Super User

Super User


Həftəsonu Beynəlxalq Muğam Mərkəzində “İgidlərin sözü” layihəsi təqdim olunub. Layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirmək idi.
Layihə rəhbəri sevilən şairə Nigar Həsənzadə olan “Söz” layihəsi çərçivəsində reallaşan gecədə tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, layihəyə qoşulmuş  müharibə iştirakçıları olan şairlər, onların əsgər yoldaşları iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gecənin əvvəlində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov “İthaf” əsərini ifa edib. Kompozisiya 44 günlük Vətən müharibəsində həlak olan Azərbaycanın igid oğullarının xatirəsinə həsr olunub. Ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra layihənin iştirakçıları səhnəyə dəvət edilib. Qazilərin çıxışlarından əvvəl tamaşaçılara onların doğulduğu yer, təhsil aldığı müəssisə, cəbhəyə getmə vaxtı və döyüşlərdə iştirakı barədə məlumat verilib. Monitorda isə onların döyüş yollarını əks etdirən videolar və fotolar nümayiş edilib.
Döyüşçü şairlərin əksəriyyəti könüllü olaraq cəbhəyə gedib. Onlar şeirlərini Vətənə, Qarabağın gözəlliyinə, döyüş yoldaşlarına, şəhidlərə həsr ediblər. Oğuz Alparslan, Səbuhi Qurbanov, Emin Piri, Nicat Ağayev, Orxan Səlifov, Eyvaz Əyyub, Cavid Əlioğlu, Kərəm Aydın, Həsən Kür, Miri Abdullayev, Elvin İntiqamoğlu döyüşlər zamanı qələmə aldıqları şeirləri səsləndiriblər. Beynəlxalq Muğam Mərkəzinin səhnəsindən qazilərin öz ədəbi əsərlərini səsləndirdikləri tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda layihənin ideya müəllifi şair Nigar Həsənzadə səhnəyə çıxaraq Şuşa barədə yazdığı şeirini səsləndirib.
Aparıcısı Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd olan gecədə Azərbaycan Dövlət Simli Kvartetinin ifasında - Əməkdar artistlər Ceyla Seyidova (skripka), Vaxtanq İmanov (alt) və Aleksey Miltıx (violonçel), həmçinin Soltan Məmmədovanın (skripka) ifasında musiqi nömrəsi təqdim olunub.
Layihə əsasında qazilərin ədəbi nümunələrindən ibarət materiallar toplanaraq antologiya şəklində dərc olunacaq. Geniş oxucu kütləsinin odlu-alovlu cəbhədən bəhs edən bu odlu-alovlu misralara biganə qalmayacaqları şübhəsizdir.


Milli Məclisdə Qənirə Paşayeva bir qrup mədəniyyət xadimi ilə görüşüb

Həftəsonu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məslisdə bir qrup mədəniyyət xadimi ilə görüşüb. Xalq aristi Ramiz Həsənoğlu, Əməkdar artist Nuriyyə Hüseynova, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, “Sənət Akademisi”nin rəhbəri Səbuhi Zaman və ünlü “Kurtlar Vadisi Pusu” serialından tanıdığımız sənətçi Erhan Ufak, tarzən Cəbrayıl Göyüşov, sənətçi Fərahim Sadiq, Folklor institunun folklor studiyasının rəhbəri, musiqiçi Mahir İbrahimov, Xalq şairi Balaş Azəroğlunun övladı Etibar Abizadə, yazarlar - Təranə Turan Rəhimli, Rəsmiyyə Sabir, AYB-nin katibi Səlim Babullaoğlu, "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, bir çox vətənpərvərlik mahnılarının sözlərinin müəllifi - gənc yazar Qabil Ədalət, vətənpərvərlik mahnılarının ifaçısı - istedadlı gənc Sadiq Qulubəyli Qəmi
Musavat.com xəbər verir ki, Q.Paşayeva sənətçilərlə, yazarlarla Zəfər Bayramı ərəfəsinə təsadüf edən görüşlərin onun üçün çox anlamlı olduğunu bildirib:
"İnşallah, doğma Qarabağın sənət həyatının canlanmasına öz töhfələrinizi verəcəyinizə inanıram. İnanıram ki, torpaqlarımızın azadlığı siz sənətçiləri, yazarları yeni uğurlara həvəsləndirəcəkdir".
Sənətkarlar, mədəniyyət işçiləri və gənclər səmimi görüş və fiki mübadiləsi üçün Komitə sədrinə təşəkkür ediblər.
Komitə sədri onların uğurları, qayğıları, planları ilə maraqlanıb, hər birinə yeni uğurlar arzulayıb.

Bazar ertəsi, 08 Noyabr 2021 14:59

“İtirilmiş cənnət” poeması və Luvr

Bu günə təsadüf edən digət tarixi hadisələri də nəzərinizə çatdıraq.
8 noyabr. Ümumdünya şəhərsalma günü
Şəhərlərin planlaşdırılması sferasında çalışan insanların təşəbbüsü ilə təqvimə salınan bu gün ilk dəfə uzaq 1949-cu ildə qeyd edilib. Onun qeyd edilməsi zərurətini isə ilk dəfə Buenos-Ayres Universitetinin professoru Karlos Paolera dilə gətirib. Bu günümüzdə şəhər planlaşdırılmasında urbanizasiya təzahürlərinin nəzərə alınması, maksimum rahatlıqların təmin edilməsi, şəhər sakinlərinin şəhərin təmizliyinə və ətraf mühitə vicdanlı münasibətlərinin təşviqi əsas yer tutur. Və Ümumdünya şəhərsalma günündə məhz bu amillərə istinad edilərək şəhərlərin qayğısına qalmaq prioritet sayılır.
8 noyabr. Elzer və Hitler
Bakı Metropoliteni işçiləri günü. Metropolitendə işləyən sıravi, əməkhaqqı ilə dolanan zəhmətkeş vətəndaşlarımızı təbrik edirəm. Cəsarətli və bol istiotlu qida hazırlamaq günü. Kim nə bacarırsa təcrübəsini ortaya qoya bilər. Rentgen şüaları günü. Xəstələnməyin, rentgenə ehtiyacınız olmasın. Beynəlxalq Radiologiya günü. Və ABŞ-da milli kapuçino günü.
1975-ci ildə Riqada, “Storojevoy” gəmisində antisovet qiyamı başlayıb. 1953-cü ildə rus yazıçısı, Nobel mükafatı laureatı İvan Bunin dünyasını dəyişib. 1939-cu ildə Münhendə dülgər Elzer Hitlerə uğursuz sui-qəsd cəhdində bulunub. 1793-cü ildə Luvr muzeyi tamaşaçıların üzünə açılıb. 1674-cü ildə ingilis şairi, dünyaca məşhur “İtirilmiş cənnət” poemasının müəllifi Con Milton dünyadan köç edib.

Bazar ertəsi, 08 Noyabr 2021 14:57

Bu gün həm də Beynəlxalq KVN günüdür

Şən və hazırcavab olmayan tələbə nə tələbədir ki? O daim irəliyə can atır, hər situasiyadan çıxmağa çalışır, istənilən prosesdə mənafeyini qoruya bilir. 1961-ci ildə rus tələbələr ilk dəfə öz klublarını yaratmaq qərarına gəldilər. Ən şən və ən hazırcavablar zümrəsinə ən qabaqcıl tələbələr aid oldular, 8 noyabrda ağ-qara göstərən SSRİ televizorlarında ilk KVN oyunu nümayiş olundu. Tezliklə bu proqram ən sevilən bir proqrama çevrildi, beynəlxalq status aldı. Hazırda da KVN öz nüfuzunu qoruyub saxlayır, hazırkı prezident – 1964-cü ildən postunu qoruyan Aleksandr Maslyakov mütəmadi olaraq çempionatların keçirilməsini təmin edir.
Azərbaycan da KVN hərəkatına böyük töhfələr verib, “Bakılı oğlanlar” komandası əsrin çempionu olub. Hansı azərbaycanlı Tahir İmanovun yaratdığı Hacıbala Abutalıbov, Bəhram Bağırzadənin yaratdığı Siyavuş Novruzov obrazlarına qəşş edincəyə qədər gülməyib? Bu yerdə mən KVN-çi dostlarım Bəhram Bağırzadə və Tahir İmanovu təbrik edirəm, “Bakılı oğlanlar”ın mərhum kapitanı Anar Məmmədxanova isə rəhmət diləyirəm.

Bazar ertəsi, 08 Noyabr 2021 14:54

Bu gün Zəfər günüdür

Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazandı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı. Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan prezidenti Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etdi. Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadığından bu misilsiz qələbə - Zəfər Günü - hər il noyabrın 8-də təntənəli şəkildə qeyd olunacaqdır. Zəfər Günü qeyri-iş günü hesab olunan bayram günlərinə aid ediləcəkdir.

Təbii ki bu günün adı birdir – Şuşa! Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub, ilk çağlarda Pənahabad adlandırılıb. Tezliklə Şuşa Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edib, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürüb. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub.
Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edildi. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirildi, 165 nəfər yaralandı, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün oldu. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.
2020-ci ildə Azərbaycan ordusunun ərazilərimizin azad olunmasığı uğrunda apardığı 44 günlük müharibənin və əldə etdiyi şanlı qələbənin kulminasiyası heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi oldu. Noyabrın 5-də Azərbaycan ordusu bilavasitə şəhərdəki erməni mövqelərinə artilleriya zərbələri endirməyə başladı, nəticədə yüngül silahlı xüsusi təyinatlılarımız Şuşanın girişinə qədər irəliləyə bildi. Düşmən üçün tamamilə gözlənilməz idi ki, xüsusi olaraq bu cür döyüşlər üçün hazırlanmış Azərbaycan döyüşçüləri alpinistlər kimi sıldırım qayalıqlara dırmaşaraq hücum edirdi və şəhərə daxil olurdu. Şuşanın içərisində şiddətli şəkildə yaxın məsafədən, hətta əlbəyaxa döyüşlər başladı. Yenilməz Azərbaycan əsgərləri misli görünməmiş igidlik göstərərək noyabrın 7-də şəhəri tam nəzarət altına aldılar. Şəhərdən geri çəkilən düşmən qüvvələri çox ağır itkilər verdi. Düşmənin şəhəri yenidən ələ keçirmək cəhdləri onun itkilərini daha da artırdı, bu vaxt artıq şəhərə Azərbaycan ordusunun əlavə qüvvələri yeridildi və onlar düşmənin bir neçə əks-hücumunu dəf edərək Şuşada möhkəmləndilər. Şuşa şəhəri 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi.


Heydər Əliyev Sarayında “Qarabağ şikəstəsi” oratoriyası musiqili-xoreoqrafik quruluşda təqdim edildi.
Görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun (1935-2006) şair, publisist Teymur Elçinin (1924-1992) sözlərinə yazdığı oratoriyanın yeni quruluşu 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin ildönümünə həsr olunub. Layihə Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı, Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təqdimatı ilə gerçəkləşdi.
Mədəniyyət Nazirliyinin məluçatına görə, gecədə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, yaradıcılıq təşkilatlarının rəhbər şəxsləri, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər və digər qonaqlar iştirak edirdi.
Layihənin rəhbəri və dirijoru, Xalq artisti Yalçın Adıgözəlov, ssenari müəllifi Əjdər Ulduz, quruluşçu xoreoqrafı, Xalq artisti Kamilla Hüseynova, quruluşçu rejissoru, Əməkdar artist İnarə Babayeva, quruluşçu xormeystri, Xalq artisti Gülbacı İmanova, quruluşçu rəssamı isə Fərid Nəcəfovdur.
Məşhur oratoriyanın yeni quruluşu Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Ramil Qasımov, xanəndələr Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Əməkdar artist Əliağa Sədiyev (tar), filarmoniyanın Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının iştirakı ilə təqdim olundu.
İncəsənət ustalarının möhtəşəm ifası musiqisevərlər tərəfindən gur alqışlarla mükafatlandırıldı.

Bazar ertəsi, 08 Noyabr 2021 14:48

“Şuşa” sənədli filminin təqdimatı olub


Beynəlxalq Muğam Mərkəzində Zəfər Günü ərəfəsində “SOCAR Media”-nın dəstəyi ilə hazırlanmış “Şuşa” sənədli filminin təqdimat mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, filmdə əsas yeri Qarabağın ürəyi olan Şuşanın işğaldan azad olunması uğrunda misilsiz qəhrəmanlıq nümunələri göstərmiş qazilərin bu möhtəşəm hərbi əməliyyat haqqında xatirə və təəssüratları tutur. Çəkilişlər hadisələrin baş verdiyi yerlərdə Şuşa ətrafındakı meşələrdə, qayalıqlarda və şəhərin içəri hissələrində aparılıb. Şuşanı azad edən qəhrəman qazilər keçdikləri şanlı yolu yenidən canlandırır və həmin həyəcan dolu anları hadisələrin baş verdiyi məkanlarda yada salır, yaşadıqları duyğu və düşüncələri dilə gətirirlər. Şuşaya ilk bayraq sancan qəhrəmanlarımızın xatirələri filmin ən təsirli məqamlarındandır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 44 günlük Vətən müharibəsinin gedişində Şuşa haqqında söylədiyi fikirlər filmin leytmotivini təşkil edir. Filmdə Şuşanın işğalının epizodik xronikası da nümayiş etdirilir. Düşmənin və ona havadarlıq edən qüvvələrin məkrli planları ifşa olunur, eləcə də həmin dövrdə Azərbaycanda baş alıb gedən siyasi dərəbəylik və güclü mərkəzi hakimiyyətin olmaması işğalın əsas səbəbləri kimi göstərilir.
“Şuşa” sənədli filmi “SOCAR Media”nın sifarişi ilə QULP STUDİO tərəfindən hazırlanıb. Filmin müəllifi Əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüsseri İntiqam Cəfərovdur.
Qeyd edək ki, “Şuşa” sənədli filmi 8 noyabr tarixində ATV, noyabrın 9-da Xəzər TV, noyabrın 10-da isə ARB TV kanallarında yayımlanacaq.

Şənbə, 06 Noyabr 2021 11:56

Beynəlxalq Afrika yazıçısı günü

 

Sabah bazar günü olduğu üçün sabahın əlamətdar hadisələrini də bu gün qeyd etməyi özümüzə borc bilirik.

 

7 noyabr. Parad günü

 

Sovetlər dönəmində ildə iki parad günü var idi, 1 may və 7 noyabr. Orta və ali məktəblər, fabrik və zavodlar, idarə və müəssisələr öz canlı qüvvələrini payızın soyuğunda əyni nazik küçələrə tökürdü ki, Lenin meydanından, rəhbərin önündən keçsinlər və ura qışqırsınlar. Bu günün adı Böyük Oktyabr Sosialist İnqilabının filanıncı ildönümü adlanırdı, Lenin adlı bir şəxs çarı devirib fəhlə-kəndli hökuməti qurmuşdu. Amma kökündə ədalətsizlik və haramlıq dayanan bir quruluş idi. Ən əsası da allahsız bir quruluş idi. Hər bir mədəniyyət xadimi bu günü tərənnüm eləməsə irəli gedə bilməzdi, rifah, mükafat, nüfuz – hamısı Oktyabrdan, Lenindən bəhs edən roman və poemalardan, filmlərdən, tamaşalardan, tablolardan, simfoniyalardan keçirdi. Getsin o günlər, bir də gəlməsin.

 

7 noyabr. Beynəlxalq Afrika yazıçısı günü

 

Ədəbiyyatsevərlər üçün xüsusi önəmi olan bir gündür. 1992-ci ildən Panafrika Yazıçılar Assosiasiyasının təklifi ilə təqvimə salınıb. Afrika ədəbiyyatı barədə əlbəttə ki məlumatlıyıq. Bir baxın, statistik azərbaycanlı oxucu bu gün Nobel mükafatçısı Con Maksvel Kutzeeni yaxşı tanıyır, onun “Rüsvayçılıq” romanını az adam oxumayıb. Eləcə də “Səhra çiçəyi”ni yazan Varis Direanı. Bu il ədəbiyyat üzrə Nobel mükafatını alan Abdulrazak Qurna da afrikalıdır, Zənzibarda dünyaya gəlib. Bu il Qonkur mükafatını alan Məhəmməd Mqubar Sarr da afrikalıdır, seneqallıdır. Demək, Afrika ədəbiyyatı zəngindir, çoxşaxəlidir, oxunaqlıdır. Gəlin qara qitənin yazarları üçün bir tuş deyək.

 

7 noyabra təsadüf edən digər əlamətdar hadisələr

 

Razılaşma və barışıq günü. Bir də rus döyüşçüsünün şərəf günü. Hazırda ruslar Oktyabr inqilabını bu iki ad altında qeyd edirlər. Macarıstanda opera günü. Argentinada idman mətbuatı günü. Lüksemburqda Müqəddəs Villibrod günü. Hindistanda yeni bir festivalın -Toxu Emonqun başlaması.  ABŞ-da isə badamlı acı şokolad günü.

 

2017-ci ilin bu günündə İngiltərədə qazıntı zamanı yereşənə bənzər xırda canlı qalıqları aşkarlanıb, müəyyənləşdirilib ki, onun 145 milyon yaşı var və o, ən qədim məməli sinfi nümayəndəsidir. 2000-ci ildə Corc Buş ABŞ prezidenti seçilib. 1941-ci ildə Sevastopolda almanlar sovetin “Armeniya” adlı teploxodunu batırıblar, 5 min adam ölüb. 1913-cü ildə Alber Kamyu – məşhur fransız romançısı və filosofu, Nobel mükafatı laureatı dünyaya gəlib. 1879-cu ildə tanınmış inqilabçı, Qırmızı ordunun ilk rəhbəri Lev Trotski doğulub.

 

Varisin “Həftənin təqvimi” yazısından seçmələr

 

 

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şəhid Səid Nofəl oğlu Rəşidzadənin xatirə günü və AYB-nin nəşr etdiyi “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə ölkəmizin azadlığı, müstəqilliyi uğrunda canından keçərək Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbədən söz açan AYB-nin katibi Rəşad Məcid deyib ki, əldə olunmuş bu qələbə ilə Azərbaycan xalqının milli qüruru bərpa olundu, xalqımız dünyada qalib xalq imicini qazandı. Buna görə biz birinci növbədə şəhidlərimizə, qazilərimizə borcluyuq.
Yazıçılar Birliyinin nəşr etdirdiyi “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabı haqqında məlumat verən R.Məcid deyib ki, otuz illik həsrətdən yoğurulan bu kitabının ideya müəllifi AYB-nin sədri Xalq yazıçısı Anardır. Kitabda dərc olunan məqalələri işğaldan azad olunan rayonlardan olan yazıçılar yazıblar. Füzuli haqqında Seyran Səxavət, Qubadlı haqqında Ramiz Rövşən, Kəlbəcər haqqında Adil Cəmil, Cəbrayıl haqqında Elçin Hüseynbəyli, Zəngilan haqqında Nəsiman Yaqublu, Ağdam haqqında Aqil Abbas yazıb. Sonralar bu ideya böyüdü və kitabda həm Qarabağa həsr olunmuş şeirlər, həm də Qarabağ haqqında tanınmış şəxsiyyətlərin tarixi məqalələri yer aldı.
Tədbirdə, eyni zamanda, şəhid baş leytenant, tabor komandiri Səid Rəşidzadənin xatirəsi də yad olunub.
AYB-nin katibi Rəşad Məcid deyib: “Səid mənim gözümün qabağında böyüyüb. Onu çılğın, vətənpərvər bir gənc kimi tanımışam. Mən döyüş getdiyi vaxtda Səidə zəng eləmişdim. Onda Səidin qələbəyə köklənmiş ruhunu və qalib əsgər təbəssümünü telefon danışığında sanki görürdüm”.
Tanınmış yazıçı, dramaturq Seyran Səxavət şəhid Səid Rəşidzadənin atası Nofəllə yaxın dost olduğunu, sonralar isə aralarında çox yaş fərqi olmasına baxmayaraq, Səid Rəşidzadə ilə dostluq etdiyini söyləyib. “Səid mənim qucağımda böyüyüb. Mən ona özüm kimi inanırdım. Səid həm mənim, həm ailəsinin, həm də Azərbaycan xalqının inamını doğrultdu. Biz bir az dərdin başına sığal çəkən xalqıq. Ona görə də dərd həmişə bizimlə yoldaşlıq edir. Amma bu gün Səid kimi şəhidlərimiz bizə azad və bütöv vətənimizdə gülə-gülə yaşamağı bəxş etdilər”.
Səid Rəşidzadənin komandanlı altında döyüşmüş əsgər Cavid Nuri S.Rəşidzadənin yüksək həbi biliyə, taktikaya yiyələnmiş bir komandir olduğunu, öz həyatını təhlükəyə atıb əsgərlərini qoruyan insan olduğunu qeyd edib: “Füzuli, Cəbrayıl istiqamətində döyüşlərdə baş leytenant Səid Rəşidzadə ilə çiyin-çiyinə döyüşmüşəm. Hadrud istiqamətində gedən döyüşdə komandirimiz Allahyar Telmanlı şəhid oldu. Ondan sonra komandirimiz Səid Rəşidzadə təyin olundu. Onu da deyim ki, Səid Aprel döyüşlərində iştirak etmiş və yaralanmışdı. Şuşa yüksəkliyi uğrunda gedən döyüşlərdə yüksəklikdə erməni bayrağı dalğalanırdı. Səid dedi ki, o bayrağı endirməliyik. Biz düşündük ki, hansısa əsgərə tapşırıq verib erməni bayrağını endirməyə göndərəcək. Ancaq əksinə o, özü getdi və erməni bayrağını aşağı atıb, qoynunda gəzdirdiyi Azərbaycan bayrağını qaldıranda Səidi vurdular”.
Sonrakı çıxışlarda əsgər Cəlil Mehrəliyev, Səid Rəşidzadənin orta məktəb müəllimi Nəbi Məmmədov, yazıçı Yunis Oğuz, şairə Ülviyyə Əsədova, Vətən müharibəsi qəhrəmanları mayor Gündüz Səfərli, Elnur Şirinov 44 günlük Vətən müharibəsində iştiraklarından, böyük Qələbənin əldə edilməsinin Ali Baş Komandanın məqsədyönlü siyasətinin və ümumxalq birliyinin nəticəsi olduğunu qeyd ediblər.
Sonda şəhid Səid Rəşidzadənin atası Nofəl Qasımov çıxış edənlərə təşəkkür edib, şəhidlərin Azərbaycan xalqının övladları olduğunu söyləyib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.