Qazax rayonunun Qarapapaq kəndində şəhid baş leytenant Xaliddin Nəsibovun ildönümü mərasimi olub. Tədbir mərasim iştirakçılarının yürüşü ilə başlayıb. Yürüş iştirakçıları əllərində üçrəngli Azərbaycan bayraqları tutaraq “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirib, şəhidin evindən kənd qəbiristanlığınadək yürüş ediblər. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AzərTAC xəbər verir ki, sonra şəhidin evində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist Elçin İsmayılın müəllifi olduğu “Yarımçıq qalmış şeir dəftəri” kitabının təqdimatı keçirilib. Kitab Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin alınmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş Xaliddin Nəsibova həsr olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhid Xaliddin Nəsibovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan söz açıb, onun igidliyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. “Yarımçıq qalmış şeir dəftəri” kitabını qələmə alıb çap etdirdiyinə görə müəllifə öz minnətdarlığını bildirib.
Şair-publisist Elçin İsmayıl mərasimdə çıxış edərək sayca 12-ci olan kitabının Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə yazılmasından, şəhidin keçdiyi döyüş və ömür yolunu necə qələmə almasından danışıb. Qeyd edib ki, şəhid baş leytenant torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə igidlik göstərməsi, taqım komandiri kimi həmişə irəli getməsi və döyüş yoldaşlarına nümunə olması onu bu kitabı yazmağa sövq edib. Eyni zamanda, X.Nəsibovun istedadlı bir gənc şair kimi yazdığı döyüşkən ruhlu şeirləri bir şair-publisist kimi onun diqqətini özünə cəlb etdiyini bildirib. Qeyd edib ki, əgər Xaliddin hərbçi olmasaydı, gələcəkdə tanınmış bir şair ola bilərdi. Lakin torpaqlarımız işğal altında olduğu üçün Xaliddin qələmi silahla əvəz edib, döyüşlərdə öz sözünü deyib. Bildirib ki, kitabda şəhidin keçdiyi qəhrəmanlıq dolu döyüş yolu ilə yanaşı, onun haqqında ailə üzvlərinin, cəbhə yoldaşlarının xatirələri toplanıb. Kitabdakı albomda oxucular şəhidin gənclik və hərbçi həyatını özündə əks etdirən şəkillərlə tanış ola bilərlər. E.İsmayıl çıxışının sonunda X.Nəsibovun yadigar qalmış şeir dəftərini və müəllifi olduğu kitabı şəhidin atasına təqdim edib.
Sonra Qazax Dövlət Dram Teatrının aktyorları kitabdan bədii hissələr səsləndirib, Xaliddinin yazdığı və ona həsr olunmuş şeirləri ifa ediblər.
Mərasimin sonunda şəhidin atası Vaqif Nəsibov çıxış edərək rayon rəhbərliyinə və kitabın müəllifinə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, 5 bölmə və 120 səhifədən ibarət olan “Yarımçıq qalmış şeir dəftəri” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.