Noyabrın 15-də “Fairmont Baku” otelində Latviya Respublikasının Azərbaycandakı səfirliyi və “Park Cinema”nın birgə təşkilatçılığı ilə “Kiçik bir millət-böyük Animasiya” adlı festivalın açılışı olub.
AzərTAC xəbər verir ki, açılışdan əvvəl Latviyanın məşhur animasiya filmləri rejissoru Vladimirs Leşçiov jurnalistlərin suallarını cavablandırıb.
Bildirib ki, “Elektrikçinin Günü” filmi pandemiyadan əvvəl çəkilsə də bu günlə səsləşir. Hər kəs filmin ideyasını fərqli formada qəbul edir. Ancaq film daha çox özünütəcriddən bəhs edir. Filmin əsasən böyüklər üçün nəzərdə tutulduğunu deyən rejissor bildirib ki, uşaqlar üçün mövzu tapmaq olduqca çətindir. İndi onları Şaxta baba, qurd və ya dovşanla aldatmaq olmur. Ancaq böyüklər bizim üçün daha əlçatan bir auditoriyadır.
“Baltikyanı ölkələr arasında Estoniya hər zaman animasiya filmləri üzrə lider olub. Son zamanlar Latviya bu sahədə bir qədər uğur qazanaraq Litvanı üstələyib. Ancaq Estoniya bizim üçün bir məktəb sayılır. Çünki onların çəkdiyi animasiyalar dünyanın bütün ölkələrində qəbul olunur”,- deyə Vladimirs Leşçiov əlavə edib.
Sonra Latviyanın Azərbaycandakı səfirinin müavini xanım Viya Buşa çıxış edərək festival haqqında məlumat verib: “Noyabr ayında Latvianın müstəqilliyinin 103-cü ildönümü tamam olur. Bu münasibətlə səfirlik Bakıda bir neçə tədbirlər keçirir. “Kiçik bir millət -böyük Animasiya” adı altında təqdim olunan festival belə tədbirlərdən biridir. Latviyanın təqdim etdiyi animasiyalar həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Festival çərçivəsində ölkənin digər tanınmış rejissorların filmləri nümayiş olunacaq. Festival çərçivəsində Vladimir Leşçiov ustad dərsi də keçirəcək, eyni zamanda müsabiqə elan olunacaq. Müsabiqəyə qatılmaq üçün festivalda nümayiş olunan filmlərə baxmaq mütləqdir. Bundan əlavə müsabiqə iştirakçıları Latviya ilə bağlı və sevimli animasiya personajı haqqında düşüncələrini yazmalıdır. Qalib gələn şəxs Riqaya iki bilet əldə edəcək”.
Açılış günü Vladimir Leşçiovun “Elektrikçinin Günü” filmi nümayiş olunub. Növbəti günlərdə rejissorun “Yeni ili gözləyirik”, “Yağışlı günlər” və “Qanadlar və Avarlar” filmləri göstəriləcək.
Qeyd edək ki, festival noyabrın 21-dək hər gün 2 seansla davam edəcək.