Təbii ki bu günün adı birdir – Şuşa! Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub, ilk çağlarda Pənahabad adlandırılıb. Tezliklə Şuşa Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edib, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürüb. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub.
Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edildi. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirildi, 165 nəfər yaralandı, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün oldu. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.
2020-ci ildə Azərbaycan ordusunun ərazilərimizin azad olunmasığı uğrunda apardığı 44 günlük müharibənin və əldə etdiyi şanlı qələbənin kulminasiyası heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi oldu. Noyabrın 5-də Azərbaycan ordusu bilavasitə şəhərdəki erməni mövqelərinə artilleriya zərbələri endirməyə başladı, nəticədə yüngül silahlı xüsusi təyinatlılarımız Şuşanın girişinə qədər irəliləyə bildi. Düşmən üçün tamamilə gözlənilməz idi ki, xüsusi olaraq bu cür döyüşlər üçün hazırlanmış Azərbaycan döyüşçüləri alpinistlər kimi sıldırım qayalıqlara dırmaşaraq hücum edirdi və şəhərə daxil olurdu. Şuşanın içərisində şiddətli şəkildə yaxın məsafədən, hətta əlbəyaxa döyüşlər başladı. Yenilməz Azərbaycan əsgərləri misli görünməmiş igidlik göstərərək noyabrın 7-də şəhəri tam nəzarət altına aldılar. Şəhərdən geri çəkilən düşmən qüvvələri çox ağır itkilər verdi. Düşmənin şəhəri yenidən ələ keçirmək cəhdləri onun itkilərini daha da artırdı, bu vaxt artıq şəhərə Azərbaycan ordusunun əlavə qüvvələri yeridildi və onlar düşmənin bir neçə əks-hücumunu dəf edərək Şuşada möhkəmləndilər. Şuşa şəhəri 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi.