ADA Universitetində keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) dekabrın 2-də günün ikinci yarısında növbəti panel iclasla işini davam etdirdi.
Mədəniyyət Nazirliyinin məlumatına görə, “Sülh Əlaqələndiriciləri” təşkilatının təsisçisi və baş icraçı direktoru Jan Kristof Basın moderatorluğu üçün keçən plenar sessiya "Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?” mövzusuna həsr olunmuşdu.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxışında öncə nazir Ceyhun Bayramovun tədbir iştirakçılarına salamlarını çatdırdı. Qeyd etdi ki, ölkəmizdə yüz illərdir sülh və əmin-amanlıq şəraitində yaşayan milli azlıqlar var. 2008-ci ildən Prezident İlham Əliyev təşəbbüsü ilə “Bakı Prosesi”nə başlanılmışdı. İllər boyunca bu əsas platforma əsasında müxtəliflik və tolerantlıq təbliğ olunur. 2017-ci ildə BMT-nin Baş katibi "Bakı Prosesi"ni dünyada bu məqsədlə yaradılmış əsas platforma kimi dəyərləndirib. Son 12 il ərzində “Bakı Prosesi” çərçivəsində 300-ə yaxın tədbir keçirilib. Bununla bərabər, hər iki ildən bir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Bakı Forumu da təşkil edilir. Bu il ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvin 880 illiyi qeyd edilir. Nizaminin əsərlərində sülh və tolerantlıq kimi ideyalar tərənnüm olunur: “Budur bizi həvəsləndirən. Biz ölkə olaraq özümüzü güclü, qüdrətli görürük. Bu ideyaları daima səsləndiririk. Sülh özü ilkin şərtdir. Bütün mədəniyyətlərin irəli getməsi üçün əsasdır. Bu, imtiyaz deyil, hüquqdur, haqdır”.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tolerantlıq Nazirliyinin baş direktoru Afra Məhəmməd əl-Sabri dedi ki, dinlərarası dialoq bütün dünyada cəmiyyətləri bir araya gətirə bilər: “BƏƏ bütün dinlərə və mədəniyyətlərə qapı açır. Biz mədəni müxtəlifliyə töhfə verən ölkə olaraq bir-birimizin təcrübəsindən yararlanaraq bütün dünyaya öz ideyalarımızı bəyan etməliyik. Mütərəqqi dəyərlər paylaşılmalıdır. Bütün insanlarda gələcəyə inam yaratmalıyıq”.
İstanbul Beynəlxalq Sivilizasiyalar Araşdırmaları Mərkəzinin sədri Bekir Karlığa dedi ki, bu gün dünyamız böyük aşınmalar yaşayır. Bunun səbəblərini bəziləri siyasət və iqtisadiyyatda arayır. Amma əsas səbəb mədəniyyətdir. Mədəniyyət tamlıqdır. Burada düşüncə, din, sənət, hüquq, ədəbiyyat, dövlət sistemi və birgəyaşayış qaydaları var. Birgəyaşayış mədəniyyətin önəmli sahəsidir. Multikultural dəyərlərə sahib çıxmaqla sülhə nail olmaq mümkündür.
“Təhsil vasitəsilə insanlar üçün yüksək imkanlar” təşkilatının baş icraçı direktoru Xavier Nunez Gonzalez forumu zamanında keçirilən layihə adlandırdı və hədəfə çatacağına əminliyini ifadə etdi. Azərbaycan öz tarixi və mədəni irsini qorumaqla BMT-nin müvafiq xartiyasını əməl olunmasını təşviq edir.
Dünya Kilsələr Şurası Beynəlxalq əlaqələr komissiyasının direktoru Piter Prov qeyd etdi ki, birgəyaşayışda dinlərarası əməkdaşlıq önəmli məsələdir. Azərbaycan bu işdə nümunədir: “2014-cü ildə İraqa səfərimiz zamanı çoxsaylı icmalarla söhbət etdik. Orada gənclər bizim gələcəklərinin olmadığını deyirdilər. Ölkələrdə gənclərdə sabaha inamı sülh, inklüzivlik və təhsil yaradır. Təhsil çox önəmli bir amildir. O, konkret olaraq gələcəyin qarantıdır. Sülhə çağırış dini mənsubiyyətdən asılı olmayaraq bərabər olmalıdır. Biz insanların səsini beynəlxalq cəmiyyətə çatdırmalıyıq. Mədəni müxtəliflik bizə bəxş edilən çox qiymətli hədiyyədir və biz bunu dəyərləndirib təşəbbüsləri dəstəkləməliyik”.
Böyük Britaniyanın Koventri Universitetində Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun qurucusu və rəhbəri, professor Mayk Hardi videoformatda foruma qoşularaq qlobal təşəbbüslə bağlı fikirlərini bölüşdü. “Biz sülh cəmiyyətinin dayanıqlı olaraq inkişafından danışırıqsa, onu təmin etmə yolları, təşəbbüsləri də dəstəkləməliyik”, - deyə M.Hardi bildirdi.
“Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması”
Beynəlxalq tədbirin “Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması” mövzusunda üçüncü panelində moderator, “Ələddin layihəsi”nin icraçı direktoru Abe Radkin sessiya iştirakçılarını salamlayaraq forumun məhsuldar olduğunu diqqətə çatdırdı. Vurğuladı ki, Azərbaycanın Qələbəsi regionda siyasətə yeni dinamizm qatıb. Bu səbəbdən sülhə çağırış olan “Mədəniyyət naminə sülh” layihəsi alqışlanası təşəbbüsdür.
Sülh Məkanlarının Avropa Şəbəkəsinin prezidenti Eduardo Basso Avropada çoxtərəfli tərəfdaşlıq nümunələrindən bəhs etdi. Dedi ki, tərəfdaşlıq prosesi bir-birinə qarşı duran alyanslara mənsub olmuş keçmiş düşmənlər və ya aralarında uzun müddət ərzində regional, ərazi, siyasi, etnoslararası və ya dini mübahisələrin olduğu ölkələr arasında dialoqun və anlaşmanın bərqərar olmasını nəzərdə tutur. E.Basso təqdim olunan qlobal layihənin əhəmiyyətini yüksək qiymətləndirdi.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə heyətinin sədri Fərid Şəfiyev diqqətə çatdırdı ki, mədəni irs nümunələrinin dağıdılması, talan edilməsi beynəlxalq hüquqa ziddir. Fevral ayında İrəvanda Azərbaycan xalçalarının erməni nümunələri kimi sərgilənməsi beynəlxalq hüquqa hörmətsizlikdir: “Düşünürük ki, bu platformanın səmərəli olması üçün bərabər yanaşma gərəkdir”.
Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Sultanbay Raev Qarabağ Zəfərini bütün türk xalqlarının qələbəsi kimi dəyərləndirdi: “Prezident İlham Əliyev Türk dünyasının beynəlxalq aləmdə tanınmış siyasətçisi kimi qəbul edilir. Onun Türk dünyasını yaxınlaşdırmaq yolunda atdığı addımlar təqdirəlayiqdir. Günümüzün ən aktual məsələsi, təbii ki, sülhdür. İşğal və təcavüzlərə qarşı bütün bəşəriyyət birlikdə mücadilə aparmalıdır. Sülh şəraitində yaşamaq bütün insanlığın haqqıdır”.
BMT-nin Sülh Universitetində Beynəlxalq hüquq departamentinin direktoru Mihir Kanade uzun illər Azərbaycanın Qarabağ bölgəsindən olan qaçqınlarla görüşdüyünü dedi. O, dayanıqlı sülh üçün mədəniyyət amilinin mühümlüyünü vurğuladı.
Asiya Əməkdaşlıq Dialoqunun Baş katibi Pornçai Danvivatana qeyd etdi ki, sülh özü dayanıqlı inkişafın komponentidir. Xalq diplomatiyası sülhün bərqərar olmasında vacib amildir. Turizm, mətbəx, kino rentabelli şəkildə sülhün bərqərar etməlidir.
Son panel iclasda çıxış edən mədəniyyət naziri Anar Kərimov forum iştirakçılarına təşəkkürünü bildirdi. Nazir dedi ki, bir sıra beynəlxalq təşkilatın dəstəklədiyi “Mədəniyyət naminə sülh” təşəbbüsü ilə bağlı təqdimatda 20-dən çox məruzə dinlənildi. Forumda “Biz sülhü təşviq etmək üçün nələr etməliyik” sualına cavab aldıq. Bizim ümumi rifahımız sülhdən keçir. Məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan sülh naminə mədəniyyət prosesini özü beynəlxalq təşəbbüs olaraq təbliğ edir. Bizim bu yeni konsepsiyamız beynəlxalq aləmdə tanınıb daha da geniş dəstək alacaq. Sonda bir daha bütün iştirakçılara təşəkkür edirəm və əminliyimi bildirirəm ki, bu, hələ yolun başlanğıcıdır və konkret nəticələrə rəvac verəcək. Gələn il Bakıda növbəti Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək və ümid edirəm ki, bu proses artıq gələcək fəaliyyətlər üçün bir zəmin yaradır”.
Bununla da “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu öz işini başa vurdu. Bu beynəlxalq tədbir də bir daha Azərbaycanın bütün bəşəriyyət üçün xoş niyyətini, sülh və əmin-amanlıq istəyini nümayiş etdirdi.