Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın əsrlər boyu yaratdığı mədəni irs nümunələri də öz azadlığına qovuşdu.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Gününün birinci ildönümünə həsr olunmuş “Böyük Qayıdış: Mədəniyyətin Dirçəlişi” adlı beynəlxalq konfrans keçiriləcək.
24 noyabr 2021-ci il tarixində “Daş salnamə” muzeyində təşkil olunacaq konfrans “Abidələr: Azərbaycan irsinin daş yaddaşı”, “İşğalı məğlub edən mədəniyyət”, “Abidələri xilas edən qələbə”, “Mədəniyyətin çiçəklənməsi üçün sülh” adlı 4 sessiyadan ibarət olacaq.
Həmçinin tədbir çərçivəsində “Azadlıqda olan abidələr” adlı fotosərgi təşkil olunacaq.
Beynəlxalq konfransda yerli və xarici qonaqlar, ekspertlər, eləcə də dövlət rəsmiləri və diplomatik korpusun nümayəndələrinin iştirakı nəzərdə tutulur.