Noyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi açılıb.
AzərTAC xəbər verir ki, əvvəl Vətən müharibəsində şəhid olan igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclis deputatlarının, görkəmli elm və incəsənət xadimlərinin iştirak etdiyi tədbir Əməkdar artist Təyyar Bayramovun ifasında "Can Qarabağ" mahnısı ilə başlayıb.
Açılış mərasimində mədəniyyət naziri Anar Kərimovun "Zəfər həftəsi" çərçivəsində keçirilən tədbirlərdən söz açıb. Sərginin də bu silsilədən olduğunu diqqətə çatdıraraq bildirib ki, tədbirin əsas məqsədi Qarabağın nə qədər qədim və tarixi məkan olduğunu nümayiş etdirməkdir.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev çıxış edərək Zəfər bayramı, Qarabağın mədəniyyəti, təbiəti ilə bağlı qələbə ruhlu duyğularını bölüşüblər.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgi noyabrın sonunadək davam edəcək.