Azərbaycanın böyük el sənətkarı, saz və söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı çoxşaxəli tədbirlərin keçirilməsi Azərbaycanda tarixi şəxsiyyətlərə, söz və sənət adamlarının əməyinə verilən yüksək dəyərin göstəricisidir.
Bu fikirləri AzərTAC-a açıqlamasında Ankarada fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin (AYB) sədri, yazıçı-publisist Yaqub Öməroğlu ifadə edib.
Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamını tarixi şəxsiyyətlərə və milli yaradıcılığa göstərilən misilsiz dövlət qayğısı kimi dəyərləndirən AYB-nin sədri deyib: “Tarixi şəxsiyyətlərin abidələrinin ucaldılması daimi təbliğat vasitəsi kimi hər zaman özünü doğruldub. Ustad Ələsgərin adının əbədiləşdirilməsi ümumilikdə aşıq sənətinə göstərilən ehtiramdır. Sazın, sözün və simin gücü ilə hər zamana insanların zövqünü oxşayan aşıq Ələsgər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının milli mədəniyyət sərvətidir. Ustad Ələsgərə göstərilən ehtiram, onun irsinin öyrənilməsinə və təbliğinə edilən cəhdlər aşıq sənətinin gücünün göstəricisidir. Saz və söz sərrafı olan Ələsgərin həyat və fəaliyyəti Azərbaycan xalqının genetik yaradıcılıq istedadına bariz nümunədir. Nə qədər ki, saz və söz var, ustad Ələsgərin adı və yaradıcılığı insanların qəlbində daima yaşayacaqdır”.