Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Baltikyanı Dövlətlərin IV Gənclər Teatr Forumunda iştirak edəcək.
Akademik Milli Dram Teatrının mətbuat xidmətindən bildirilib ki, forum noyabrın 30-dan dekabrın 7-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək.
Forumda Akademik Milli Dram Teatrının “Manqurt” və “Bir, iki, bizimki...” tamaşaları nümayiş olunacaq. Bundan əvvəl teatr bu forumda “On ikinci gecə və ya hər nə istəsəniz” (2012) və “İlahi oyun” (2015) tamaşaları ilə iştirak edib.
Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında hazırlanan “Manqurt” tamaşasının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev və Corc Qafarov iştirak edirlər.
“Bir, iki, bizimki...” tamaşası Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Kamil İsmayılov, rejissor assistenti Nərmin Camalovadır.
Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.
Tamaşaçıların rəğbətini qazanan səhnə əsəri qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.
Qeyd edək ki, forumun maarifləndirici proqramında Azərbaycanı təmsil edən teatr rəssamları, dramaturqlar və tənqidçilər də iştirak edəcəklər.