Fatmayı bağlarından Mərdəkan istiqamətinə gedən çevrə yolundan solda qədim hamam görünür. İki günbəzli hamamın bir günbəzi tam dağılıb, digəri isə hələ də dözür.
Uzaqdan baxanda adama elə gəlir, hamam təpədədir, amma yaxına gələndə görürsən ki, yan-yörəsinin torpağı qazılaraq satılıb və hamam sanki havadan asılı qalıb. Ətrafı köstəbək yuvalarına dönüb, ekskavatorun çalov izləri hələ də durur.
Hamamın üzərində heç bir yazı yoxdur, mədəniyyət abidəsi olması da bilinmir. Bəlkə, bu ona görədir ki, o ərazi artıq şəxsi mülkdür?
Hamamın yerləşdiyi bir neçə hektarlıq ərazi hündür hasarla bağlanıb. Hasarın üstünə "satılır" yazılıb. Demək, kimsə daha əvvəllər şəxsiləşdirib, indi də satışa çıxarıb.
Qanuna görə mədəniyyət abidələri, tarixi abidələr alınıb-satıla bilməz. Bəs bu abidə necə satışa çıxarılıb?
Yeri gəlmişkən, Fatmayıda bu hamamın əkiz tayı üzərində yeni bərpa işləri başlanıb, o da illərlə sahibsiz itlərin ixtiyarında idi.
Yaxşı olardı ki, Mədəniyyət Nazirliyi diqqətini bu hamam üzərinə də yönəltsin.
Hamamın qeyri-adi gözəlliyi var: həm arxitekturasına, həm də hörgüsünə, daş düzümünə görə. Bənna öz işini mükəmməl görüb. Hələ çökməyən günbəzlərdən biri buna sübutdur. Günbəzlər dəmir-beton konstruksiyaları istifadə olunmadan tikilib - gördüyüm qədəri ilə, daş və gillə.
Bu cür abidələr Abşeronda çoxdur.
Günbəzli hamamlar Abşeronun simvolu, gözüdür.
Onları qorumaq bizim üçün, o cümlədən dövlət üçün bir zərurətdir.
Şahbaz Xuduoğlu