Şair Məmməd Namaz vəfat edib


Sumqayıt ədəbi mühitinə ağır itki üz verib. Şair Məmməd Namaz 79 yaşında vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Məhəmməd Əlioğlu Namaz 12 Sentyabr 1942-ci ildə Tovuzun Əsrik-Cırdahan kəndində anadan olub. 1961-ci ildə Sumqayıtda  əmək fəaliyyətinə başlayıb. Ədəbi həyatına da bu dövrdə başlayan yazarın “Mənəmsə günahkar” adlı ilk şeiri 18 İyun 1961-ci ildə “Sosializm kəndi” qəzetində çap  edilib. Azərbaycan Dövlət Universiteti Kitabxanaçılıq və Biblioqrafiya Fakültəsinə daxil olub oranın məzun olan Məmməd Namaz uzun illər Sumqayıtda kitabxana müdiri, Tovuzda kənd klubu müdiri, Gəncədə müəllimlik edib. Sonra o, “Sosialist Sumqayıtı” qəzetində çalışıb. Uşaq və gənclərdən bəhs edən şeirləri, hekayələri müntəzəm qəzet səhifələrində, almanaxlarda dərc olunub. 1984-cü ildə o, Azərbaycan Yazıçılar Birliyinə üzv olub. Məmməd Namaz 5 şeir kitabının müəllifidir. “Yaz yağışı. 1976-cı ildə, “Kəpənək özünə gül əkir” 1979-cu ildə, “Muğanlı kosmonavt” 1982-ci ildə, “Payızda güllər kövrək olurmuş” 1984-cü ildə,
“Analar kövrək olur” isə 1986-cı ildə işıq üzü görüb.
Məmməd Namaz çox təvazökar şair olub. Özü haqqında heç vaxt "mənim şeirim", "mənim yaradıcılığım" ifadəsini işlətməyib, onun şeirləri barədə tənqidçilər bir az xəsislik eləsələr də, Mirvarid Dilbazi, Famil Mehdi, İlyas Tapdıq, Məstan Günər, Zahid Xəlil, Rafiq Yusifoğlu, Vaqif Yusifli ürək sözlərini izhar ediblər. Şeirləri dərsliklərə də düşüb.
Məmməd Namazın olduqca güclü Vətən şeirləri də var. Onlardan birində şairin lirik ricəti xüsusən diqqət çəkir:

Bu da bir əzabdır, məni yaşadır,
İlhamım cəhənnəm daşından çıxır.
Bir vaxt ayağıma batan tikanlar
İndi ürəyimin başından çıxır.
Könlümdə Vətən bitər,
Dilimdə Vətən bitər.
Əlim dəysə daşına-
Əlimdə Vətən bitər.

Ruhun şad olsun, Məmməd Namaz!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.