Şuşadakı toy məclisində Qatar adlı kənddən gəlmiş bir nəfərin oxuduğu bayatı sonradan “Qatar” təsnifinə çevrildi Featured

Və yaxud, Şuşanı mədəniyyət paytaxtına çevirən səbəblər barədə

Düşmən əsarətindən azad edildikdən dərhal sonra Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi, ardınca İSESKO təşkilatı Şuşanı İslam dünyasının Asiya qitəsindəki mədəniyyət paytaxtı adlandıracağını bəyan etdi. Şuşanın adı gələndə hamı ilk öncə Cıdır düzünü, İsa bulağını, Xarı bülbülü, eləcə də orada yetişmiş mədəniyyət xadimləri pleadasını xatırlayır.
Bir diqqət edin: Azərbaycan ədəbiyyatında müstəsna xidmətləri olan Qasım bəy Zakir, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Əhməd bəy Ağayev, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov və Yusif Vəzir Çəmənzəminli, musiqi sahəsində Bülbül, Zülfüqar Hacıbəyov, Üzeyir Hacıbəyli, Seyid və Xan Şuşinskilər, Zülfü Adıgözəlov, Əfrasiyab Bədəlbəyli, Niyazi, Rəşid Behbudov, Zakir Bağırov, Soltan Hacıbəyov, Fikrət Əmirov, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və başqalarının adını xatırlatmaq xalqımızın mədəniyyət tarixində Şuşanın necə böyük əhəmiyyətə malik olduğunu ortaya qoyar. Şuşa həmçinin məşhur memar Kərbəlayi Səfixan Qarabağı, rəssamlar Mir Möhsün Nəvvab, Əmir və Altay Hacıyevlər, Toğrul Nərimanbəyov, Vidadi Nərimanbəyov, Ağəli İbrahimov, heykəltaraş Cəlal Qaryağdı, Hüseyn Əhmədov, nəqqaş Usta Qəmbər Qarabağı kimi məşhur sənətkarların da doğulduğu məkandır. Razılaşın ki, bir xalqın mədəniyyət irsini bir şəhərin bunca zənginləşdirməsi faktının analoquna çətin rast gəlmək olar.
Bu dəfə biz Şuşanın musiqi ənənələri barədə söz açacağıq.
Tarixə nəzər salsaq, görərik ki, hələ XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda ünlü bəstəkar Üzeyir Hacıbəylinin  böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulmuşdu.
Azərbaycanda bir neçə muğam ifaçılıq məktəbi var. Xüsusi maraq doğuran Qarabağ muğam məktəbi əsasən Şuşada formalaşmışdır. Qarabağ muğam məktəbinin nümayəndələri xalqımızın musiqi mədəniyyətini inkişafında xüsusi rol oynamışlar. Qarabağ müğənnilərinin əksəriyyəti Şuşada doğulmuşdur. Azərbaycan muğamlarının da içərisində Şuşada yaranan, təkmilləşən muğamlar, şöbələr və guşələr var.
Uzun illərdən bəri Qarabağda yetişən nadir tarixi şəxsiyyətlər, ailələr, nəsillər, şəcərələr, konkret tarixi hadisələr, eləcə də qədim diyar barədə etnoqrafik tədqiqatlar aparan tədqiqatçı-jurnalist Vasif Quliyevin çox maraqlı açıqlamaları var. “Şuşa” qəzetinin redaktoru, Şuşa və ümumən Qarabağ tarixi barədə 50 ilə yaxındır ki, qələm çalan Vasif Quliyev bu illər ərzində Qarabağda yetişən nadir tarixi şəxsiyyətlər, ailələr, nəsillər, şəcərələr, konkret tarixi hadisələr, eləcə də qədim diyarın etnoqrafiyası barədə nə az, nə çox, 20-dən çox kitab qələmə alıb. Onun yazdığı kitabların coğrafiyası Şuşa və Qarabağı əhatə edir. “Şuşa Azərbaycan mədəniyyəti, incəsənəti və ədəbiyyatının mərkəzidir. Şuşanın bəxş etdiyi sənətkarların, şəxsiyyətlərin bir qisminin adını çəkmək kifayətdir ki, onun necə möhtəşəm bir mədəniyyət beşiyi olduğunu təsəvvür edəsən” deyən Vasif Quliyev yazır:

“Mirzə Hüseyn Segahı” XIX əsrin əvvəllərində Şuşada yaranıb və formalaşıb. İlk dəfə Mirzə Hüseyn adlı xanəndə tərəfindən yüksək sənətkarlıqla ifa edildiyinə görə onun adı ilə adlandırılıb. Həmin muğamın ən mahir ifaçıları Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd və Xan Şuşinski olub. Xanəndə “Segah İslam” - İslam Abdullayev isə “Mirzə Hüseyn Segahı”nı daha mükəmməl və daha şövqlə oxuyub.
“Kürdü” və “Şahnaz”ın birləşməsindən əmələ gələn kiçik muğam “Kürdü-Şahnaz” adlanır. “Şahnaz” “Dilkəş”, “Kürdü” və “Zil Şahnaz” şöbələrindən ibarətdir. Bu muğamı XIX əsrin ikinci yarısında məşhur xanəndə Hacı Hüsü yaradıb. Çox məlahətli səsə malik olan xanəndə Molla Vəli Axundovun bir toy məclisində gözəl avazla “Kürdü” oxumasından ilham alan Hacı Hüsü “Şahnaz”ı “Kürdü” ilə qarışdıraraq birlikdə oxumuşdu. O vaxtdan da həmin muğamın adı “Kürdü- Şahnaz” qalaraq Azərbaycan xanəndələri arasında geniş yayılıb. Ən mahir ifaçıları Şahnaz Abbas və Xan Şuşinski olub.
Kiçik həcmli vokal instrumental muğam olan “Qatar” əvvəllər “Bayatı-Kürd” muğamı üstündə şöbə kimi oxunub, sonralar həcm etibarı ilə genişləşdirilərək müstəqil muğama çevrilib. “Do” mayeli “Rast” muğamında ifa olunur. Zildə oxunan “Qatar” “Mahur-hindu” muğamının mayesindən bir oktava yuxarıda başlanaraq həmin registrdə tamamlanır. Orta hissədə “Üşşaq” şöbəsi oxunur.
Bu muğam Şuşada xanəndə Hacı Hüsü tərəfindən yaradılıb. Toy məclislərinin birində “Qatar” adlı kənddən gəlmiş bir nəfərin oxuduğu bayatıdan ilhama gələn xanəndə tarzən Sadıqcanın müşayiəti ilə həmin bayatını böyük ustalıqla oxuyub və o vaxtdan onun adı “Qatar” qalıb.
Hacı Hüsünün həmin ifasından sonra Qarabağ xanəndələri “Qatar”a bayatını də əlavə edərək birlikdə “Qatar-Bayatı” oxumuşlar. Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Segah İslam, Cahan Talışınskaya həmin muğamın mahir ifaçıları olublar. “Qatar”, əsasən, tarın, “Qatar-Bayatı” isə yastı balabanın müşayiəti ilə oxunur.
“Rast”ın tərkibinə daxil olan “Mahur-hindu” muğamı “Mahur”un iki növündən biridir. Həm melodik quruluşuna, həm də şöbələrinin xüsusiyyətlərinə görə “Rast”ın xarakterinə uyğun gəlir. “Rast”da olan bir çox şöbə, guşə və hissələr eynilə “Mahur-Hindu”da da var. Bu muğamların əsas fərqi ondadır ki, “Mahur-Hindu” “Rast”a nisbətən bir kvarta yuxarıda oxunur və bir qədər yığcamdır. Şöbələri melodik cəhətdən fərqlənsə də, məqam əsasları tamamilə eynidir.
Böyük musiqişünas Cabbar Qaryağdıoğlunun yazdığına görə, bu muğamı məşhur tarzən Sadıqcan səsli xanəndələr üçün yaratmışdır. Sadıqcan XIX əsrin 80-ci illərində Tiflisdə yaşayarkən şəhərə gələn hind müğənnilərindən “Mahur”u necə oxuduqlarını eşidib və onların oxumağına uyğun bu muğamı yaradıb və onu “Mahur-Hindu” adlandırıb. Onun ən məşhur ifaçısı Xan Şuşinski olub.
”Həmid Segahı” XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində yaşamış (1869-1922) “Rast” və “Segah” muğamlarının ən mahir ifaçılarından hesab olunan Malıbəyli Həmidin adı ilə adlandırılıb. “Yetim Segah”ı və “Orta Segah”ı özünəməxsus, orijinal şəkildə bir neçə variantda oxumağı ilə müasirlərindən fərqlənən xanəndə “Orta Segah”ı təkmilləşdirərək dəstgahı tarın sarı simlərində “Müxalif” şöbəsindən başlayaraq zərif xallar və nəfəslər vuraraq bir qədər gəzişdikdən sonra “Hasar”a keçməklə muğama yenilik gətirib. Dövrünün musiqiçiləri muğamın həmin hissəsini “Həmid Segahı” adlandırıblar.
XIX əsrin birinci yarısında Şuşada yaranmış zərbli-muğam olan “Qarabağ şikəstəsi” “Segah” muğamı kökündədir, ağır tempdə oxunur. Dörd misradan ibarət hər bir bənddən sonra melodik cəhətdən müxtəlif olan ara çalğı - instrumental epizod ifa olunur. Üzeyir bəy Hacıbəyli “Əsli və Kərəm”, Müslüm Maqomayev “Şah İsmayıl”, Zülfüqar Hacıbəyov “Aşıq Qərib”, Renold Qliyer “Şahsənəm” operalarında həmin ritmik muğamdan istifadə ediblər. “Qarabağ şikəstəsi” ritmik muğamının ən məşhur ifaçısı Xan Şuşinski olub”.

Demək, Şuşanın həm Azərbaycanın, həm islam dünyasının mədəniyyət paytaxtı elan olunmasının kökündə bir zərurət dayanır.
İnanırıq ki, tezliklə Şuşanı həm də dünyanın mədəniyyət mərkəzlərindən birinə çevirə biləcəyik.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.