Milli Teatrın tamaşaları beynəlxalq forumda böyük maraqla qarşılanıb


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin teatr forumunda iştirak edib.
Sənət ocağının beynəlxalq tədbirdə iştirakı Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə həyata keçirilib.
Mədəniyyət Nazirliyinin məlumatına görə, forumun maarifləndirici proqramında Azərbaycanı təmsil edən teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edib, master- klasslar və sərgi təşkil olunub.
Beynəlxalq forumda Akademik Milli Dram Teatrının “Manqurt” və “Bir, iki, bizimki...” tamaşaları böyük uğurla nümayiş olunub və alqışlarla qarşılanıb.
Qeyd edək ki, forumda iştirak üçün Azərbaycandan tamaşa seçimi iki il əvvəl beynəlxalq ekspert heyəti tərəfindən müəyyənləşdirilib. Belə ki, festival çərçivəsində gənc rejissorların quruluş verdiyi səhnə əsərləri arasında seçim edən ekspertlərin qərarı ilə Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində təqdim olunan “Manqurt” və “Bir, iki, bizimki...” tamaşalarının iştirakı müəyyənləşib.
Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında hazırlanan “Manqurt” tamaşasının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev və Corc Qafarov iştirak edirlər.
“Bir, iki, bizimki...” tamaşası Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Kamil İsmayılov, rejissor assistenti Nərmin Camalovadır.
Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.