəmirsən.
Mən Bakını idealizə etmək fikrindən uzağam. Bu gün ölkənin baş kəndi olan Bakının bütün bəşəri dəyərləri özündə birləşdirməsi, Şərqlə Qərbin sintezini yaradan zahiri görünüşü dünya mədəniyyətinin bir parçası olmaq baxımından çox sevindiricidir. Amma biz dünənimizin, keçmişimizin də üzünə pərdə çəkməli deyilik. Köhnə Bakı indi “Sovetski”, “Zavağzalnı” deyilən yerlərin dar küçələrinə, bir az da İçərişəhərin daş döşənmiş yollarına sığınıb. Mən bu küçələrdən keçəndə sanki keçmişimə səyahət edirəm. “Yaddaş kartı” da o nostalji hislərdən yarandı.
-Son zamanlar çap olunan kitablarınız nəsr kitablarıdır. Nəzmlə tamamilə sağollaşdınızmı?
-Əsla. Xeyli sayda təzə şeirlər yazmışam. Bu günlərdə bir qismini “Ədəbiyyat qəzeti”ndə çap etdirdim. Şeir mənim həyatımın ritmidir, ay ərzində ən azı, iki-üç şeir yazıram və sosial şəbəkələrdə paylaşıram. Gələn il üçün bir şeir kitabı planlaşdırmışam. Sağlıq olsun.
-Uzun müddət jurnalistika sahəsində də fəaliyyət göstərdiniz. Hansı səbəbdən uzaqlaşdınız?
-Üç il “İki sahil” qəzetinin parlament müxbiri kimi fəaliyyət göstərmişəm. Sonra “Ədalət” qəzetində, Kulis.az-da, Publika.az-da, “Aydın yol” qəzetində redaktorluq etmişəm. Əslində jurnalistikadan tam uzaqlaşmamışam. Mənim yazılarım ədəbi jurnalistikaya aiddir, zaman-zaman sənət adamlarından, yazıçılardan, şairlərdən, rəssamlardan, bəstəkarlardan müsahibələr götürmüşəm. Bu müsahibələri toplasam, iki cildlik kitab olar. Mən jurnalistikaya da yaradıcılıq kimi baxıram. Jurnalistikada ən çox sevdiyim reportaj janrıdır. 2019-cu ildə Avrasiya materikinin Ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda, Heydər Əliyev Mərkəzində keçirildi. Dünyanın 52 ölkəsindən 150-dən çox ədəbiyyat və mədəniyyət xadimi Bakıya gəlmişdi. Üç gün davam edən bu möhtəşəm tədbirdən geniş reportaj hazırladım və həmin reportaj mənim jurnalist bioqrafiyamda əlamətdar bir hadisə idi. “Bakıda ədəbiyyat rüzgarı” adlı yazım “Ədəbiyyat qəzeti”ndə yayımlandı. Həmin festival günlərində türk şairi Tuğrul Tanyolla, serb şairi Radomir Andriçlə, ingilis şairi Riçard Berenqartenlə, bir çox şair və yazıçılarla tanışlığımız yarandı. Bu tədbirin Bakıda keçirilməsində böyük əməyi olan yazıçı dostum Varisə fürsət düşmüşkən, bir daha təşəkkür edirəm. Düşünürəm ki, bu illər ərzində hazırladığım reportajları toplayıb kitab halında çap etdirmək lazımdır. İlk fürsətdə bunu gerçəkləşdirəcəyəm.
-Kənan bəy, teleserial ssenarisi də yazdınız. O mühitə bələd yazar kimi fikriniz maraqlıdır. Bu gün niyə səviyyəli, tamaşaçını cəlb edən seriallar yoxdur?
-Hə, “Atılmışlar”ın ssenarisini gənc yazıçı dostum Pərviz Seyidli ilə birlikdə yazdıq. Birgə çalışmaq təklifi ondan gəldi və mən də məmnuniyyətlə razılaşdım. Serial işi ədəbiyyatdan tamamilə fərqli bir sahədir. Peşəkar yazıçı ola bilər ki, ssenari yaza bilməsin. Ssenaridə çeviklik və lakonizm tələb olunur, dinamikanı qoruyub saxlamağı, tamaşaçının nəbzini tutmağı bacarmalısan, süjet xəttini inkişaf etdirmək, epizodlar arasındakı keçidlər riyazi dəqiqlik tələb edir. Romanın süjet xətti ilə ssenaridəki süjet xətti tamamilə fərqli anlayışlardır. Mən bunu bir neçə aylıq iş prosesində əyani şəkildə gördüm. Yazıçılıq fərdi işdir, sssenarist isə kollektivlə işləyir. Ssenarist kimi formalaşmaq üçün mütləq təcrübə keçmək lazımdır. Mən təəssüf edirəm ki, bizim istedadlı yazıçılarımız rejissorlarla sıx əlaqədə deyil. Rejissorların mütaliəsizliyi də bəzən bayağı serialların ortaya çıxmasına səbəb olur. Nəticədə bu sahəyə təsadüfi adamlar ayaq açır və ssenarist kimi təqdim olunurlar. Amma vəziyyət o qədər də ümidsiz deyil, yaxşı seriallar çəkilir. Məsələn, Pərviz Seyidlinin ssenarisi əsasında rejissor Elvin Rüstəmzadənin çəkdiyi 12 seriyalı “Simurq” filmi həqiqətən də mükəmməl bir filmdir. Bu filmin ötürdüyü mesajlar, alt qatında gizlənən ideya, rejissor işi, aktyor oyunu möhtəşəmdir. Elvin Rüstəmzadə gənc olmasına baxmayaraq, çox gözəl rejissordur. Pərviz Seyidli də kifayət qədər mütaliəli və istedadlı yazıçıdır. Şərq mistikası ilə işləmək onda çox gözəl alınır. Bu iki istedadlı insanın iş birliyi teleserial sahəsində müsbət irəliləyişlərə təkan verəcək. Buna əminəm. Biz “Atılmışlar”ı yazanda mən o yaradıcı auranın içinə düşdüm və gördüm ki, bu iş nə qədər çətin, eyni zamanda zövqvericidir. Məsələ burasındadır ki, hamı səviyyəli serial tələb edir, gəlin görək, bizdə ciddi filmlər baxılırmı, reytinq verirmi? Təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil. Onda ssenarist məcbur olur orta bir xətt tapır, həm tamaşaçını qane etsin, həm də alt qatında ciddi mətləbləri verə bilsin. Sözsüz ki, sənəti reytinqə qurban vermək olmaz. Bu sahədə orta yol tapmaqla tədricən tamaşaçının da zövqünü formalaşdırmaq mümkündür. Düşünürəm ki, tədricən seriallarımız da təkmilləşəcək. Tamaşaçı artıq gəlin-qayınana davalarından bezib. Ciddi seriallarımız yaranır. Məsələn, İlqar Fəhminin ssenarisi əsasında çəkilmiş “Çaqqal nəfəsi” serialı çox əla bir işdir. Pərviz Seyidlinin “Simurq” filmi, Rövşən İsaxın çəkdiyi seriallar, xüsusən “Yuxu kimi” serialı ideya və süjet baxımından bayağılıqdan çox-çox uzaqdır. Əksinə, bu seriallar tamaşaçını düşünməyə vadar edir, roman dadında filmlərdir. Düşünürəm ki, tədricən serial sənayesinə peşəkarlar gəldikcə səviyyə də yüksələcək.
-Sizcə, bizim efirlərin ortaya sanballı nümunə qoymağı üçün nə lazımdır? Bir yazar olaraq həlli nədə görürsünüz?
-Sadəcə, peşəkarlara meydan vermək lazımdır. Efirlərdən təsadüfi adamları kənarlaşdırmaq lazımdır. Bu qədər sadə. İşin keyfiyyəti peşəkarlıqdan asılıdır.
-Təşəkkür edirəm, maraqlı söhbət üçün.
-Mən də sənə təşəkkür edirəm.