Super User
Böyük Stradivarinin müəllimi
Sabaha olan əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
Beynəlxalq Əlillər Günü
1992-ci ildə Rusiya Federasiyasının təşəbbüsü ilə BMT-nin Baş Məclisində dekabr ayının 3-nün Əlillər Günü kimi qeyd olunmasıyla bağlı qərar qəbul edilib. Hər il keçirilən Beynəlxalq Əlillər Günü əlillərin ehtiyaclarını başa düşmək və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək və həmçinin, məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsinə çalışmaq əsas meyar hesab olunur. Dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.
Ölkəmizdə bu ilin əvvəli üçün 600 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq var idi. Amma əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev cənabları bu sayın xeyli azalması uğrunda məqsədyönlü fəaliyyətə başladığından, bu rəqəmin ciddi itkiyə məruz qaldığı istisna deyil.
Ümumdünya kompüter qrafikası, dizaynerlər və animatorlar günü
“Evans & Sutherland” adlı ilk kompüter qrafikası ilə məşğul olan şirkəti hələ uzaq 1968-ci ildə yaratmışdılar. Onun yaradıcısı Amerika alimi Ayven Sazerlend idi. O, həm də internetin pioneri hesab edilir. 1984-cü ildə stereolitoqrafiya metodunun kəşfi ilə 3D çap üsulu da ram edildi. Sonradan bu üsul kompüterlərə də aid edildi. Bu gün kompüter qrafikası sahəsində Dell, İntel, Adobe, Vidia kimi öncüllər liderlik edirlər. Əgər sizin tanış dizaynerləriniz, tanış 3 D mütəxəssisləri varsa heç də pis olmaz ki onları təbrik edəsiniz.
“Öz əlinlə hədiyyə düzəlt” günü
Uşaqlar bağçada rəngli kağız və kartondan hədiyyələr düzəldirlər, bu hədiyyələri böyüklər məmnuniyyətlə qəbul edirlər, bu öz yerində. Amma bu bayram həm də böyüklər üçün nəzərdə tutulur. İndi bir məni agah edin görək, biz öz əlimizlə nə hədiyyə düzəldə bilərik və tutalım, səkkiz martda xanımlar üçün vatman kağıza yapışdırdığımız gül rəsmini xanımlar başımıza vurmazlarmı.
Böyük Stradivarinin müəllimi
1989-cu ilin bu günündə Mixail Qorbaçovla Corc Buş SSRİ ilə ABŞ arasındakı soyuq müharibənin rəsmən bitdiyini elan etdilər. 1984-cü ildə ən böyük sənaye qəzalarından biri Hindistanda baş verdi, Bxopal kimya kombinatından zəhərli qazın sızması nəticəsində 2000 insan öldü, 20000 insan kor oldu. 1979-cu ildə İranda yeni konstitusiya qəbul edildi, cəmiyyətin islamlaşması, şəriət məhkəməsi, qadınların zorən çadra taxması qəbul edildi. 1973-cü ildə amerikalılar ilk dəfə Yupiter planetinə uçdular. 1959-cu ildə ruslar “Lenin” adında ilk atom sualtı gəmi istehsal etdilər. 1910-cu ildə Parisdə ilk leon lampası nümayiş olundu. 1894-cü ildə “Dəfinələr adası” romanının müəllifi, şotland yazıçı Robert Stivenson dünyasını dəyişdi. 1775-ci ildə ilk dəfə ABŞ-da hazırkı ulduzlu xətt-xətt bayraq ucaldıldı. Və ən nəhayət, 1596-cı ildə italyan skripkaçı, Antonio Stradivarinin müəllimi Nikolo Amati dünyaya gəldi.
Saxa Respublikasının dövlət müşaviri Andrey Borisovun “Ədəbiyyat və incəsənət” portalına müsahibəsi (2-ci hissə)
Andrey Borisov: “ Həmin gün 2011-ci ilin, 11 noyabrı, saat da 11:11 idi” - müsahibəni Aida Eyvazlı aparır.
Müsahibim Saxa Yakut xalqının və dünyanın tannmış teatr rejissoru Andrey Borisov Savviçdir. Bu il noyabrın 28-də onun 70 yaşı tamam oldu. Bu münasibətlə Saxada və Rusiyada Andrey Borisovun repertuarında olan hazırladığı tamaşaların dekadası başlayıb. Tamaşa dekadasının ilk sıralarında 50 yaşlı “Arzularımın sahili” tamaşası gedir. Andery Savviç çox maraqlı həmsöhbət və böyük ictimai xadimdir. Onun kimi oğlu olan xalq xoşbəxtdir. İndi onu bor çox məşhur tələbələri “Teatrın Tanrısı” adlandırırlar. 2 saata sıxışdırdığım söhbətimizin ikinci hissəsini oxucularımıza təqdim edirəm.
-Builki yay Yakutskda, Tayqada çox ağır fəsadlarla keçdi. Alovlar Yakutskın meşələrini yandırdı, insanlara, təbiətə, heyvanlara nə qədər ziyan vurdu. Bu təbii fəlakətlər zamanı şamanların köməyindən istifadə edən oldumu?
- Biz meşələrin yanmasına öyrəşmişik, bu təbii fəlakətdir. Buralarda yanğınlar hər zaman olur. Sadəcə indi internet var, xəbərlər tez yayılır. Bəzən şaman alov dilli fəlakəti uzaqlaşdıra bilmir. Nə olursa olsun, şaman təbiətdən güclü deyil. Mənim ulu nənəm danışırdı ki, onun babası şaman olub. Lakin hər bir yakut istəyir ki, onun nəslində bir şaman olsun. Hətta bəzən nəslində şamanı olmayanlar, bunu özləri üçün uydururlar. Nənəm deyir ki, yazda onların yaşadığı nasleqdə yanğınlar başlayır. Bütün kənd xilas olmaq üçün ətrafı qamışla dolu olan yaxınlıqdakı gölün içərisinə tökülüşür. İnsanlar qurşağa qədər gölün içərisində yanğından qorunmaq istəyirlər. Kəndin məşhur şamanı bizim nəsildən olan Ayıı Oyun da onların içərisində olur. Birdən alov gölün içərisində yığışan insanlara tərəf hücuma keçir. Həmin Ayıı Oyun irəli keçib alovun üstünə nəsə oxuyur, əl hərəkətləri ilə onu geri çevirir. Bir anın içərisində alov yönünü dəyişib gölün içərisindəki kənd adamlarından aralanır. Qamışlara toxunmur alov. Onlarla birlikdə mənim nənəm də xilas olur. O gündən sonra həmin Ayıı Oyun adlı babamı Kamış Oyun çağırırlar. Sizə bir daha deyim ki, bu hadisəni mənim nənəm öz gözləri ilə görmüşdü.
-Dövlət işlərində şamanlara müraciət etmisinizmi?
- Mən mədəniyyət xadimi kimi hər zaman rəhbərlərimizə demişəm ki, şamanlarla əlaqəli olsunlar. Müraciət etsinlər. Lakin heç birni görmədim ki, müraciət etsinlər. Bəlkə də müraciət ediblər. Lakin bu haqda mənə danışmırdılar.
-Öz yaratdığınız obrazları və ya yaratdığınız əsərləri röyalarınızda görürsünüzmü ?
-Mənim yuxuma hər zaman Platon Oyunski gəlir. O, Hökumətin ilk sədri olub. Bir dəfə dəhlizdə Oyunskinin portretinin yanında dayanmışam. Onun portreti Hökumət sədrinin qapısı ilə yanaşıdır. Və birdən nə üçünsə qolumdakı saata baxdım. Saat 11.11-i göstərirdi. Fikirləşirəm ki, bu gün ayın 11-dir. Saatın əqrəbləri də 11:11-i göstərdi. Birdən yadıma düşdü ki, axı bu gün həm də Oyunskinin doğum günüdür. Təəssüfləndim ki, Platon Oyunskinin haqqında “Məşhur adamların həyatı” seriyasından kitab yazan tanınmış jurnalist Oleq Sidorovu bu gün hökumət evinə dəvət etməyi unutmuşam. Elə bu vaxt başımı qaldırıb dəhlizin o biri başından gələn adama nəzər salıram. Baxıram ki, gələn adamın özü elə Oleq Sidorovdur. Adətən o, yarım ildən bir gəlir bu binaya. Rəqəmlərin 11-ini ona danışdım. Və biz həmin anı əbədiləşdirmək üçün Platon Oyunskinin portretinin altında çəkil də çəkdirdik. 2011-ci il, 11 noyabr, saat 11:11 idi. Bəlkə də bu mənim fantaziyamdır. Rəqəmləri oxumaq bacarığımdır. Mənim rəqəmlərlə bağlı başqa fəlsəfəm vardır. Lakin mən Oyunskini özümə yaxın dost, məsləhətçi bilirəm. Onun əsərlərinin hamısını səhnələşdirmişəm. Bütün yaradıcılığım boyu Oyunski mənimlə olub. Əslində diqqətlə analiz etsək, müşahidə etsək ətrafımızın mistika ilə dolu olduğunun fərqinə vararıq.
- Rəqəmlərin dilini bilən, mistikaya inanan dünyanın tanınmış rejissoru Andrey Borisovun uşaqlığı mənə çox maraqlıdır. O necə bir uşaq idi?
-Bizim kəndimizin adı Çarandır. 1951-ci ildə 28 noyabrda həmin kənddə doğulmuşam. Çaran -Ağcaqayın meşələri deməkdir. Ətrafımız ağcaqayınlarla doludur. Yayda da, qışda da çox gözəl mənzərəsi var. “Cənnətin özüdür”- desəm inanın. Bu kənddə böyüyüb, yaradıcı adam olmuşam. Mənim kəndimin təbiətinin gözəl səsləri var. Ağcaqayın yarpaqlarının, budaqlarının yayda və qışda oxuduğu nəğmələr insanı ancaq dinləməyə və düşünməyə sövq edir. Uşaqlığım bütün kənd uşaqlarının həyatı kimi keçib. Bizim tərəflərdə qışda suyu qarın altındakı buzdan tədarük edirik. Bir dəfə də yenə bacımla axşam vaxtı həyətə çıxıb, dəmir ləyənə buz parçaları yığmaq üçün əlimizdəki çömçə ilə buzun üstündəki qarı təmizləyirdik. Qarın altındakı parıldayan buz parçalarını dəmir ləyənə yığırıq, sonra ərinmiş sudan yemək və içməkdə istifadə edirik. Bu bütün zamanlarda belə olub. Sizə deyim ki, ən təmiz və distillə edilmiş, arınmış sudur. Əlimdəki çömçəni göyə qaldıranda bir də baxdım ki, göy üzündə bir topa bulud mənim çömçəm kimidir. Bacıma dedim ki, mənim çömçəm göyə qalxıb. Və biz uşaq olduğumuz üçün mənim bu uydurmama, bənzətməmə inandıq. Sonralar anam mənə Ayı bürcünü göstərdi. Böyük Ayı bürcü də çömçəyə oxşayır axı...
Uşaqlıq dostlarım var idi. Ətrafımdakı dostlarımın içərisində bütün ömrüm boyu eşitmə və danışma qabiliyyəti olmayanlar olub. Onlarla jest dilində danışmışam. Bəlkə də rejissor olmağımda o əl jestləri də öz rolunu oynayıb. Hə biz balaca olanda iki danışma qabiliyyəti olmayan dostumla həyətdə oynayırdıq. Onlardan birinin adı Robinzon idi. Bir də baxdım ki, digər lal-kar dostum əli ilə mənə göy üzünü göstərir. Baxıram ki, göydə bir öküz, bulud və ot tayası var. Üstündə də bir oğlan oturub. Bizim Robinzon da həmişə ot tayalarının üstündə belə oturardı. Bir Robinzona baxdıq, bir göyə baxdıq, bir yanımızda dayanan öküzə baxdıq, əvvəlcə qorxduq. Sonra sevindik ki, Robinzon həm bizim yanımızdadır, həm də göydədir. Evimizin yanında traktor təmiri bazası var idi. Hər bir oğlan uşağı kimi dəmir-dümürlə oynayırdıq. Bir dəfə əlimi havada oynadarkən baxdıq ki, ətrafda uçuşan kəpənəklər əllərimin istiqamətində rəqs edir. Sonralar mən əllərimə dəmirlərin sütündə olan yağdan çəkirdim ki, yağın ətrinə gələn kəpənəklər mənim əllərimün üstündə rəqs etsinlər. Elə gözəl anlar idi ki... Mənim dəmirlə dostluğumun tarixi beləcə, lap uşaqlığıma gedib çıxır... Dəmir traktor hissələri, dəmir çömçə, dəmir ləyən... Elə ilk səhnələşdirdiyim əsər də Çingiz Aytmatovun əsəri əsasında hazırldağım “Arzularımın sahili” tamaşası oldu. Bu əsərin də baş qəhrəmanının əlində dəmir çömçə var. Qəhrəman dəmir çömçəni özü ilə gəzdirir ki, sağ qalsın. Mənə isə bu əsər şöhrət gətirdi.
(Söhbətinin şirin yerində telefonu zəng çalır. Kiminləsə danışır. Yakut dulində danışır. Mən isə onu tam anlayıram. Deyir ki, qonağım var. Bir azdan söhbətimizi bitirib, gəlirəm. Telefonun o biri başında danışan adama mənim haqqımda “Azərbaycannar...”- deyir. Bu söz yakut ləhcəsində elə gözəl səslənir ki... Yenidən dönüb mənə tərəf baxır. Və heyrət içərisində davam edir):
- Mən indicə sizin gözlərinizdə Tutanxamonun işığını gördüm. Sizin gözləriniz başqa dünyaya uçmuşdu. Sizin paralel dünyanız var.
- Anam məni 7 aylıq doğub... əkiz olmuşuq... 900 qram çəkim olub, penisilin şüşəsindən məni yediriblər... Və mənim paralel dünyam...
(Sözümü axıra çatdırmağa imkan vermir. Köməkçisi Mayisanı çağırır):
-Mayisa, Mayisa... bura gəl... Gör bir bu qız nə danışır. Bizim pensilin şüşəsindən süd əmən Ançikdən danışır. Mən indicə ona bizim qəhrəmanımız olan Ancikdən danışmaq istəyirdim.
(Mayisa da gəlir, yenə oturub maraqla söhbətimizi dinləyir, çayımızı dəyişir... Və hərdən də şəkillərimizi çəkir.)
- Mən sizə anamdan və Ançikdən danışmaq istəyirdim. Deyirəm axı, sizdə paralel dünyadan nəsə var. Mənim anam Zinaida Panteleymonovna 7 aylıq doğulmuş bir qız uşağını elə ilk gündən himayəyə götürüb, ona bax beləcə penisilin şüşəsi, pipetka ilə süd verib, yedizdirib, dirçəltmişdi. O qız və anam haqqında sizə danışmaq istəyərdim. Heyif ki, vaxtım azdır. Yubileyimlə əlaqədar görüşlərim var, ora tələsirəm. Yoxsa ki, o əhvalatı və anam haqqında sizə danışardım. Qalsın gələn dəfəyə...
-Azərbaycana nə zaman gələcksiniz?
-Bu da çox düşündürücü sualdır. Azərbaycan və Türkiyə ilə əlaqələrimiz çox zəifdir. Bu çox pisdir.
-Mən də Bakıya dönəndən sonra Saxa-Yakutiya, Türk dünyası, Azərbaycan və Türkiyə ilə bağlı öz layihələri və təkliflərimi yazıb bizim Mədəniyyət nazirliyinə verəcəyəm. Çox istəyirəm ki, dövlətlərimiz bir-biri ilə mədəni əlaqələrini, ədəbi əlaqələrini genişləndirsinlər.
-Biz TÜRKSOY-un tərkibində 2003-cü ildə Bakıda keçirilən tədbirlərə gəlmişdik. Dedilər ki, Azərbaycan Prezidenti Heydər Əliyev 4 ölkənin mədəniyyət nazirini qəbul edəcək. O görüşə adı yazılanlardan biri də mən idim.
-Siz Heydər Əliyevlə görüşmüsünz?
-Bəli, Heydər Əliyevlə...
-Bu haqda danışın. Heydər Əliyev mədəniyyəti çox dərindən bilirdi.
-Siz imkan verin danışım... (deyib, gülür yenə) Mən Heydər Əliyevlə görüşmüşəm. Və o görüşü heç vaxt unutmayacağam. Deyirdilər ki, səhhəti sağlam deyil. Lakin səhhətində problemlər olmasına baxmayaraq, TÜRKSOY adına gələn qonaqları qəbul etməyə zaman tapmışdı. Məndən başqa üç nəfər nazirləri tanıyırdı. Mən özümü təqdim edib, Saxa Respublikasından gəldiyimi söylədim. Mənə diqqətlə baxıb soruşdu: -İndi haradadır Mixail Nikolayev? Dedim ki, Rusiya Federasiyasında məsləhətçidir. Mənim bu sözümün cavabında. “Ləyaqətli isandır!” –dedi. Və mən onun “Ləyaqətli insandır” sözünün intonasiyasını heç vaxt unutmadım. İlk və son dəfə Heydər Əliyevin diindən eşitmişdim “Ləyaqət” sözünün bu qədər temperamentlə və layiqincə söylənməsini. O bu sözü Nikolay Efimoviçin özünə yaraşan tərzdə söylədi. Onun dediyi “ləyaqət” sözü bütün cingiltisi, deyilişi və şəsti ilə yaddaşıma yazıldı. Və onun dediyi “Ləyaqətli insan” kəlməsindən sonra, bu sözü leksikonumda çox ehtiyatla işlədirəm. Qorxuram ki, onun kimi deyə bilmərəm. İkinci cümləsi isə bu oldu: -Sizin yollarınız çox bərbaddır. Heydər Əliyev Sovet İttifaqının Nazirlər kabinetində sədr müavini işləyəndə həm də yol-nəqliyyat məsələrəini idarə edirdi. Bizim iqlim şəraitinə görə, yollarımız həqiqətən çox bərbaddır. Təsəvvür edirsinizmi, bəzən bir Ulusdan digərinə getmək üçün 3 min kilometr yol qət etməli olursan. Və o yolun yorğunluğundan sonra hələ teatr da göstərməlisən. Biz belə işləmişik və işləyirik. Sonra Heydər Əliyev mədəni əlaqələrimizin genişləndirilməsinin və möhkəmləndirilməsinin mühüm şərt olmasından danışdı. Bu görüşdən sonra bizi Bakının gəzməli-görməli yerlərinə, muzeylərinə apardılar. O tədbirlər çərçivəsində teatrlardan birində Qara Qarayevin yubileyi də keçirilirdi. O zaman mən yubiley konsertinə gələn kübar bakılıları və azərbaycanlıları gördüm. Onlar bahalı geyinməmişdilər. Lakin üzlərində bir amiranəlik, xəlqi cizgilər var idi. Konsertin sonunda Heydər Əliyev səhnəyə qalxdı. Mən onun hər bir artistlə necə şahanə görüşdüyünü gördüm. Onun konsermeystr və maestro ilə görüşməyi, onlarla söhbəti və diqqəti də mənə çox maraqlı göründü. Hər bir hərəkətində şarm var idi. Onun söhbət edəndə əl hərəkətləri diqqətimi cəlb etmişdi. Onun jestulyasiyaları bir başqa idi. Möhtəşəm və əvəzolunmaz bir insanı kəşf etdim. Mən onu damla-damla yaddaşıma yazdım. Bir axşam isə taksi ilə gəzməyə çıxdım. Sürücü ilə söhbətimiz maraqlı idi. Bizim səfərimiz olan ili prezident seçkiləri keçirilməli idi. Sürücüdən soruşdum ki, kimi seçəçəksiniz, kim seçiləcək? O düşünmədən cavab verdi ki, əlbəttə Heydər Əliyevi... Mən Heydər Əliyevin səhhətinin zəif olmasını xatırlatdım. Bilirsiniz sürücü mənə nə dedi? Dedi ki, təki nəfəsi gəlsin, bəsimizdir! Və onun bu cavabında Şərq fəlsəfəsini və bir şərqli kişisinin cavabı var idi... Mən bu cavabda xalqın məhəbbətini gördüm.
-Mərhum Heydər Əliyevlə görüşünüzdən fotonuz dururmu?
-O zaman fotolar çəkdilər, bizə verəcəklərini desələr də, sonradan gəlib çatmadı...
-Söhbət arası bir də 2014-cü ildə Bakıda olduğunuzu söylədiniz. Azərbaycanın prezidenti İlham Əliyevlə görüşdünüzmü?
-TÜRKSOY bizi tədbirlərə dəvət edirdi o vaxt. Lakin İlham Əliyevlə hələ görüşümüz olmayıb. Ümid edirəm ki, o da olacaq.
-Biz bir ildir ki, torpaqlarımızı geri qaytarırıq... Şuşa bizim mədəniyyət və musiqi beşiyimizdir. İndi biz qalib gəlmişik. Bəli, müharibə çox dəhşətlidir. Bizə nə arzulardınız?
- Baxmayaraq ki, mən dövlət xadimiyəm, hakimiyyətdəyəm, lakin yaradıcı olduğum tərəf məni siyasətin dərinliyinə buraxmır. Mən bütün mədəniyyətlərin dərinliyini bilirəm. Mənim azərbaycanlı dostlarım çoxdur, lakin erməni dostum yoxdur. Buna baxmayaraq, mənim üçün müharibə çox ağrılıdır. Həmin günlərdə xəbərləri oxuyurdum, izləyirdim. Fikirləşirəm ki, axı mədəniyyətləri necə məhv etmək olar. Mən müharibəyə, dağlntılara nifrət edirəm. Həmin müharibədə həlak olanlar haqqında xəbərləri oxuyanda pis olurdum. Mən insanların ölümünə sevinə bilmirəm. Mən SSRİ-nin xalq deputatı olarkən Qarabağ hadisələri başladı... Bu hadisələrin hamısı gözümüzün qabağında baş verirdi. Çox dəhşətliidi o illərin xəbərləri də... Məni mədəniyyətlərin məhvi çox düşündürür. Bizim mədəniyyətlərimiz isə çox yaxındır. Dil yaxınlığımız var, genetik yaxınlığımız var...
- Andrey Savviç, anacaq unutmayaq ki, onlar bizim geri aldığımız torpaqlarda bütün mədəniyyətləri məhv ediblər. Polad Bülbüloğlunun ata evi dağıdılıb. Xanların yurdları, qəbriləri dağıdılıb.
-Bunu necə bacarıblar, bunu necə törətmək olar? Elə bil ki, dünyanın başı xarab olub. Ərəblər də Buddistslərin qayalardakı abidələrini dağdıblar. Bu mənzərələri seyr etmək elə ağrılıdır ki...
-İndi orada bir ev qalmayıb ki, əsil sahibləri köçüb yaşasınlar.
-Bəli, bu çox pisdir.
-Torpaq bizimdir deyə biz bu gün oranı yenidən qurub abadlaşdırırıq.
- Bu çox yaxşıdır. Biz gərək Azərbaycanda tamaşa qoyaq.
-Buna görə bizim mədəniyyət nazirimizə müraciət edin. Bəlkə sizin məktubunuzu nəzərə alacaqlar.
-Gərək öz tərçüməçimi tapım. Furkatı. O məni tərcümə edir. Yəqin ki, mədəniyyət naziri də deyəcək ki, əvvəlcə teatra müraciət etmək lazımdır. Mən türk dünyasında məşhur rejissioram. Çox istərdim ki, ən azı “Ulu Kudanqsa”nı Azərbaycan teatr səhnəsində görsünlər.
-Mən Platon Oyunskinin əsərlərini tərcümə edib bitirdiyim gündən sonra hər zaman fikirləşirəm ki, kaş bu əsərlərdən birini Azərbaycan teatr səhnəsində görəydim. Və əgər böyük yakut və türk yazıçısının əsərini Azərbaycan tamaşaçısına siz çatdırsanız, həm Oyunskinin ruhu sevinər, arzuları çiçəkləyər. O, yakut xalqının türk dünyasında səsinin eşidilməsinə inanırdı. Həm də bizim teatrın tamaşa siyahısı yenilənər... Teatrsevərlərimiz nəhayət ki, tanınmış rejissorun əməyindən bəhrələnər, teatrlarımızda sizin məktəbinizi keçmək istəyənlərin sayı artar.
-Siz nə vaxta qədər Yakutskdasınız?
-Noyabrın 5-də Bakıya dönürəm.
-Sizi Olonxo Teatrının məşqlərinə dəvət edirəm, vaxtınız olacaqsa, gəlin. Mayisa, sən orada məşq qrafkinə bax, Aida xanım yola düşənə qədər uyğun bir gündə bizim məşqləri təşkil elə, teatrın aktyorlarına de... Siz Ulu Olonxo teatrının aktyorlarının oyununu görəndən sonra, buna daha çox cəhd edəcəksiniz. Mən sizə Xomus hədiyyə edəcəm.
(Beləcə, 2 saatlıq söhbətdən sonra, biz Olonxo teatrında görüşənədək ayrılırıq.)
Daşkənddə IV Gənclər Teatr Forumunda ölkəmiz də təmsil olunur
Özbəkistanın paytaxtı Daşkənddə IV Gənclər Teatr Forumu işə başlayıb. Forum keçmiş sovet məkanı ölkələrini – hazırda MDB üzvü olan ölkələri, sovet məkanını otuz il əvvəl tərk edən və iyirmi ilə yaxındır Avropa Birliyində yer alan Baltikyanı ölkələr, həmçinin MDB-dən də faktiki olaraq çıxan, amma yenə postsovet sənət məkanına yaxın olan Gürcüstan və Ukraynanı əhatə edir.
Ayın 7-dək davam edəcək forumun məqsədi bu ölkələrin gənc teatr xadimləri – rejissorlar, dramaturqlar, teatr rəssamları, teatr tənqidçiləri və s. arasında yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsi, təcrübə və fikir mübadiləsinə zəmin yaratmaqdır.
Forumda Azərbaycandan da geniş nümayəndə heyəti iştirak edir. Forumun maarifləndirici proqramında ölkəmizi təmsil edən teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edəcək, ustad dərsləri və təqdimatlar təşkil olunacaq.
Akademik Milli Dram Teatrı Daşkənddəki IV Gənclər Teatr Forumunda repertuarından iki – “Manqurt” (Çingiz Aytmatov; rejissoru İzamə Babayeva) və “Bir, iki – bizimki!” (Kamal Abdulla; quruluşçu rejissoru Əlif Cahangirli) tamaşalarını da təqdim edəcək.
ICESCO-nun Baş Konfransının XIV sessiyası Misirdə keçiriləcək
Dekabrın 8-9-da Misirin yeni inzibati paytaxtında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş Konfransının XIV sessiyası keçiriləcək.
Və bu əsas tədbirdən öncə - dekabrın 6-da ICESCO İcraiyyə Şurasının 42-ci sessiyası baş tutacaq. İclasda 51 üzv ölkə, o cümlədən Azərbaycandan mədəniyyət naziri və ICESCO-nun milli komitələrinin sədrlərinin iştirakı ilə keçiriləcək Baş Konfransın XIV sessiyasının gündəliyi və təşkilati məsələlər müzakirə ediləcək.
Baş Konfransın sessiyasında ICESCO-nun 2019-2021-ci illərdə fəaliyyəti qiymətləndiriləcək, yeni Fəaliyyət Planı, büdcə təsdiq olunacaq. Tədbir çərçivəsində təhsil sahəsində yeni çağırışlar, kosmik tədqiqatlar mövzusunda xüsusi panellər də təşkil olunacaq.
Sonda ICESCO-nun Baş Konfransının XV sessiyasının tarixi və keçiriləcəyi ölkə müəyyən ediləcək.
Növbəti “Art Zone Week” simpoziumu keçiriləcək
İncəsənət aləmində qısa müddətdə xeyli nüfuz qazanmış “Art Zone Week” simpoziumunun növbəti - dördüncü dəfə keçiriləcəyi bəlli oldu. Bu dəfə rəngkarlar füsunkar dağlar qoynunda - Qusarda toplaşacaqlar. Simpozium dekabrın 20-dən 27-dək öz işini davam etdirəcək.
“Ədəbiyyat və incəsənət” portalı simpoziumun təşkilatçısı, tanınmış prodüsser Şakir Eminbəylidən tədbir barədə fikir almışdır. Şakir Eminbəyli əməkdaşımıza söyləmişdir:
-Postpandemiya dövrünə xoş gəlmisiniz” – son illərin ən böyük arzusu bəlkə də bu sözləri tələffüz etmək olardı. Təəssüf ki, hələ də dünya 21-ci əsrin bəlasından tam qurtula bilməyib və biz də qeyri-müəyyənliyin acısını-ağrısını çəkməkdə davam edirik. Amma, şər deməsən, xeyir gəlməz - sevindirici hal odur ki, geriyə dönüş də olmayacaq və addım-addım əvvəlki, gündəlik adi həyatımıza dönürük.
Ənənəvi olaraq, artıq 4-cü dəfə keçirilən “Art Zone Week” rəngkarlıq Simpoziumu söylənilən fikrin bariz nümunəsidir – biz şeytanın qıçını qırdıq və ölkəmizin tanınmış rəssamlarını növbəti dəfə bir məkana toplaya bildik. Köhnə dostlarımız - əsrarəngiz Şahdağın qoynunda yerləşən “Şahdağ” qış-yay Turizm mərkəzi Azərbaycanın adlı-sanlı rəssamlarını sevərək qarşılayır, yenidən onlara qucaq açır.
2021-ci ilin son həftəsi, dekabrın 20-dən 27-nə qədər müddətdə rəssamlarımız öz rəng dünyasını kətana köçürməklə ağappağ qara bürünmüş möhtəşəm Şahdağa rəng qatacaqlar. Burda yaranan əsərlər qışın sonuna qədər elə buradaca sərgilənəcək, uzaqdan yaxından gələn qonaqların zövqünü oxşayacaq. Turizm ölkəmizin qədim tarixinin, unikal coğrafiyasının, zəngin mətbəxinin nümayişi ilə bərabər, həm də mədəniyyətinin, incəsənətinin nümayişi üçün gözəl imkanlar yaradır. İnsan həm də mənəvi qidaya möhtacdır. “Art Zone Week”də mədəniyyətimizin tərkib hissəsi olan rəngkarlıq sənəti vasitəsi ilə fırça ustalarımızın həm özləri, həm də onların əl işləri ilə birbaşa təmas yaradırırq.
Bu dəfəki Simpoziumun qonağ olan rəssamların özlərinin də maraqlı qonaqları gözlənilir. Bunlar, ilk növbədə, Qusarın orta məktəblərində təhsil alan şagirdlər və rəssamlığa həvəs göstərən gəncləridir. Ənənə üzrə böyük sənətkarlar onlara “Ustad dərsləri” keçirəcəklər. Adlı sanlı rəssamlarla görüşün gənclərin həyatında yaşatdığı hissləri və buraxacağı izləri indidən söyləmək elə də çətin deyil – uğura aparan yolda motivasiya böyük önəm daşıyır.
Azərbaycanın dünya şöhrətli yazıçısı, məşhur detektiv ustası Çingiz Abdullayevi “Şahdağ”da xizəkçi geyimində görsəniz, təəccüblənməyin. O da “Art Zone”a öz ampluasınada – sevdiyimiz, hörmət bəslədiyimiz yazıçı olaraq rəngarəng edəcək, öz bənzərsiz çalarlarını qatacaq. Kitabdan söhbət açacaq Çingiz müəllim. Oxumaqdan, bilikdən, sağlam və normal insanın həyatında kitabın rolundan danışacaq Ustad. Təkcə o yox, həm də son illər ölkənin ən çox kitabları satılan yazıçılarından sayılan Əlibala Məhərrəmzadə və Varis, eləcə də həyatını bu kitabların nəşrinə və təbliğinə həsr edən Şahbaz Xuduoğlu da Simpoziumun qonağı olacaq. Tarixi minilliklərlə ölçülən, mədəniyyətimizin ayrılmaz simvolu, qan yaddaşımız, milli kodumuz, milli kimliyimizin vacib elementi olan xalçalarımızdan bal kimi şirin nağıllar aləminə düşmək istəyənlər Şirin xanım Məlikovanın görüşünə tələssinlər. Azərbaycan Xalça Muzeyinin rəhbəri, ölkəmizi dünyanın hər bir yerində keçirilən beynəlxalq tədbirlərdə təmsil edən Şirin xanım xalça sənəti ilə rəssamlığın vəhdətindən danışacaq. Xalçalarımızı bizə bir daha, anlaşılan dildə tanıdacaq, sevdirəcək.
Qusarda, Şahdağın ətəklərində belə bir möhtəşəm Mədəniyyət və İncəsənət bayramının Azərbaycan Turizm Agentliyinin dəstəyi ilə burada yerləşən və mübağiləsiz olaraq ölkənin bir nömrəli Xizək Mərkəzi saylan “Şahdağ” yay-qış Turizm Mərkəzində baş tutacaq. “Şahdağ” “Art Zone Week” rəngkarlıq Simpoziumuna artıq ikinci dəfədir ki, ev sahibliyi edir. İnanırıq ki, bu xoş və gözəl ənənə uzun müddət davam edəcək, hamımız bir birimizin görüşünə sevərək, sevinərək gələcəyik.
4-cü “Art Zone Week” Simpoziumunda iştirak edəcək rəssamları təqdim edirik: Azərbaycanın Xalq rəssamı Elyar Əlmirzoyev, Əməkdar rəssamlar Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, İrina Eldarova, Məmmədhüseyn Hüseynov, tanınmış rəssamlar İlqar Tahiri, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Əliyev, Diana Əliyeva, Ramina Saadatxan, Elşən Qaraca, Elçin Vəliyev, Bəhruz Kəngərli, Raul Hüseynov, Bayram Salamov, Röya Həsənova və Adil Yusif.
Bu gün Azər Dadaşovun yubiley tədbirləri keçiriləcək
Dekabrın ilk ongünlüyündə Azərbaycan Bəstəkarlar İttifaqının iş planı tədbirlərlə zəngindir. Belə ki, ittifaq Azərbaycanın görkəmli bəstəkarının - Tofiq Bakıxanovun 90 illik və Azər Dadaşovun 75 illik yubileylərini qeyd edir.
Bu gün Xalq artisti, professor Azər Dadaşovun 75 illiyi Azərbaycan Bəstəkarlar İttifaqında elmi konfrans və konsert proqramı ilə qeyd olunacaq.
Azər Dadaşov 1946-cı il dekabrın 1-də Bakıda anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasının məzunu olub, böyük bəstəkarımız Qara Qarayevin tələbəsi olmuşdur. A.Dadaşov xüsusilə simfonik, kamera-instrumental və xor musiqisi sahəsində Azərbaycan musiqisinə böyük töhfələr verib. O, 14 simfoniyanın, müxtəlif janrlı simfonik və kamera-instrumental əsərlərin müəllifidir. Onu da qeyd etmək lazımdır ki, A.Dadaşov müasir dövrdə yeganə bəstəkardır ki, onun böyük miqdarda fortepiano əsərləri musiqi təhsili ocaqlarında tədris proqramlarında mühüm yer tutaraq, dönə-dönə konsertlərdə ifa olunur. Təsadüfi deyil ki, mütəmadi olaraq, respublikanın musiqi məktəbləri arasında A.Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçılarının müsabiqəsi keçirilir.
Həmçinin bu il Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən A.Dadaşovun vətənpərvərlik mövzusunda xor əsərlərinin ifaçılarının onlayn müsabiqə-festivalı da təşkil olunub. Pandemiya şəraitini nəzərə alaraq, A.Dadaşovun 75 illiyinə həsr olunmuş yubiley tədbirində xor kollektivlərinin kiçik tərkibdə iştirakı, kamera-instrumental əsərlərin ifaçılar tərəfindən səsləndirilməsi, eyni zamanda, musiqişünas-alimlərin bəstəkarın yaradıcılığı haqqında müxtəlif səpkili elmi araşdırmaları təqdim olunacaq.
Qənirə Paşayeva TÜRKSOY-da keçirilən tədbirdə geniş məruzə ilə çıxış edib
Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə TÜRKSOY-da keçirilən mərasimdə, o cümlədən “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabının təqdimat mərasimində çıxış edib.
AzərTAC xəbər verir ki, TÜRKSOY-un mərkəzi qərargahında keçirilən tədbirin rəsmi hissəsində çıxış edən Qənirə Paşayeva 2021-ci ildə Azərbaycan aşıq sənətinin klassiki, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamından irəli gələn vəzifələr çərçivəsində görülən işləri yüksək dəyərləndirib.
Aşıq Ələsgər yaradıcılığının önəmi, söz və saz sənətkarının fəaliyyətinin araşdırılması, Azərbaycanda Aşıq Ələsgər yaradıcılığına, ümumən aşıq sənətinə və onun inkişafına göstərilən diqqət və qayğıdan söz açan komitə sədri, Aşıq Ələsgər yaradıcılığının türk dünyasında daha geniş tanıdılmasının vacibliyinə toxunub.
Çıxışında Azərbaycanın tarixi şəxsiyyətlərinin zəngin yaradıcılığının müqayisəli təhlilinə geniş yer ayıran Qənirə Paşayeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun tarixi Zəfərindən söz açıb.
Komitə sədri Dədə Ələsgərin Göyçədə erməni işğalında qalan məzarından da danışıb. O deyib ki, Göyçədə, Zəngəzurda, İrəvandakı tarixi abidələrimiz, qəbirlərimiz Qarabağda olduğundan daha betər erməni vandallığına məruz qalıb. O, Aşıq Ələsgərin məzarının da erməni vandallığına məruz qaldığını bildirib: “Təəssüf ki, Aşıq Ələsgərin məzarı da erməni vandallığının qurbanı olub.
Aşıq Ələsgərin varlığı yalnız Azərbaycan mədəniyyəti tarixi üçün deyil, ümumtürk mədəniyyəti üçün önəmlidir. Onun, ümumən ozan-aşıq yaradıcılığının qorunub təbliğ edilməsi Azərbaycan Respublikasının dövlət mədəniyyət siyasətinə aiddir.
Bu günlərdə biz Bakıda Xalq rəssamı Arif Hüseynovun Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş “Azərbaycan aşıq sənəti” bədii sərgisini təşkil etdik. Habelə ustadlar-ustadının əsərləri toplanmış kitab nəşr etdik. Çox şadıq ki, türk dünyasının ən önəmli ocaqlarından biri olan TÜRKSOY-da Aşıq Ələsgəri anırıq, onun Ankarada çıxmış kitabının təqdimatını keçiririk. Mən bugünkü tədbirimizi türk dünyası mədəniyyət tarixinin ən yeni səhifələrinə düşəcək hadisələrdən biri hesab edirəm. Aşıq sənətinin, qüdrətli söz ustadının adına layiq bir tədbir təşkil etdiyiniz üçün bütün zəhməti keçənlərə könül dolusu təşəkkürlərimi yetirirəm. Mən bu gün bizimlə olan bütün dəyərli aydınlarımıza, sənətçilərimizə, media və QHT təmsilçilərimizə, hər kəsə çox təşəkkür edirəm. TÜRKSOY-un bu doğma tribunasından çıxış edərkən, Aşıq Ələsgərin 200 illik yubileyi haqqında Sərəncam imzalamış Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, aşıq sənətinə, muğam sənətinə, ümumən mədəniyyətimizə yüksək diqqət-qayğı ilə yanaşan Birinci vitse-prezidentimiz, UNESCO VƏ ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya könül dolusu minnətdarlığımızı çatdırmaq istəyirəm. Mehriban xanımın dəstəyi ilə Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.
TÜRKSOY-un Baş katibi hörmətli Düsen Kaseinovun da vurğuladığı kimi, Aşıq Ələsgərin ürəkləri oxşayan yüksəkkeyfiyyətli yaradıcılığı və şəxsiyyətinin təbliği, onun yaradıcılıq örnəklərinin müxtəlif dillərə çevrilərək nəşr edilməsi vacib məsələdir. Türk dünyasının görkəmli şəxsiyyətlərinin tanıdılması yönündə TÜRKSOY-un həyata keçirdiyi layihələr bizə yaxşı məlumdur. Baş katib Düsen Kaseinova, fədakar TÜRKSOY kollektivinə, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisinə təşəkkür edirik ki, TÜRKSOY hər zaman Azərbaycanın tarixi şəxsiyyətlərinin və onların yaradıcılığının təbliğinə diqqətlə yanaşıb.
Çıxışımın sonunda, ev sahibi təşkilata, hamımızın doğma ocağımız olan TÜRKSOY-a bir hədiyyə təqdim etmək istəyirəm.
Bir qədər öncə söz açdığımı sərgidə nümayiş olunan əsərlərdən biri Aşıq Ələsgərin miniatür portretidir. Böyük məmnuniyyətlə onu TÜRKSOY-a bağışlayırıq. Elə hesab edirəm, bu gözəl əsər TÜRKSOY-da öz layiqli yerini bulacaqdır”.
Mədəniyyət Nazirliyi hekayə müsabiqəsinin qaliblərini təltif etdi
Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin “Nizami ili” çərçivəsində elan etdiyi "Muzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi" mövzusunda hekayə müsabiqəsi qaliblərinin təltif olunma mərasimi keçirildi.
Qeyd edək ki, bu, “Muzey eksponatının hekayəsini sən danış” layihəsində ikinci müsabiqədir. İlk müsabiqə 2020-ci ildə keçirilmişdi.
Mədəniyyət Nazirliyinin məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qeyd etdi ki, Nizami Gəncəvi “Xəmsə”ni yaratmaqla Şərq intibahının banisi olub. Onun ənənələri Şərqin dahi şairləri tərəfindən davam etdirilib: “Nizami yaradıcılığı Qərb ədəbiyyatına da təsir edib. XIX əsrdə rus tədqiqatçıları Nizami irsini dərindən araşdırmağa başlayıblar”.
Nazir müavini həmçinin Nizami Gəncəvinin bu gün də bir müasirimiz kimi ədəbiyyat və mədəniyyətimizə öndərlik etdiyini, yüzilləri keçib gələn bəşəri ideyaları ilə yolumuza işıq saçdığını qeyd etdi. Vurğuladı ki, dövlət başçısı tərəfindən elan edilən “Nizami Gəncəvi İli” bir sıra əlamətdar tədbirlərlə yadda qalıb. VII Bakı Beynəlxalq Kitab Sərgisi əlamətdar ilə həsr olundu. Sankt-Peterburqda, Ermitaj Muzeyində və Rusiya Milli Kitabxanasında dahi Azərbaycan şairinin yubileyinə həsr olunmuş tədbirlər keçirildi. Bakıda “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forum da əlamətdar ilin diqqətəlayiq tədbirlərindən oldu. Bu tədbirlərə olan böyük maraq əsrlər keçsə də, Nizami irsinin öz aktuallığını qoruyub saxladığını deməyə əsas verir.
"Muzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi" müsabiqəsi haqqında məlumat verən Sevda Məmmədəliyeva bildirdi ki, əsas məqsəd insanları əxlaqi kamilliyə çağıran, yüksək mənəvi keyfiyyətlər aşılayan və maarifləndirici xüsusiyyətləri özündə əks etdirən Nizami Gəncəvi yaradıcılığını, o cümlədən “Xəmsə” motivli nadir eksponatların təbliğindən ibarətdir. Eyni zamanda muzey sahəsində cəmiyyətin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, istedadlı müəlliflərin aşkara çıxarılması, mədəniyyətimizə marağın artırılması da müsabiqənin məqsədlərindəndir.
Nazir müavini çıxışının sonunda müsabiqənin qaliblərini təbrik etdi və iştirakçılara təşəkkürünü bildirdi.
Sonra qaliblərin adları elan olundu. Bildirildi ki, müsabiqəyə 50-dən çox iştirakçı öz əsərlərini təqdim edib. Onların arasından üç nəfər qalib seçilib. I yerə Nərgiz Həşimova (“Şəhid ilə Xarıbülbülün məhəbbəti”), II yerə Aişə Səfərova (“Bəhram şah yeddi gözəlin portretinə baxır”), III yerə isə Ömər Məmmədzadə (“Nakam sevginin xatirəsi”) layiq görülüb.
Sonda qalib müəlliflərə diplom və hədiyyələr təqdim edildi.
“Netflix”in dünya üzrə ən çox baxılan filmi elan edildi
"Red Notice” (Qırmızı bildiriş) üç həftə ərzində cəmi 328,8 milyon saat izlənilməklə platformanın ən çox baxılan filmi olub.
TASS xəbər verir ki, hər çərşənbə axşamı “Netflix” dünya miqyasında və ölkə üzrə ən çox baxılan ekran əsəri haqqında ətraflı məlumat dərc edir. Platformada yayımlanan ekran əsərinin ilk 28 günündə izlənilən ümumi saat sayına görə “Netflix”in ən çox baxılan filmləri və serialları sıralanıb.
Ötən həftənin rəqəmlərinə görə, "Red Notice” izləyici rekordu qırıb.
Siyahıda ikinci yerində isə 200 milyondan çox baxışla “Bird Box” filmidir.
Cannı Versaçenin günü
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq
Bank işçisi günü
Banklara borcu olmayan az adam taparsınız. Kim ki dara düşür, gerisini fikirləşmədən özünü dünyada analoqu olmayan fazilərlə kredit verən Azərbaycan banklarının boyunduruğu altına salır. Sonra da pulu qaytara bilməyib cəzaya məruz qalır. Bank işçisi günündə banklarımıza insaf, əhalimizə isə “dar gün kreditinə” düçar olmamağı arzulayıram.
Birləşmiş Ərəb Əmirliyinin müstəqilliyi günü
Bizlərdə Dubay sözünə pis baxırlar, “Dubaya gedib gəlir” ittihamı ən pis ittihamdır. Amma Dubaya tək elə həmin anlamda gedilməz ki, ora gəzməyə, məişət texnikası, avtomobil almağa da gedilər.
Vaxtı ilə Dubayın da daxil olduğu Birləşmiş Ərəb Əmirliyi Britaniyanın müstəmləkəsi idi, “müvəqqəti Oman” adı altında 9 şeyxlik birləşmişdi. 1971-ci ilin bu günündə Əbu-Dabi, Dubay, Şarca və digərləri öz müstəqilliklərini elan etdilər, birləşdilər, ən varlı əmirlik olan Əbu-Dabi paytaxt elan edildi, onun şeyxi Zaid bin Sultan ilk əmir oldu. Bu gün BƏƏ dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer alır, əhali tam rifah içindədir. Əlbəttə ki, neftlərinin hesabına. Dekabrın 2-si və 3-də əmirliyin əhalisi müstəqilliyi coşqu ilə bayram edəcək. İdarələr, məktəblər işləməyəcək, küçələr qələbəlik olacaq, bayram mərasimləri keçiriləcək. Ərəblər səxavətlə öz əcnəbi qulluqçularına pul paylayacaqlar. O cümlədən məlum səbəbdən Dubaya gedənlər də ikiqat qazanc əldə edəcəklər.
Soruşacaqsınız ki, ərəb kişiləri niyə ucdantutma ağ libasa bürünürlər. Cavab verirəm: ağ uzun libas – zəhgin yaşamağa bir işarədir. Soruşacaqsınız ki, bizim də neftimiz var, bəs biz niyə zəngin yaşamırıq? Bu dəfə cavab verməyəcəyəm.
Spirsin, Versaçenin və Jorjun doğulduğu gün
Bu gün beynəlxalq quldarlıqla mübarizə günüdür. Allah hər birimizi mənəvi qul olmaqdan qorusun. Bu gün oyuncaq dəmiryolu günüdür. Deyilənə görə oyuncaq dəmiryolu kolleksiyalarını ən çox eks dəmiryolu nazirləri toplayırlar. “Laosda müstəqillik, Kubada hərbi qüvvələr, Belarusda hüquqşünas günüdür” kəlmələrini yaza-yaza fikir məni Amerika mətbəxinə çəkir, görəsən onlarda hansı bayramdır deyə düşünürəm, deməzsənmiş, milli oladi şirniyyatı günüymüş.
1991-ci ilin bu günündə qardaş Ukrayna müstəqilliyini elan edib, ilk olaraq bunu tanıyan Kanada və Polşa olub. 1981-ci ildə Amerikanın pop-divası Britni Spirs doğulub. (Bizim də divamız, gərək ki, Aygün Kazımovadır). 1982-ci ildə Yuta universitetinin cərrahları pensiyaçı Barni Klarka ilk süni ürək qoyublar, bu ürəklə həmin şəxs 112 gün yaşayıb. 1969-cu ildə Sietl və Nyu-York arasında 191 sərnişinlə ilk Boinq təyyarəsi uçub. (Bu xəbər AZAL başbiləni Cahangir müəllim üçün yəqin maraqlı oldu). 1946-cı ildə Canni Versaçe doğulub, dünyanın ən ünlü kuturyelərindən biri. Əfsus ki, bu böyük şəxsiyyəti öz evinin kəndarında güllələyiblər. 1923-cü ildə dünyanın ən gözəl soprano səsli müğənnisi hesab edilən yunan Kallas Mariya dünyaya gəlib. 1901-ci ildə amerikalı Kinq Jilett ikitərəfli birdəfəlik lezvaya patent alıb. Təbii ki, üz, o cümlədən bığ qırxmaq rahatlaşıb. (Füzuli aeroportunun açılışında Azərbaycan və Türkiyə prezidentləri ilə üştərəfli söhbətindən sonra bu xəbər də Cahangir müəllim üçün yəqin maraqlı oldu). 1870-ci ildə Roma İtaliyanın paytaxtı elan edilib. 1852-ci ildə Fransa prezidenti Napoleon Bonopart özünü Fransanın imperatoru elan edib. 1859-cu ildə pauntalizm cərəyanının banisi olan fransız rəssam Sera Jorj doğulub. 1823-cü ildə ABŞ prezidenti Ceyms Monro Avropa ölkələrinin Amerika qitəsinin işlərinə qarışmamaq prinsipini irəli sürüb. 1814-cü ildə də Alfons Fransua de Sad adlı fransız yazışı dünyadan köçüb. Bəli, sadizmin yaradıcısından söhbət gedir.
Varisin “Həftənin təqvimi” yazısından