“Qarabağ şikəstəsi” oratoriyası musiqili-xoreoqrafik quruluşda təqdim olundu


Heydər Əliyev Sarayında “Qarabağ şikəstəsi” oratoriyası musiqili-xoreoqrafik quruluşda təqdim edildi.
Görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun (1935-2006) şair, publisist Teymur Elçinin (1924-1992) sözlərinə yazdığı oratoriyanın yeni quruluşu 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin ildönümünə həsr olunub. Layihə Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı, Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təqdimatı ilə gerçəkləşdi.
Mədəniyyət Nazirliyinin məluçatına görə, gecədə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, yaradıcılıq təşkilatlarının rəhbər şəxsləri, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər və digər qonaqlar iştirak edirdi.
Layihənin rəhbəri və dirijoru, Xalq artisti Yalçın Adıgözəlov, ssenari müəllifi Əjdər Ulduz, quruluşçu xoreoqrafı, Xalq artisti Kamilla Hüseynova, quruluşçu rejissoru, Əməkdar artist İnarə Babayeva, quruluşçu xormeystri, Xalq artisti Gülbacı İmanova, quruluşçu rəssamı isə Fərid Nəcəfovdur.
Məşhur oratoriyanın yeni quruluşu Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Ramil Qasımov, xanəndələr Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Əməkdar artist Əliağa Sədiyev (tar), filarmoniyanın Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının iştirakı ilə təqdim olundu.
İncəsənət ustalarının möhtəşəm ifası musiqisevərlər tərəfindən gur alqışlarla mükafatlandırıldı.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.