“Söz” layihəsi bu dəfə “İgidlərin sözü”nü təqdim etdi


Həftəsonu Beynəlxalq Muğam Mərkəzində “İgidlərin sözü” layihəsi təqdim olunub. Layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirmək idi.
Layihə rəhbəri sevilən şairə Nigar Həsənzadə olan “Söz” layihəsi çərçivəsində reallaşan gecədə tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, layihəyə qoşulmuş  müharibə iştirakçıları olan şairlər, onların əsgər yoldaşları iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gecənin əvvəlində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov “İthaf” əsərini ifa edib. Kompozisiya 44 günlük Vətən müharibəsində həlak olan Azərbaycanın igid oğullarının xatirəsinə həsr olunub. Ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra layihənin iştirakçıları səhnəyə dəvət edilib. Qazilərin çıxışlarından əvvəl tamaşaçılara onların doğulduğu yer, təhsil aldığı müəssisə, cəbhəyə getmə vaxtı və döyüşlərdə iştirakı barədə məlumat verilib. Monitorda isə onların döyüş yollarını əks etdirən videolar və fotolar nümayiş edilib.
Döyüşçü şairlərin əksəriyyəti könüllü olaraq cəbhəyə gedib. Onlar şeirlərini Vətənə, Qarabağın gözəlliyinə, döyüş yoldaşlarına, şəhidlərə həsr ediblər. Oğuz Alparslan, Səbuhi Qurbanov, Emin Piri, Nicat Ağayev, Orxan Səlifov, Eyvaz Əyyub, Cavid Əlioğlu, Kərəm Aydın, Həsən Kür, Miri Abdullayev, Elvin İntiqamoğlu döyüşlər zamanı qələmə aldıqları şeirləri səsləndiriblər. Beynəlxalq Muğam Mərkəzinin səhnəsindən qazilərin öz ədəbi əsərlərini səsləndirdikləri tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda layihənin ideya müəllifi şair Nigar Həsənzadə səhnəyə çıxaraq Şuşa barədə yazdığı şeirini səsləndirib.
Aparıcısı Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd olan gecədə Azərbaycan Dövlət Simli Kvartetinin ifasında - Əməkdar artistlər Ceyla Seyidova (skripka), Vaxtanq İmanov (alt) və Aleksey Miltıx (violonçel), həmçinin Soltan Məmmədovanın (skripka) ifasında musiqi nömrəsi təqdim olunub.
Layihə əsasında qazilərin ədəbi nümunələrindən ibarət materiallar toplanaraq antologiya şəklində dərc olunacaq. Geniş oxucu kütləsinin odlu-alovlu cəbhədən bəhs edən bu odlu-alovlu misralara biganə qalmayacaqları şübhəsizdir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.