Nyu-Yorkda Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin təntənəli yekun konserti keçirilib


Nyu-York şəhərinin Linkoln Mərkəzində Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin yekun konserti keçirilib.
AzərTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev müxtəlif ölkələri təmsil edən səfirləri, diplomatik missiyaları və təşkilatları təmsil edən nümayəndələri, Azərbaycan icması nümayəndələrini və digər qonaqları salamlayıb. O qeyd edib ki, konsert Azərbaycanın qədim şəhəri, incəsənət və mədəniyyət beşiyi olan Şuşada anadan olmuş dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz irsini təntənəli surətdə qeyd etmək üçün keçirilir.
Yaşar Əliyev qeyd edib ki, tədbirin Müzəffər Ali Baş Komandan İlham Əliyevin başda olmaqla bütün Azərbaycan xalqının müasir Azərbaycan tarixinin ən qürurlu günü - Zəfər Günü ərəfəsində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir və həmvətənlərimizi bu əlamətdar gün münasibətilə təbrik edib. Azərbaycan diplomatı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əbədi klassik irsinin müasir təsfiri kimi gənc bəstəkarlar tərəfindən hazırlanmış avanqard əsərlərin səsləndirilicəyini qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdıran dünya azərbaycanlılarının tarixi Zəfərin əldə olunmasında böyük payı olduğunu bildirib, həmvətənlərimizi Zəfər Günü münasibətilə təbrik edib. Komitə sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun rəşadəti və dünya azərbaycanlılarının həmrəyliyi ilə əldə olunmuş böyük Zəfərin birinci ildönümü münasibətilə bu günlərdə dünyanın bir çox yerlərində olduğu kimi ABŞ-da da bir sıra tədbirlərin keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.
Layihənin təfərrüatları haqqında söz açan Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti Nərgiz Əliyarova Azərbaycanın BMT yanında daimi nümayəndəliyi və onun rəhbəri Yaşar Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, Azərbaycan Respublikasının ABŞ-dakı səlahiyyətli səfiri Xəzər İbrahimə və sabiq səfiri Elin Süleymanova, Azərbaycanın Mədəniyyət Naziri Anar Kərimova layihənin gerçəkləşməsində verdikləri dəstəyə görə təşəkkürünü bildirib. N.Əliyarova qeyd edib ki, müsabiqənin məqsədi Azərbaycan Dövlət Konservatoriyasının banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığının dünyada geniş təbliğ edilməsi, onun musiqi irsinə yeni həyat verilməsidir. N.Əliyarova Üzeyir Hacıbəylinin Şərqdə ilk opera və ilk operettanın müəllifi olduğunu vurğulayıb. O qeyd edib ki, Avropa musiqi sənətini Azərbaycana gətirən Üzeyir bəy Azərbaycanın qədim musiqi köklərinə aid olan muğam janrını Avropa musiqisi ilə sintez edərək yeni Azərbaycan professional musiqi sənətini yaratmağa nail olub.
Cari ilin yanvar ayında başlanan müsabiqəyə dünyanın müxtəlif ölkələrindən bəstəkarlar qatılıb. Müsabiqənin şərtlərinə uyğun olaraq hər bir iştirakçı Ü.Hacıbəylinin Təşkilat Komitəsi tərəfindən seçilmiş 10 musiqi mövzusunun istənilən biri, və ya bir-neçəsi əsasında bəstələdiyi instrumental (5 ifaçıdan çox olmayaraq) əsər təqdim etməli idi. Dünyanın 26 ölkəsindən 51 təqdimat qəbul olunub. Sentyabrın 18-də, Üzeyir Hacıbəylinin doğum günündə bu müsabiqənin qaliblərini elan olub. N.Əliyarova qeyd edib ki, Hacıbəyli Beynəlxalq Bəstəkarlar Müsabiqəsi hər iki ildən bir keçiriləcək. O, qeyd edib ki, yeni yazılan əsərlərin yaranması Ü.Hacıbəyli musiqisinin təbliğində mühüm rol oynayacaq. Xarici bəstəkarlar Üzeyir Hacıbəylinin yaradıcılığını yaxından öyrənib onun mövzularına musiqi bəstələyəcəklər. Həmçinin yeni yaranan əsərləri ifa edən əcnəbi musiqiçilər də dahi bəstəkarın yaradıcılığı ilə tanış olmaq imkanı əldə edəcəklər. Daha böyük dinləyici kütləsi bu əsərlər vasitəsilə ustadın musiqi dünyasına bələd olacaq, bütövlükdə Azərbaycan musiqisi, mədəniyyətilə tanış olacaqlar.
Bildirib ki, 2021-ci ildə keçirilmiş müsabiqənin birinci mükafatçısı Kolumbiyadan olan bəstəkar Marius Diaz elan edilib. Müsabiqənin ikinci və üçüncü yerlərinə Azərbaycandan Türkar Qasımzadə və Böyük Britaniyadan Metyu Perret layiq görülüb. Qalib olan əsərlərin premyerası sentyabrın 23-də Bakıda keçirilən Ü.Hacıbəyli adına Beynəlxalq festival çərçivəsində baş tutub. Qeyd olunub ki, həmçinin müsabiqədə təqdimatları ilə fərqlənmiş İsraildən Braça Bdilə, Kanadadan Parisa Sabetə, Azərbaycandan Tahir İbişova, Qazaxıstandan Gelimjan Sekeyevə sertifikat təqdim olunacaq. Bundan əlavə, Azərbaycan Bəstəkarlar İttifaqı türk bəstəkarı Orkun Təkəlioğluna Xüsusi Tanınma Sertifikatını, “Şuşa səslənəndə” əsərinə görə Avstriyadan olan Aria Esmaeli Torkanburiyə Hacıbəyli adına xüsusi mükafat və nəhayət, müsabiqədə ən gənc bəstəkar olan 12 yaşlı Zərrin Şükürə xüsusi mükafat təqdim edəcək.
Daha sonra, Təşkilat Komitəsinin sədri olan N.Əliyarova münsiflər heyəti üzvləri Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadəyə, Mənhəttən Musiqi Məktəbinin Bəstəkarlıq şöbəsinin müdiri Reyko Fütinqə, Stoni Bruk Universitetin professoru və Qadın Bəstəkarlar Cəmiyyətinin həmtəsisçisi və direktoru Nilufər Nurbəxşə dərin təşəkkürünü bildirib.
Tədbirin sonunda soprano Dilarə Ünsal tərəfindən ifa edilən “Bakı haqqında mahnı” və amerikalı musiqiçi Nigel Smitin Azərbaycan dilində səsləndirdiyi Müslüm Maqomayevin “Azərbaycan” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin rəsmi hissəsindən sonra qonaqların şərəfinə ziyafət verilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.