Super User
Tanınmış rəssam Davud Kazımovun 95 illiyi
Niyə də belə məşhur bir rəssamı tanımayaq ki? Davud Mehti oğlu Kazımov 1926-cı il noyabr ayının 9-da Bakı şəhərində anadan olub. Sərbəst yaradıcılıq fəaliyyətinə II Dünya müharibəsindən sonrakı dövrdə başlayıb. İlk dəfə ictimaiyyətin diqqətini ordudan tərxis olunmuş əsgərin qarşılanma mərasimini əks etdirən “Əsgərin qarşılanması” adlı əsəri ilə özünə cəlb edib. Daha sonra “Konsert-tapmaca”, “Çimərlikdə”, “Uşaq konsultasiyası” kimi əsərlərində uşaq dünyasını əks etdirib, “Xəzərin təkində”, “Sağıcılar”, “Yollar” və s. kimi rəsmlərində onun təbiətə, insanlara məhəbbəti rənglərin dili ilə inandırıcı təsir bağışlayıb. Azərbaycan təsviri sənətində istedadlı qrafika ustası kimi də tanınmış Davud Kazımov kitab illüstrasiyası sahəsində də çalışıb, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının hekayələrinə, Mirzə Əli Möcüzün şeirlərinə çəkilmiş rəsmləri ayrıca qeyd olunmalıdır. Dəniz neftçilərinin romantik həyatı, fədakar əməyi rəssamın sevimli mövzularından olub. Bir çox xarici ölkələrdə yaradıcılıq ezamiyyələrinə gedib, 1979-cu idə Bolqarıstan, 1980-ci ildə İspaniya səfərlərinin nəticəsi olaraq yaradıcılığında xüsusi yer tutan “Bolqarıstan silsiləsi” və “İspaniya silsiləsi”nə daxil olan əsərlərini yaradıb. Sənətkarın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının bədii fondunda, Rusiya, Türkiyə, İran, Macarıstan, Almaniya və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır. O, 1978-ci ildə Azərbaycan Respublikasının “Əməkdar rəssamı”, 1992-ci ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Davud Kazımov 2015-ci il fevral ayının 14-də vəfat edib. Ruhu şad olsun.
Ginnesin rekordlar kitabına düşən ilk azərbaycanlı kim olub?
Bu gün Ginnesin rekordlar kitabı günüdür. Olduqca maraqlı, bəşər insanının ən diqqətçəkən kəşflərindəndir Ginnesin rekordlar kitabı. Onu 1951-ci ilin bu günündə - düz 80 il əvvəl britaniyalı mühəndis, pivəbişirmə sexinin sahibi Xyu Biver yaradıb. Necə? O öz dostlarıyla ova gedibmiş. Axşam pivə barında mübahisələri düşüb ki, ən bərk uçan quş hansıdır. Nə qədər ədəbiyyat axtarıblar, cavab tapılmayıb. Onda Biverin ağlına gəlib ki, bir kitab yaradıb ora bütün rekordları daxil etsin. Kitabın adına da öz pivəbişirmə sexinin adını qoyub – Ginnes. Hazırda bu kitab dünyada müəllif hüququ qorunan ən yüksək tirajlı kitabdır. Burada nə qədər maraq doğuran faktlar var, yarəbb. Hər il bu faktlar dəyişir, yenilənir, Ginnesin kitabı da öz aktuallığını qorumaqda davam edir.
Kitabda Azərbaycanla bağlı səhifələr də var. Cəbrayılrayonunda anadan olmuş, hazırda Belşikada yaşayan rəssam Fəxrəddin Vəliyev adını "Ginnesin Rekordlar Kitabı"na yazdırmış ilk azərbaycanlıdır. O, 2004-cü ildə 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub. Lənkəranrayonunun sakini, 7 yaşlı Ələsgər Həsənzadə kitaba düşən ən azyaşlı şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enə bilib. Neft Daşlarının Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşüb. 168 yaşında vəfat etmiş azərbaycanlı, Lerik rayon sakini Şirəli Müslümovun adıuzunömürlülüyünə görə kitaba daxil edilib. Təəssüf ki, özündə faciə əks etdirən faktla da kitabın səhifəsində qərarlaşmışıq. Belə ki, 1995-ci ilin 28 oktyabrında “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması (əslində terror aktıydı) nəticəsində 300 nəfərin həlak olması, 400 nəfərin isə yaralanması ilə sonuclanan qəza "Ginnes Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb.
Bu gün Dövlət Bayrağı günüdür
1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilib, zorən qırmızı bayraq qəbul olunub.
Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Bundan sonra 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək həmin bayrağı Dövlət bayrağı elan edib. 1991-ci il oktyabr ayının 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən üçrəngli Dövlət bayrağını bərpa eləyib.
Bayrağın daim ucalsın, Azərbaycan! Böyük Məmmədəmin Rəsulzadə demiş, “Bir kərə yüksələn bayraq bir daha enməz”!
Bakı Dövlət Sirki “Dəmir yumruq” adlı kompozisiyasını təqdim edib
Bakı Dövlət Sirki Zəfər Günü münasibətilə “Dəmir yumruq” adlı kompozisiya təqdim edib.
Bu kompozisiyada əlində şəmşir, məşəl tutan cəngavərlər (aktyorlar), vətənin keşiyində daim ayıq-sayıq duran və zirehli dəbilqələrində daha əzəmətli görünən döyüşçülərimizin düşmən üzərinə hücuma keçərək zəfər çaldıqları anları tamaşaçıların gözü qarşısında nümayiş etdiriblər.
Layihə ilə bağlı AzərTAC-a məlumat verən Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov deyib: “Gələcəkdə bu ideyanı bir az da genişləndirib, kompozisiyaya teatral quruluş verməyə çalışacağıq. Ümid edirik ki, bizim həyəcanla izlədiyimiz 44 günlük Vətən müharibəsi uşaqlarımızın bir cəngavər döyüşçü ruhunda böyüməsinə öz təsirini göstərəcək”.
Şair Məmməd Namaz vəfat edib
Sumqayıt ədəbi mühitinə ağır itki üz verib. Şair Məmməd Namaz 79 yaşında vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Məhəmməd Əlioğlu Namaz 12 Sentyabr 1942-ci ildə Tovuzun Əsrik-Cırdahan kəndində anadan olub. 1961-ci ildə Sumqayıtda əmək fəaliyyətinə başlayıb. Ədəbi həyatına da bu dövrdə başlayan yazarın “Mənəmsə günahkar” adlı ilk şeiri 18 İyun 1961-ci ildə “Sosializm kəndi” qəzetində çap edilib. Azərbaycan Dövlət Universiteti Kitabxanaçılıq və Biblioqrafiya Fakültəsinə daxil olub oranın məzun olan Məmməd Namaz uzun illər Sumqayıtda kitabxana müdiri, Tovuzda kənd klubu müdiri, Gəncədə müəllimlik edib. Sonra o, “Sosialist Sumqayıtı” qəzetində çalışıb. Uşaq və gənclərdən bəhs edən şeirləri, hekayələri müntəzəm qəzet səhifələrində, almanaxlarda dərc olunub. 1984-cü ildə o, Azərbaycan Yazıçılar Birliyinə üzv olub. Məmməd Namaz 5 şeir kitabının müəllifidir. “Yaz yağışı. 1976-cı ildə, “Kəpənək özünə gül əkir” 1979-cu ildə, “Muğanlı kosmonavt” 1982-ci ildə, “Payızda güllər kövrək olurmuş” 1984-cü ildə,
“Analar kövrək olur” isə 1986-cı ildə işıq üzü görüb.
Məmməd Namaz çox təvazökar şair olub. Özü haqqında heç vaxt "mənim şeirim", "mənim yaradıcılığım" ifadəsini işlətməyib, onun şeirləri barədə tənqidçilər bir az xəsislik eləsələr də, Mirvarid Dilbazi, Famil Mehdi, İlyas Tapdıq, Məstan Günər, Zahid Xəlil, Rafiq Yusifoğlu, Vaqif Yusifli ürək sözlərini izhar ediblər. Şeirləri dərsliklərə də düşüb.
Məmməd Namazın olduqca güclü Vətən şeirləri də var. Onlardan birində şairin lirik ricəti xüsusən diqqət çəkir:
Bu da bir əzabdır, məni yaşadır,
İlhamım cəhənnəm daşından çıxır.
Bir vaxt ayağıma batan tikanlar
İndi ürəyimin başından çıxır.
Könlümdə Vətən bitər,
Dilimdə Vətən bitər.
Əlim dəysə daşına-
Əlimdə Vətən bitər.
Ruhun şad olsun, Məmməd Namaz!
Şuşadakı toy məclisində Qatar adlı kənddən gəlmiş bir nəfərin oxuduğu bayatı sonradan “Qatar” təsnifinə çevrildi
Və yaxud, Şuşanı mədəniyyət paytaxtına çevirən səbəblər barədə
Düşmən əsarətindən azad edildikdən dərhal sonra Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi, ardınca İSESKO təşkilatı Şuşanı İslam dünyasının Asiya qitəsindəki mədəniyyət paytaxtı adlandıracağını bəyan etdi. Şuşanın adı gələndə hamı ilk öncə Cıdır düzünü, İsa bulağını, Xarı bülbülü, eləcə də orada yetişmiş mədəniyyət xadimləri pleadasını xatırlayır.
Bir diqqət edin: Azərbaycan ədəbiyyatında müstəsna xidmətləri olan Qasım bəy Zakir, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Əhməd bəy Ağayev, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov və Yusif Vəzir Çəmənzəminli, musiqi sahəsində Bülbül, Zülfüqar Hacıbəyov, Üzeyir Hacıbəyli, Seyid və Xan Şuşinskilər, Zülfü Adıgözəlov, Əfrasiyab Bədəlbəyli, Niyazi, Rəşid Behbudov, Zakir Bağırov, Soltan Hacıbəyov, Fikrət Əmirov, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və başqalarının adını xatırlatmaq xalqımızın mədəniyyət tarixində Şuşanın necə böyük əhəmiyyətə malik olduğunu ortaya qoyar. Şuşa həmçinin məşhur memar Kərbəlayi Səfixan Qarabağı, rəssamlar Mir Möhsün Nəvvab, Əmir və Altay Hacıyevlər, Toğrul Nərimanbəyov, Vidadi Nərimanbəyov, Ağəli İbrahimov, heykəltaraş Cəlal Qaryağdı, Hüseyn Əhmədov, nəqqaş Usta Qəmbər Qarabağı kimi məşhur sənətkarların da doğulduğu məkandır. Razılaşın ki, bir xalqın mədəniyyət irsini bir şəhərin bunca zənginləşdirməsi faktının analoquna çətin rast gəlmək olar.
Bu dəfə biz Şuşanın musiqi ənənələri barədə söz açacağıq.
Tarixə nəzər salsaq, görərik ki, hələ XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda ünlü bəstəkar Üzeyir Hacıbəylinin böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulmuşdu.
Azərbaycanda bir neçə muğam ifaçılıq məktəbi var. Xüsusi maraq doğuran Qarabağ muğam məktəbi əsasən Şuşada formalaşmışdır. Qarabağ muğam məktəbinin nümayəndələri xalqımızın musiqi mədəniyyətini inkişafında xüsusi rol oynamışlar. Qarabağ müğənnilərinin əksəriyyəti Şuşada doğulmuşdur. Azərbaycan muğamlarının da içərisində Şuşada yaranan, təkmilləşən muğamlar, şöbələr və guşələr var.
Uzun illərdən bəri Qarabağda yetişən nadir tarixi şəxsiyyətlər, ailələr, nəsillər, şəcərələr, konkret tarixi hadisələr, eləcə də qədim diyar barədə etnoqrafik tədqiqatlar aparan tədqiqatçı-jurnalist Vasif Quliyevin çox maraqlı açıqlamaları var. “Şuşa” qəzetinin redaktoru, Şuşa və ümumən Qarabağ tarixi barədə 50 ilə yaxındır ki, qələm çalan Vasif Quliyev bu illər ərzində Qarabağda yetişən nadir tarixi şəxsiyyətlər, ailələr, nəsillər, şəcərələr, konkret tarixi hadisələr, eləcə də qədim diyarın etnoqrafiyası barədə nə az, nə çox, 20-dən çox kitab qələmə alıb. Onun yazdığı kitabların coğrafiyası Şuşa və Qarabağı əhatə edir. “Şuşa Azərbaycan mədəniyyəti, incəsənəti və ədəbiyyatının mərkəzidir. Şuşanın bəxş etdiyi sənətkarların, şəxsiyyətlərin bir qisminin adını çəkmək kifayətdir ki, onun necə möhtəşəm bir mədəniyyət beşiyi olduğunu təsəvvür edəsən” deyən Vasif Quliyev yazır:
“Mirzə Hüseyn Segahı” XIX əsrin əvvəllərində Şuşada yaranıb və formalaşıb. İlk dəfə Mirzə Hüseyn adlı xanəndə tərəfindən yüksək sənətkarlıqla ifa edildiyinə görə onun adı ilə adlandırılıb. Həmin muğamın ən mahir ifaçıları Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd və Xan Şuşinski olub. Xanəndə “Segah İslam” - İslam Abdullayev isə “Mirzə Hüseyn Segahı”nı daha mükəmməl və daha şövqlə oxuyub.
“Kürdü” və “Şahnaz”ın birləşməsindən əmələ gələn kiçik muğam “Kürdü-Şahnaz” adlanır. “Şahnaz” “Dilkəş”, “Kürdü” və “Zil Şahnaz” şöbələrindən ibarətdir. Bu muğamı XIX əsrin ikinci yarısında məşhur xanəndə Hacı Hüsü yaradıb. Çox məlahətli səsə malik olan xanəndə Molla Vəli Axundovun bir toy məclisində gözəl avazla “Kürdü” oxumasından ilham alan Hacı Hüsü “Şahnaz”ı “Kürdü” ilə qarışdıraraq birlikdə oxumuşdu. O vaxtdan da həmin muğamın adı “Kürdü- Şahnaz” qalaraq Azərbaycan xanəndələri arasında geniş yayılıb. Ən mahir ifaçıları Şahnaz Abbas və Xan Şuşinski olub.
Kiçik həcmli vokal instrumental muğam olan “Qatar” əvvəllər “Bayatı-Kürd” muğamı üstündə şöbə kimi oxunub, sonralar həcm etibarı ilə genişləşdirilərək müstəqil muğama çevrilib. “Do” mayeli “Rast” muğamında ifa olunur. Zildə oxunan “Qatar” “Mahur-hindu” muğamının mayesindən bir oktava yuxarıda başlanaraq həmin registrdə tamamlanır. Orta hissədə “Üşşaq” şöbəsi oxunur.
Bu muğam Şuşada xanəndə Hacı Hüsü tərəfindən yaradılıb. Toy məclislərinin birində “Qatar” adlı kənddən gəlmiş bir nəfərin oxuduğu bayatıdan ilhama gələn xanəndə tarzən Sadıqcanın müşayiəti ilə həmin bayatını böyük ustalıqla oxuyub və o vaxtdan onun adı “Qatar” qalıb.
Hacı Hüsünün həmin ifasından sonra Qarabağ xanəndələri “Qatar”a bayatını də əlavə edərək birlikdə “Qatar-Bayatı” oxumuşlar. Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Segah İslam, Cahan Talışınskaya həmin muğamın mahir ifaçıları olublar. “Qatar”, əsasən, tarın, “Qatar-Bayatı” isə yastı balabanın müşayiəti ilə oxunur.
“Rast”ın tərkibinə daxil olan “Mahur-hindu” muğamı “Mahur”un iki növündən biridir. Həm melodik quruluşuna, həm də şöbələrinin xüsusiyyətlərinə görə “Rast”ın xarakterinə uyğun gəlir. “Rast”da olan bir çox şöbə, guşə və hissələr eynilə “Mahur-Hindu”da da var. Bu muğamların əsas fərqi ondadır ki, “Mahur-Hindu” “Rast”a nisbətən bir kvarta yuxarıda oxunur və bir qədər yığcamdır. Şöbələri melodik cəhətdən fərqlənsə də, məqam əsasları tamamilə eynidir.
Böyük musiqişünas Cabbar Qaryağdıoğlunun yazdığına görə, bu muğamı məşhur tarzən Sadıqcan səsli xanəndələr üçün yaratmışdır. Sadıqcan XIX əsrin 80-ci illərində Tiflisdə yaşayarkən şəhərə gələn hind müğənnilərindən “Mahur”u necə oxuduqlarını eşidib və onların oxumağına uyğun bu muğamı yaradıb və onu “Mahur-Hindu” adlandırıb. Onun ən məşhur ifaçısı Xan Şuşinski olub.
”Həmid Segahı” XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində yaşamış (1869-1922) “Rast” və “Segah” muğamlarının ən mahir ifaçılarından hesab olunan Malıbəyli Həmidin adı ilə adlandırılıb. “Yetim Segah”ı və “Orta Segah”ı özünəməxsus, orijinal şəkildə bir neçə variantda oxumağı ilə müasirlərindən fərqlənən xanəndə “Orta Segah”ı təkmilləşdirərək dəstgahı tarın sarı simlərində “Müxalif” şöbəsindən başlayaraq zərif xallar və nəfəslər vuraraq bir qədər gəzişdikdən sonra “Hasar”a keçməklə muğama yenilik gətirib. Dövrünün musiqiçiləri muğamın həmin hissəsini “Həmid Segahı” adlandırıblar.
XIX əsrin birinci yarısında Şuşada yaranmış zərbli-muğam olan “Qarabağ şikəstəsi” “Segah” muğamı kökündədir, ağır tempdə oxunur. Dörd misradan ibarət hər bir bənddən sonra melodik cəhətdən müxtəlif olan ara çalğı - instrumental epizod ifa olunur. Üzeyir bəy Hacıbəyli “Əsli və Kərəm”, Müslüm Maqomayev “Şah İsmayıl”, Zülfüqar Hacıbəyov “Aşıq Qərib”, Renold Qliyer “Şahsənəm” operalarında həmin ritmik muğamdan istifadə ediblər. “Qarabağ şikəstəsi” ritmik muğamının ən məşhur ifaçısı Xan Şuşinski olub”.
Demək, Şuşanın həm Azərbaycanın, həm islam dünyasının mədəniyyət paytaxtı elan olunmasının kökündə bir zərurət dayanır.
İnanırıq ki, tezliklə Şuşanı həm də dünyanın mədəniyyət mərkəzlərindən birinə çevirə biləcəyik.
Şəhid hərbi həkim Cəmil Səlimovdan bəhs edən kitabın təqdimatı keçirilib
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə “Yarımçıq qalmış ömür” kitabının təqdimatı keçirilib.
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin (RHİM İB) qərargahında keçirilən tədbirin aparıcısı - MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Zəfər Günü ərəfəsində təqdimatı keçirilən "Yarımçıq qalmış ömür" kitabının Vətən müharibəsinin şəhidi, hərbi həkim, "Azərbaycan Bayrağı" ordenli gizir Cəmil Səlimovun həyat və döyüş yolundan bəhs etdiyini bildirib.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxışlar başlayıb.
Kitabın müəllifi Dürdanə Ağayeva, kitabın “Ön söz” müəllifi - RHİM İB sədri Arzu Bağırova nəşrin məğzi, şəhid həkimin ömür yolu haqqında ürək sözlərini bölüşüb.
MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Zəfər Günü ərəfəsində Mədəniyyət komitəsinin xətti ilə keçirilən silsilə tədbirlərdən söz açıb, hərbi həkim, şəhid gizir Cəmil Səlimov və ona həsr olunmuş kitab barədə danışıb:
“Biz Zəfər Günümüzün müəlliflərinə, şəhidlərimizə, onların ailələrinə öz dərin ehtiramımızı bildirir, canını Vətən uğrunda qurban vermiş qəhrəmanlarımızın ruhu qarşında baş əyirik. Müzəffər Silahlı Qüvvələrimiz Ali Baş Komandanımızın mükəmməl rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Belə bir əziz bayram, əziz gün ərəfəsində Cəmil Səlimov kimi igid hərbçimizin ailə üzvlərinin iştirakı ilə onun haqqında kitabı təqdim etmək vəfa borcumuzun ifadəsidir. Burada millət vəkillərimiz, qardaş Türkiyəmizin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri, respublikamızın dəyərli QHT rəhbərləri, gənclərimiz iştirak edir. Əlbəttə, pandemiya məhdudiyyətlərinə görə bura daha çox iştirakçı çağırmamışıq, ancaq bilirik ki, kimi çağırsaq, dəvətimizi qəbul edərdi. Cəmil Səlimov öz həyatını şüurlu surətdə hərb sahəsinə - hərbi həkimliyə bağlamışdı; o və onun kimi oğullar Vətən uğrunda, tarixi ədalətin bərpası uğrunda hər şeyə hazır idilər və bunu şəhadət şərbəti içməklə sübut etdilər. Dürdanə xanım özü Xocalı Soyqırımının şahididir, "Erməni zindanında səkkiz gün" kitabının müəllifidir, müharibənin ağrı-acıları ona yaxından tanışdır və o, bu kitabı da ürəyinin səsi ilə yazıb. Bu gün ən böyük təsəllimiz torpaqlarımızın işğaldan azad olunması, o torpaqlarda quruculuq, abadlıq işlərinin aparılmasıdır. Şuşada dalğalanan bayrağımız, tarixi Zəfərimiz bu günləri görməyən oğullarımızın ruhunu şad edən səbəblərdir. Biz də o oğulları unutmayacaq, unutdurmayacaq, onların haqqında yazacaq, yazılan dəyərli əsərləri, xatirələri sevə-sevə oxuyacağıq”.
Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov Azərbaycan tarixindən, Cümhuriyyət dönəmindən, çağdaş tariximizdən və şəhidlərin tarixdəki müstəsna yerindən söz açıblar. Onlar Cəmil Səlimov kimi mərd Vətən övladlarının öz həyatları ilə bugünkü və gələcək nəsillərə örnək olduğunu bildirib, "Yarımçıq qalmış ömür" kimi kitabların öyrədici xüsusiyyətini vurğulayıb.
Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlcuk Karakılıc Türkiyə- Azərbaycan qardaşlığının tarixindən, bu günundən məmnuniyyətlə söz açaraq, 44 günlük müharibənin bu qardaşlığın səviyyəsini bütün dünyaya nümayiş etdirdiyini söyləyib, öz anasının timsalında 90-cı illərdə Anadolu insanının Qarabağda erməni işğalı xəbərlərindən necə sarsıldığını təsirli faktlarla xatırladıb.
Milli Məclisin deputatı Soltan Məmmədovun köməkçisi Elşad Miraləm, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB sədri, “Hərbi And” qəzetinin qurucu-baş redaktoru Emin Həsənli, “Xocalı Soyqırımını Tanıtma” İB sədri Şamil Sabiroğlu, Azərbaycan Vətən Müharibəsi Veteranlari Birliyinin sədr müavini İslam Səfərov bu il ilk dəfə qeyd etdiyimiz 8 noyabr - Zəfər Gününün tarixi önəmindən, bu günü bizə bəxş edən Vətən oğullarının rəşadətindən, şəhidlər haqqında yazılan əsərlərin tərbiyəvi əhəmiyyətindən danışıblar.
Sonda şəhid gizirin ata və anası kitab və tədbir üzərinə öz ürək sözlərini bildiriblər.
İtaliyanın Venesiya şəhərində Zəfər Günü ilə əlaqədar sərgi açılıb
Venesiya şəhərində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Qarabağ informasiya sərgisi” layihəsi həyata keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilən sərgidə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını ifşa edən fotomateriallar təqdim olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, sərgi şəhərin izdihamlı məkanı hesab edilən Santa Luçia dəmir yolu stansiyasının qarşısında reallaşıb.
Sərgi şəhər sakinlərində böyük maraq doğurub.
Zəfər gününə həsr edilmiş “4.4 Qısa Tamaşalar Festivalı” “Qonşu” tamaşasının qalibiyyəyi ilə başa çatıb
Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə noyabrın 1-dən 5-dək keçirilən “4.4 Qısa Tamaşalar Festivalı”nın bağlanış mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, festival xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərə və şəhidlərimizin xatirəsinə ithaf edilib.
Tədbirdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin festival iştirakçılarını bu teatr bayramının başa çatması münasibətilə təbrik edib və teatr sənətinin mədəniyyətimizdə xüsusi yerə malik olduğunu vurğulayıb. O həmçinin festivalın ənənəvi olaraq keçirilməsini arzu etdiyini bildirib.
Tamaşaçılar festivalın 4 gün ərzində keçdiyi yolu əks etdirən videoicmalı izlədikdən sonra çıxış edən festivalın layihə rəhbəri Vidadi Qafarov bu teatr bayramının baş tutmasında əməyi olan hər kəsə öz minnətdarlığını bildirib.
Sonra qaliblərin mükafatlandırma mərasimi başlayıb. Üçüncü yerin mükafatçısını Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev elan edib. Lənkəran Dövlət Dram Teatrının gənc rejissoru Tərlan Abdullayevin müəllifi və rejissoru olduğu “Sonuncu görüş” tamaşası üçüncü yerə və pul mükafatına layiq görülüb. “Sonuncu görüş” tamaşasının nümayişindən sonra səhnəyə münsiflər heyətinin sədri, Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov dəvət edilib. O, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi Əli Əmirli, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və Xalq artisti Pərviz Məmmədrzayevdən ibarət münsiflər heyətinin festivalın uğurlu keçməsində rolunu xüsusi vurğulayıb. Daha sonra İ.İsrafilov ikinci yerə layiq görülmüş “44” tamaşasının yaradıcı heyətini səhnəyə dəvət edərək xüsusi diplom və pul mükafatını onlara təqdim edib. Tamaşanın müəllifi və rejissoru, Akademik Musiqili Teatrın rejissoru Zaur Əliyev yüksək dəyərə görə münsiflər heyətinə və təşkilatçılara öz təşəkkürünü bildirib. “44” tamaşasının nümayişindən sonra festivalın qalibi elan olunub.
Festivalın qalibi ƏSA Teatrının “Qonşu” tamaşası olub. Qalib tamaşaya mükafatı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev təqdim edib. Nihad Qulamzadənin müəllifi və rejissoru olduğu “Qonşu” tamaşasının yaradıcı heyəti xüsusi diplom, “Dəfnə mükafatı” və pul mükafatına layiq görülüb. N.Qulamzadə çıxış edərək yüksək etimada görə təşəkkürünü çatdırıb. Daha sonra tamaşaçılar “Qonşu” tamaşasını izləyiblər.
Sonda tədbirin aparıcısı Zaur Mirzəzadə festivalın direktoru Elçin Cəfərovu dəvət edib. O, bu teatr bayramının uğurla başa çatması münasibətilə hamını təbrik edərək, əməyi keçənlərə öz minnətdarlığını bildirib.
Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluş verdiyi bağlanış mərasimi bayram əhval-ruhiyyəsində başa çatıb.
Qulu Ağsəsdən Zəfər gününə “4+4: rəqəmsal namə”
“Ulduz” jurnalının baş redaktoru, yazıçı Qulu Ağsəsin Zəfər Gününə həsr etdiyi “4+4: rəqəmsal namə” adlı essesinni oxucularımıza təqdim edirik.
Adamsan, Adam Mitskeviç: “Təbiət zəhəri sürünənlərə verib. Güclülərin buna ehtiyacı yoxdur!”
Düşmən səngərləri ilan yuvasına oxşayırdı, onları torpağın altından çıxarıb... təzədən torpağın altına gömdük. Hər günü Zəfər olan müharibə! – bu, ancaq haqq savaşı ola bilərdi.
Kafir üstünə güllədən, mərmidən, PUA-dan tez şığıyan əsgər eşitmişdiniz? O, bizim əsgərdir! Aldığı ilk yüksəklik – Ruh yüksəkliyi oldu!
Atdığı silah ancaq hədəfə dəyirdi:
torpağı yaralamasın deyə,
quşa toxunmasın deyə,
ağacı qırmasın deyə.
Deyə-deyə aldılar Qarabağı: deyə-gülə, deyə-oxuya, deyə-oynaya...
Şuşa ətrafında gedən döyüşü rus bloger çəkmişdi, ermənilər üzü Xankəndiyə tərəf qaçırlar, bloger soruşur, niyə gedirsiniz, axı, Azərbaycan Ordusu görünmür, terrorçuların komandiri cavabında:
- Onlar hər yerdədir, görünmədən bizi qırırlar, sanki yerin altından çıxırlar, - deyir...
Qarabağda təkcə ordumuz döyüşmədi, həm də orda uyuyan şəhidlərimiz silaha sarıldılar:
Silah çəksə elimizə,
Kimsə həddin aşsa əgər,
Şəhidlər o dünyanın da
Altın üstünə çevirər!..
Çevirdilər də: təkcə işğal altındakı torpaqlarımızda uyuyan şəhidlərimiz deyil, onlarla Şəhidlər xiyabanındakılar da haqq savaşına qatıldılar.
Sizə bir sirr açım:
Şuşaya necə dırmandı igidlərimiz - deyimmi?
Onlara Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan şuşalı Ramiz Qəmbərov əlini uzatdı! Qalxın, dedi, neçə ildir sizi gözləyirdik...
Ali Baş Komandan 44 gündə hər dildə müsahibə verdi, az qala:
hərbin dilində,
siyasətin dilində,
dünyanın aparıcı dillərində...
Həm də hər dildə dillərini kəsdi bədxahların. Hələ dava vaxtı yazmışdım: düşmənlər də ən dəqiq məlumatı Prezidentimizin tviter səhifəsindən alırlar.
Bir vaxtlar: “Durnası da uçmazdı qürbətə bu diyarın”. 1993-cü ildən sonra Qarabağdan quşlar, vəhşi heyvanlar bir yana, ağaclar, daşlar da perik düşübmüş. Biz qayıdıb nələr gördük orda, nələr?! Prezident “Sanki burdan vəhşi qəbilə keçib” deməkdə nə qədər haqlıdır! Ucsuz-bucaqsız bir xarabalıq! 2020-ci ilin payızında Qarabağın şəklinə bundan “yumşaq” ad qoymaq olmazdı. Zəfərdən 1 il ötüb, vur-tut 1 il. Qarabağın indiki şəklinə baxın: bərpa, tikinti, aeroport, festivallar, musiqi, quş səsləri...
Bu payız durnalar da geri qayıdır – bütün qarabağlılar kimi...
44 günlük savaş, 8 noyabr 2020-ci il
– Zəfər tariximiz,
4+4= 8,
8 həm də sonsuzluq işarəsidir. Mən elə görürəm...